“İqtisadi səviyyədə əlaqələrdən razılığımı ifadə edə bilərəm”

“İqtisadi səviyyədə əlaqələrdən razılığımı ifadə edə bilərəm”

Müsahibə
26 Dekabr 2019, 10:30 7510
Tonq-op KİM: "Azərbaycan vətəndaşları üçün viza sistemini sadələşdirə bilmirik”


Koreya Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Tonq-op KİM qəzetimizin "Səfir danışır” rubrikasına müsahibəsində ölkələrimiz arasındakı ikitərəfli əlaqələrdən və bundan sonra görüləcək işlər haqqında danışdı.

Viza sistemini sadələşdirə bilmirik
 
- Cənab səfir, artıq bir ildir ki, ölkəmizdə diplomat kimi fəaliyyətə başlamısınız. Təəssüratlarınız necədir?
- Bildiyiniz kimi, 2018-ci ilin noyabr ayından Azərbaycana gəlmiş və əsasən Bakıda fəaliyyət göstərmişəm. Eyni zamanda, Gürcüstana təyin olunmuş səfir olduğumdan orda bir neçə dəfə ezamiyyətdə olmuşam. Ümumiyyətlə, proqramım o qədər məşğul olub ki, hələ regionlara rəsmi səfər edə bilməmişəm. Səfərlərə hazırlıq görülsə də, proqramdakı qəfil dəyişikliklərə görə təxirə salınıb. Ona görə də regionlardan hələ ki, yalnız Qəbələ rayonunda olmuş, Şəkiyə də az vaxt ərzində baxa bilmişəm. Bu baxımdan mənim gələn ilk olaraq görəcəyim işlərdən biri də Naxçıvana, Qəbələyə və Gəncəyə rəsmi səfərlər etməkdir. Bununla həmçinin koreyalı turistlər üçün maraqlı ola biləcək turistik regionlarınıza onlardan əvvəl gedib baxmaq, gözlərimlə görmək istəyirəm. Çox istərdim və çalışacağam ki,
proqramım gələn il mənə rəsmi səfərlərimi başa çatdırmağa imkan versin.
 
- Yeri gəlmişkən, Koreya azərbaycanlı turistlər üçün cəlbedici məkandır. Birbaşa hava reysinin olmaması qarşılıqlı səfərlərə maneçilik yaradır. Koreya tərəfdən vizanın sadələşdirilməsi də vacib məsələlərdəndir. Bu istiqamətdə hansı işlər görüləcək?
- Qeyd etdikləriniz diplomat olaraq gələcəkdə də üzərində çox çalışmalı olduğumuz mövzulardır. Bunlar ikitərəfli əlaqənin inkişafı üçün əsas standartlardan biridir. Bildiyiniz kimi, Azərbaycan vətəndaşlarının Koreyaya getməsi üçün viza tələb olunur. Koreya vətəndaşları üçün isə Azərbaycana daxil olarkən sadələşdirilmiş viza sistemimövcuddur. Belə ki əvvəllər koreyalılar viza üçün Koreyadakı Azərbaycan Səfirliyinə getməli idilərsə, indi vizanı online və ya Bakıya daxil olarkən hava limanında ala bilirlər. Biz buna görə dövlətinizə həmişə təşəkkür edirik. Mən çox istərdim ki, belə viza məsələləri qarşılıqlı olaraq eyni səviyyədə həll olunsun. Təəssüf ki, bu Koreyada belə deyildir. Orada Azərbaycan xüsusi bir dövlət kimi kateqoriyaya bölünmür və postsovet ölkələrinin içərisinə daxildir. Biz isə postsovet ölkələrinə ümumi viza sistemi tətbiq edirik. Postsovet ölkələrindən Koreyaya gəlib orada qeyri-qanuni iş fəaliyyəti ilə məşğul olan insanların sayı artır. Onların viza müddətləri keçir və öz vətənlərinə qayıtmırlar. Bu hal bəzən cənub-şərqi asiyalılar arasında da müşahidə olunur. Bu, cəmiyyətimizdə problemə gətirib çıxarır. Ona görə biz Azərbaycan vətəndaşları üçün viza sistemini sadələşdirə bilmirik. Əlbəttə, əminəm ki, azərbaycanlılar Koreyaya gedib bu kimi qeyri-qanuni fəaliyyətlə məşğul olmazlar, amma hal-hazırda mövcud vəziyyəti bildirmək istəyirəm. Azərbaycanlıların turist kimi Koreyaya marağının çoxalmasına gəlincə isə düz qeyd edirsiniz, son vaxtlar Koreyaya səfər edən azərbaycanlıların sayında artım müşahidə olunur.
Ancaq bu rəqəm hələlik viza sisteminin asanlaşdırılması üçün tələb olunan səviyyədə deyil. Həm də bu mövqedən yanaşaraq biz Azərbaycana xüsusi viza sistemi tətbiq edə bilmirik.

Samsung və LG, Hyundai

- Cənab səfir, ümumiyyətlə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı sizi qane edirmi? Sizcə hansı sahələr üzrə işlərin daha çox qurulmasına ehtiyac var?
- Səfir kimi mənim işim ikitərəfli əlaqələrdə zəif olan sahələri təyin etmək və onları daha da inkişaf etdirməkdən ibarətdir. Bu baxımdan, hazırda əlaqələrin səviyyəsindən razı deyiləm. Çox adamlar deyirlər ki, ikitərəfli əlaqələri qiymətləndirmək üçün ölkələr arasında ticarət dövriyyəsinə, iş adamlarının ölkələrdə nə qədər fəaliyyət göstərdiyinə və yüksək rütbəli dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin sayına baxmaq lazımdır. Amma düşünürəm ki, ölkələrimiz arasındakı əlaqələrin səviyyəsini ölçmək üçün iki ölkə xalqının bir-biri ilə nə qədər yaxından əlaqədə olduğunu, bir birinin mədəniyyətini nə qədər yaxşı başa düşdüyünə baxmaq lazımdır. Bu kimi elementlər uzun müddətli əlaqələri inkişaf etdirən başlıca amillərdir və qiymətləndirmə də bunlara görə edilməlidir.
Qısa tarixçə olaraq bildirim ki, Koreya-Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. 2006-cı ilin mayında Koreya Respublikasının Prezidenti Roh Mu Hyun Azərbaycana rəsmi səfər edib, 2007-ci ildə cənab prezident İlham Əliyev Koreya Respublikasında rəsmi səfərdə olub. Eyni zamanda, prezidentinizin 2012-ci ildə Nüvə Təhlükəsizlik Sammitində iştirak etmək üçün yenidən Koreyaya səfər etməsi bu günə qədər olan dövlət başçısı
səviyyəsində mübadilələrdəndir. Yüksək rütbəli dövlət rəsmiləri səviyyəsində isə indiyədək çoxlu səfərlər təşkil olunub. Ən son səfərlərdən biri də bu ilin oktyabr ayında Koreya Milli Assambleyasının sədri cənab Mun Hi-sanqın Azərbaycana rəsmi səfəridir. Ondan əvvəl isə Milli Məclisin spikeri cənab Oqtay Əsədov iki dəfə Koreyaya səfər edib. Bu baxımdan, siyasi səviyyədə Koreya-Azərbaycan əlaqələrinin inkişafının lazımi dərəcədə olduğunu qeyd etmək olar. İqtisadi əlaqələrin inkişafına gəlincə, keçən il ölkələrimiz arasında ticarət dövriyyəsi 178 milyon dollar olub. Ümumiyyətlə, əlaqələr qurulduqdan sonra ən çox ticarət dövriyyəmizdə rekord rəqəm 300 milyon dollardan çox olub. İqtisadi səviyyədə əlaqələrdən razılığımı ifadə edə bilərəm. Samsung və LG elektroniks məhsullarına, Hyundai maşınlarına və müxtəlif Koreya istehsalı ev avadanlıqlarına Azərbaycanda yəqin ki çox rast gəlirsiniz. Bunlar Azərbaycana çox idxal olunur və onları istifadə edən zaman insanlar bir az da olsa Koreya haqqında düşünür.
 
- Koreyanın inkişaf etmiş iqtisadiyyatı var. Azərbaycan Prezidenti də xarici investorları ölkəmizə sərmayə qoymağa çağırır. Koreya şirkətlərinin Azərbaycan bazarına maraqları artırmı?
- Koreyanın dünyada çox məşhur şirkətləri var. Onlar təkcə Azərbaycana deyil, dünyanın bir çox ölkələrinə sərmayə qoyub aktiv şəkildə fəaliyyət göstərməyə və daha da böyüməyə çalışırlar. Bu baxımdan, Azərbaycan da onlar üçün maraqlıdır. Lakin hər ölkədə olduğu kimi Azərbaycanla da iş birliyinin müsbət və mənfi tərəfləri var. Mənfi tərəflərdən biri Azərbaycanın Koreyadan uzaqda yerləşməsi, eyni zamanda Azərbaycanın miqyası az olan bazarı ilə bağlıdır. Belə ki, Azərbaycanın 10 milyon nəfər əhalisi var və buradakı bazar böyük deyil. Müsbət cəhəti isə Azərbaycanda enerji sahəsinin olmasıdır. Ölkədə son vaxtlar böyük miqyaslı zavodların tikintisini Koreya şirkətləri müsbət dəyərləndirir. SOCAR-ın gübrə zavodu Samsung Engineering-ə tapşırılmışdı və çox uğurla tamamlandı. Bundan əlavə, Koreya şirkətləri Azərbaycanda həyata keçirilən zavod tikintilərində iştirak etmək üçün sizin tenderlərinizə qatılmağa çalışırlar. Koreya firmalarının Azərbaycanda çox olması da məhz bu tenderlərin nəticəsinə bağlıdır. Bu tenderlərdə rəqabət o qədər güclüdür ki, təəssüf ki, Koreya şirkətləri çox vaxt qalib gələ bilmirlər. Ona görə də bazarda çox görünmürlər. Şirkətlərdən danışarkən, "Herim İnşaat” şirkətini də qeyd etməliyəm. Bu şirkət planlaşdırma və bina tikintisi ilə məşğul olur. Məsələn, Azərbaycandakı "Olimpiya” stadionu da, "Azərsun”un yeni binası da bu şirkət tərəfindən tikilib.
Koreyada oxumaq istəyənlər çoxdur
 
- Koreya 2020-2021-ci təhsil ili üzrə təqaüd proqramı elan edib. Ümumiyyətlə, azərbaycanlıları Koreyanın təhsili nə dərəcədə cəlb edir?
- Uzunmüddətli əlaqəni inkişafını təmin edən sahələrdən biri də cavan tələbələr arasında mübadilə, yəni təhsil sahəsidir. Bəli, Azərbaycanla Koreya arasında təhsil sahəsində əlaqələr inkişaf edir və bunun üçün çalışırıq. Məndə olan məlumata görə, Azərbaycandan çoxlu sayda tələbələr Koreyaya gedərək təhsillərini orda davam etdirmək istəyirlər. Çox istərdim ki, həmin gənclərin hamısı getsin, amma Koreya təhsili dünyada çox tanındığından orda oxumaq istəyənlər də çoxdur. Ona görə biz bu tələbələrin sayının artırılması barədə düşünürük. Hər il bakalavr səviyyəsində səfirlik özü bir nəfəri, magistr səviyyəsində 3 nəfəri seçib Koreyaya oxumağa göndərir. Lakin səfirlikdən əlavə, Koreyada təhsil institutlarına birbaşa sənəd vermək olur və onlar özləri də Azərbaycandan tələbələr seçdiyi üçün hal-hazırda Koreyada təhsil alan azərbaycanlı tələbələrin sayı kifayət qədərdir. Fikirləşə bilərsiniz ki, təqaüdlə bir ildə 4 nəfər tələbənin Koreyaya göndərilməsi elə də böyük rəqəm deyil. Amma indiyə qədər 100 nəfər azərbaycanlı gənc məhz bu proqram çərçivəsində Koreyada təhsillərini başa vuraraq Azərbaycana qayıdıb. Biz özümüz də 4 rəqəminin az olduğunu düşünərək, Seula yerlərin çoxaldılması ilə bağlı müraciət edirik. Ancaq təkcə bizim yox, dünyadakı bütün Koreya səfirliklərinin bu tipli müraciətlər etdiyini düşünsəniz, onda məsələnin necə qəliz olduğunu anlaya bilərsiniz. Seulda da bu barədə ciddi düşünürlər.
 
- Bir neçə ay öncə Bakıda Koreya Peşə Məktəbinin fəaliyyəti ilə bağlı mətbuat konfransında mən də iştirak etdim. Gələcəkdə bu sahədə hansı işlərin görülməsi nəzərdə tutulur?
- Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Koreya İqtisadi İnkişaf Əməkdaşlıq Fondunun dəstəyi ilə tikilib. Bu ilin sentyabrında mərkəzin açılış tədbirində Prezident İlham Əliyev də iştirak edib. Mən isə 15 oktyabrda təhsil naziri cənab Ceyhun Bayramovla birlikdə orda keçirilən "Sənaye-peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfransda iştirak etmişdim. Konfransda da bu fikri səsləndirdim ki, bu tipli peşə məktəblərinin bir neçəsini tikmək olar. Əsas odur ki, o məktəblərdə koreyalıların düşüncəsi, qısa zaman kəsiyində onların necə inkişafa nail olması məsələləri və s. də öyrədilsin. Vurğulamaq istəyirəm ki, səylə çalışaraq hər hansı bacarığa nail olmaq lazımdır. Bu tip bacarıqlara yiyələnmədən inkişafa nail olmaq, cəmiyyəti, dövləti inkişaf etdirmək olmaz. Hesab edirəm ki, tədris mərkəzlərində belə düşüncələr də tələbələrə öyrədilməlidir.
 
- Həmin mətbuat konfransında "Nə üçün qadınlar üçün məsələn, dərzilik, toxuculuq, aşpazlıq, bərbərlik və s. kimi peşələr nəzərdə tutulmayıb?” deyə maraqlansam da, qane edən cavab almadım. Bu peşələrə də tələbatın böyüklüyünü nəzərə alıb indi eyni sualı sizə ünvanlayıram.
- Düz qeyd edirsiniz. Amma Koreya dövləti özü proqramın növünü seçərək onu dəstəkləmir. Biz Azərbaycanın dövlətindən gələn təklifə uyğun olaraq dəstəyimizi istiqamətləndirir və sizin dövlət idarələri ilə yaxından əlaqələr saxlayırıq. Biz onlarla məsləhətləşdik və hal-hazırda ən ehtiyac olan sahələr üzrə peşə-təhsil mərkəzinə dəstək verməyə qərar verdik. Nazirlər Kabineti də bu işlə məşğul olur. Lakin düşünürəm ki, gələcəkdə qadınlar üçün də belə təhsil mərkəzləri yaradıla bilər. Məsələn, Koreya pariklər- süni saç texnikası üzrə ən yaxşı təcrübəyə malikdir və bu məhsulu dünyaya ixrac edir. Gələcəkdə bu sahə də daxil olmaqla qeyd etdiyiniz peşələr üzrə təhsil mərkəzləri yaradıla bilər.
 
Yarımadadakı sülh
 
- Koreya Səfirliyi həmişə Azərbaycandakı qaçqın qəsəbələri ilə bağlı müxtəlif, xüsusən sosial yönümlü layihələr həyata keçirir. Səfir kimi sizin proqramınızda belə layihələr yer alıbmı?
- Koreya Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurdlarından didərgin düşmüş məcburi köçkünlərə dövlət səviyyəsində maraq göstərir. Belə ki, biz 2014-cü ildən həmin məcburi köçkünlər üçün dəstək proqramları həyata keçiririk. Əlbəttə ki, bu dəstəyin miqyası qaçqınların başına gələn hadisələrlə, onların yaşadıqları ağrı-əzablarla müqayisədə elə də böyük deyil. Lakin biz Koreya Səfirliyi olaraq hər il dövlət büdcəsindən ayrılan vəsaitlərlə müxtəlif işlər görməyə çalışırıq. Bu dəstək tədbirləri müxtəlif formalarda olur. Tədbirlər ildə bir dəfə bir və ya iki gün olmaqla məcburi köçkünlərin yaşadığı hər hansı bir qəsəbədə həyata keçirilir. Bu ilin sentyabr ayında isə biz Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Qobu Park” yaşayış kompleksində bu layihəni həyata keçirdik. Yaşayış kompleksinin
ərazisində Ağdam və Laçın rayon orta məktəblərinə praktiki olaraq istifadə edə biləcəkləri müxtəlif texniki avadanlıqlar, şagirdlərə isə dərs ləvazimatı təqdim etdik. Ümumiyyətlə, bu tədbirlərdə Koreya-Azərbaycan Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA) böyük rolu var. SEBA Koreya Şərq Təbabəti Klinikasının tibbi heyəti də həmin qəsəbələrə bizimlə birlikdə həmişə baş çəkir və könüllü tibbi xidmətlərini göstərirlər. Hesab edirəm ki, onların həyata keçirdiyi tibbi xidmətin böyük əhəmiyyəti var. Onlar həmin gün Bakıdakı xəstəxanalarının fəaliyyətini dayandırır və o əraziyə baş çəkərək oradakı insanları müayinə edir, lazım gələrsə müalicəsi ilə məşğul olurlar.
 
- Cənubi Koreya ilə Şimali Koreya arasında münasibətlərdə son illər canlanma hiss olunur. Hansı dəyişikliklərdən danışmaq olar?
- Şimali və Cənub Koreya arasında əlaqələrdə dəyişiklik dinamik şəkildə baş verir. 1950-ci ildə bizim Şimali Koreya ilə müharibəmiz baş verib. Ondan sonra isə dünyada soyuq müharibə dövrü başlayıb. Həmin dövrdə Şimali və Cənubi Koreya bir-birlərinə əks mövqelərdə olublar. Ona görə bu iki dövlət arasında bir-birinə qarşı həmişə bir düşmənçilik hissi olub. Əlbəttə, biz eyni xalq olduğumuzu düşünərək həmişə ürəyimizdə birləşmək hisslərini yaşatmışıq. Təəssüf ki, bu düşmənçilik hisslərinə görə birləşmək o qədər də asan deyil. Əvvəllər Şimal və Cənubi koreyalılar özlərini müharibədən bir dəqiqə əvvəlki zaman kəsiyində hiss edirdilər. Yəni onlar hər an müharibə edə bilərdilər. Ancaq son iki il ərzində bizim aramızda dialoq üçün səylər çoxalıb. Bu da Koreya yarımadasına keçmiş illərdən daha çox sülhün bərqərar olunmasına gətirib çıxarıb. Hazırda yarımadada demək olar ki, sülh bərqərardır. Lakin mən bu sülhü heç də stabil sülh adlandırmazdım. İndiki sülh hər an yox ola biləcək qədər zəifdir. Ona görə bütün səyimizi sərf edərək sülhün yarımadada daim bərqərar
olmasına çalışırıq. Şimali Koreyanın da həmçinin eyni məqsəd üçün çalışmasına ümid edirik.
 
Koreyanın ənənəvi təqvimi
 
- Ölkələr arasında mədəniyyət həmişə körpü yaradır. Bu istiqamətdə hansı işlərin görülməsinə ehtiyac var?
- Xalqlar arasında qarşılıqlı anlaşma və ikitərəfli əlaqənin uzun müddətli inkişafı üçün təhsil və mədəniyyət sahələri çox vacibdir. Bizim səfirlik olaraq hər il həyata keçirdiyimiz tədbirlər silsiləsi var. Bu kimi tədbirlərdən sonra biz onların Azərbaycan xalqında doğurduğu hisslər və yaratdığı rəyləri toplayaraq gələn il üçün daha yaxşı tədbir hazırlamağa çalışırıq. Koreya Pop musiqi yarışması, Taekvondo üzrə Koreya səfir kuboku artıq neçə ildir ki, davamlı olaraq Azərbaycanda keçirilir. İki ildən bir biz Koreya mətbəx festivalı keçirir və eyni zamanda Koreya musiqiçilərinin konsertlərini təşkil edirik. Düşünürəm ki, milli mədəniyyəti də həmişə diqqətdə saxlayıb qorumaq lazımdır. Bu mənada Azərbaycanın və Koreyanın milli mədəniyyətinə aid olan müxtəlif tədbirlər də tez-tez təşkil olunmalıdır.
 
- Cənab səfir, Yeni il yaxınlaşır. Siz bayramı necə qeyd edirsiniz. Ənənəniz maraqlıdır?
- Koreyada bütün dünyanın istifadə etdiyi müasir və ondan əvvəl istifadə olunan ənənəvi təqvim vardır ki, ənənəvi bayramlar və yaş hesabları hələ də köhnə təqvimə əsaslanır. Günəş təqviminə əsasən, yanvarın 1-i Yeni ilin başlanğıcı hesab olunur. Bizim ənənəvi Ay təqviminə görə isə Yeni ilimizin vaxtı hər il bir az dəyişsə də adətən yanvarın sonu, fevralın əvvəllərinə təsadüf edir. O gün həm də Koreyanın ən böyük bayramlarından biri olan Solnal qeyd olunur. Adətən bu bayramda bütün ailə üzvləri bir yerə yığışaraq, Cesa mərasimi keçirilir - ölən yaxınlarına ehsan verilir, uşaqlar böyüklərdən bayram xərcliyi alır, müxtəlif milli oyunlar noldviqi (bir uzun taxtanın ortasına daş qoyulur hər iki tərəfində isə uşaqlar duraraq, sıra ilə hoppanırlar), ceqiçaqi (ceqi adlanan ortasında dəmir parçası ətrafında isə tük olan oyuncağı havaya atıb ayaqları ilə vuraraq onun davamlı havada saxlamağa çalışırlar) və s. oynayırlar. Bu bayramda mütləq milli yeməklərimizdən olan doq adlanan düyüdən hazırlanmış şirniyyat yeyilir. Ailə üzvləri bir-birini təbrik edir, xoş arzular diləyir, və dadlı təamları yeməyə çalışırlar. Bu bayramda bütün ailə üzvləri adətən bir araya yığışır və dövlət bu ərəfədə həmişə ən azı dörd gün qeyri-iş günü elan edir.

Söhbətləşdi
Təranə Məhərrəmova