• şənbə, 27 Aprel, 05:40
  • Baku Bakı 14°C

“İran “yox” dedi, silahı İsraildən aldıq”

21.12.16 12:15 1071
“İran “yox” dedi, silahı İsraildən aldıq”
İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin dekabrın 21-də Ermənistana edəcəyi səfər ölkə ictimaiyyəti tərəfindən xoş qarşılanmır. Çünki Azərbaycanı İsraillə münasibətlərə görə qınayan İran tərəfi özü hər zaman işğalçı Ermənistana xoş münasibəti ilə fərqlənib. Heç zaman Azərbaycanı, Ermənistanın işğalçı siyasətini nəzərə almayıb, işğalçılara "gözün üstə qaşın var” deməyib. Ona görə də bu haqda fikirlərini bölüşənlər bildirirlər ki, Azərbaycanın İsraillə münasibətləri haqda nəsə deməmişdən qabaq öz etdiklərinə baxsınlar. Çünki İran özü həmişə müsəlmanların qatillərinə qucaq açıb, dəstəyini nümayiş etdirməkdən çəkinməyib.

Millət vəkili Aydın Mirzəzadə "Kaspi”yə açıqlamasında dedi ki, İran prezidentinin Ermənistana səfəri Azərbaycanda sadəcə olaraq, təəssüf doğurur. Çünki İran həmişə islam həmrəyliyindən, Azərbaycan-İran münasibətlərinin tarixindən, qədimliyindən, ümumi din, mədəniyyət birliyindən danışır. Amma Azərbaycan torpaqlarının bir hissəsini işğal edən Ermənistanla çox sıx əlaqələr saxlayır: "Əgər onlar Türkiyə kimi Azərbaycanın hüquqlarını yüksək səviyyədə qorusaydılar, Ermənistanla sərhədləri bağlasaydılar, işğalçılar bəlkə də torpaqlarımızı geri qaytarmağa çoxdan məcbur olmuşdular. Amma Ermənistanla hərtərəfli münasibətlər qurublar. Bunun heç bir yaxşı izahı yoxdur. Azərbaycan nəinki İrana qarşı beynəlxalq sanksiyalara qoşulmadı, hətta İrana olan basqıları pisləyirdi. Onların işğalçı ilə sıx münasibətləri Azərbaycanda sadəcə olaraq, başa düşülmür. Eyni tarixə, dinə, mədəniyyətə malik olduğumuz bir ölkənin işğalçıya belə münasibət sərgiləməsi Azərbaycan vətəndaşlarına aydın deyil. Ölkəmiz heç vaxt İranın daxili işlərinə qarışmayıb. İranın vaxtaşırı Azərbaycanın İsraillə münasibətlərinə çox sərt reaksiya verməsinə baxmayaraq. Düşünürəm ki, Ruhaninin işğalçı ölkəyə səfəri heç İranın öz maraqlarına da xidmət etmir. Çünki Ermənistan heç bir dövlət üçün maraqlı, faydalı deyil. Nə siyasi, nə iqtisadi, nə də investisiya qoyuluşu baxımından. İranın Ermənistanla sıx münasibəti işğalçının ayaq üstə durmasına kömək edir”.

Millət vəkili Elman Nəsirov da Azərbaycanın beynəlxalq hüququn dövlətlərin daxili işlərinə qarışmama prinsipinə hər zaman hörmətlə yanaşdığını dedi. Qeyd etdi ki, İran prezidentinin hansı ölkəyə səfər etməsi onun öz daxili işidir. Amma sırf bu məsələdə incə məqam var ki, onu gözdən qaçırmaq mümkün deyil. O da ondan ibarətdir ki, İran prezidenti sıradan bir ölkəyə səfər etmir. İran prezidenti o ölkəyə səfər edir ki, vətəndaşlarının əksəriyyəti müsəlman olan dövlətin ərazisinin 20 faizini işğal edib. İran prezidenti o ölkəyə səfər edir ki, onlar Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkününün olmasına, insanların yurd-yuvalarından didərgin düşmələrinə səbəb olub: "Ermənilər Azərbaycanın işğalda olan ərazilərində dini abidələri, xüsusilə məscidləri yerlə-yeksan ediblər. Bir az normal vəziyyətdə qalan məscidlərdə isə donuz saxlayırlar. Yəni, məscidlərdən tövlə kimi istifadə edirlər. Bu reallıqlar bizi narahat etməyə bilməz. Azərbaycanlılar haqlı olaraq sual edirlər – necə olur ki, din qardaşımız olan İranın prezidenti işğalçı ölkəyə səfər edir? İctimaiyyətin bunu qəbul etməməsi anlaşılandır. Bu səfər İranın öz ideologiyası - Xomeynizm doktrinası ilə də daban-dabana ziddir. Ən azı, öz ideologiyalarına görə Azərbaycanın yanında olmalı, haqq səsimizə dəstək verməli idilər. Amma biz fərqli mənzərənin şahidi oluruq. Bu da haqlı olaraq narazılıq doğurur”.

İranın İsrailin baş nazirinin Azərbaycana səfərinə narazılıq etməsinə gəlincə, millət vəkili düşünür ki, bu mövzularda paralel aparmaq düzgün deyil. Çünki Azərbaycanın İsraillə əlaqələri heç bir halda üçüncü dövlətin əleyhinə yönəlməyib: "İran o zaman haqlı olardı ki, İsrail gəlib İranın ərazisini işğal etmiş olsun. Belə hal yaşansaydı, İranın milyonlarla qaçqını olsaydı, İsrail baş nazirinin Azərbaycana gəlişinə etiraz edə bilərdilər, İranın sərt reaksiyası başadüşülən olardı. Biz onları anlayardıq və bəlkə də heç bu səfər olmazdı. Ona görə də bu cür müqayisə doğru deyil. Deyirlər ki, Azərbaycan İsraillə hərbi, texniki əməkdaşlığı inkişaf etdirir. Bir az obyektiv olmaq lazımdır. Heç kim də olmasa, İran rəhbərliyi çox gözəl bilir ki, Azərbaycan İrandan müasir raket sistemləri almaq istəyib. İsraildən əvvəl qonşu İrana müraciət etmişik. Onlardan xahiş etmişdik ki, bizi müasir silahlarla təmin etsinlər. Təbii ki, haqqı ödənilməklə. Amma İran xahişlərimizə məhəl qoymadı. Ən yaxşı halda, Azərbaycanın özünün istehsal etdiyi silah-sursatı satmağı təklif edib. Belə olan halda, biz məcbur olmuşuq ki, başqa ölkələrdən silah-sursat ehtiyacımızı alaq. Silah almağımızın yeganə səbəbi odur ki, Azərbaycanın torpaqları hələ də işğaldadır. Bizim başqa yolumuz yoxdur, biz güclənməliyik. Bunu silahları din qardaşımız olan İrandan almaqla etmək istədikdə, onlar bizə yox cavabı veriblər. Ona görə də İran prezidentinin Ermənistana səfəri ilə İsrailin baş nazirinin Azərbaycana səfərini müqayisə etmək həqiqəti təhrif etməkdir və kökündən yanlışdır. Azərbaycan ictimaiyyəti haqlı olaraq bu sualları verir ki, dost-qonşu hesab etdiyimiz İran rəhbərliyi niyə bu cür addım atır? Əslində, cavab bəllidir”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər