• cümə, 19 Aprel, 02:25
  • Baku Bakı 18°C

İqtisadi potensialı böyük olan, amma tam açılmayan coğrafi məkan

15.10.19 11:45 970
İqtisadi potensialı böyük olan, amma tam açılmayan coğrafi məkan
Oktyabrın 14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilib. Bu gün isə Şuraya üzv olan ölkələrin dövlət başçılarının görüşü baş tutacaq. İlk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edib. 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılan Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub. Görüş ərəfəsində Türkiyə Prezident Administrasiyasından bildirilib ki, Türkdilli ölkələrin əməkdaşlığının güclənməsi bütün regionun xeyrinədir. Qeyd olunub ki, bugünkü gün türkdilli ölkələri təkcə tarixi və mədəni köklər yox, həm də bütün regionun inkişafına yönələn ümumi maraqlar bağlayır. Administrasiyadan bildiriblər ki, Türk Şurasının yaradılması ilə türkdilli ölkələr arasında münasibətlər daha da möhkəmləndi. Türkdilli ölkələr əvvəllər olduğu kimi bütün sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, turizm və hərbi sahələrdə münasibətləri inkişaf etdirəcək. Qeyd edilib ki, bu gün türkdilli ölkələr sözün əsl mənasında öz regionlarında iqtisadi və enerji lokomotivinə çevrilir, Türkiyə türkdilli ölkələrlə bütün sahələrdə öz təcrübəsini bölüşməyə hazırdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri ərəfəsində deyib ki, Türkiyə türkdilli ölkələrlə münasibətləri ilə fəxr edir. O bildirib ki, türkdilli ölkələr arasında münasibətlər bundan sonra inkişaf edəcək. Türkiyə Prezidenti əlavə edib ki, Azərbaycana səfəri çərçivəsində Türk Şurasına üzv dövlətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.

Bəs görəsən bu sammit ölkələr arasındakı iqtisadi münasibətlərə necə təsir edəcək? Ümumiyyətlə, türkdilli ölkələr arasında olan ticarət dövriyyəsinin artırılması üçün daha nələr edilməlidir?


İqtisadçı-ekspert Rəşad Həsənovdeyir ki, bu görüşlərin keçirilməsində əsas məqsəd türkdilli ölkələrin dayanışmasını ortaya qoymaqdır: "Əsas hədəflərdən biri də bu ölkələr arasında qarşılıqlı iqtisadi və ticarət əlaqələri genişləndirmək istiqamətində mövcud potensialı nisbətən daha effektiv formada istifadə etməkdir. Xüsusilə, ticarət dövriyyəsinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşlarının edilməsi ilə bağlı müzakirələr aparılacaq. Bu istiqamətdə mümkün şərtlərin daha da liberallaşdırılması, qarşılıqlı iqtisadi münasibətlərin təşviqedici mexanizmləri haqqında müzakirələrin aparılacağı istisna edilmir. Nəzərə almaq lazımdır ki, türkdilli ölkələr Rusiyanın qonşuluğunda böyük bir coğrafiyanı əhatə edir. Bu ölkələrin iqtisadi potensialı kifayət qədər böyükdür. Həmçinin bu iqtisadi potensial işlənməmiş hesab olunur. Bu məqam öz növbəsində imkanların genişləndirilməsi üçün baza formalaşdırır. Təbii ki, bu ölkələrin hər biri üçün spesifik iqtisadi model mövcuddur. Bəzilərində idarəetmənin liberal olmaması və zəif təşkili və s. məqamlar da var. Bu ölkələrin iqtisadi mühitində ciddi nöqsanların olması türkdilli ölkələrin iqtisadi potensialının tam olaraq istifadəsini çətinləşdirir. Ümid edirəm ki, bu görüş qeyd olunan istiqamətdə mümkün imkanların daha effektiv formada istifadəsi üçün bir şərait formalaşdıracaq”.


İqtisadçı millət vəkili Azər Badamovsöylədi ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının Bakı görüşü türkdilli dövlətlər arasında iqtisadi və siyasi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır: "Bu birlik türk dövlətlərinin bir-birini dəstəklədiyini və yanında olduqlarını bütün dünyaya bir daha sübut edir. Türkdilli dövlətlərin qarşılaşdığı bir sıra qlobal problemlər var. Bu problemlərin həlli istiqamətində türkdilli dövlətlərin tez-tez bir araya gəlməsi dünyada güclü ittifaqın olmasını təsdiq edir. Bununla yanaşı, görüş türkdilli ölkələr arasında ticarət əlaqələrinin inkişafında yeni bir mərhələ rolunu oynaya bilər. Bu ölkələr arasında qarşılıqlı iqtisadi əlaqələr günü-gündən inkişaf edir. Amma qardaş ölkələr arasında iqtisadi münasibətlərin gələcəkdə daha da təkmilləşdirilməsinə ehtiyac var. Orta və uzunmüddətli dövr ərzində bu əlaqələrin daha da genişləndirilməsi baxımından, bu görüş mühüm əhəmiyyət kəsb edir. Türk dünyası ölkələrinin iqtisadi potensialı çox böyükdür. Amma bu potensialdan tam olaraq istifadə edilmir. Görüşün əsas prioritetlərindən biri də, bu əlaqələri genişləndirmək olacaq”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər