• cümə, 26 Aprel, 06:52
  • Baku Bakı 12°C

İlham Əliyev: “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır”

14.01.19 15:24 401
İlham Əliyev: “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır”
"Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, burada həm iqtisadi, həm sosial və bütün başqa məsələlər uğurla öz həllini tapır. Sosial məsələlərin arasında, əlbəttə ki, səhiyyə sisteminin inkişafı xüsusi yer tutur. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və hər bir insan üçün onun sağlamlığı, onun yaxınlarının sağlamlığı xüsusi əhəmiyyət daşıyır. Biz çalışırıq və çalışacağıq ki, bu sahədə bütün lazımi tədbirləri görək”.
"Kaspi.az” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, təkcə son 15 il ərzində ölkəmizdə 600-dən çox xəstəxana, tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir edilib. Onun sözlərinə görə, ölkəmizin hər bir şəhərində və ya onların mütləq əksəriyyətində müasir xəstəxanalar artıq tikilib və bir neçə şəhərdə tikinti işləri davam edir.
Prezident İlham Əliyev deyib ki, yaxın gələcəkdə Azərbaycanda ən müasir tibbi mərkəz olmayan şəhər qalmayacaq. Ölkə başçısı 5 milyondan çox insanın hər il dövlət xətti ilə tibbi müayinədən keçdiyinə də diqqət çəkib: "Bu, bizim təşəbbüsümüzdür və dünyanın nadir ölkələrində belə təşəbbüs həyata keçirilir. Bunun da bir məqsədi var ki, vətəndaşlar, əgər onların sağlamlığında hər hansı bir problem varsa, onu vaxtında aşkar etsinlər və yüksək səviyyəli müalicə alsınlar. Bu proqram nəticəsində minlərlə insan artıq lazımi səviyyədə müalicə alır”.
Dövlət başçısı bildirib ki, Azərbaycan vətəndaşlarının daha da yaxşı yaşaması və onları narahat edən məsələlərin öz həllini tapması üçün görülən və görüləcək işlərdən də söhbət açıb. Deyib ki, bütün bunlara nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır və Azərbaycanda bu iqtisadiyyat qurulur: "Keçən ilin nəticələri, - bir neçə gün bundan əvvəl bu barədə mən xalqa hesabat verdim, - çox müsbətdir. Bu, onu göstərir ki, biz düzgün yoldayıq, biz uğurla inkişaf edirik və ölkəmiz öz hesabına, öz daxili imkanları hesabına bütün lazım olan məsələləri həll edir, həm sosial, həm iqtisadi, infrastrukturla bağlı və digər məsələləri. Əminəm ki, gələcək illərdə, o cümlədən əlbəttə ki, 2019-cu ildə biz bu müsbət dinamikanı saxlayacağıq, ölkəmiz uğurla inkişaf edəcək və bütün məsələlər öz həllini tapacaq”.
banner

Oxşar Xəbərlər