• cümə, 26 Aprel, 19:44
  • Baku Bakı 22°C

İlk Avropa Oyunları möhtəşəm imkanlar yaradır

19.02.15 06:37 1550
İlk Avropa Oyunları möhtəşəm imkanlar yaradır
2015-ci ildə ölkəmizin adına yazılacaq tarixi hadisələrdən biri də paytaxtımızda keçiriləcək ilk Avropa Oyunlarıdır. Artıq yarışların start götürməsinə 4 aydan da az vaxt qalıb. Məlumdur ki, ölkədə mötəbər tədbirlər baş tutduğu zaman təşkilatçılıq işlərinə gənclər, ələlxüsus da könüllü gənclər cəlb olunur. Bu, dövlətin gənclərlə bağlı həyata keçirdiyi siyasətin bir hissəsidir və onların təcrübə əldə etməsinə, müəyyən sahələr üzrə ixtisaslaşmasına hesablanmış addımdır. İlk Avropa Oyunlarına hazırlıq, yarışla əlaqədar həyata keçirilən tədbirlər, bu işdə gənclərin potensialından istifadə və digər məqamlarla bağlı “Kaspi”nin suallarını Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq cavablandırır:
- Avropa oyunlarına hazırlıq prosesi necə gedir?
- İlk dəfə Bakıda keçiriləcək Avropa Oyunlarının açılış mərasiminə təxminən 4 ay vaxt qalıb. Ona görə də işlər daha sürətlə görülməkdədir. Demək olar ki, hazırlıqların son mərhələsindəyik. Hətta bəzi obyektlərdə işlər artıq tamamlanıb. İlk Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün bütün digər obyektlərdə də tikinti və hazırlıq işləri durmadan davam etdirilir. Xatırladım ki, Atletlər Kəndi və Milli Gimnastika Arenası tam olaraq hazırdır və keçən ilin iyun ayında keçirilmiş Bədii Gimnastika üzrə Avropa Çempionatına və çempionatda iştirak etmiş idmançılara ev sahibliyi edib. Həmçinin keçən il may ayının sonunda Tofiq Bəhramov adına Respublika Stadionunda Yeniyetmələr arasında Avropa Olimpiya Təsnifat Turniri keçirmişik. Adları çəkilən yarışlar Oyunlar başlamazdan əvvəl bizə bütün il həyata keçirdiyimiz əməliyyatları sınaqdan keçirmək imkanı yaradıb.
- Bəs yarışların təşkilində gənclərin potensialından hansı formada istifadə ediləcək?
- Avropa Oyunları çərçivəsində könüllülər proqramı təşkil edilib. Gənclər bu proqrama qoşulmaqla Avropa Oyunlarının təşkil edilməsində bilavasitə yaxından iştirak etmək şansı əldə edə bilərlər. Ölkə gəncliyi Avropa oyunları könüllülər proqramına qatılaraq, seçdikləri konkret sahələrdə fəaliyyət göstərəcək, Azərbaycanı yüksək səviyyədə təmsil etmək şansı əldə edəcəklər. İlk Avropa Oyunlarında iştirak edəcək könüllüləri “Alov Qoruyanlar” (Flamekeepers) kimi elan etmişik. Bu ad yarış ruhunun təbliğində könüllülərin mərkəzi rolunu əks etdirir, eyni zamanda, Odlar Yurdu Azərbaycana olan hörməti və Azərbaycan xalqının mehribanlığını tərənnüm edir. İstənilən böyük multi-idman oyunlarında idmançılar yarışın ürəyi, könüllülər isə ruhu hesab olunur. “Alov Qoruyanlar” bu yay Bakı 2015 Avropa Oyunlarının möhtəşəm idman bayramına çevrilməsinə kömək göstərəcək və daimi bir irs yaradacaqlar. Bu irs sayəsində Azərbaycan gələcəkdə bir sıra böyük beynəlxalq yarışlara ev sahibliyi edən zaman könüllü atəşini alovlandıracaq.
- Bu oyunlarla bağlı işlərə indiyə kimi nə qədər gənc könüllü cəlb olunub?
- Hazırda Avropa Oyunları üçün könüllülərin cəlb olunması prosesi davam etdirilməkdədir və 16000-dən çox könüllü seçilmək üçün onlayn qeydiyyatdan keçib. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi həftəlik əsasda yüzlərlə müsahibələr aparır. Bildirim ki, iyun ayının 12-nə qədər işlərə 12500 nəfər könüllünü cəlb edəcəyik. “Alov Qoruyanlar” proqramında 18 və daha yuxarı yaşda olan könüllülər iştirak edə bilərlər. Onu da qeyd etmək istərdik ki, Bakı 2015 könüllü proqramı ərizələr qəbul etmək üçün açıqdır və hər bir gənc baku2015.com saytına daxil olaraq və qeydiyyatdan keçərək könüllülər ailəsinə qoşula bilər.
- Gənc könüllülərin əsas işi nədən ibarət olacaq?
- Bakı 2015 Avropa Oyunları sırf idman tədbiri olduğuna görə könüllülərimizin böyük qismi idman sahələri və idman məkanları üzrə fəaliyyət göstərəcəklər. “Alov Qoruyanlar” yarışlar ərzində əsas vəzifələri yerinə yetirəcəklər. Onlar idmançılar və rəsmi şəxslərə kömək edəcək, tamaşaçılara və ya media nümayəndələrinə lazımi dəstəyi göstərəcəklər. Bir məqamı da xatırladım ki, Oyunların Açılış və Bağlanış mərasimlərində iştirak etmək üçün 6000 könüllü ifaçıya rolların verilməsini nəzərdə tutan könüllü proqramına da ərizə qəbulu davam edir.
- Təşkilati işlərin görülməsinə gənclərin özlərinin marağı nə qədərdir?
- Avropa Oyunlarının keçirilməsinə qədər olan müddətdə könüllülər üçün müxtəlif tədbirlər həyata keçirilir. İndiyə qədər bu tədbirlərdə 600 nəfərdən çox könüllü iştirak edib. Hesab edirəm ki, tədbirlərin nəticəsi olaraq, Avropa Oyunları gənclərimiz arasında yetərincə təbliğ olundu və bundan dolayı sıralarımıza xeyli yeni könüllülər qoşuldu. Maraqlı bir məqam da ondan ibarətdir ki, məhz bu tədbirlərin təşkilində də könüllülərimiz aktiv fəaliyyət göstərir, toplantıların koordinasiya olunmasında bizə yaxından yardımçı olurdular. Sevindirici haldır ki, könüllülər hər bir tədbirin təşkilinə böyük maraq və məsuliyyətlə yanaşır, onun yüksək səviyyədə təşkil edilməsi üçün əllərindən gələni edirlər.
- Sizcə, bu oyunlar Azərbaycanın beynəlxalq imicinə hansı töhfəni verəcək?
- 12-28 iyun tarixində keçiriləcək yarışlarda 20 idman növü üzrə 50 ölkədən 6000-dən çox idmançı və 3000-ə yaxın rəsmi nümayəndələrin iştirakı nəzərdə tutulur. Dünyada ilk dəfə təşkil olunacaq Avropa Oyunlarının hazırlıq prosesi hərtərəfli şəkildə yüksək səviyyədə təşkil edilir. Ona görə də, inanırıq ki, Azərbaycan yarışları keçirməklə öz mədəniyyəti, tarixi və həqiqətləri barədə dünyaya çatdırmaq istədiyi mesajları verəcək. Düşünürük ki, bu cür mötəbər tədbirlər möhtəşəm imkanlar yaradır. Bildiyiniz kimi, Dimitris Papaioannou açılış mərasiminin bədii direktoru olacaq. Amerikanın FiveCurrents şirkəti isə açılış və bağlanış mərasimlərinin prodüseri olacaq. Həm bədii rəhbər, həm də adıçəkilən şirkət uzun müddət böyük idman yarışlarında möhtəşəm mərasimlər keçiriblər. Azərbaycan mədəniyyətinin qeyd olunacağı mərasimlərdə Bakının müasir Avropada tutduğu yerin əhəmiyyəti də bir daha məlum olacaq. Qeyd edim ki, müxtəlif ölkələrlə bağlanmış yayım müqavilələri birinci Avropa Oyunlarının dünyanın 49 ölkəsində yayımlanacağı deməkdir. Bu isə yarışların bir milyarddan artıq tamaşaçı tərəfindən izlənəcəyi anlamına gəlir.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər