Çinlə əməkdaşlıq İranın keçmiş prezidentini niyə qorxudub?
İranın sabiq prezidenti Mahmud Əhmədinejad
ölkəsinin Çinlə 25 illik müqavilə imzalamasına dair yayılan xəbərlərə kəskin
reaksiya verib. Bu haqda günaz.tv saytı xəbər yayıb. Mahmud Əhmədinejad Çinin
adını çəkmədən İran rəsmilərinin xarici ölkələrdən biri ilə 25 illik müqavilə
imzalamalarının "millətin xeyrinə olmadığını” deyib.
Əhmədinejad danışıqların
aparılmasının gizli saxlanmasını tənqid edərək, müqavilədə nəzərdə tutulan müddəaları
"İran xalqının mənafeyinə zidd” kimi dəyərləndirib. Gizli şəkildə, eləcə də
İran millətinin istək və iradəsini nəzərə almadan, ölkə və millətin maraqlarına
zidd olan xarici ölkələrlə imzalanmış heç bir müqavilə mötəbər deyil və İran
xalqı onu rəsmi olaraq tanımayacaq”, - deyə sabiq prezident əlavə edib. Sözügedən
müqaviləni 2015-ci ildə İranla 5+1 ölkələri arasında imzalanmış nüvə
razılaşması ilə müqayisə edən Əhmədinejad bildirib ki, hətta deputatlar da həmin
razılaşmanı təsdiqləyən zaman onun məzmunu barədə dəqiq məlumata sahib deyildilər.
"Bu gün isə eşitmişəm ki, hazırda müzakirə aparırlar və xarici ölkələrdən biri
ilə 25 illik müqavilə imzalamaq istəyirlər, amma heç kimin bundan xəbəri
yoxdur. Məgər siz siz ölkənin sahibisiniz ki, xalqın xəbəri olmadan onun cibindən
götürüb, digərlərinə bağışlayasınız?”, - deyə Əhmədinejad fikrini tamamlayıb.
Beləliklə, İranın keçmiş
prezidenti hazırki dövlət başçısı Həsən Ruhaninin bostanına iki daş atıb. O həm
nüvə anlaşmasını, həm də Çinlə 25 illk müqaviləni tənqid edib. Mahmud Əhmədinejad
8 il İranın prezidenti olub və elə Amerika ilə münasibətlərin gərginləşməsi
onun hakimiyyəti dövrünə təsadüf edib. O prezident olduğu illərdə nüvə
çalşmalarını davam etdirməyə qərar verib ki, bu Vaşinqtonun İran qarşı siyasətini
sərtləşdirməsinə gətirib çıxardıb. Ən maraqlısı odur ki, həmin illərdən
başlayaraq Amerikanın İrana qarşı təzyiqlərini nisbətən neytrallaşdıra biləcək
və BMT Təhlükəsizlik Şurasında Vaşinqtonun planlarını pozacaq iki dövlət var
idi – Rusiya və Çin. Hər iki dövlət İrana qarşı sanksiyaların əleyhinə idi, bu
gün onlar eyni siyasəti aparırlar. Ancaq nədənsə Mahmud Əhmədinejad İranın tərəfdaşı
olan Çinlə 25 illik müqavilənin əleyhinə çıxır. Bununla Mahmud Əhmədinejad dolayısıyla
ali dini lider Əli Xameneyinin də əleyhinə çıxıb. Çünki, Çinlə məlum
razılaşmaya İranın ali dini lideri xeyir dua verib. Əli Xameneyi 26 yanvar
2016-cı ildə Çinin lideri Tsi Tsinpini iqamətgahında qəbul edərkən iki ölkə
arasında 25 illik müqavilənin hazırlanmasından razılığını bu cümlə ilə ifadə edib:
"Çinlə 25 illik müqavilə doğru qərardır”.
Çin lideri İrana 4 il əvvəlki səfəri
zamanı bu ölkə ilə nə az, nə çox 17 sazişə imza atmışdı. Bu sazişlər əməkdaşlığın
bütün sahələrini əhatə edirdi. 25 illk müqaviləyə görə isə Çin İrana mərhələli
şəkildə 400 milyard dollar yatırım qoymağa boyun olub. Çin bu məbləğin 280
milyard dollarını İranın neft, qaz və neft-kimya sənayesinə yönəldəcək. Bu
ümumi rəqəmlərdir və sazişin mətni üzərində iş yekunlaşmaq üzrədir. Digər tərəfdən
İranın keçmiş prezidenti haqlıdır, hər iki tərəf müqavilənin detallarını gizli
saxlamağa üstünlük verir.
Dünyanın əsas iqtisadi gücünə
çevrilən Çin əldə etdiyi yüz milyardlarla dollar gəliri müxtəlif ölkələrdə yatırımlara
yönəldir. Çinin yatırımları Avropadan tutmuş uzaq Afrikaya qədər uzanıb. Ancaq
Çinin yatırımları cəlbedici olduğu qədər qorxulu hesab edilir. Həmin
yatırımların iqtisadi və siyasi risqləri az deyil. Çin yatırım qoyduğu ölkələrə
şərtlərini də gətirir. Bu şərtlər içərisində yatırımların idarəedilməsindən
tutmuş çinli mütəxəssislərin həmin ölkələrdə yerləşdirilməsinə qədər bəndlər
yer alır. Təsadüfi deyil ki, vaxtilə Çin yatırımlarına maraq göstərən Mərkəzi
Asiya ölkələri bu gün həmin şərtlərin çətinliklərini yaşayırlar. Eyni ilə Mahmud
Əhmədinejad da ondan ehtiyat edir ki, Çin İrana qoyduğu yatırımları öz bildiyi
kimi idarə edəcək və bu zaman İranın enerji və insan resursları Pekinin nəzarəti
altına keçəcək. Başqa sözlə keçmiş prezident demək istəyir ki, 25 illik müqavilə
İranın müstəqilliyinə xələl gətirəcək. Ancaq İranın başqa alternativi də qalmayıb.
ABŞ sanksiyaları və koronavirus epidemiyasının geniş yayılması İran
iqtisadiyyatını taqətdən salıb, iş yerləri qapanıb, sosial gərginlik artıb. Belə
vəziyyətdə İranın Çinin yüzmilyardla dollar yatırımına qapılarını açmaqdan
başqa çarəsi yoxdur.
Çinin İranda əsas iqtisadi gücə
çevrilməsi perspektivi Azərbaycan üçün də müəyyən çağırışlara yol açır.
Mümkündür ki, İranın Azərbaycanla birgə həyata keçirdiyi regional layihələrə
Çinin marağı artsın.
Elxan Şahinoğlu
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri