“İnsan öz həmyerlisinə ürəkdən dəstək göstərmək istəyir” - Fotolar
Bu gün vətəndaşlarımızın səsi dünyanın hər yanından
eşidilir. Sərhədləri aşan, getdiyi hər bir məmləkətə uğurla ayaq basan azərbaycanlılar
qəlblərində kiçik bir vətən aparırlar. Yaxud da bugünkü müsahibimiz kimi,
Azərbaycanın azyaşlı istedadlarını dünyaya tanıtmaq üçün yollar açır, layihələr
həyata keçirirlər.Həmsöhbətimiz Lala Sultanova turizm sahəsində
çalışır. Avropaya inteqrasiya edən azərbaycanlıların daha çox iş, təhsil
dalınca getdiklərini gördüyünü və onların içərisində azyaşlı uşaqların azlıq
təşkil etdiyini deyir. Uzun müddətdir ki, turizm sahəsində çalışan və bu sahədə
kifayət qədər uğur əldə edən müsahibimiz Azərbaycanın istedadlı uşaqlarını
beynəlxalq arenada tanıtmağı qarşına məqsəd qoyub. O bu işə ilk olaraq
Azərbaycanda azyaşlı uşaqlar üçün "Moda e bambini” adlı uşaq moda yarışı
keçirməklə başlamaq istəyir.
- Lala xanım, sizi
daha yaxından tanımaq istərdik.
- Uzun müddətdir ki, turizm sahəsində çalışıram.
1998-ci ildən ASHA travel şirkətində
çalışdım və turizm sahəsində kifayət qədər nüfuz qazandım. Daha sonra SLİ adlı
turizm şirkətimi yaratdım. Bizə müraciət edən vətəndaşlar üçün getdikləri
ölkələrin səfirlikləri ilə danışır, əlaqələr qurur, vizalarını hazırlayırdıq.
Hər dəfə işlədikdə görürdüm ki, Azərbaycandan xaricə daha çox yeniyetmə, orta
və yaşlı nəslin tanınmış və istedadlı nümayəndələri gedir, kifayət qədər də
ölkəmizi təqdim edirdilər. Düşündüm ki, bizim çox istedadlı, bacarıqlı, azyaşlı
uşaqlarımız da az deyil. Bunun üçün bəzi qurumlara müraciət etsəm də, onlar bu
işdə heç də maraqlı olmadılar. Anladım ki, bunu məndən başqa kimsə etməyəcək.
İlk olaraq uşaqlar arasında İtaliya geyim həftəsi keçirmək istədim. Bunun üçün hazırda
var gücümlə çalışıram.
- Lala xanım, niyə
məhz İtaliya moda həftəsi?
- Dəbin özü də bir incəsənətdir. O ki qaldı
sualınıza, çünki İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarındandır. Hazırda
Azərbaycanda 95 İtaliya şirkəti fəaliyyət göstərir. Onlar müxtəlif sahələrdə -
həm dövlət qurumları, həm də özəl sektorla əməkdaşlıq edir, xidmət, ticarət,
nəqliyyat, kənd təsərrüfatı, şərabçılıq və digər sahələrdə çox uğurlu işbirliyi
qurublar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva hər dəfə
çıxışında bildirir ki, İtaliya-Azərbaycan əlaqələri daim müxtəlif sahələrdə
inkişaf edir. Biz də bu dostluğu və əməkdaşlığı nəzərə alaraq, İtaliya ilə
Azərbaycan arasında mədəni körpü yaradacaq bir layihə ilə çıxış etmək istəyirik.
"Moda e bambini” adlanan layihəmizin əsasında İtaliya geyim brendlərinin
Azərbaycanda uşaqlar tərəfindən nümayiş etdirilməsi dayanır. Layihənin məqsədi
bu dostluğu və tərəfdaşlığı gücləndirmək və mədəniyyət, dəb sahəsində İtaliya
brendlərinin tanınmasına, əsasən də uşaq geyimlərinin təbliğatına hesablanıb.
Belə ki, Azərbaycanda Türkiyə, Amerika, MDB və digər ölkələrin uşaq geyimləri
nə qədər məşhur olsa da, İtaliya uşaq geyimləri bir qədər kölgədə qalır. Məhz
bu məqsədlə geyimlərin təbliği və tanıtımı baxımından belə bir layihə etmək
niyyətindəyik. Layihəyə uyğun olaraq, italyan firmalarının geyimləri azyaşlı
uşaqlar tərəfindən ictimaiyyətə nümayiş etdirilməklə maraqlı moda tədbiri
təşkil olunacaq. Bu uşaqlar kütləvi informasiya vasitələrində əvvəlcədən elan
verilməklə və müvafiq komissiyanın seçimi ilə layihəyə cəlb olunacaqlar. Komissiya
həmin layihə üzərində işləyən əməkdaşlardan və Azərbaycanda təmsil olunan
İtaliya geyim brendlərində çalışan işçilərdən ibarət olacaq. Biz İtaliyanın
Azərbaycandakı məşhur firmalarının geyimlərini Azərbaycanda fəaliyyət göstərən
beynəlxalq səviyyəli otellərin birində həmin uşaqlar vasitəsilə podiumda
nümayiş etdirməklə bir gecə təşkil etmək istəyirik. Gecədə həmin uşaqların
ifasında italyan mahnı və musiqiləri səsləndiriləcək, italyan furşeti olacaq və
italyan geyimləri təbliğ olunacaq. Bu layihə xeyriyyə məqsədi ilə həyata
keçirilir. Belə ki, layihədən əldə olunan gəlir Azərbaycanda sığınacaqlarda
dünyaya gələn, orada böyüyən uşaqlara sərf olunacaq.
Son zamanlar görürəm ki, İtaliyanın mağazaları
bağlanır. Çoxu türk və Çin malları gətirir və İtaliya brendləri unudulmağa
başlayır. İtaliyanın çox az sayda uşaq dükanları var. Mən də bu sahəni daha da
dirçəltmək üçün belə bir moda müsabiqəsi keçirmək fikrindəyəm. Təbii ki, bu
işdə İtaliya səfirliyi bizə öz dəstəyini əsirgəməsə, şad olarıq. Eyni zamanda
istəyərdik ki, İtaliya şirkətləri də bu layihədə bizə dəstək olsunlar.
- Bildiyimiz
qədəri ilə, siz həm də "Azərbaycan-İtaliya Ticarət Palatası”nın üzvüsünüz. Bu
palata hansı işləri görür?
- Palatanın rəhbəri İtaliyanın Azərbaycandakı
keçmiş səfiri Margherita Costadır. Bu palata 2008-ci ildə yaranıb. Bu təşkilatı
yaratmaqda məqsəd İtaliya-Azərbaycan birliyini, dostluğunu daha da
möhkəmləndirmək idi. Biz bir körpü rolunu oynamağa çalışırıq. İtaliyanın
tanınmış brendlərini Azərbaycana gətirib onu təqdim edirik. İtaliya mətbəxi,
texniki avadanlıqları, geyimlərini Azərbaycan vətəndaşlarına təqdim edirik. Bilirsiniz
ki, İtaliya mətbəxi çox zəngindir və onların milli mətbəxi, geyimləri bizim
palatada təqdim olunur.
- Bundan sonra
hansı layihələri həyata keçirəcəksiniz?
- İtaliya moda günündən sonra Azərbaycanın ən
istedadlı uşaqlarını yığıb, onların Amerikada, Avropada keçirilən dünya
miqyaslı beynəlxalq musiqi festivallarında iştirakını təmin edəcək bir layihə həyata
keçirəcəyik. Düzdür, bu gün Azərbaycan övladlarının səsi dünyanın hər yanından
eşidilir. Bu işdə dövlətimizin, mədəniyyət nazirliyimizin misilsiz xidmətləri
var. Ancaq mən də uşaqlara bu yöndə dəstək göstərə bilirəmsə və bu imkanlara
sahibəmsə, nə üçün də olmasın?
- Hazırda turizm
sahəsində vəziyyət necədir?
- Hər ötən il dünyanı səyahətə çıxan
vətəndaşlarımızın sayı çoxalır. Ancaq son bir neçə ildə xaricə oxumağa gedən
vətəndaşlarımız üstünlük təşkil edir. Qeyd edim ki, məni artıq Avropa və
Amerika ölkələri ilə mədəni körpü rolu oynayan layihələrdə də görə
biləcəksiniz. Turizm şirkətinin fəaliyyətini bir müddətlik dayandırmışam.
- Siz həm də
Almaniyanın Münhen və Köln şəhərlərinin Azərbaycanda təhsil nümayəndəsisiniz.
- Bəli, bu da mənim işimlə əlaqədar olan bir
şeydir. Dünyanın bir çox ölkələrində olmuşam və çox əlaqələrim var. Mənim qızım
da Almaniyada təhsil alır. Elə ailələr var ki, övladını tanımadığı və bilmədiyi
bir məmləkətə göndərmək istəmir. Biz bu baxımdan həmin ailələrə kömək
göstəririk. Onların övladlarının Almaniyada yüksək səviyyədə təhsil alması və
orada həmin uşaqlara yaradılan şəraitə görə cavabdehik. Həmin uşaqların
Almaniyadakı əlaqələrini qururuq. Valideynlər çox rahatlıqla öz övladlarını
bizə həvalə edə bilirlər.
Digər tərəfdən, bu elə bir işdir ki, insan
istər-istəməz öz həmyerlisinə ürəkdən kömək olmaq, ona dəstək göstərmək
istəyir. Ona görə də mən şəxsən çalışıram ki, bu istiqamətdə hər bir azərbaycanlıya
yaxından dəstək olum.
Xəyalə Rəis