İslahatlar daha da dərinləşdiriləcək
Əli Əsədovun Baş nazir
vəzifəsinə təyinatından sonra Baş nazirin müavinləri Əli Həsənov və Hacıbala
Abutalıbov istefa ərizələri ilə dövlət başçısına müraciət ediblər. Onların
indiyə qədərki xidmətləri yüksək qiymətləndirilərək istefaları qəbul edilib.
Oktyabrın 22-də Azərbaycan Prezidentinin imzaladığı sərəncamla sabiq
iqtisadiyyat naziri Şahin Mustafayev Baş nazirin müavini təyin olunub.
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyətəyin olunması ilə
əlaqədar qəbul edərkən iqtisadi sahədə Azərbaycanın strateji hədəfləri,
prioritetləri barədə danışıb, Nazirlər Kabinetinin qarşısında duran vəzifələri
və qarşıdan gələn dövrdə iqtisadi dayanıqlığı daha da gücləndirmək üçün icrası
vacib olan vəzifələri göstərib. Bildirilib ki, Azərbaycanın uğurlu dayanıqlı
iqtisadi inkişafı qeyri-neft sektorunun hesabına təmin edilməli, biznes mühitinin
yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılmalı, ölkə iqtisadiyyatının
qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi sahəsində bir çox işlər
görülməlidir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın iqtisadi artımı
demoqrafik artımı üstələməli və buna nail olmaq üçün yeni artım mənbələri aşkar
edilməlidir. Azərbaycan Prezidenti ölkədə kölgə iqtisadiyyatına qarşı
mübarizənin mütəşəkkil xarakter daşımasının vacibliyini də diqqətə çatdırıb.
Deyib ki, kölgədən çıxarılacaq biznes Azərbaycanın iqtisadi göstəricilərini
düzəldəcək və göstəricilər reallığı əks etdirəcək. İnhisarçılığa qarşı çox
ciddi mübarizə aparılmasının önəminə toxunan dövlət başçısı bildirib ki, əgər
buna nail olunarsa, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq. O qeyd
edib ki, investisiyalar qeyri-neft sektorunun artımına xidmət etməli, artan
əhalini işlə təmin olunması üçün şərait yaradılmalıdır.
Dövlət başçısının son
təyinatlarını, Baş nazirin müavini qarşısında qoyduğu tələbləri "Kaspi”
qəzetinə şərh edən millət vəkili,
politoloq Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin həyata
keçirdiyi kadr siyasətinin, islahatların əsasında Azərbaycan xalqının rifahının
təmin olunması məqsədləri dayanır. O qeyd edib ki, Azərbaycan Prezidenti
tərəfindən həyata keçirilən islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi
yeni keyfiyyət mərhələsində baş tutur və kompleks xarakter daşıyır. Deputatın
fikrincə, islahatların birinci mərhələsi əsasən qanunvericilik və instutisional
sahələri əhatə edib və dərhal sonra struktur və kadr islahatlarına keçid
başlanıb: "Əslində bu ardıcıllıq həyata keçirilən islahatların müxtəlif
komponentlərini özündə birləşdirməklə onun tamlığından xəbər verir. Hazırkı
mərhələ daha çox kadr islahatları mərhələsi kimi görünə bilər. Amma bir qədər diqqət
etsək görərik ki, kadr islahatları da islahatların digər komponentləri ilə
paralel həyata keçirilir. Çünki, 2015-ci ildən bəri alınan qərarlar, imzalanan
sərəncam və fərmanlar dediklərimizi təsdiq edir, xeyli sahədə nazir
vəzifələrinə qədər mühüm dəyişiklərin olduğunu göstərir. Son dəyişikliklər isə
kadr islahatlarında yuxarı idarəetmə strukturlarını əhatə etdiyi üçün daha çox
diqqəti cəlb edir. Qısa müddətdə baş nazirin dəyişməsi, baş nazirin
müavinlərinin işdən azad edilməsi və artıq yeni baş nazirin müavini vəzifəsinə
təyinatın olması kadr islahatlarının dərinləşməsi kimi qiymətləndirilməlidir”.
Millət vəkili deyib ki, bu
proses sadəcə kadrların dəyişməsi deyil, həm də idarəetməyə yeni keyfiyyət
dəyişikliyinin gətirilməsi kimi nəzərdən keçirilməlidir: "Böyüyən iqtisadiyyatı
idarə etmək və onun inkişafını təmin etmək qlobal iqtisadi çağırışlar və milli
maraqlar kontekstində olduqca aktualdır. İslahatların ən ümdə vəzifələrindən
biri əhalinin rifah halının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması,
işsizliyin səviyyəsinin aşağı səviyyəyə salınması, sosial islahatların
dərinləşməsi məqsədini daşıyır. Bütün bunlar Prezident İlham Əliyevin həyata
keçirdiyi kadr siyasətinin, islahatların əsasında Azərbaycan xalqının rifahının
və ölkəmizin inkişafının təmin olunması məqsədlərinin dayanmasını göstərir”.
Millət
vəkili Məlahət İbrahimqızı bildirib ki, ölkə başçısı hələ 2003-cü ildə ilk
dəfə prezident seçiləndə öz seçkiqabağı platformasında, eləcə də inauqurasiyadakı
çıxışında Azərbaycanı dünyanın ən müasir, inkişaf etmiş, demokratik yolla gedən
bir ölkəsinə çevirəcəyini, hər bir vətəndaşın prezidenti olacağını bəyan edib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev verdiyi vədlərə sadiq qalıb, 2003-cü
ildən bu günə qədər ölkəmizin bütün sahələrində saysız-hesabsız uğurlar əldə
olunub, böyük nailiyyətlərə imza atılıb. M.İbrahimqızı deyib ki, həmin vaxtdan
indiyə qədər ölkəmizdə çox ciddi islahatlar da həyata keçirilib: "Sonuncu dəfə
prezident seçkilərindən sonra möhtərəm Prezidentimiz bəyan etdi ki, qarşıdakı
illərdə Azərbaycanda bütün sahələrdə, eləcə də dövlət idarəçiliyində islahatlar
həyata keçiriləcək. Yəni təkcə iqtisadi, sosial sferada deyil, eyni zamanda dövlət
idarəçiliyində, hüquq sahəsində də ciddi islahatlar keçirilib. 2018-ci ilin
aprelindən bu günə qədər reallaşdırılan islahatlar göz qabağındadır. Eyni
zamanda bu müddətdə çox ciddi və yüksək səviyyəli, mükəmməl kadr islahatları da
həyata keçirilib və indi də bu, baş verməkdədir. Möhtərəm Prezidentimiz öz
çıxışlarında deyib ki, daha geniş dünyagörüşə sahib, yüksək səviyyədə təhsil
almış, Azərbaycanda yüksək nailiyyətlər əldə etmiş gənclərin idarəçiliyə
gətirilməsi vacibdir. Son dövrdə bu prosesin necə sürətlə getdiyini görürük.
Cənab Prezident Şahin Mustafayevlə görüşdə də bu fikirləri səsləndirib ki,
nəinki dövlət idarəçiliyində, iqtisadiyyat, sosial sahədə, eyni zamanda Yeni
Azərbaycan Partiyasının işində yeniliklərin olması vacibdir”.
M.İbrahimqızı bildirib ki,
dövlətimizin güclənməsində, ölkəmizin inkişafında xüsusi xidmətləri olan
qocaman, daha doğrusu zəngin təcrübəyə malik dövlət adamlarımız Prezidentin tələblərini,
mesajını çox hörmətlə, yüksək səviyyədə qəbul edirlər: "Onların bir çoxu siyasi
mədəniyyət göstərərək özləri istefa ərizəsi ilə dövlət başçımıza müraciət
edirlər. Azərbaycanda gənclərin dövlət idarəçiliyində, siyasətdə, parlamentdə,
yerli icra strukturlarında, icra hakimiyyətində, bələdiyyələrdə təmsil
olunmaları üçün böyük imkanlar yaradılır. Prezidentimiz onsuz da hər zaman
gənclərə deyir ki, siz mənə güvənin və mən də sizə güvənirəm. Yəni, ölkə
başçısı gənclərin ən yaxın dostudur. Bu mənada hesab edirəm ki, görülən işlərin
hər biri ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilir, təqdir olunur,
dəyərləndirilir”.
Rufik
İSMAYILOV