• cümə, 26 Aprel, 14:27
  • Baku Bakı 23°C

İran ətrafında gərginlik artır

02.08.19 18:16 8611
İran ətrafında gərginlik artır
İran və onun ətrafında yaşananlar dünyanın bir nömrəli müzakirə mövzularındandır. Qarşılıqlı ittihamlar, sanksiyaların güclənməsi gərginliyi günbəgün artırır. Belə bir vəziyyətdə ABŞ prezidenti Donald Tramp qalmaqallı bir qərara imza atıb. Çindən idxal olunan 300 milyard dollar dəyərində mallara əlavə 10 faizlik rüsumların tətbiq olunacağını bəyan edib. O, yeni tariflərin tətbiqinin sentyabrın 1-dən başlayacağını bildirib. "Reuters”in məlumatına görə, bundan dərhal sonra Brent markalı neft bir neçə saat ərzində 7,7% ucuzlaşıb. Trampın tviti rublun da dəyərdən düşməsinə səbəb olub - Moskva birjasında dollar 70 qəpik bahalaşaraq 64,32 rubl təşkil edib. Gərginlik ABŞ-ın İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə sanksiya tətbiq etmək qərarı ilə daha da artıb. İran da bunu pisləyib, "uşaq hərəkəti”, "qeyri-müdrik” addım adlandırıb. Prezident Həsən Ruhani isə deyib ki, ABŞ-ın hərəkəti Vaşinqtonun İranın baş diplomatından "qorxduğunu” göstərir. "Amerikalılar uşaq davranışına əl atırlar... Onlar hər gün iddia edirdilər ki, heç bir qeyd-şərtsiz danışmaq istəyirik, sonra isə xarici işlər nazirinə sanksiya tətbiq edirlər”, – Ruhani dövlət televiziyası ilə canlı çıxışında deyib. "Düşmənlərimiz o qədər ümidsizdirlər ki, ağılla hərəkət etmək, düşünmək bacarıqlarını itiriblər”, – prezident vurğulayıb. Qeyd edək ki, Zərifin Birləşmiş Ştatlardakı, yaxud ABŞ qurumları tərəfindən idarə olunan aktivləri dondurulub. Ancaq qadağalara baxmayaraq, onun BMT-nin Nyu-York ofisinə gedə biləcəyi gözlənilir. Zərif tvitində yazıb ki, Birləşmiş Ştatlar onu siyasətinə təhdid kimi gördüyü üçün sanksiya siyahısına salıb. "ABŞ məni hədəfə almasının səbəbi kimi dünyada İranın əsas sözçüsü olmağımı göstərir”, – Zərif yazıb. O daha sonra sanksiyaların "özünə və ailəsinə təsir göstərməyəcəyini” yazıb, çünki İrandan kənarda hansısa mülkiyyəti, yaxud marağı olmadığını vurğulayıb.
Öz növbəsində İrana qarşı sanksiyaların tətbiqinin müəllifi kimi ad çıxaran ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da Cavad Zərifə qarşı sanksiya barədə danışıb. C.Bolton "Fox Business"ə verdiyi müsahibədə İranın terrorizmə dəstək verən bir ölkə olduğunu bildirib. Siyasətçinin sözlərinə görə, Zərifə qarşı sanksiyanın məqsədi ABŞ-ın İran nazirini ölkəsinin "qanunsuz nümayəndəsi" hesab etdiyini nümayiş etdirmək idi.
Əksər ekspertlər hesab edir ki, hazırda İran böhranda ən iri məğlub durumda qalan dövlətdir. "Middle East Monitor” nəşri yazır ki, ABŞ sanksiyaları İran neftinin ixracını gün ərzində 2.3 mln. barel azalmasına gətirib çıxarıb. Ötən il aprelində Donald Tramp İranla imzalanan nüvə razılaşmasından çıxdıqdan sonra Tehranın vəziyyəti daha da ağırlaşıb. Neftin indiki qiymətləri ilə İran gün ərzində 100 mln. dollar və yaxud il ərzində 36 mlrd. dollar itirir, bu da ölkə büdcəsinin 40 faizi deməkdir. Tək neft sahəsi deyil, digər sahələr də itkilər var. Söhbət faydalı qazıntılar və neft-kimya sahələrindən gedir. Özü də bir sıra itkilərin yerini heç bir zaman doldurmaq mümkün olmayacaq. Məsələ ondadır ki, İran nefti Rusiya və ABŞ-ın enerji resursları ilə əvəzlənib. Bundan əlavə, regionda əcnəbi hərbi iştirak ilk növbədə İranın özünün təhlükəsizliyi və nüfuzuna ciddi zərbə vuracaq. Məğlub duruma Fars körfəzi ölkələri də düşüb. Əsasən də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri. Çünki tanker böhranı və açıq naviqasiya problemləri gəmilərin sığorta xərclərini artırıb, eləcə də, onların daşıdığı yüklərin qiymətini artırıb. Fars körfəzi neft bazarına təhlükə həm də onunla bağlıdır ki, onların Asiya müştəriləri - Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Tayvan artıq alternativ mənbələr axtarırlar. Onlar ehtiyat edirlər ki, müharibə başlayacağı təqdirdə neftin ixracı dayana, Hörmüz boğazı bağlana bilər. Bura əlavə olaraq Fars körfəzi ölkələrindən, xüsusən də iqtisadiyyatı maliyyə xidmətindən asılı olan BƏƏ-dən investisiyanın çıxması müşahidə olunur. ABŞ-ın "JP Morgan”dan olan bankirlərinin hesablamalarına görə, ötən il Səudiyyə Ərəbistanı 80 mlrd. dollar investisiya itirib. Fars körfəzi səhmləri də böhran üzündən zərər çəkib. "Middle East Monitor” bu mərhələdə ən iri qalib tərəf kimi Rusiyanın adını çəkir. Kreml İranın dünya neft bazarındakı payını əldə edib. Rusiya ərəb nefti ilə bağlı ehtiyatlanmalardan istifadə edərək Səudiyyə Ərəbistanını Çinə neft nəqlində üstələməyə müvəffəq olub. Fars körfəzində ABŞ-ın dəniz marşrutları üzərində nəzarəti ələ almaq təhlükəsi Pekini Moskva ilə əməkdaşlığı genişləndirməyə məcbur edir. Çin daha çox Rusiyadan enerji sahəsində asılı vəziyyətə düşür, ABŞ Moskva və Pekinin yaxınlaşmasından ciddi narahatdır. Bununla belə, Vaşinqton mövcud böhranda qalib vəziyyətə düşür. Çünki ərəb ölkələrinin və İranın hesabına neft satışını artıra bilib. Eləcə də, ABŞ silah ixracını və "təhlükəsizlik xidmətlərini” artırıb. Qalib və məğlubların sayının çox olması onu deməyə əsas verir ki, mövcud böhran İran və ABŞ münasibətlərinin çərçivəsindən kənara çıxır. Bütün bunların fonunda Moskva Fars körfəzində münaqişənin artmasını narahatçılıqla izləyir. Hesab edir ki, hadisələrin inkişafı çox ciddi hərbi toqquşma olması riskini artırır. Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova isə bildirib ki, ABŞ qəsdən vəziyyəti gərginləşdirir, o cümlədən Cəbəllütariq boğazında İran tankerini ələ keçirilməsini təşkil edir. Bununla da Fars körfəzində öz iştirakını genişləndirməyə çalışır. Onun qənaətincə, məhz ABŞ özünün təxribatçı planlarına digər dövlətləri cəlb edir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər