• cümə axşamı, 02 may, 02:03
  • Baku Bakı 15°C

İşçilərin karyera inkişafı üçün yaradılan imkanlar

28.07.18 11:00 3101
İşçilərin karyera inkişafı üçün yaradılan imkanlar
Şirkətlərin ümumi fəaliyyətində, böyüməsində işçi amilinin rolu böyükdür. Buna görə, bəzən şirkətlər ən yaxşı kadrları digər şirkətlərdən cəlb etməyə çalışırlar. Amma yaxşı kadrın yetişməsi də müəyyən kompleks işlərin nəticəsində olur. Onlardan biri də şirkət daxilində bunun üçün yaradılan imkanlardır. Maraqlıdır, bizim şirkətlərimizdə işçilərin karyera cəhətdən inkişafı üçün hansı işlər görülür? Şirkət daxilində bunun üçün hansı imkanlar yaradırlar? Bu suallarla şirkətlərə müraciət etdik.
"Azercell”in sertifikatları
"Azercell Telecom”un insan qaynaqları departamentindən bildirildi ki, şirkət yarandığı dövrdən insan qaynaqlarının idarə olunmasında beynəlxalq təcrübədən yararlanıb. Şirkətin bu sahədə tətbiq etdiyi bütün proseslər, mövcud sistem ən müasir beynəlxalq təcrübəyə uyğundur: "Təsadüfi deyil ki, MDB məkanında ilk dəfə şirkətimiz "Investors in People” (IIP) - İnsana Sərmayə Standartlarının tələblərinə cavab verərək, 2004-cü ildə "Standart”, 2011 və 2014-cü illərdə isə "Gümüş” sertifikatını əldə edib. 2018-ci ilin yanvar ayında keçirilən sertifikasiya zamanı isə "Azercell” işçilərini yüksək səviyyədə idarə etdiyini artıq beynəlxalq səviyyədə sübut edərək, "Qızıl” sertifikata layiq görülüb. Məhz bunun göstəricisi olaraq, son 5 il ərzində işçilərin inkişafınaşirkət tərəfindən 4 583 629 AZNsərmayə yatırılıb. İşçilərin inkişafına yönəlik proqramlar çərçivəsində nəinki klassik tədrislərə, həm də online şəkildə alınan tədrislərə, koçinq və mentorluq proqramlarına da böyük yer verilir”.
Bildirildi ki, şirkət daxilində yaradılan "Azercell” Akademiyasının tədris paketi daim genişləndirilir, hazırda 30-dan artıq tədris proqramını və 40-a yaxın peşəkar tədrisçini əhatə edir: "Korporativ universitetimiz olan "Azercell” Akademiyası öz sahəsində peşəkar olan əməkdaşlarımızın təlimvermə, biliklərini digərləri ilə paylaşma kimi qabiliyyətlərini də gücləndirərək ayrıca bir inkişaf vasitəsinə çevrilib. "Azercell” Akademiyası şirkət daxilində beynəlxalq səviyyəli təlimlərin keçirilməsi ilə yanaşı, yerli bazarda bir sıra dövlət və özəl strukturlarına təlimlər də təqdim edib”.
Şirkətin məlumatına görə, son 2 ildə keçirilən işəgötürən brendi araşdırmalarının nəticəsinə əsasən, "Azercell” bazardaən yaxşı maaş və yüksək iş şəraiti, işçilərlə davranış, əməkdaşların inkişaf perspektivləri və digər meyarlara görə sıralanan şirkətlər arasında 3 ən yaxşı işəgötürəndən biri, mobil operatorlar arasında isə ən yaxşı işəgötürən elan edilib: "Azercell” əməkdaşlarının şirkətə bağlılığı daim yüksək olaraq qalır. Son ilin işçi bağlılığı sorğusunun nəticələrinə görə, bu göstərici 87% təşkil edib. Belə ki, "Azercell”də işləməkdən qürur duyuram” sualına 92% işçi pozitiv cavab verib. Şirkətimiz hər zaman işçilərin təşəbbüslərini dəstəkləyir, daim dinamik iş mühiti yaradaraq onların həm şəxsi, həm də peşakar inkişafı üçün imkanlar yaradır”.
"Kapital Bank”da şaquli və üfüqi yol
"Kapital Bank”ın mətbuat katibi Parviz Sədrəddinov bildirdi ki, karyera inkişafı şirkətin və işçinin inkişafına xidmət edən kompleks sistemdir. "Kapital Bank” da əməkdaşlarının peşəkar inkişafı ilə birlikdə karyera inkişafını da dəstəkləyir: "Bankımızda karyera inkişafı mütəmadi olaraq davam edən və inklüziv xarakterli prosesdir. Belə ki, əməkdaşların hər biri iddialılıq səviyyəsindən asılı olmayaraq, müxtəlif imkanlarla təmin edilirlər, təlim ehtiyaclarına uyğun olaraq planlı şəkildə yeni bilik və bacarıqlar əldə edirlər, müxtəlif layihələrə cəlb olunaraq bankda baş verən yeniliklərlə tanış olur və daha çox təcrübə qazanırlar. Həmçinin "Kapital Bank” əməkdaşların liderlik xüsusiyyətlərinin inkişafına və idarəetmə kompetensiyalarının tətbiq edilməsinə də xüsusi diqqət yetirir. Peşəkar inkişaf olan yerdə karyera inkişafı qaçılmazdır. Bankımızda karyera inkişafı şaquli və üfüqi olmaqla həyata keçirilir. Hər bir əməkdaşımız çalışdığı sahə üzrə irəliləməklə bərabər, digər uyğun sahələr üzrə də üfüqi olaraq karyera inkişafı əldə edə bilir. Karyera inkişafında bankımız 3 məqamı xüsusi diqqətə alır: 1) işçilərin işi görmək üçün yetərli qədər motivasiyalı olması; 2) lazımi işləri yerinə yetirmək üçün zəruri kompetensiyalara malik olması; 3) bacarıqlarını tətbiq edə biləcəkləri mühit və fürsətlərin olması”.
"Veysəloğlu”nun inkişaf mərkəzi
"Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov bildirdi ki, şirkət işçi heyətin bilik və bacarığının, peşəkar səviyyəsinin artırılmasına daim böyük əhəmiyyət verir. Bunun üçün də ölkə daxilində və xaricdə kurslar, seminarlar, təlimlər təşkil edir, müxtəlif tədbirlər həyata keçirir: "Şirkətlər Qrupu əməkdaşları üçün illik təlim, inkişaf və karyera planlamasını reallaşdırır. Məsələn, 2018-ci ildə Şirkətlər Qrupunda inkişaf mexanizmləri bir neçə hissədən ibarətdir. İnkişaf təlimləri – bu təlimlər şirkətdə mütəxəssis heyətini də əhatə etməklə, demək olar ki, bütün əməkdaşlara şamil edilən, zamanın idarəetməsi, ünsiyyət və hisslərin idarə edilməsi kimi təlimləri ehtiva edir. Bununla yanaşı, bölmə, bölgə müdiri və yuxarı vəzifə kateqoriyasını əhatə edən idarəetmə təlimlərimiz də mövcuddur.
İş təlimləri – bu təlimlər, əməkdaşların xüsusi sahələr üzrə bilik və bacarıqlarının inkişafına yönəlib.
Xüsusi Proqramlar – orientasiya, satıcı və kassirlər üçün təlim proqramları ilə yanaşı, şirkətin unikal VİA - Veysəloğlu İlk Addım Proqramı da mövcuddur. VİA-nın məqsədi seçilmiş universitetin, müvafiq fakültələrinin məzunlarını məşğulluqla təmin etmək və şirkətlər qrupunun bir sıra departamentlərində mütəxəssis və üstü vəzifələr üzrə dayanıqlı işçilərlər təmin etməkdir. Üstünlükləri də çoxdur. "Veysəloğlu Qrup” MMC-nin aparıcı direktorluq, departamentlərinin hər birində mentorun istiqamətləndirməsi ilə öyrədici və ödənişli təcrübə, orientasiya təlimləri də daxil olmaqla, ümumi idarəetmə, maliyyə idarəsi, İR idarəetməsi, logistika, hüquq, emosional intellekt, müştəri məmnuniyyəti, ünsiyyət və bu kimi əsas biznes vərdişlərinə əsaslanan təlimlər, şirkət rəhbərlərin dəvətli qonaq qismində cəlb edildiyi müzakirələr, strateji düşünmə və təqdimat bacarıqlarının inkişafına yönəlmiş tapşırıqlar və s.”.
İ.Məmmədov bildirdi ki, şirkətlər qrupunda əməkdaşların şəxsi və peşəkar inkişaflarına yönəlik təlimlər, seminarlar, müxtəlif tədris layihələrinin təşkili ilə məşğul olan "Veysəloğlu İnkişaf Mərkəzi” (VİM) fəaliyyət göstərir. Bu mərkəzin fəaliyyəti demək olar ki, kollektivin motivasiyasına ciddi təsir göstərməkdədir.
SOCAR-da fərdi inkişaf planı
SOCAR-dan verilən məlumata görə, şirkətdə işçilərin karyera inkişafı müəssisənin və işçinin inkişafına xidmət edən, işçinin xidməti və fərdi keyfiyyət göstəricilərinə uyğun olaraq xidməti irəliləyiş sisteminin planlaşdırılması və həyata keçirilməsi üzrə kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur: "SOCAR-ın 22 aprel 2013-cü il tarixli 57 nömrəli əmri ilə təsdiq edilmişkadr siyasəti, kadrların ehtiyat bazasının formalaşdırılmasını, əmək məhsuldarlığının artırılması üçün tələb olunan ixtisas və peşələr üzrə peşəkar kadrların işə cəlb edilməsini, onların inkişafı üçün lazımi şəraitin yaradılmasını və insan resurslarının daha səmərəli idarə edilməsini müəyyən edir.
Neft və qaz sahəsində peşəkar və ixtisaslı kadrların hazırlanması üçün peşə məktəbi və təlim mərkəzlərinin təsis edilməsi, gənc kadrların nüfuzlu universitetlərdə təhsilinin maliyyələşdirilməsi və şirkətə cəlb edilməsi ilə bağlı uzun illərdir əhəmiyyətli işlər davam etdirilir. SOCAR-da 2008-ci ildən SAP-ın müxtəlif modulları, o cümlədən HR modulu da tətbiq olunur. Bu prosesin davamlı şəkildə, beynəlxalq təcrübəyə əsaslanan idarəetmə prinsipləri nəzərə alınaraq, daha effektiv icrası üçün "işə qəbul", "xidməti fəaliyyətin qiymətləndirilməsi və karyera planlaması", "biliklərin test üsulu ilə yoxlanılması "təlimlərin təşkili", "işçilərlə əlaqələr" istiqamətində beynəlxalq təcrübəyə əsaslanan metodoloji sənədlər və müvafiq standartlar hazırlanaraq tətbiq olunmağa başlanıb. Bununla yanaşı, işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi və karyera planlaması proqramı hazırlanıb, SOCAR-ın bir neçə müəssisəsində pilot layihə olaraq tətbiq edilib. Bu gün rəqabətli qlobal mühitlə ayaqlaşaraq prosesdən daha da təkmilləşmək üçün SOCAR-da insan resursları sahəsi üzrə həyata keçirilən tədbirlərin vahid platformada cəmlənməsi və qabaqcıl informasiya texnologiyalarından istifadə etməklə inteqrasiya olunması zərurəti daim nəzərdə saxlanılır.
Həmin məqsədlə qlobal arenada bu sahənin lider şirkətlərindən sayılan və daha əvvəl də müxtəlif istiqamətlərdə əməkdaşlıq etdiyimiz SAP şirkətinin bu işlərə cəlb edilib və "İnsan resurslarının funksiyalarının transformasiyasi" proqramının həyata keçirilməsinə start verilib. Layihənin əsas məqsədi heyətin idarə edilməsinin effektivliyinin yüksəldilməsi, peşəkar əməkdaşların inkişafı və saxlanılması uçun fundamental əsasın yaradılması, həmçinin heyətə vəsait sərfinin şəffaflığının təmin edilməsidir.
Karyera inkişafı üzrə bütün proseslərdə SOCAR prezidentinin əmri ilə təsdiq edilmiş vəzifə funksiyalarını, xüsusiyyətlərini,işlərin optimal icra olunması üçün vəzifələrə təyin edilmiş səriştə və kvalifikasiya tələblərini və qiymətləndirmə meyarlarını özündə əks etdirən Vəzifə Standartları əsas götürülür. Eyni zamanda SOCAR-da istehsalat proseslərinə birbaşa təsir edən yüksək əhəmiyyətli vəzifələr müəyyən edilərək peşəkarlıq göstəricilərinə, təhsil və staj tələblərinə uyğun olan işçilər sırasından davamçılar müəyyən edilir. Müəyyən edilmiş davamçıların Fərdi İnkişaf Planları hazırlanır və onların inkişafı ilə bağlı sistematik tədbirlər həyata keçirilir”.
"Bakcell”in şəxsi və peşəkar həyat arasındakı balansı
"Bakcell”dən bildirildi ki, şirkət öz əməkdaşlarının karyera inkişafını təmin etmək üçün dörd istiqamətdə imkanlar təmin edir: "İlk olaraq "Bakcell” şirkət daxilində yaranmış vakansiyalar zamanı öz əməkdaşları üçün vəzifədə irəliləmə imkanları təqdim edir. Vəzifədə irəliləməklə yanaşı, önəmli faktorlardan biri də əməkdaşlar üçün yaradılan maliyyə imkanlarıdır. Belə ki, "Bakcell” şirkəti öz əməkdaşları üçün xüsusi üstünlüklər təqdim edir. Performans göstəricilərində qabaqcıl olan əməkdaşlara əmək haqqı artımlarının həyata keçirilməsi digər əməkdaşları da öz fəaliyyətlərində qabaqcıl olmağa təşviq edir.
"Bakcell” şirkəti öz əməkdaşlarının professional inkişafına da çox böyük diqqət ayırmaqdadır. Dünya praktikasında qabaqcıl yanaşmalardan olan "3E” (Education/Təhsil, Exposure/Mentorluq, Experience/Təcrübə) modelinin tətbiq edilməsi əməkdaşların professional inkişafına yönəlmişdir. Konfranslar, mentorluq proqramları, təlimlər, onlayn kurslar və hətta təhsil ödənişləri kimi imkanlar yaradaraq əməkdaşların bilik və bacarıqlarının artırılması istiqamətində addımlar atılır.
Sonuncu, amma önəmliliyinə görə digərlərindən geri qalmayan faktor, əməkdaşların şəxsi inkişafıdır. Əməkdaşların şəxsi inkişafının işlə bilavasitə əlaqəsinin olması hiss edilməsə də, əslində şəxsi həyatda əldə edilən uğurlar əməkdaşlar üçün ən motivasiyalı faktorlar sırasındadır. "Bakcell” şirkəti öz əməkdaşlarının şəxsi və peşəkar həyatı arasında balansı təmin edərək, onların öz şəxsi məqsədlərinə nail olmasına töhfə vermiş olur”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər