“Çirkin məhsul”dan necə gəlir əldə etməli?
Adətən meyvə-tərəvəz
alarkən dadı ilə yanaşı, onun görünüşünə fikir verilir. Hətta birinci, görünüş
diqqət çəkir. Ona görə də məhsulu bazara çıxaranlar onu yetişdirənlərdən,
görünüşü gözəl olanları alırlar. Əmtəə görünüşü yaxşı olmayan, alıcını cəlb etməyən
məhsullar isə fermerlərin, kəndlilərin əlində qalır. Və bu, yetişdirilən məhsulun
heç də az olmayan hissəsini təşkil edir. Ancaq o məhsullardan da səmərəli
istifadə edilməsi ilə bağlı dünya təcrübəsində çox yaxşı nümunələr var. Bəs bu
nümunələrdən bizdə nə dərəcədə istifadə olunur? Görünüşü gözəl olmayan məhsulların
yerdə qalmaması üçün nə kimi tədbirlər görülür?
Böyük gəlirdən məhrum
edən səbəb
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyir ki, meyvə-tərəvəz yetişdirənlərin öz gəlirlərindən
narazı olmasının əsas səbəblərindən biri də budur: "Fermerlərdən, fəaliyyətlərinin
iqtisadi baxımdan səmərəli olub-olmadığını soruşanda, əksəriyyəti "yox” cavabı
verir. Bu cavabın arxasında itkilər dayanır. Kənd təsərrüfatı elədir ki, burda
itkilər mütləq olur. Çünki yetişdirilmə açıq sahədə həyata keçirilir. Burda isə
məhsulun keyfiyyət və kəmiyyətinə təsir göstərən iqlim amillərindən tutmuş,
obyektiv səbəblərə qədər o qədər faktor var ki. Təsərrüfat mövsümünün ya əvvəlində,
ya ortasında, əsasən də axırında ümumi məhsul üzrə bazarda yararsız, əmtəə
görünüşündə problem olan, keyfiyyət göstəriciləri aşağı məhsul hökmən olur. Məsələn,
bu il pomidor sahələrində gec yetişmə baş verdi. Bəzi sortlar var ki, optimal
müddətdə yetişə bilməyəcək və kal pomidorlar sahələrdə qalacaq”.
N.Nəsirli
bildirdi ki, əvvəllər kəndli, fermer məhsulunun itkiyə getməməsinin qeydinə özü
qalırdı: "Əvvəllər məhsulu yetişdirənlər satışa getməyən hissəsinin xarab
olmaması üçün mütləq çıxış yolu tapırdılar. Bişirirdilər, qurudurdular və s.
Hazırda ildə Azərbaycana 5 min tondan çox quru meyvə idxal edilir. Bizdə də yerdə
qalan o meyvələri qurutmaq olar. Qurumuş meyvə-tərəvəz sənayesi qurmuş ölkələr
heç də müasir texnologiyalardan istifadə etmirlər. Əsasən köhnə ənənələrə söykənərək
bu işi görürlər. Birinci problem odur ki, kənd yerlərimizdə insanlar bu vərdişləri
itiriblər. Əldə qalan məhsulu yığıb cemə çevirməyə, əlavə bir məhsul yaratmağa
maraqlı deyillər. Regionlarda bunu o adamlar edirlər ki, onların müəyyən xidmət
sahələri – restoran, kafelərlə əlaqələri var, hazırlayıb onlara satırlar.
Ümumilikdə, bu sahədə əvvəlki vərdiş yoxdur. Fermer və ailə təsərrüfatları başa
düşməlidirlər ki, bu itki ilə çox böyük gəlirdən məhrum olurlar”.
Böyük çaplı emal müəssisələri
azdır
N.Nəsirlinin
sözlərinə görə, konserv zavodları çox olsa və o zavodlar daha çox çeşiddə məhsul
istehsal etsələr, bu, problemin həllində böyük paya sahib olar: "Ümumilikdə,
ölkə üzrə tədarük sistemindən danışırıqsa, burda böyük həcmdə məhsul
yetişdirilir. Bizdə bir mövsümdə təqribən 130 çeşiddən çox məhsul formalaşır.
Onların içərisində meyvə də var, tərəvəz də. Onların hamısının tədarük olunaraq
emala yönəldilməsi mümkündür. Amma burda hökmən bir iqtisadi mexanizm
olmalıdır. İlk növbədə bu qədər məhsulu qəbul edə biləcək konserv zavodlarına
ehtiyac var. Xaçmazda 1, Lənkəranda 2 konserv zavodu var. Ümumilikdə, ölkə üzrə
4-5 zavod olar. Böyük çaplı emal müəssisələri azdır. Emal müəssisələri
olmalıdır. Daha bir problem də, emal müəssisələrinin bir istiqamətdə
formalaşmasıdır. Deyək ki, Xaçmaz konserv zavodu yalnız cem istehsal edir.
Bizim emal müəssisələrində qida texnoloqlarına ehtiyac var. Xarici ölkələrə
getdiyimizdə görürük ki, xeyli çeşiddə məhsullar hazırlayırlar. Yaşı, qurusu,
yeməyə əlavələr və s. hazırlayırlar. Bəzən zavodlardan, niyə insanların məhsulunu
götürmədiklərini soruşanda deyirlər ki, yetərli qədər götürmüşük. Onlar bir məhsul
çeşidi üzrə nəzərdə tuturlar. Tutaq ki, konserv zavodu planı doldurub, yetərli
qədər cem istehsal edib. Ancaq almadan başqa məhsullar da hazırlamaq mümkündür
axı. Texnologiyalar tətbiq etmirlər. Böyük vəsait qoyulub, iri bir emal müəssisəsi
qurulub, geniş kollektiv yığılıb, illərlə təcrübələri var, lakin iki-üç məhsulun
üzərində formalaşıblar. Qida texnoloqlarını cəlb etsələr, məhsullarının çeşidlərini
artırsalar, kəndlinin məhsulu əlində qalıb itkiyə getməz”.
N.Nəsirli deyir
ki, emal müəssisələri, çeşid sayını artırmamaqlarına səbəb kimi bazarda tələbat
olmamasını göstərirlər: "Emal müəssisələri deyirlər ki, bazar bunu qəbul etmir.
Amma istehsalçı bir növ istehlakçının zövqünü formalaşdırmalı, maraqlı məhsullar
təqdim etməlidir ki, bir az zarafatla desək, marketdə müştərinin iştahası çəksin,
alsın. Bir növ cem istehsal edirlər, müştərinin seçimi olmur. Bu günlərdə
İranda idim, baxdım ki, bir zeytundan nə qədər çeşid məhsul hazırlayıblar.
Onlar da cem bişirirlər, ancaq fərqli çeşidləri çoxdur. Onları almamaq mümkünsüz,
özünü saxlaya bilmirsən. İnsanı almağa, yeməyə təşviq edirlər”.
Tənbəlləşmə faktoru
da var, marağın olmaması da
Ekspert qeyd
etdi ki, bu gün dünyada ailə təsərrüfatlarının gücləndirilməsinə böyük maraq
var, biz də buna getməliyik: "Biz təşviq edirik ki, bütün xırda təsərrüfatlar
birləşib xırda korporasiya formasında fəaliyyət göstərsinlər. Bu da lazımdır,
ancaq dünya artıq o mərhələni keçib. Ailə təsərrüfatlarını gücləndirirlər,
çünki bu təsərrüfatlar əlavə dəyər yaradır. Almadan 5-10 cür məhsul ala bilir.
Ailə təsərrüfatı nə qədər güclüdürsə, bazara o qədər çox məhsul təklif edə
bilir. Bizdə sadə dillə izah etsək, tənbəlləşmə faktoru da var, marağın
olmaması da. Ən ciddi problem odur ki, xüsusilə kiçik təsərrüfatlarda qeydiyyat
sistemi yoxdur. Adam hesablama aparmır ki, bir hektar alma bağından nə qazanır,
nə xərcləyir? Yaxud əldə qalan məhsulu çayın kənarına aparıb tökəndə nə qədər
maliyyə itirmiş olur? Yaradıcılığa meyillilik azdır. Bəlkə yaradıcı yanaşsalar,
daha çox gəlir əldə edərlər. Bizim elə rayonlarımız var ki, ora gedənlərin sayı
çoxdur. Məsələn, Qəbələni götürək. Qəbələyə hər həftə gedənlər var. İnsanları
ora çəkən təkcə təbiət deyil, mətbəxi də var. Yolun kənarında meyvə-tərəvəz
quruları, onlardan hazırlanan tozlar, tərəvəz məhsullarını satırlar. Bunlar da
aqro və eko turizm üçün önəmli faktorlardan biridir”.
Yerli resursların dəyərsizləşməsi,
səmərəsiz istifadəsi
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, dünya təcrübəsində bu cür məhsullar
yeyinti sənayesinə yönəldilir. Azərbaycanın yeyinti sənayesi zəif inkişaf
etdiyi üçün bu cəhətdən problem yaranır: "Əmtəə görünüşü zəif olan məhsulların
bazarlarda yerləşdirilməsi bir az problem yaradır. Bu da istehlakçı ilə bağlı
olan məsələdir. İstehlakçı məhsul alarkən görünüşü gözəl olana üstünlük verir.
Nəticədə görüşü zəif olan məhsullar dəyər zəncirinin müxtəlif halqalarında
dövriyyədən kənarlaşır. Bu pərakəndə satışda da ola bilər, topdan satışda da.
Vaxtında alınmayan məhsul da xarab olur. Dünya təcrübəsində bu məhsulların
yeyinti sənayesində hansısa formada tədarükü təmin olunur. Həmin məhsullar nisbətən
aşağı qiymətə təklif olunur, bu, təbiidir. Azərbaycanda da bənzər təcrübə var,
amma ölkəmizdə yeyinti sənayesi nisbətən zəif inkişaf edib. Bu baxımdan bir
sıra hallarda istehsalçılar məhsullarını qeyd edilən müəssisələrə yerləşdirə
bilmirlər. Yəni məhsullarının satışı təmin olunmur”.
İqtisadçı
bildirdi ki, bu problemin qarşısını almaq üçün atılmalı ilk addım yeyinti sənayesinin
inkişaf etdirilməsidir: "Bir sıra hallarda müşahidə edirik ki, yeyinti sənayesi
məhsullarının əhəmiyyətli hissəsi idxal olunur. Hansı ki, yerli məhsullar bu
istiqamətdə həm qiymət, həm də keyfiyyət baxımından nisbətən daha rəqabətli ola
bilər. Çünki son illər bununla bağlı bənzər təcrübənin də şahidi oluruq.
Müşahidə edirik ki, xüsusilə yeyinti məhsulları digər növ məhsullarla müqayisədə
yerli istehlakçılar tərəfindən daha çox rəğbət qazanıb. O baxımından, bu fürsəti
dəyərləndirmək, istehsalın miqyasını genişləndirmək və prosesi təşviq etmək
lazımdır. Əgər belə olarsa, nəticədə əmtəə görünüşü zəif olan məhsulların
istehlakı üçün də imkanlar yaranar”.
R.Həsənov deyir
ki, Azərbaycanda kənd təsərrüfatlarında istehsalçıların 97 faizi ailə təsərrüfatlarıdır.
Ailə təsərrüfatları da kiçik həcmdə istehsalçılar olduqları üçün əmtəə görünüşü
zəif olan məhsulların onların ümumi məhsulunda payı daha aşağı olur. Buna görə,
onlar nisbətən daha rahatlıqla o məhsulu gözdən çıxara bilirlər. Amma ümumi
yanaşanda, bu, yerli resursların dəyərsizləşməsi, səmərəsiz istifadəsinə gətirib
çıxarır. Bunun təşkili – yığımı, tədarükü və istehlakçıya çatdırılması ilə
bağlı müəyyən mexanizmlər formalaşa bilər. Bizdə istehsalçılar əksər hallarda
korporativ istehsalçılar deyillər. Tədarük təmin olunarsa, kəndbəkənd, ailəbəailə
məhsulların yığılması və müəyyən mənfəət müqabilində nisbətən daha yüksək qiymətə
son istehlakçıya çatdırılması istiqamətində müəyyən təşviqlər olarsa, zərərin əhəmiyyətli
bir qismini kompensasiya etmək olar”.
Aygün Əhmədova