• cümə, 26 Aprel, 07:23
  • Baku Bakı 12°C

“İsa Qəmbər demaqoqluq edir”

12.12.13 10:21 1528
“İsa Qəmbər demaqoqluq edir”
Milli Şuranın son sessiyasında Müsavat Partiyasının başqanı İsa Qəmbərin, təşkilatın icra aparatının rəhbəri Arif Hacılının söylədiyi fikirlər müxalifət düşərgəsində onsuz da gərgin olan münasibətləri bir qədər də ağırlaşdırıb. Rüstəm İbrahimbəyovun fəxri sədrliyinə etiraz edən müsavatçılar sosial şəbəkələrdə, AXCP-yə yaxınlığı ilə seçilən qəzetlərdə cəbhəçilərin sərt qınağına tuş gəliblər. “El” hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev də Müsavat Partiyasını Milli Şuraya badalaq atmaqda ittiham edib. Bildirib ki, müxalifət partiyaları hansısa qurumda birləşmək istəyiblərsə və bu qurumda Müsavat Partiyası olubsa, hər zaman orada problemlər yaranıb. E.Quliyevin fikrincə, hər zaman ilk olaraq Müsavat Partiyası hansısa birlik istəyinə zərbə vurmuş olub.
Müxalif düşərgədə baş verənlərlə bağlı “Kaspi”yə açıqlama verən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə özlərini demokrat sayanların Milli Şurasında müşahidə olunan vəziyyəti gözlənilən hal kimi dəyərləndirib. Deyib ki, bu qurumda əvvəldən bir-birinə qarşı daban-dabana zidd şəxslər toplaşıb. Onun sözlərinə görə, sonradan Cəmil Həsənli kimi təcrübəsiz, siyasətdən kənar adamın Milli Şuraya sədr seçilməsi, oradakı fikir ayrılığını, narazılığı, qarşıdurmanı bir qədər də artırıb. Partiya sədri müsavat başqanı İsa Qəmbər və tərəfdarlarının Rüstəm İbrahimbəyov əleyhinə çıxışlarına da toxunub. Bildirib ki, İsa Qəmbər və bəzi Müsavat funksionerləri satqınçılığa, öz tərəfdarlarını satmağa öyrəşiblər: “Onlar ömür boyu ətrafındakı insanları bəd ayaqda qoyub qaçıblar. Bu gün çox gülməli məntiq irəli sürürlər ki, Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı var, belə adamın Müsavatın da təmsil olunduğu Milli Şuraya fəxri sədrlik etməsi yolverilməzdir və sair. Halbuki prezident seçkilərindən öncə ikili vətəndaşlığı olan Rüstəm İbrahimbəyovu vahid namizəd kimi qəbul etmişdilər. Çünki Rüstəm İbrahimbəyovun namizəd olmayacağını, onların yerini tutmayacağını yaxşı bilirdilər. Yalnız və yalnız Milli Şuranı maliyyələşdirənlərin tələbi olduğu üçün kinorejissorluq edən adamın müxalifətin vahid namizədi olmasına razılıq vermişdilər. Amma indiki şəraitdə belə bir tələb yoxdur. Ona görə də müsavatçılar Rüstəm bəyin fəxri sədrliyini qəbul etmirlər”.
A.Əlizadə Milli Şuranın Azərbaycan müxalifətinin seçkilərdə iştirakını təmin etməsi, mənəvi qələbə qazanması barədə iddialara da cavab verib. Qeyd edib ki, əgər Azərbaycan müxalifəti 5 faizlik səsi qənaətbəxş sayırsa, bunu qələbə hesab edirsə, vay onların halına: “Buna qalsa, İsa Qəmbər 2003-cü ilin prezident seçkilərində daha yaxşı nəticə göstərmişdi. Radikal müxalifət liderləri başa düşürlər ki, onların vaxtı gedir. Davamlı şəkildə seçkilərdə məğlub olan bu müxalifət təmsilçiləri gündən-günə balacalaşır, cılızlaşırlar. Bu səbəbdən də siyasətdən getməlidirlər. Lakin görünən budur ki, getmək istəmirlər. əslində, bu da başa düşüləndir. Çünki siyasətə gələndə onlar arasında ən böyük vəzifəlisi kiçik elmi işçi idi. Ötən 20 il ərzində bunlar yaxşı gəlir əldə ediblər, əla həyat tərzi qurdular, müəyyən təminatlar aldılar. İndi birdən-birə bu imkanlardan təcrid olmaq, siyasətdən getmək istəmirlər”.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Müsavat başqanı İsa Qəmbərin hər zamankı kimi öz ampulasında olduğunu vurğulayıb. Bildirib ki, o, yenə də demaqoqluq edir: “Yəqin ki, “Azadlıq” radiosunda onun açıqlamaları ilə hər kəs tanışdır. Heç bir məntiqi olmayan iddialar səsləndirir, siyasətçidən daha çox diktator təsiri bağışlayırdı. Bu adam prezident seçkilərindən əvvəl Milli Şuranın Gürcüstanda keçirilən toplantısında Rüstəm İbrahimbəyovla görüşüb, söhbətləşib, sonradan onun vahid namizədliyini qəbul edib. İndi isə durub deyir ki, Rüstəm bəyin xarici ölkə vətəndaşı olması və Milli Şuraya fəxri sədr seçilməsi Müsavatı bu qurumda təmsil olunma məsələsinə yenidən baxmağa məcbur edir. Məgər o, bu ana qədər Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığından xəbərsiz idimi? Təbii ki, xeyir. Onun məlumatı var idi. Belə vəziyyətdə Milli Şuranın son sessiyasında İsa Qəmbərin açıqlamaları ancaq və ancaq demaqoqluq kimi qəbul edilməlidir. Əgər sən Milli Şuradan getməyi qarşına məqsəd qoymusansa, çıx qəti şəkildə fikrini söylə, qurumu tərk et. Yoxsa, belə mənasız bəhanələr gətirməklə nə isə əldə etmək olmaz. O ki, qaldı Milli Şura daxilində liderlərin üz-üzə gəlməsinə, onsuz da AXC ilə Müsavat uzun illərdir müxalifətdə qarşıdurma, fikir ayrılığı yaratmaqla məşğuldurlar. Bu iki partiya necə ki, İctimai Palatanı özününküləşdirib digər partiyaları çıxdaş etdilər, indi də Milli Şuraya üzv başqa siyasi təşkilatları sıxışdırmaqla məşğuldurlar. Məhz bu səbəbdən ALP, KXCP, ACP kimi partiyalar öz istəklərinə çata bilmədilər. Lalə Şövkət, Rəsul Quliyev, Zəminə Dünyamalıyeva və digər Milli Şura üzvləri bir-birinin ardınca qurumu tərk etməyə başladı. Ardınca isə hər zamankı kimi AXC-Müsavat qalmaqallarına start verildi. 20 ildir ki, eyni mənzərə fərqli zamanda və məkanda baş verir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər