AZE | RUS | ENG |


İnternet resurslarının fəaliyyəti qanunla tənzimlənəcək

İnternet resurslarının fəaliyyəti qanunla tənzimlənəcək
Media ekspertləri qanunlara təklif olunan dəyişiklikləri alqışlayırlar

Azərbaycanda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və "Telekommunikasiya haqqında” qanunlara dəyişikliklər təklif olunub. Təkliflərə əsasən, əgər saytda yayılması qadağan olunan informasiya aşkar olarsa müvafiq icra qurumu ona və host provayderə dərhal xəbərdarlıq edəcək. Saytın sahibi xəbərdarlıq alanda həmin informasiyanı dərhal saytdan yığışdırmalıdır. Eyni zamanda, xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya saytdan götürülmədikdə müvafiq orqan saytın məhdudlaşdırılması üçün məhkəməyə müraciət göndərir. Əgər bu informasiya dövlət və cəmiyyət üçün təhlükəlidirsə, məhkəmənin qərarı olmadan müvafiq qurum saytı bağladacaq və bundan sonra məhkəməyə müraciət edəcək. Bunlarla yanaşı, müvafiq qurumun məhdudlaşdırdığı sayta giriş məhkəmə baxışı başa çatanadək qapalı olacaq. Məhkəmə bu müraciətə 5 günədək müddətdə baxacaq. Qapadılan resursların reyestri formalaşdırılacaq. Bu məqsədlə müvafiq qurum "Yayılması qadağan edilən informasiyanın yerləşdiyi saytların Siyahısı”nı hazırlayacaq. Provayderlər bu siyahıya daxil edilən resurslara girişi qapatmalıdır. Təkliflərə əsasən, bütün səviyyələrdən olan provayderlərin uçotu aparılacaq. Provayderlər hüquq mühafizə orqanlarından, məhkəmə və icra orqanlarından daxil olan sorğular əsasında 3 gün müddətində istifadəçilərlə bağlı məlumatı təqdim etməlidirlər. Qanun layihəsində milli domenlərin qeydiyyatı ilə bağlı yeni qaydaların müəyyən olunması məsələsi də əksini tapıb. Təkliflərdə bütün hüquqi şəxslərin öz internet resurslarında özləri haqda mütləq məlumat yerləşdirməsi də qeyd olunub. Bütün bu dəyişikliklərin kibertəhlükəszilik və yayılması qadağan edilən informasiyaların açıqlanmasının qarşısını almaq məqsədilə edildiyi bildirilir.
 
 

Bu günə qədər Rusiyada, Belarusda və digər dövlətlərdə qəbul edilən oxşar qanunvericilik aktının ölkəmizdə də qəbul edilməsi üçün təkliflər irəli sürülməsinin əsas hədəfi bütün informasiya müstəvisində, internet media sektorunda, bütövlükdə isə İnternetin Azərbaycan seqmentində kəskin dəyişikliklər yaratmaqdır. Kifayət qədər ciddi sayılan bu dəyişikliklər artıq Milli Məclisin müvafiq komissiyasından keçərək səsverməyə göndərilib. Sözügedən təkliflərlə bağlı fikirlərini "Kaspi”yə bölüşən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, hər iki qanuna dəyişiklik ümumən internet məkanımızda zəruri tənzimləmə aparmağa xidmət edir. Onun fikrincə, dəyişikliklər bu sahədə hüquqi tənzimləmə işlərinin aparılması ilə bağlı irəliyə doğru atılmış mühüm addımlardır: "Hər iki layihədə nəzərdə tutulan dəyişikliklər ümumən internet məkanda görüləcək işləri tənzimləmək baxımından bir növ bir-birini tamamlayır. Əlbəttə, internet məkanımızda tənzimləmə informasiya təhlükəsizliyimiz baxımdan önəmlidir. Media ictimaiyyəti olaraq bizlər neçə illərdir bunu bildiririk. Konkret olaraq hüquqi mexanizmlərin işə salınmasının zəruriliyini vurğulayırıq. Hesab edirəm ki, məsələnin reallaşmamasından ən çox əziyyət çəkən jurnalistikadır. Çünki internetin inkişafının ortaya çıxardığı mənzərə əsasən internet media orqanlarının timsalında özünü göstərir. Onlar digər ixtisaslaşmış sahələr üzrə fəaliyyət göstərən saytlardan daha çox cəmiyyətə xitab edirlər. Müsbət təsirləri olduğu kimi, mənfi təsirləri də hər zaman aktual əhəmiyyət daşıyır. Reallıq bundan ibarətdir ki, mənfi təsirlərin doğurduğu ictimai qınaq bir qayda olaraq ümumilikdə mediaya ünvanlanır. Çox zaman qurunun oduna yaş da yanır. Buna görə də hesab edirəm ki, dəyişikliklər ilk növbədə jurnalistika, peşənin təəssübünü çəkən adamlar üçün faydalıdır”.
 
 

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli də hesab edir ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Telekommunikasiya haqqında” qanunlara əlavə və dəyişikliklərin edilməsi zəruridir. Onun sözlərinə görə, internetin yarnması müsbət hadisə olsa da zamanla virtual aləmdə olduqca təhlükəli məqamlar özünü göstərməyə başlayıb. Media eksperti deyib ki, xüsusən də indiki məqamda, yəni Ermənistan-Azərbaycan cəbhə xəttində düşmən tərəfindən atəşkəsin davamlı pozulması, mövqelərimizə soxulmaq cəhdləri, təxribatlar və bunların qarşısının ordumuz tərəfindən qətiyyətlə alınması fonunda internet məkanında yayılan bəzi qərəzli, heç bir həqiqətə əsaslanmayan, mənbəyi bilinməyən məlumatlar ciddi narahatlıq doğurur: "İnsanların özəl həyatına müdaxilə etməmək, şəxsi həyatın toxunulmazlığı, yalan məlumatla işgüzar nüfuza xələl gətirməmək və sair kimi məqamlar var ki, bunlar həm beynəlxalq, həm də yerli qanunlarla qorunur. Çox təəssüf ki, son vaxtlar bu prinsiplərin internetdə kobud şəkildə pozulması hallarına tez-tez rast gəlirik. Belə olan halda bu kimi neqativ hadisələrə qarşı tədbirlər görülməlidir. Son vaxtlar cəbhə xəttində yaşanan gərginlikdən dolayı internet resurslarında yayılan qeyri-obyektiv məlumatlar həm də onu göstərdi ki, bu məsələ dövlətin təhlükəsizliyi üçün də problemə çevrilir. Dəqiqləşdirilməmiş, düşmən tərəfindən təxribat məqsədilə yayılan, heç bir həqiqətə əsaslanmayan informasiyalar bəzi internet resursları tərəfindən tirajlanır, əhalidə çaşqınlıq yaradır. Bu baxımdan da qanunlara təklif edilən əlavə və düzəlişləri dəstəkləyirəm. Amma bu təkliflərdə yalnız bir məqamı, yəni məhkəmənin hökmü olmadan müəyyən informasiyaların, yaxud saytların icra orqanı tərəfindən bloklaşdırılması məsələsini bir qədər mübahisələndirmək olar. Çox yaxşı olar ki, qanunverici orqanda bu məsələ nəzərə alınsın və müvafiq icra orqanı deyilərkən konkret kimlərin nəzərdə tutulduğu aydın göstərilsin. Ümumilikdə elə etmək gərəkdir ki, qəbul ediləcək hər hansı təkliflər sonradan söz-mətbuat, ifadə azadlığına hər hansı formada xələl gətirməsin”. 
 
 

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri, Əməkdar jurnalist Azər Həsrət də belə bir qanun layihəsinin ortaya çıxmasını təsadüfi saymayıb. Qəzetimizə açıqlamasında deyib ki, özəlliklə də son günlərin hərbi əməliyyatları fonunda Ermənistanın məqsədyönlü dezinformasiyasının Azərbaycanda sağa-sola təbliğ edilməsi şəraitində belə bir qanunun yoxluğu özünü ciddi şəkildə göstərir: "Ona görə də mütləq boşluq aradan qaldırılmalı, daha çevik və işlək bir mexanizm tətbiq edilməlidir ki, düşmənin informasiya müstəvisində təxribatları dərhal əngəllənə bilsin. Bütün bunları nəzərə alaraq düşünürəm ki, Milli Məclis, deputatlar tezliklə qanun layihəsinə səs verməli, onun mümkün qədər tez qüvvəyə minməsi üçün addımlar atılmalıdır”.

Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022