• şənbə, 27 Aprel, 00:56
  • Baku Bakı 14°C

“İkram İsrafil mənim üçün önəmli fiqur deyil”

18.06.14 10:48 1994
“İkram İsrafil mənim üçün önəmli fiqur deyil”
2010-cu ilin parlament seçkilərindən sonra Müsavat funksionerləri partiyanın növbəti qurultayının keçirilməsini gündəmə gətiriblər. Partiya daxilində uzun-uzadı müzakirə və mübahisələrlə bu, xeyli müddət ertələnsə də, sonradan hakimiyyətin qurultay üçün yer ayırmadığı əsas gətirilib. Hətta o zaman Müsavat başqanı daxili gərginliyi azaltmaq üçün Türkiyə və Gürcüstana yer üçün müraciət ediləcəyini bildirib. Amma 2013-cü ilin prezident seçkiləri öncəsi İsa Qəmbərin özünün namizəd olması, ardınca Milli Şuranın yaranması və vahid namizəd ətrafında baş verən olaylar qurultay mövzusunu bir müddət səngidib. Prezident seçkilərində müxalifətin yenidən məğlubiyyəti isə Müsavat dəhlizlərində təkrar qurultay müzakirələrinə, 20 ildir partiyaya başqanlıq edən şəxsin dəyişməsi tələblərinə səbəb olub. Hətta qurultayın yubanmasının partiya daxilində narazılıqları pik həddə çatdırması barədə məlumatlar da mətbuatda yer almaqdadır. Müsavatın qurultayı, bələdiyyə və parlament seçkilərində iştirak, müxalif siyasi partiyaların yenidən bir araya gəlməsinin mümkünlüyü və digər məsəllərlə bağlı “Kaspi”nin suallarını Müsavat Partiyası (MP) başqanının müşaviri Səxavət Əlisoy cavablandırır.
- Səxavət bəy, qarşıdan bələdiyyə seçkiləri gəlir. Müsavat buna necə hazırlaşıb, partiya seçkilərdə hansı səviyyədə iştirak edəcək?
- Bildiyim qədər bələdiyyə seçkilərində iştirak məsələsi partiyada müzakirə olunub, ancaq hələlik hər hansı qərar verilməyib. Bu seçki öncəsi də bloklaşma siyasətinin gündəmdə olması da nəzərə alınaraq, Müsavat Partiyasının kimlərlə birlikdə olacağı məlum deyil. Ehtimal edirəm ki, partiyanın gələcək yığıncaqlarında bu məsələ də ortaya qoyulacaq, münasib qərar qəbul ediləcəkdir. Buna baxmayaraq, qətiyyətlə demək istəyirəm ki, Müsavat Partiyası siyasi təşkilat olaraq bütün seçkilərdə iştirak etməyin tərəfdarıdır. Lakin qarşıdakı bələdiyyə seçkilərində Müsavatın hansı formada, birlik və ya tək halda iştirak edəcəyi məlum deyil.
- Müxalifət daxilində mahiyyətcə yeni bir qurumun yaranması prosesinin getdiyi bildirilir. Belə bir birliyin yaranma perspektivini necə qiymətləndirirsiniz?
- Bu günə qədər müxtəlif siyasi birliklər olub. Son 20 il ərzində müxalifətin SİDSUH, DUH, DUBB, “YES”, Məşvərət Məclisi, İctimai Palata, Milli Şura və sair kimi birlikləri yaranıb. Təəssüflər olsun ki, bu birliklər davamlı olmayıb. Seçki prosesi başa çatandan sonra ya bu birliklər tarixin arxivinə qovuşub, ya da ironiya obyektinə çevrilib. Bu onu göstərir ki, birlik formatı yaradılarkən bütün parametrlər nəzərə alınmır. Bəziləri müxalifət birliklərini seçki öncəsi siyasi gediş kimi də qiymətləndirir. Ancaq bütün hallarda Azərbaycanda müxalifət partiyalarının birlik məsələsi ideoloji əsaslar üzərində qurulmur. Bu birliklər partiya rəhbərlərinin bir-birinə olan şəxsi münasibətləri üzərində qurulur. Vaxtilə “Azadlıq Bloku” mövcud idi. Burada təmsil olunan AXCP və Müsavat mahiyyət etibarilə bir partiyada da fəaliyyət göstərə bilərdilər. Çünki bütün tarixi siyasi fəaliyyət aspektindən yanaşdıqda hər iki partiya AXC-nin şinelindən çıxmışdılar, eyni məqsəd və amal uğrunda mübarizə aparırdılar. Əgər bu iki partiyanın bir yerdə olması mümkün deyilsə, solçuların, islamçıların, yaxud bir partiya sədrindən və bir də onun qovluğundan ibarət olan kiçik siyasi təşkilatların birləşməsi qeyri-mümkündür. Digər tərəfdən belə kiçik partiyalarla bir araya gəlib birlik yaratmaq da effektli deyil. Çünki psixoloji baxımdan bizim mentalımıza oturuşmuş bir potologiya var. Bu da ondan ibarətdir ki, birlik assosiasiyasını bizim beynimiz sintez edə bilmir. Tək siyasi məsələlərdə deyil, eləcə də ailə, tayfa, nəsil, sülalə, kənd, rayon və sair aspektdə bu, belədir. Bunun kökləri də Azərbaycanın xanlıqlar dövrünə kimi gedib çıxır. Bizlər də həmin o xanlıqların, birliyə düşmən gözü ilə baxan ulu babaların nəvə-nəticələriyik. Fikir vermisinizsə, müxalifət partiyalarının yaratdığı bütün birliklərdə intriqalar, daxili çəkişmələr qaçılmaz olub. Çünki heç kim digərinə obyektiv olaraq güzəştə getmək istəmir. Bu yerdə “Molla Nəsrəddin”in “dava yorğan davasıdır” fikri yada düşür. Fərqli müqayisə aparsaq, 12 ballıq şkala üzrə gücü 3 ballıq zəlzələyə ancaq tab gətirən partiya, 7 bal zəlzələyə davamlı partiya ilə bərabərhüquqlu mövqe tələb edir. Bu isə çox anormal yanaşmadır. Hər kəs öz gücünə görə iddiasını ortaya qoymur. Öz gücündən qat-qat artıq iddia ilə çıxış edirlər ki, bu da siyasi partiyaların yaratdığı birliklərin tezliklə parçalanması ilə müşayiət olunur.
- Milli Şurada yaşanan prosesləri, Müsavat bu qurumu tərk edərkən ona qarşı aparılan kampaniyanı nəzərə alsaq, gələcəkdə yarana biləcək yeni qurumda partiyanızın təmsil olunma ehtimalı varmı?
- Müsavat ayrı-ayrı partiyalarla əməkdaşlıq etmək siyasətini yürüdüb. Bununla bağlı müraciətlər olub, bir çox partiyalarla görüşlər keçirilib. Lakin təəssüf ki, bəzi partiyalar bu əməkdaşlıqdan, bu birlikdən imtina etdilər. Amma bəziləri təklifimizi qəbul etdilər. Fikrimcə, bələdiyyə seçkiləri öncəsi real gücü olan siyasi təşkilatlarla müttəfiqlik etmək daha yaxşı olardı. Mən yalnız və yalnız real gücü olan partiyalarla əməkdaşlığın tərəfdarıyam. Sədrdən və onun qovluğundan ibarət partiyalardan ən azı iyirmisini tapmaq olar ki, bunlarla da əməkdaşlıq etmək heç bir fayda verməz. Belə partiyalar Müsavatın kölgəsinə sığınmaqla işlərini bitmiş sayırlar. Həmçinin bu, Müsavatın gerçək siyasi reytinqini artırmır.
- Müsavatın bələdiyyə və parlament seçkilərinə blok şəklində getməsi mümkündürmü?
- Əlbəttə ki, mümkündür. Ancaq Milli Şuranın aqibətini nəzərə alsaq, bu məsələ o vaxt gerçəkləşər ki, bütün seçkilərə eyni dərəcədə ciddiliklə hazırlıq görülsün. Seçkilərin keçirilmə ardıcıllığına nəzər salsaq, əvvəl bələdiyyə, sonra parlament və prezident seçkiləri keçirilir. Zamanında bələdiyyə seçkilərinə önəm verilməliydi, amma belə olmadı. Bizim bu seçkilərdə qalib gəlmiş çox sayda üzvlərimiz var idi. Amma Müsavatdakı bəzi qüvvələr onların partiyadan dərhal uzaqlaşdırılması məsələsini gündəmə gətirdilər. Çünki o zaman Müsavat Partiyası bələdiyyə seçkilərində iştiraka normal münasibət bəsləmirdi. Bu, bizim səhv addımlarımızdan biri idi. O zaman biz onlarla bələdiyyə üzvü olmuş partiya yoldaşımızı itirdik. Yəni, gücü bələdiyyə seçkilərinə qoymağın, bunun ardınca dərhal parlament seçkilərinə hazırlığa başlamağın tərəfdarıyam. Yoxsa, Milli Şurada olduğu kimi seçkiyə 3-4 ay qalmış birlik haqqında düşünməyin, seçkiyə hazırlaşmağın, tələm-tələsik fəaliyyət proqramı açıqlamağın yaxşı effekti olmur. Belə səhv gediş illərdir ki, davam edir. Mən çox istərdim ki, real müxalifət partiyalarının rəhbərləri birlik barədə düşünsünlər, şəxsi intriqaları, bir-birini həzm etməməyi kənara qoysunlar, partiya sıralarında olan minlərlə sıravi müxalifətçini düşünsünlər. Çünki partiya sədrləri arasında olan intriqalar ən böyük zərbəni sıravi üzvlərə vurur.
- Siz mətbuata açıqlamanızda Müsavatın qurultayının yubanmasına münasibət bildirərkən, partiyanın əbədi sultanlığa doğru getdiyini bildirmisiniz. Nədən belə bir qənaətə gəlmisiniz?
- Mənim bu sözlərimdə ironiya və sarkazm var. Onu bizim bəzi dostlarımız, silahdaşlarımız da tam anlaya bilməyiblər. Ola bilsin ki, gənclər siyasi təcrübəsizlikdən, yaşlarının az olmasından irəli gələrək bunu yaxşı başa düşməyiblər. İnsan təfəkkürünün hansı formada olduğunu müəyyən etmək üçün psixoloqlar adətən sarkazma böyük önəm verirlər. Burada insan düşüncəsinin itiliyindən, kəsərindən söhbət gedir. Təsəvvür edin, 4 ildən artıqdır qurultay keçirilmir. Biz də əlimizdə bunu bayraq edirik ki, qurultay bizə yer verilməməsi səbəbindən gecikir. Belə olan halda ironiya ilə bildirmişəm ki, əgər bizə yer verilmirsə, Müsavat Partiyası başqanlıqdan sultanlığa keçəcək, bununla da qurultayın keçirilməsi kimi dərdimiz olmayacaq. Təəssüf ki, mənim ironiya ilə dediyim bu fikirləri qərəzli sayanlar, bundan sui-istifadə edənlər oldu. Halbuki demokratik inkişaf yolunu tutmuş bir ölkədə hansısa partiya funksionerinin səsləndirdiyi fikrə qarşı belə münasibət yaxşı hal deyil.
- Partiyanın Divan üzvləri, o cümlədən İkram İsrafil bu yanaşmanızı çox sərt qarşılayıb, hətta partiyaya ikrah hissi ilə yanaşdığınızı, qurultayın keçirilib-keçirilməməsindən asılı olmayaraq, Sizin partiyada qalmayacağınızı bildirib. Partiyada Sizə qarşı bu ögeyliyin arxasında nə dayanır?
- Burda bəzi dərin proseslər var. Hələlik mən bunların hamısını açıqlamaq istəmirəm. Amma bəzilərini demək məcburiyyətindəyəm. Əvvəla Müsavatın Divan üzvü tərəfindən partiyanın digər üzvünün fikri belə qarşılanırsa, bu, təəssüf doğurur. Həmin adam ya fikrimi qəzetdən tam oxumayıb, ya da qərəz nümayiş etdirir. Burada məsələyə bolşevik metodu ilə yanaşma var. Guya mənim partiyada limitim bitib, partiyadan getməliyəm və sair. Bununla həmin şəxs səlahiyyətinə, yaşına uyğun olmayan mövqe sərgiləyir. Mən hər zaman tənqidi fikirlərimi söyləmişəm və bundan heç vaxt çəkinməmişəm. Söylədiklərimin kiminsə xoşuna gəlib-gəlməməsi mənim üçün əhəmiyyətli deyil. Plüralizm var və mən söylədiklərimi ağlımın süzgəcindən keçirib dilə gətirirəm. Əgər bunlar müxalifət partiyası olaraq söylədiklərimə dözümsüzlük nümayiş etdirir, bolşevik metodu ilə tənqidi fikirlərimə kəskin münasibət bildirir, cəzalanmamı istəyirlərsə, belələrinə sadəcə acıyıram. Bir anlığa düşünürəm ki, görün bunlar sabah hakimiyyətdə olsalar və əllərində geniş imkanlar olsa, tənqidi fikir bildirənlərə daha hansı cəzalar verərlər? Yəqin ki, bu zaman edamdan, fiziki məhvdən söhbət gedər. Fikirlərimə qarşı aqressiv münasibət bildirənlərə bir daha xatırlatmaq istəyirəm ki, mən müxalifətə şüurlu surətdə gəlmişəm. Azərbaycanda demokratiyanın oturuşmasına öz töhfəmi vermək istəyirəm. Mənim kimliyim, fəaliyyətim, hamısı ortadadır. Konkret İkram İsrafil isə partiyada mənim üçün ümumiyyətlə önəmli fiqur deyil. O, kiminsə komandasında, partiya içində bir qrupda oynayan oyunçudur. Mənim üçün isə Müsavat Partiyasında heç bir qrup yoxdur. 20 ilə yaxındır üzvü olduğum Müsavatda heç bir qrupa daxil olmamışam və bundan sonra da olmayacağam. Müsavat başqanlığına iddialı olmağıma gəlincə, bu zaman partiyanın intellektual kəsiminə söykənərək belə bir addım atmışam. Görünən budur ki, başqanlığa namizəd kimi son zamanlar bir çox görüşlər keçirməyim, xüsusən də partiya gəncləri ilə görüşməyim fikirlərimə tənqidi yanaşan insanları çox narahat edib.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər