• şənbə, 27 Aprel, 08:17
  • Baku Bakı 12°C

“İnsanların bir az gülməyi, gülərkən də düşünməyi lazımdır”

27.09.18 09:30 747
“İnsanların bir az gülməyi, gülərkən də düşünməyi lazımdır”
Türkiyənin tanınmış aktrisası Pelin Öztekin hazırda qonşu ölkənin mediasında gündəmin əsas simalarından biridir. Tanınmış aktyor Rasim Öztekinin qızı olan Pelin Öztekin mədə cərrahiyyəsi nəticəsində 21 ayda 90 kiloqram çəki atmaqla, hamını təəccübləndirmişdi. Aktrisanın qısa zamanda dəyişməsini müxtəlif cür yozanlar da var. Hətta onun xəstəlik nəticəsində arıqladığını iddia edənlər də tapıldı. O. mədə cərrahiyyəsi əməliyyatını 2014-cü ildə keçirib. Buna qədər isə artıq Türkiyədə məşhur idi. Aktrisa, 2012-ci ildə "Star” telekanalında yayımlanan "Benzemez Kimse Sana” adlı şouda iştirak edərək məşhurlaşıb. Onun "Hayat bilgisi”, "Sınıf” "Çok film hareketler bunlar”, "Neşeli hayat”, "Hayat şarkısı” seriallarından daha yaxşı tanıyırıq. "Çok güzel hareketler bunlar” televiziya tamaşasındakı toppuş qız obrazı ilə kifayət qədər tamaşaçı kütləsi toplamışdı.Hazırda isə "Koca koca yalanlar” serialında Canan obrazını canlandıran Pelin Öztekin "Milliyyet” qəzetinin əməkdaşı Senem Aydına müsahibə verib.
- Pelin xanım, serialın çəkilişləri necə gedir?
- Çox çalışırıq. Üzün müddətdir ki, belə gərgin şəkildə çalışmamışam. Serialda rol alan üç qadın bütün səhnələrdə var deyə, bizim işimiz daha çətindir.
- Qadınların çoxluq təşkil etdiyi layihələrdə iştirak etməyin üstünlükləri nələrdir?
- Normalda çətin və hər kəsin qorxduğu bir vəziyyətdir. Biz çox şanslıyıq. Evrim Alasya və Selen Uçer çox sevimli insanlardır. Onlarla heç bir problemi yaşamırıq. Eqomuz olsa belə, öz aramızda çəkişən qadınlar deyilik.
- Yeni mövsüm başladı və rəqabət də artdı. Bu vəziyyət sizdə gərginlik yaradırmı?
- Əlbəttə. Geridə qoyduğumuz mövsümdə ən çox danışılan və reytinq toplayan layihələrlə eyni gündə yayımlanırıq. Amma insanların bir az gülməyi, gülərkən də düşünməyi lazımdır. Serialımız həyatın içindəndir və həqiqətlərdən bəhs edir. Dostlarımızın, qonşularımızın başına gələn hadisələri bir az komik şəkildə göstərməyə çalışırıq.
- Ssenarini ilk dəfə oxuyanda nələr düşündünüz?
- Yenidən komediyaya döndüyüm üçün xoşbəxtəm. Uzun müddətdən sonra ilk dəfə bir ssenari məni bu qədər həyəcanlandırdı. İnsan dramatik filmlərə baxandan, ağlayır və bəlli zamandan sonra sıxılır. Onu da qeyd edim ki, ağlatmaq asandır, güldürmək çətin. Çevrənizdəki insanlar ağladıqda, istər-istəməz siz də ağlayırsınız. Amma komediya mətin altında düşündürən, güldürən bir şeydir. Serialda baxdığınız bölümlərdəkilərin 70 faizi ssenaridədirsə, 30 faizini də biz yaradırıq.
- Canlandırdığınız Cananla həyatdakı baxışlarınız üst-üstə düşürmü?
- Canan çox saf və gözəl niyyətli bir qadındır. Mən də yaxşı niyyətliyəm, amma onun qədər saf olduğumu düşünmürəm.
- Serialda aldadılma səhnələri var. Sizin belə bir qorxunuz varmı?
- Həyatın bizə nə gətirəcəyi bəlli deyil. Bu günə qədər "aldadılmadım, bu hissi heç yaşamadım” deyə bilərəm. Bəlkə də başıma gəlib və gəlibsə də, ruhum duymayıb. Bu vaxta qədər sağlam, uzunmüddətli münasibətlərim olub. Belə bir problemim olmayıb.
- Heç aldadıbsınızmı?
- Əsla. Xərçəng bürcünün nümayəndəsi olmağımın verdiyi duyğusallıqdan irəli gəlir ki, mən ayrılmağı belə bacarmayan insanlardanam. Münasibətlərimi sona qədər gətirərəm, amma əsla "ayrılaq” cümləsini deyən mən olmuram.
- Türkiyədə qadın olmaq çətindirmi?
- Türkiyədə qadın olmaq çətindir, amma ümidsiz deyil. Qadın olaraq cəmiyyətdəki yerimizi hələ də sağlam şəkildə təsdiq etməmişik. Amma yeni gələn nəslə və dövrümüzə baxanda, ayağını yerə sağlam basan qadınlarımız da az deyil. Düşünürəm ki, qadınlarımız yavaş-yavaş daha çox güclənəcək.
- Berk Uğuzla münasibətləriniz necədir?
- Onunla iki ildir davam edən münasibətlərimiz var. Mənim yaratdığım Canan obrazı ilə bənzərliyimizin ortaq nöqtəsi onun xoşuna gəlir. O, mənim məktəbdən tanıdığım ən yaxşı dostumdur. Məlumatınız olsun ki, şəxsi həyatımda münasibət qurduğum insan sinif yoldaşımdır. Evlilik məni bir az qorxudur, amma istəyirəm ki, övladım olsun. Nəyisə əvvəlcədən istəyəndə, həyata keçmir. Hər şey axarında gözəldir.
- Siz tez bir zamanda çox çəki atdınız. Bu da gündəmin əsas mövzusu oldu.
- Dörd ildir ki, arıqlamışam və özümdəki bu dəyişikliyi çox bəyənirəm. Bu səbəbə görə, diqqət mərkəzində olmaq məni çox sıxır. Küçədə məni görənlər də eyni sualları verirlər.
- Qısa bir müddətdə 90 kilo arıqlayıbsınız. Əslində bu özü də bir uğurdur.
- Əzmliyəm, özümə diqqət edirəm. Qidalarıma fikir verdim, idman etdim və istədiyim nəticəni aldım. Əslində istəmirəm arıq bir xanım olum. Məsələn, 55 kilo olmağı istəmirəm. Hazırda 68 kiloyam və bu çəkim mənə uyğundur. 4 ildir ki, yeni Pelini kəşf edirəm. Özümü və mimikalarımı kəşf edirəm.
- Bu işdə atanız Rasim Öztekin sizə nələri məsləhət görür?
- Atamın əməliyyat olunmağımla bağlı çox qorxuları vardı. O, "nə ehtiyac var?” deyirdi. Daha sonra "yaxşı ki, məni dinləmədin” dedi. Aktrisalığa ondan gizli başladığım üçün əvvəllər mənə qarşı sərt reaksiyalar göstərirdi. "Hayat şarkısı” performansından sonra məni daha çox tərifləməyə başladı. Bu sahədə inkişafımdan və uğurlarımdan sonra mənə qarşı münasibəti dəyişdi. Oynadığım Canan xarakterindən də çox razıdır. Bununla bağlı pozitiv rəylər alıram.
- Fərqli rollar sizi xoşbəxt edirmi?
- İlk dəfə efirə elə komediya ilə gəlmişəm. Amma səhnəyə məhz komediya aktrisası olmaq üçün çıxmırıq. Fiziki dəyişikliyimdən sonra həyatımda da nələrisə dəyişmək istədim. İki il müddətində mənə dram rollarının təklif olunacağı günü gözlədim. "Hayat şarkısı”nda bu gözləntim çox gözəl qiymətləndirildi.
Tərcümə etdi: Xəyalə Rəis
banner

Oxşar Xəbərlər