İkinci həyat verilən eksponatlar - Reportaj - Fotolar
Sentyabrın 15-də Azərbaycan Xalça
Muzeyində "Bərpa olunmuş eksponatlar” adlı sərgi açılıb. Biz də elə sərginin
ilk günlərində muzeyə gedib yazı hazırlamaq istəyirdik. Amma havalar yağışlı
keçdiyi üçün sərgiyə baxmaq istəyənlərin az olacağını düşünüb, muzeyə bir neçə
gün sonra getdik.
Muzeyə səhər saatlarında getdiyimiz
üçün sərgiyə gələn yox idi. Eksponatlarla tanış ola-ola ilk olaraq muzeyin mətbuat xidmətinin rəhbəri Fuad Rəsulla
söhbət etdik. O, sərgi haqqında ümumi məlumat verərək bildirdi ki, muzeyin bərpa
və konservasiyaya ehtiyacı olan 690 ədəd eksponatının üzərində zəruri işlər həyata
keçirilib. Sərginin keçirilməsində əsas məqsəd bərpa və konservasiya edilən sənət
incilərini nümayiş etdirmək və milli sərvətimiz olan eksponatların daim nəzarətdə
olduğunu, qorunduğunu göstərməkdir. Lakin 690 ədəd eksponatın sərgi çərçivəsində
nümayişi çətin olduğu üçün 49-nu seyr etmək imkanı yaradılıb. Onlar xovsuz,
xovlu xalçalar, xalça məmulatları, tikmə, geyim, bədii metal və çini, şüşə,
ağac əşyalarından ibarətdir.
"Muzeyin
özündə bərpa mərkəzi yaradılacaq”
Daha sonra muzeyin elmi işçisi Püstə Ağayeva ilə həmsöhbət olduq. O bildirdi
ki, sərgidə ikinci həyatlarını yaşayan eksponatlar nümayiş olunur: "Bərpa etmək
xalçaya ikinci həyat vermək deməkdir. Muzeyin əvvəlki binası balaca olduğu üçün orada
muzeyin özündə eksponatların bərpa işini aparmaq üçün şərait yox idi. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi
bu işi görürdü. Amma yeni binaya köçəndən sonra artıq bərpa işini
aparmaq üçün muzeydə də işlərə başlanıldı. Hələ ki işimiz o qədər geniş deyil.
Amma irəliləyişlər var. Muzeyin özündə bərpa mərkəzi yaradılacaq. Ondan sonra
daha çox bərpa işləri görə biləcəyik”.
P.Ağayeva deyir ki, muzeyin qonaqları müxtəlif ölkələrdən
olduğu üçün sərgini izləməyə gələnlər arasında da fərqli ölkələrin vətəndaşları
olur: "Artıq 5 gündür açılmasına baxmayaraq, ziyarətçilərimizin
sayı həddindən artıq çoxdur. Sərgiyə gələnlər arasında müxtəlif ölkələrin vətəndaşları
var. Ümumi muzeyə gələn hər bir ziyarətçi sərgimizlə də tanış olur, bərpa edilmiş
eksponatlarla maraqlanır”.
"Naxış
və ölçüsü İran xalçalarından fərqlənir”
Biz söhbət edərkən artıq sərgini izləməyə
gələnlərin olduğunu da gördük. Qonaqlar arasında isə turistlər çoxluq təşkil
edirdi. Onlardan biri İran vətəndaşı
Cavad idi. O, həyat yoldaşı ilə birlikdə ölkəmizə gəzməyə gəldiyini deyir:
"İlk olaraq deyim ki, Bakı şəhəri çox gözəldir. Xalça Muzeyinə isə birinci gəlişimizdir.
Muzeyin binasının formasını da çox bəyəndim. Xalça formasını əks etdirir.
Muzeylə ümumi tanış olandan sonra sərgi olduğunu dedilər və bizə də maraqlı gəldi.
Doğrudan da sərgidə maraqlı eksponatlar var”.
İran xalçaları da məşhur olduğu üçün
müsahibimizdən iki ölkənin xalçalarını bizim üçün müqayisə etməyini istədik:
"Bizim xalçalarla Azərbaycan xalçaları arasında fərq var. Naxış və ən əsası,
ölçüsü İran xalçalarından fərqlənir. İran xalçaları daha böyük olur. Mən isə
sizdəki kimi bir az balaca ölçüdə olanları daha çox bəyənirəm”.
Çexiya vətəndaşı Vladislav Filipp Azərbaycan xalçaları diqqətlərini
cəlb etdiyi üçün muzeyə gəldiklərini deyir: "Xalçaçılıq sənəti heyranedici bir
işdir. Azərbaycan xalçalarını da bəyənirik. Ölkənizə gəlmişkən yoldaşım və
qızlarımla xalçalarınızla, muzeylə tanış olmaq qərarına gəldik. Bakını və
muzeyi çox bəyəndik. Bu sənətin indiyə qədər qorunub saxlanması çox gözəldir”.
Sərgi ilə bağlı təklif...
Sərgi iştirakçıları
arasında eksponatlara daha diqqətlə baxan bir xanım diqqətimizi çəkdi.
Yaxınlaşıb münasibətini öyrənmək istədikdə məlum oldu ki, o, zəhmət payı olan
işin necə təqdim olunduğunu görmək üçün gələn izləyicidir. Həmin xanım - Muzey
Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa MərkəzininElmi tədqiqat şöbəsinin müdiri, qrafika üzrə bərpaçı rəssam Ülviyyə Şirinova deyir ki, qrafika üzrə bərpaçı-rəssam
olsa da, Elmi tədqiqat şöbəsinin müdiri olduğu üçün mərkəzə gələn bütün
eksponatlarla tanış olur. Sərgiyə gəlməkdə məqsədi isə bərpa etdikləri
eksponatların necə sərgiləndiyini görmək istəyidir. O, sərgi ilə bağlı təklif də
verdi. Bildirdi ki, sərgidə nümayiş edilən eksponatların əvvəlki formasının şəklinin
də yanında qoyulması daha yaxşı olardı.
Bərpa
olunmuş yox, konservasiya edilmiş...
"Bərpa olunmuş eksponatlar” sərgisi
eksponatların təqdimatı ilə kifayətlənmir. Belə ki, sərgi zamanı eksponatların
konservasiya prosesini canlı izləyə bilmək üçün muzeyin bərpaçıları tərəfindən
açıq ustad dərsləri keçirilir. Biz bərpaçı-konservator Dilavər
Kərimovanın iş prosesini izləyib, bir az da gördüyü işlə bağlı danışdıq. Onunla söhbət
zamanı məlum oldu ki, sərginin adı "Bərpa olunmuş eksponatlar” olsa da, əslində
eksponatlar bərpa yox, konservasiya edilib: "Burdakı eksponatlara bərpa olunmuş
yox, konservasiya edilmiş deyilməlidir. Konservasiya o deməkdir ki, eksponat
hansı zədələri alıbsa - deşilibsə, cırılıbsa - o formada da saxlanılır. Burda
nümayiş edilən eksponatlar da konservasiya edilib, olduğu kimi saxlanılıb. Bərpa
prosesinə necə gətirilirsə, o formada da saxlanılır. Eksponatı dezinfeksiya
edirik, təmizliyə ehtiyac olursa, onu da edirik. Konservasiya həmin eksponatın
ömrünü uzatmaq üçün bir əsasın (bərpa olunacaq xalçanın rənginə uyğun pambıq
parça) üzərində yerləşdirilməsidir. Bərpa prosesi isə odur ki, eksponat ilkin
variantına qaytarılır. Bizim sərgidə xalçaların hamısı konservasiya olunmuş
xalçalardır. Bərpa olunanda eksponat qədimliyini, tarixiliyini itirir. Ona görə
biz konsevasiyaya daha çox üstünlük veririk. Amma metal əşyalar bərpa edilib”.
D.Kərimovanın sözlərinə görə,
konservasiya işi elə də qısa zamanda edilmir: "Konservasiya prosesi eksponatın
ölçüsündən və işin çətinliyindən asılıdır. Üzərində ən az işlədiyimiz eksponatın
konservasiyası 2 ay çəkir. 9 aya qədər işlənilən də olur”.
"Təkcə ayaq altına atılmırdı, həm də bir pərdə idi”
Sərgiyə gələnlərin daha çox
maraq göstərdikləri eksponatlar da var idi. Onlardan biri XVIII əsr Şirvan xalçaçılıq
məktəbinin nümunəsi olan kilimdir. Muzeyin bələdçiləri bildirdilər ki, kilimdə Şirvan
bölgəsinə xas olan xalça elementlərindən, sadə keçirmə texnikası ilə mürəkkəb
keçirmə texnikasından istifadə olunub: "Sadə keçirmə texnikası palaz, cecimlərə
məxsusdur. Bu kilim keçmişdə həm də pərdə kimi istifadə olunub. Xalçanın əl işləməsi
fərqli olduğu üçün deşiklərindən evə düşən işıq da çox gözəl olub. Bu, pərdə
kimi istifadə olunanda həm də evə havanın normal keçməsini təmin edirmiş. Yəni kilim
tək ayaq altına atılmırdı, döşəmələrdə istifadə edilmirdi, həm də bir pərdə
idi”.
Heyvanın üstünə adi bir parça da ata bilərdilər, amma...
Qədim zamanlarda üstündə oturmaq və
ya soyuqdan qorumaq üçün atın və bəzi başqa heyvanların üstünə salınan tükdən və
yaxud yundan toxunma örtük də olub. "Çul” adlanan bu örtükdən sərgidə 4 ədəd
var idi. P.Ağayeva deyir ki, çul heyvanı soyuqdan qorumaq məqsədi ilə istifadə edilsə də,
həm də gözəllik verirdi: "Bu, təbii ki, indi məşhur olan bir xalça məmulatı
deyil. Amma bölgələrimizdə istifadə edənlər ola bilər. Bu eksponatlar yerli əhalidən
toplanır. Nəsildən-nəsilə keçərək qalır. Azərbaycan xalçaları keyfiyyəti, gözəlliyi
ilə seçilir. Nənə-babalarımız o vaxt nə istifadə edirmişlərsə, həm də bir gözəllik
yaradırmışlar. Adi heyvanın üstünə sərdikləri xalçanın bu qədər gözəl olmasına
çalışıblar. Heyvanın üstünə adi bir parça da ata bilərdilər”.
Gecə lampasının qədim forması...
XIX əsrə aid "Fanus” lampası
da diqqət çəkən eksponatlardandır. Ona indiki gecə lampalarının qədim forması
da demək olar. P.Ağayeva da izləyicilərin bu eksponatla çox maraqlandıqlarını
dedi. Bildirdi ki, üzəri nəbati, ornamental elementlərlə işlənib. Aşağı və
yuxarısı metaldır. Orta hissəsi isə parçadandır. İşıq parçadan keçərək evə düşür.
Bunun gözəlliyi isə bir başqadır.
Qədim olduğu qədər də gözəl qadın geyimi…
Sərgi otağının ortasında
qoyulan XIX əsr Qarabağ bölgəsinə məxsus tuman gözəlliyi, zərif əl işləmələri
ilə seçilirdi. P.Ağayevanın sözlərinə görə, bu geyim aid olduğu dövrün orta təbəqəsinə
məxsus olub: "Qədim zamanlarda geyimlə şəxsin hansı təbəqəyə mənsub olduğunu təyin
etmək olurmuş. Belə ki, üzərində qızılı və gümüşü naxışlar olanda, daş-qaşla bəzədiləndə
bu, varlı insana aid geyim olurmuş. Bizim nümayiş etdirdiyimiz adi naxışla bəzədildiyi
üçün orta təbəqəyə məxsus geyimdir. Bu eksponat qədim olduğu qədər də gözəldir”.
Qeyd edək ki, sərgiyə gələnlərə
eksponatların bərpa sirləri və bərpaçıların bacarıqları barədə daha çox məlumat
almaq imkanı yaradan video-çarx və slayd-şou da təqdim olunur.
Onu da bildirək ki, sərgi sentyabrın
29-dək davam edəcək. Ayın 24-ü isə muzeydə "Açıq qapı” günü olacaq.
Aygün Asimqızı
Fotolar müəllifindir