• şənbə, 11 May, 06:56
  • Baku Bakı 12°C

“İki sahil”in yolu da, əqidəsi də dəyişilməzdir

14.07.16 11:26 2988
“İki sahil”in yolu da, əqidəsi də dəyişilməzdir
İyulun 10-da SOCAR-ın təsisçiliyi ilə gündəlik dərc olunan "İki sahil” qəzetinin 25 yaşı tamam oldu. Bu münasibətlə qəzetin baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Vüqar Rəhimzadə ilə söhbətləşib keçdikləri yol və gələcək planları barədə danışdıq. Həmsöhbətimiz bildirdi ki, 25 yaşı olan qəzetin bu gün və gələcək üçün möhkəm bazası var.
- Vüqar müəllim, ilk olaraq, sizi "Kaspi” adından sizi təbrik edir, daha böyük uğurlar arzu edirik. Qəzetinizin Azərbaycan mətbuatında tutduğu yeri necə qiymətləndirdiyinizi bilmək istərdik.
- Ötən illərdə nəyi əldə etmişik, hansı uğurlara imza atmışıq, təbii ki, bu, keçilən yolun təhlili fonunda daha aydın görünər. Bu reallığı görmək üçün «İki sahil»in yarandığı dövrü yada salmaq kifayətdir. Bu, o dövr idi ki, ölkədə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran hökm sürür, torpaqlarımız işğal olunur, xalqın sabaha ümidi tamamilə itirdi. Azərbaycanda ictimai-siyasi hadisələrin gərginləşdiyi həmin illərdə nəşrə başlayan qəzet mürəkkəb proseslər burulğanında öz əqidəsinə sadiq qaldı, ümumxalq mənafeyindən çıxış edərək, sağlam fikirli insanların daim müraciət etdiyi mətbu orqan kimi tanındı və nüfuz qazandı. Azərbaycanın müstəqillik tarixini öz tarixi hesab edən «İki sahil»də yarandığı gündən dərc olunan biri-birindən maraqlı yazıların ana xəttini məhz ümummilli lider Heydər Əliyev ideyalarına sədaqət, vətəndaş mövqeyi, Azərbaycan siyasi sisteminin formalaşması kimi ideyalar təşkil edir. Fəaliyyəti dövründə ictimai fikrin formalaşmasında əhəmiyyətli rolu və xidmətləri olan qəzetimiz hadisələrə obyektiv yanaşma tərzi ilə seçildiyi kimi, peşəkar jurnalist ənənələrinin qorunmasına, formalaşmasına, jurnalist etikasının zənginləşməsinə də xüsusi diqqətlə yanaşır. Fəxrlə qeyd edirəm ki, ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində müstəqilliyimizin ilk illərində yaşanan vəziyyəti təhlil edərkən həqiqətlərin təbliğində "İki sahil” qəzetinin rolunu yüksək qiymətləndirib. Ulu Öndər o vaxt çıxışında bildirib ki, "İki sahil” qəzeti həqiqətlərin təbliğində çox böyük işlər görüb və Yeni Azərbaycan Partiyasına xidmət edir. Ümummilli Lider onu da qeyd edib ki, Yeni Azərbaycan Partiyası olmayan zamanlarda da "İki sahil” qəzeti çox cəsarətli məqalələr yayımlayıb. Ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə "İki sahil” qəzeti yaxşı fəaliyyət göstərib. Qəzetimiz bu etimadı doğrultmaq üçün bu gün də öz yaradıcılıq imkanlarından maksimum dərəcədə istifadə edir. Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilib. O zaman siyasi hakimiyyətdə olan səriştəsiz, səbatsız, daim öz şəxsi maraqlarını dövlətin, xalqın maraqlarından üstün tutanların Naxçıvana, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə olan qısqanc münasibətlərinə və bundan qaynaqlanan gərginliyə baxmayaraq, biz Naxçıvan Ali Məclisinin qərarlarını daim dərc edirdik. Mərkəzi hakimiyyətdə olanlar maksimum çalışırdılar ki, buna əngəl olsunlar, maneə yaratsınlar. Qəzetin çapını dayandırmağa cəhd edirdilər və senzuranın da o illərdə amansız rəftarı hamıya bəllidir. Bütün bunlara baxmayaraq, biz qətiyyətlə, çəkinmədən öz prinsipial mövqeyimizi ortaya qoyurduq. Bütün bunları xalqımız, dövlətimiz və dövlətçiliyimiz naminə edirdik. Əmin idik ki, millətimizin, dövlətimizin və dövlətçiliyimizin nicatı dahi şəxsiyyət, böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışındadır. Bunu fəxrlə qeyd edirəm. Biz təkcə Naxçıvan Ali Məclisinin qərarlarını deyil, həm də Ulu Öndərin çıxışlarını, onun müsahibələrini dərc etmişik. Yenə qeyd edirəm ki, Yeni Azərbaycan Partiyasının yaranmasında, təşkilatlanmasında, regionlarda təsis konfranslarının keçirilməsində, "91-lər”in müraciətlərinin dərc olunmasında və ölkə üçün digər taleyüklü məsələlərdə "İki sahil” qəzeti kifayət qədər mühüm rol oynayıb. Heydər Əliyev bizə yüksək dəyər verib, bizim qəzetin fəaliyyətini çox yüksək qiymətləndirib. Bu, bizim qəzetin fəaliyyətinə verilən çox böyük qiymətdir. Bu gün Heydər Əliyev siyasəti Azərbaycanda uğurla davam edir. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən bu uğurlu siyasət Azərbaycanı daha müasir şəkildə dünyaya təqdim edir. Azərbaycan sözün həqiqi mənasında təkcə regionda deyil, dünyada böyük söz sahibinə çevrilib. Hər birimiz var gücümüzlə çalışmalıyıq ki, bu siyasətə dəstək olaq, həyata keçirilən bu uğurlu işlərdə əlimizdən gələni əsirgəməyək, yardımçı olaq. Biz cənab Prezident İlham Əliyevin siyasətinə daim sadiqik. Tarixə bu qısa baxış qəzetimizin nəşrə başladığı dövrün çətinlikləri fonunda göstərdiyi qətiyyətin, səylərin müəyyən bir hissəsidir. Ən əsası odur ki, tutduğun yola sadiq olasan, dövlətə, dövlətçiliyə xidməti başlıca amal qəbul edib, bu yolda inamla irəliləməyi bacarasan. «İki sahil» məhz bu uğura imza atıb. Çoxsaylı mətbu orqanlar arasında özünəməxsus yer tutmaq böyük uğurdur və təbii ki, qürurverici amildir. Qeyd etdiyimiz kimi, həmin dövrdən bizi 25 illik zaman kəsiyi ayırır. Bütün dövrlərdə cəmiyyətin güzgüsü funksiyasını uğurla yerinə yetirən «İki sahil»in səhifələrini vərəqlədikcə, Azərbaycan reallıqlarının şahidi oluruq. «İki sahil»çilərin sadiq qaldığı məqsəd, məram aydın görünür: dövlətə, dövlətçiliyə xidmət, uğurlarımızı təbliğ etmək, üzərimizə düşən vəzifənin layiqincə yerinə yetirilməsinə səy göstərmək. Şübhəsiz, bu müddətdə qarşıya qoyduğumuz vəzifəni hansı səviyyədə yerinə yetirməyimizə əsl qiyməti oxucular verə bilər. Əgər cəmiyyətin hər bir üzvü çoxsaylı mətbu orqanlar arasında «İki sahil»lə özünün informasiya tələbatını ödəyirsə, onun izləyicisi kimi gündəlik sayını səbirsizliklə gözləyirsə, bu, artıq əməkdaşlarımızın birgə amala xidməti fonunda qazandıqları uğurdur. Bugünkü Azərbaycanı 25 il bundan öncəki Azərbaycanla müqayisə etmək qeyri-mümkündürsə, bu uğurlar əsasında digər sahələr kimi, mətbuat da öz sürətli inkişaf dövrünü yaşayıb və yaşayırsa, bundan təbii ki, «İki sahil»ə də pay düşür. Ulu öndər Heydər Əliyevin ideyalarının təbliğatçısı olaraq «İki sahil»in bu dövrdə əldə etdiyi uğurlar göz önündədir. Təbii ki, illər keçdikcə əldə olunun uğurlara söykənərək yeni-yeni vəzifələr müəyyənləşdirilir. Dəyişməz olan tutduğumuz yola sadiqlik, əqidəmizdir. «İki sahil» SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərən mətbu orqan olaraq ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin, eyni zamanda şirkətin bütün strukturlarının gördüyü işləri öz səhifələrində geniş şəkildə işıqlandırır, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının ölkəmizin qarşısında açdığı imkanlara bir daha diqqət yönəldir. Qəzetimizin gündəlik 8 mindən artıq tirajla çıxdığını nəzərə alsaq, oxucu auditoriyasının genişliyi daha aydın nəzərə çarpar. Bu gün Azərbaycan mətbu orqanlarının sayına görə MDB məkanında öncül yerdə dayanır. Ölkəmizdə internet istifadəçilərinin sayı 75 faizdən çoxdur. Çoxsaylı mətbu orqanlar arasında «İki sahil»in özünəməxsus yerinin olması təbii ki, onun dəst-xəttini bütün dövrlərdə yüksək səviyyədə qorumasından, əqidəsinə sadiqliyindən, oxucu rəğbətini qazanmaq istiqamətində göstərdiyi səylərin nəticəsiz qalmamasından irəli gəlir. Məqsəd uğurlara aparan yolun başlanğıcıdır. Bir məqamı da unutmayaq ki, inkişafa təsir göstərən amillərdən biri də prinsipiallıqdır. «İki sahil» yarandığı dövrün çətinliklərini bütün təzyiqlərə baxmadan, öz səhifələrində işıqlandırmağı bacardı.
- Son vaxtlar ölkədəki çap mediası müəyyən çətinliklər yaşayır. Bundan sizə də «pay» düşdümü? Düşdüsə, vəziyyətdən necə çıxırsınız?
- Düşünmürəm ki, mətbuatımız çətinlik dövrünü yaşayır. Dövlətimizin mətbuatın inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət və qayğısı davamlıdır. Digər mətbu orqanlar kimi, «İki sahil» qəzeti də bu diqqətdən kənarda qalmır. Yuxarıda qeyd etdiyim kimi, KİV-lərə dəstəyini diqqət və qayğısı ilə bildirən dövlətimiz qarşıya çıxan cüzi problemləri operativ şəkildə həll edir. Diqqət olan yerdə isə qlobal problemlərdən danışmaq yersizdir. Bu gün ölkəmizdə jurnalistlərə göstərilən qayğı dünyanın heç bir ölkəsində yoxdur. Senzuranın aradan qaldırıldığı, müstəqil mətbuatın inkişafı üçün hər cür şəraitin yaradıldığı, söz, vicdan azadlığının qorunduğu respublikamızda vətəndaşlara istədiyi mətbu orqanı açmaq üçün yaradılan prosedurların sadə prinsiplər əsasında formalaşmasının özü KİV-lərə diqqətin ifadəsidir.
- Bəs gələcək planlarınız nədən ibarətdir?
- İnkişaf varsa, tərəqqi varsa, bu, yeni-yeni hədəflərin gündəmə gətirilməsinə əsas yaradır. Qarşıdakı illərdə Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi ortaya qoyuruqsa, bu, digər sahələr kimi, mətbuatın da təkmilləşdirilməsini tələb edir. Söhbət konkret olaraq «İki sahil» qəzetindən gedirsə, müstəqil Azərbaycanımızın 25 illik tarixinə bələdçilik edən «İki sahil» daim təkmilləşməni, yenilənməni öz fəaliyyətində əsas xətt kimi qəbul edib. «İki sahil»in daim yenilənən internet saytı, qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq, geniş tamaşaçı kütləsi qazanan «İki sahil» internet televiziyası məhz bu reallığın təsdiqidir. Çalışırıq ki, əldə olunan uğurlarla kifayətlənməyək, fəaliyyətimizi dövrün tələblərinə uyğun şəkildə quraq, dövlətimizin göstərdiyi diqqət və qayğıdan artan məsuliyyətimizi uğurlu addımlarımızla doğruldaq.
- Dövrün tələblərindən danışdınız. Belə deyirlər ki, artıq elektron media ənənəvi medianı üstələyir. Bu cür fikirlərlə razılaşırsınızmı?
- Belə düşünmürəm. Təbii ki, yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanları genişdir. Məhz bu imkanlar oxucunun, tamaşaçının mətbu orqanlardan gözləntilərini şərtləndirir. Müasir dövrün tələbini nəzərə alsaq, elektron media cəmiyyətin bugünkü gün üçün informasiya tələbatını ödəyirsə, dünya praktikasına müraciət etsək, bu reallıq inkaredilməzdir ki, tarixi yaşadan yazılı mətbuatdır. Yazılı mətbuat bütün dövrlər üçün aktualdır, digər funksiyaları ilə yanaşı, salnamə kimi arxiv missiyasını da yerinə yetirir. İstər yazılı, istərsə də elektron, internet mediasının öz yeri, rolu, funksiyası var. Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib, eyni zamanda siyasi diskussiyaların, fikir mübadiləsinin aparıldığı bir məkan olub. Ölkə əhalisinin təqribən 80 faizi internet istifadəçisidir və bu rəqəm ilbəil artır. Bu, eyni zamanda Azərbaycan dövlətinin mətbuatın inkişafına diqqət və qayğısının göstəricisidir.
- Bəs Azərbaycan mətbuatında və ya öz qəzetinizdə görməyi arzu etdiyiniz nələrsə varmı?
- Yenə də bütün dəyərləndirməni, məsuliyyəti zamanın öhdəsinə buraxırıq. Zaman dəyişir, dövrün yeni-yeni tələbləri ortaya qoyulur. Hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdiyi ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Mətbuat cəmiyyətin güzgüsüdürsə, biz media nümayəndələri bu güzgünü obyektivlik, qərəzsizlik, vətənpərvərlik prinsiplərinə söykənərək, daha şəffaf etməli, ictimaiyyəti dolğun şəkildə məlumatlandırmalıyıq. Ən əsası unutmamalıyıq ki, Azərbaycan müharibə şəraitində yaşayır. Vətənpərvərlik mövzusuna xüsusi yer verilməlidir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Dağlıq Qarabağ problemi gündəlik işimiz olmalıdır. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mətbuatın üzərinə böyük məsuliyyət düşür. Amma çox təəssüflər olsun ki, sadaladığım prinsipləri fəaliyyətlərində arxa plana keçirən mətbuat orqanları da var. Həmin mətbu orqanlar sanki öz aralarında ictimai fikri çaşdırmaq istiqamətində yarışa giriblər. Sözsüz ki, belə mətbu orqanlara ictimaiyyətin inamından danışmaq mümkün deyil. Bu kimi halların mövcudluğu jurnalist peşəkarlığı və məsuliyyətinin aktuallığını artırır. Təbii ki, bir müsahibə çərçivəsində istər Azərbaycan mətbuatının, istərsə də 25 ilini arxada qoyan «İki sahil»in keçdiyi yolu təhlil etmək, gözləntilərimizi açıqlamaq, planlarımızdan geniş bəhs etmək qeyri-mümkündür. Reallıq budur ki, Azərbaycan mətbuatı inkişaf dövrünü yaşayır. Dövlətimizin azad, müstəqil mətbuatın inkişafına dəstəyi davamlıdır. Uğurlar yeni-yeni vəzifələrin müəyyənləşdirilməsində açar rolunu oynayır. Bu vəzifələr icra edildikcə daha yeni-yeni hədəflər barədə düşünülür və onların həlli yolları araşdırılır. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan zirvələri fəth edir. Bu baxımdan, kollektivimizin hər bir üzvü «İki sahil»in daha maraqlı, oxunaqlı şəkildə oxucularının görüşünə gəlməsi üçün əzmlə çalışır. Əsas arzumuz dövlətimizin uğurlu siyasəti nəticəsində yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaqdır. Arzu edərdim ki, xalqımıza bu müjdəni çatdıranlar sırasında «İki sahil» öndə dayansın.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər