• cümə, 29 Mart, 13:26
  • Baku Bakı 14°C

İnsanpərvər siyasətin göstəricisi

07.04.20 15:49 4159
İnsanpərvər siyasətin göstəricisi
Azərbaycan Prezidentinin növbəti əfv sərəncamı dövlət-xalq münasibətlərini daha da möhkəmlədəcək
Ulu öndər Heydər Əliyev siyasi kursunun, o cümlədən humanist ənənələrinin davamçısı olan Prezident İlham Əliyev ötən gün "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Dövlət başçısı bu sərəncamı dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Onlardan 165-i kişi, 11-i qadındır. Əfv olunanlardan arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayorAkif Çovdarov,həmin nazirliyinTransmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayorSübahir QurbanovvəAzərbaycan İslam Partiyasının funksioneriFəraməz Abbasovda var.


66 əfv sərəncamı, 11 amnistiya aktı

Aprelin 7-i səhər saatlarından başlayaraq əfv sərəncamının icrasına başlanılıb. Sərəncamın icrası Ombudsman Aparatının, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilib. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrinə gələrək sərəncamın icrasını vaxtında və yüksək səviyyədə təmin ediblər. Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar. Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə, o cümlədən ahıllara, qadınlara və digər məhkumlara azad olunmaları barədə sənədləri təqdim ediblər. Azadlığa çıxan şəxslər göstərdiyi humanistliyə, mərhəmətlik siyasətinə və imzalanan əfv sərəncamına görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onu da vurğulamaq yerinə düşər ki, ümumilikdə müstəqillik dövründə Azərbaycanda 66 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib. Ölkə rəhbərinin imzaladığı qanunvericilik aktlarına əsasən, indiyə kimi 4871 şəxs əfv edilib. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 40412 şəxsi əhatə edib, onlardan 8580 nəfər azadlıqdan məhrum etmə cəzasından azad olunub.


Kritik məqamda vacib qərar

Növbəti əfv aktı Azərbaycan Prezidentinin insanpərvər siyasətinin göstəricisi, onun ailələrə sevinc bəxş etmək ənənəsinə sadiq qaldığının təzahürüdür. İndiki pandemiya şəraitində həssas qrup hesab olunan bu qəbil insanların evlərinə buraxılması yalnız onların özlərinin rahatlığı baxımından deyil, eləcə də ailə üzvlərinin nigarançılığına son qoyulması nöqteyi-nəzərdən son dərəcə humanist addımdır. Ona görə də Prezident İlham Əliyevin növbəti əfv sərəncamı yüzlərlə, minlərlə insanın könlünü şad edib, onların qayğısını azaldıb. Ölkə ictimaiyyəti tərəfindən də əfv sərəncamı rəğbətlə qarşılanıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu "Kaspi” qəzetinə bildirib ki, dövlət başçısının kritik məqamda əfvlə bağlı qərarı azadlığa çıxan vətəndaşlara xüsusi qayğı və diqqətin təzahürüdür. Onun fikrincə, Prezident İlham Əliyevin sərəncamı ilə 176 məhkumun əfv edilməsi böyük humanizm nümunəsidir və yaşadığımız çətin günlərdə çoxsaylı azərbaycanlı ailəsinə sevinc və ümid bəxş edir: "Dövlət başçısının kritik məqamda əfvlə bağlı qərarı azadlığa çıxan vətəndaşlara xüsusi qayğı və diqqətin təzahürüdür. Eyni zamanda, məhkumların əfv edilməsi ulu öndər Heydər Əliyevin yaratdığı hüquqi-humanist ənənələrin davamıdır və xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu günə qədər qəbul edilmiş amnistiya aktları nəticəsində 40 mindən çox vətəndaşımız əfv edilib. Bu sadəcə statistika deyil, həmin sayda ailənin sevinci deməkdir. Əfv fərmanı imzalanarkən istinad edilən dəyərlər xalqımızın əsrlər boyu formalaşdırdığı, bu gün də cəmiyyətimizdə milli birliyin və həmrəyliyin əsasında duran yüksək mənəvi dəyərlərdir. Bu da özlüyündə xüsusi qiymətləndirilməli bir hadisədir. Hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirus yayılıb və bunun nəticəsində müəyyən yaş qrupuna daxil olan vətəndaşlarımızın sağlamlığı ciddi təhdid altındadır. Tibb işçilərimiz bu qrupu xüsusi risk qrupu kimi səciyyələndirir, onların xüsusi qayğıya və qorunmaya ehtiyacı olduqlarını bildirir”.


Həmrəyliyimzə töhfə verəcək mühüm hadisə

H.Babaoğlu qeyd edib ki, dövlət başçısı tərəfindən məhz belə kritik məqamda əfvlə bağlı qərarın qəbul edilməsi həmin vətəndaşlarımıza xüsusi qayğının və diqqətin təzahürüdür: "Ancaq bu addım nə qədər vacib və humanistdirsə, bir o qədər də əfv olunan vətəndaşlarımız tərəfindən həssaslıqla qiymətləndirilməsi lazım olan hadisədir. Çünki bu əfvdən sui-istifadə etmək, yenidən cinayət əməllərinə meyllənmək əsla yolverilməzdir və ciddi ictimai qınaq yarada bilər. Ona görə də istər əfv edilmiş məhkumlar, istərsə onların yaxınları bu humanist addımı məhz ictimai maraqlar nöqteyi-nəzərindən qiymətləndirməli, ümummilli həmrəyliyimzə töhfə verəcək mühüm hadisə kimi dəyərləndirməlidirlər”.

Humanist addımlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır

Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə hesab edir ki, ölkə başçısı İlham Əliyev əfv sərəncamı imzalamaqla hər bir kəsin problemləri üçün çalışdığını göstərir. O söyləyib ki, bu dəfəki əfv sərəncamı spesifikliyi ilə seçilir: "Prezident İlham Əliyevin sərəncamı ilə 176 nəfərin azadlığa buraxılmasını ölkə başçısının humanistliyi, koronavirus pandemiyası ilə mübarizə dövründə hər kəsin qayğısına qalması kimi qiymətləndirmək olar. Əfvə düşənlərin hamısı 65 yaşından yuxarıdır. Əfvə salınanlar içərisində qadınlar, yaşı səksəni haqlamış və vaxtilə öz əməlinə görə cəza alan insanlar da var. Cənab Prezident sərəncamı ilə hər bir Azərbaycan vətəndaşının prezidenti olduğunu, hər bir kəsin problemlərinin həlli üçün çalışdığını göstərir. Bu gün ölkəmizdə koronavirusla mübarizədə bütün imkan və addımlardan istifadə edilir. İnsanların evdə qalması üçün şəraitin yaradılması, tibbi maska istehsalı ilə bağlı müəssisənin işə salınması, bu həftədən başlayaraq sahibkarlara və eyni zamanda işsiz kimi qeydiyyata alınmış insanlar ödənişlərin verilməsi və digərləri hamı üçün çətin olan bir dövrdə Azərbaycan dövlətinin öz vətəndaşının yanında olduğunu göstərir. Cənab Prezidentin xüsusi yaş təbəqəsinə aid insanları əfv etməsi, azadlığa buraxması bu çətin dövrdə bir çox ailələrə sevinc bəxş etməyin göstəricisidir. Tamamilə mümkündür ki, bu, sonuncu addım deyil. Bundan əvvəl cəzasının az bir hissəsi qalmış məhbusların bir hissəsi də yerli məhkəmənin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb. Bütün bunların hamısı cənab Prezidentin xüsusi tapşırığı ilədir. Ölkə başçısının vətəndaşların problemlərinin həlli üçün atdığı humanist addımlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır”.


180-nə yaxın ailəyə sevinc bəxş olundu

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri Tahir Kərimli də bildirib ki, Prezident İlham Əliyev növbəti əfv sərəncamı imzalamaqla ulu öndər Heydər Əliyevin humanizm ənənəsini davam etdirdiyini növbəti dəfə nümayiş etdirib. Onun sözlərinə görə, əfv sərəncamı dövlət başçısının həmişə vətəndaşın qayğısına qaldığını göstərir: "Biz bilirik ki, 65 yaşdan yuxarı insanlar koronavirusa infeksiyasına yoluxma baxımından həssas qrupdur. Onların cəzaçəkmə məntəqələrində deyil, evdə izolyasiya olunmaları daha vacibdir. Cənab Prezident də cinayət törətmiş 65 yaşdan yuxarı olan şəxslərin qayğısına qalaraq onları cəzadan azad etdi. Dövlət başçısı həmin cəza çəkən şəxslərin ailə üzvlərinin müraciətinə reaksiya verərək, onların davranış tərzlərini nəzərə alıb cəzalarını bağışladı. Bu sərəncamla 180-nə yaxın ailəyə sevinc bəxş olundu. Azad olunan məhkumlar da bu addımı müsbət qiymətləndirəcək və bundan sonra Azərbaycan qanunlarına hörəmətlə yanaşacaq, dövlətə və dövlətçiliyə ximət edəcəklər. Əfv fərmanı bir daha sübut etdi ki, cənab Prezident həmişə vətəndaşının qayğısına qalır, öz humanistliyini davam etdirir. Hesab edirəm ki, Prezident İlham Əliyevin bu addımı dövlət-xalq münasibətlərini daha da möhkəmləndirəcək.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər