• şənbə, 27 Aprel, 09:04
  • Baku Bakı 12°C

İqtidarla müxalifət bir araya gəldi

12.02.15 12:38 1249
İqtidarla müxalifət bir araya gəldi
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda fəaliyyət göstərən bir qrup müxalif partiya sədrlərinin iştirakı ilə növbəti iqtidar-müxalifət görüşü keçirildi. Görüşdə iqtidar tərəfdən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov və şöbənin sektor müdiri Elman Paşayev iştirak edirdilər.
Müxalifət tərəfdən isə görüşə KXCP, AXP, BQP, BAXCP, ADİP, VİP, ADP, BAP, ÜP, ASDP, AP, AMİP, MDHP, AKP, Aydınlar Partiyasının sədrləri Mirmahmud Mirəlioğlu, Pənah Hüseyn, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Asim Mollazadə, Əli Əliyev, Sərdar Cəlaloğlu, Elşad Musayev, İqbal Ağazadə, Araz Əlizadə, Əhməd Oruc, Yusif Bağırzadə, Fərəc Quliyev, Rauf Qurbanov, Qulamhüseyn Əlibəyli və VAKP sədr müavini Musa Tukanov qatılmışdı.
Qapalı keçirilən müzakirələrdən öncə Ə.Həsənov mətbuat qarşısında çıxış edərək, siyasi partiyalarla görüşün artıq bir ənənə halını aldığını söylədi. Qeyd etdi ki, düz iki ay bundan öncə siyasi partiyalarla bu zalda ilk görüş keçirilib və bu zaman siyasi partiyalarla hakimiyyət nümayəndələri arasında gələcək görüşlərin bəzi məsələləri geniş müzakirə edilib. Onun sözlərinə görə, bu məsələlər sözügedən görüşlərin formatı, burada qaldırılacaq mövzuların tematikası, görüşlərdən sonra bu məsələlər ətrafında cəmiyyətə çatdırılacaq fikirlər, ideyalar, mesajlar, siyasi partiyalarla hakimiyyətin əməkdaşlığının bəzi prinsipial yönləri olub: “Bundan əvvəlki görüşdə siyasi partiyaların Azərbaycan cəmiyyətində rolu, yeri, mövqeyi, ictimai-siyasi institut olaraq partiyalarda təmsilçilik, onların maliyyələşməsi, partiya və mətbuat, partiya və Azərbaycanın daxili-xarici siyasəti, bu siyasətin formalaşmasında partiyaların rolu, iştirakı kimi çoxsaylı məsələlər ətrafında hörmətli partiya sədrləri çıxışlar etdi. Hər bir çıxışda kifayət qədər rasional ideyalar var idi. Bu ideyalar da Prezident Administrasiyası tərəfindən qeydiyyata alındı. Müvafiq olaraq gələcək toplantılarımızda biz bu mövzuların üzərinə qayıdacağıq. Bu gün burada yenə konkret bir tematika və yaxud konkret bir məsələ ətrafında yığışmamışıq. Əvvəlcədən tematika elan olunmayıb. Hansı məsələnin müzakirə olunacağı müəyyən olunmayıb. Amma hesab edirəm ki, artıq bugünkü toplantıdan sonra biz görüşlərimizin daha səmərəli, daha məqsədli və konkret istiqamətli olmasını təmin etmək üçün bu görüşlərin formatını, tematikasını və görüşlərin sonrakı effektiv nəticələrini müzakirə etməliyik”.
PA rəsmisi keçən dəfə olduğu kimi, indi də mətbuat qarşısında hər şeyin müzakirə edilməyəcəyini bildirdi: “Mətbuat çıxandan sonra bir neçə məsələni mən xahiş edəcəyəm. Onlardan biri də bu görüşlərin gələcək formatı, tematikası, görüşlərdə səslənən məsələlərin ümumiləşdirilib nəzərə alınması, onların həyata keçirilməsi mexanizmləri və digər məsələlər ətrafında fikir mübadiləsinin aparılmasıdır. Siyasi partiyalarla hakimiyyət arasında istənilən mövzu müzakirə oluna bilər. Çünki bu iki institut Azərbaycan cəmiyyətinin faktiki olaraq bugünkü və gələcək idarəçiliyinin, siyasi idarəçiliyinin, ictimai-sosial idarəçiliyinin, daxili-xarici siyasətinin taleyini müəyyən edir. Hazırda hakimiyyətdə olan siyasi qüvvə ilə ona müxalif mövqe sərgiləyən siyasi qüvvələr arasında ölkənin, dövlətin, cəmiyyətin bu günü və gələcəyi ilə bağlı istənilən məsələlər müzakirə mövzusu ola bilər. Mən əminəm ki, burada da hörmətli siyasi partiya sədrlərindən bu cür yaxşı ideyalar, mövzular təklif olunacaq və biz gələcəkdə görüşdən-görüşə o məsələləri müzakirə edib bəlli bir fikrə gələcəyik”.
Görüşdə iştirak edən partiyalar adından KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış edərək, siyasi partiyalarla hakimiyyət nümayəndəsinin birinci dəfə keçirilən görüşündə bir çox məsələlərdən danışıldığını, bir sıra məqamlar ətrafında razılığa gəlindiyini bildirdi. O, görüşün yalnız başlanğıc hissəsinin mətbuat üçün açıq olması barədə də əvvəlcədən razılığa gəlindiyini söylədi. Partiya sədrinin sözlərinə görə, razılaşmaya uyğun olaraq, səmərəli, daha detallı müzakirələr aparılması üçün əvvəlki görüş mediasız davam etdirilib və indi də bu qayda üzrə davam etdiriləcək.
Sonra görüş mətbuatın iştirakı olmadan davam etdirildi. Təxminən 2 saata qədər davam edən müzakirələrin yekununda Ə.Həsənov yenidən mətbuat qarşısında çıxış edərək, iqtidar-müxalifət dialoqunun detallarını açıqladı. Bildirdi ki, görüşdə tərəfləri maraqlandıran bütün mövzular müzakirə olunub, partiya sədrləri öz fikirlərini səsləndiriblər. Ə.Həsənovun sözlərinə görə, ümumi razılaşma ondan ibarət olub ki, Prezident Administrasiyasının nümayəndəsi, yəni siyasi partiyalarla işləyən strukturun rəhbəri kimi onunla partiya rəhbərlərinin görüşü aktual hesab edilsin və davamlı xarakter alsın. Şöbə müdiri onu da bildirdi ki, qarşılıqlı razılaşmaya əsasən, bundan sonra iki aydan bir bu formatda görüş keçiriləcək: “Xalqı, hakimiyyəti, daxili və xarici institutları narahat edən məsələləri əvvəldən razılaşdırılmış şəkildə müzakirə edəcəyik. Budəfəki müzakirələrdə görüşün formatı məsələsi də müzakirə olundu. Qərara gəldik ki, aktiv siyasi fəaliyyət göstərən hər bir partiya bu görüşdə iştirak edə bilər. Bura təşrif buyuranlar elə aktiv siyasi fəaliyyət göstərənlərdir. Bir neçəsi gəlməyib, halbuki onlara da dəvət göndərilmişdi. Yəqin bəlli səbəblərdən bu dəfə qatıla bilməyiblər, gələcəkdə qatılacaqlar. Qapılarımız onlara da açıqdır. Ümumilikdə bu görüşlərdə partiyaların sayı 16-20 arasında dəyişir”.
Ə.Həsənov bundan sonra müzakirəyə çıxarılacaq tematikanın əvvəlcədən müəyyən edilməsi barədə razılığa gəlindiyini də qeyd etdi: “Qərara gəlindi ki, hansı məsələlərin müzakirə olunacağına dair siyahı hazırlansın, siyahı bütün partiyalara göndərilsin, partiyaların seçimi əsasında mövzu müəyyənləşdirilərək növbəti görüşdə müzakirəyə çıxarılsın. Xocalı soyqırımından tutmuş, seçkilərə qədər ən müxtəlif mövzular təklif olundu. Bütün ictimai-siyasi mahiyyətli mövzuların görüşlərdə müzakirəyə çıxarılması tövsiyə edildi. Digər razılaşdırdığımız məqam odur ki, görüşdə müzakirə olunan məsələlərin cəmiyyətdə də müzakirəsini təmin edək. Azərbaycan hakimiyyətinin, prezident İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, Azərbaycanda bütün institutlar, QHT-lər, siyasi təşkilatlar, mətbuat orqanları dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etsin, Azərbaycan şəffaf cəmiyyətə malik olsun, siyasi islahatlar davam etdirilsin. Bunun üçün də belə görüşlər, müzakirələr vacibdir”.
İqtidar-müxalifət dialoqunu görüşdə iştirak edən partiya sədrləri də müsbət qiymətləndirdilər. AXP sədri P.Hüseyn bundan əvvəlki görüşün siyasi partiyaların təşəbbüsü ilə, hazırkı görüşün isə PA-nın təşkilatçılığı ilə gerçəkləşməsinə diqqət çəkdi. Dedi ki, bu görüşü hakimiyyətin siyasi partiyalarla, müəyyən mənada iqtidarın müxalifətlə dialoqu adlandırmaq olar.
Millət vəkili, MDHP sədri F.Quliyev isə öz növbəsində ümummilli məsələlərdə vahid mövqedən çıxış etməyi vacib saydığını bildrdi.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər