• cümə, 26 Aprel, 05:34
  • Baku Bakı 16°C

İki fərqli nəticə

16.07.18 18:25 580
İki fərqli nəticə
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən balanslı xarici siyasət nəticəsində Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün dünya dövlətləri, həmçinin beynəlxalq təşkilatlarla bərabərhüquqlu, qarşılıqlı maraqlara xidmət edən münasibətlərini inkişaf etdirir. Bu kontekstdə Azərbaycan-Avropa İttifaqı (Aİ), Azərbaycan-NATO əlaqələri də diqqət çəkməkdədir. Məlumat üçün qeyd edək ki, Azərbaycan-Aİ münasibətləri 1991-ci ildə yaransa da 1996-cı ildə tərəflər arasında imzalanan və 1999-cu ildə qüvvəyə minən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə rəsmiləşdirilib. Bu saziş siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə edib. Həmin dövrdən etibarən Aİ-nin Azərbaycana yardımlarının miqyası və həcmi tədricən artmağa başlayıb. Azərbaycan-NATO təmaslarının başlanğıcı da müstəqilliyimizin ilk illərinə təsadüf edir. Amma ölkəmizlə NATO arasında məzmunlu tərəfdaşlığın əsası ümummilli lider Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulub. Bu tərəfdaşlıq Azərbaycanın Avro-Atlantik strukturlarına inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan NATO ilə tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-sabitliyin, münaqişәlәrin vә tәhdidlәrin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq məsələsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında öz əksini tapıb.
Hazırda da Azərbaycan Aİ və NATO ilə münasibətlərini inkişaf etdirməkdədir. Prezident İlham Əliyevin NATO-nun baş katibi Yens Stoltenberq tərəfindən NATO-nun Zirvə toplantısına dəvət edilməsi buna daha bir əyani sübutdur. Bu dəvəti qəbul edən dövlət başçısı İ.Əliyev 10-12 iyul tarixində Belçika Krallığının paytaxtı Brüssel şəhərində səfərdə olub. Səfər çərçivəsində o, Aİ Şurasının prezidenti Donald Tusk ilə görüşüb. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Görüşdən sonra "Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanma mərasimi olub. D.Tusk bu əlamətdar hadisəni yüksək qiymətləndirib və bildirib ki, "Tərəfdaşlıq prioritetləri” sənədi Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacaq. Bu sənədin birinci bəndində qeyd olunub ki, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Aİ tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Eyni zamanda, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunub.
Bundan başqa, Prezident İ.Əliyev səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç, Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani, BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo ilə görüşüb, Brüsseldə NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün təşkil olunan qəbulda iştirak edib. Dövlət başçısı İ.Əliyev Brüsseldə olduğu zaman NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşünə də qatılıb. Tədbirdə çıxış edən Prezident İ.Əliyev Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələrinin regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynadığını diqqətə çatdırıb. Qeyd olunub ki, 2002-ci ildən başlayaraq Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə Əfqanıstanda çiyin-çiyinə xidmət edirlər. 2018-ci ilin yanvar ayından Azərbaycan Qətiyyətli Dəstək missiyasındakı hərbçilərinin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırıb. Prezident bildirib ki, Azərbaycan bir neçə dəfə Əfqanıstan Milli Ordusu üçün Etimad Fonduna maliyyə dəstəyi göstərib. Eyni zamanda, Azərbaycanda Əfqanıstan Ordusunun şəxsi heyəti üçün təlimlər təşkil edilir, özündə 200-dən çox ictimai xidməti birləşdirən "ASAN xidmət” Əfqanıstanda tətbiq olunur. Dövlət başçısı deyib ki, Azərbaycan Qətiyyətli Dəstək missiyasına nəqliyyat və logistik dəstək də göstərir. Ötən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi bu missiyaya tranzit dəstəyi göstərilməsinə böyük dərəcədə kömək edib. Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İ.Əliyev vurğulayıb ki, Azərbaycan NATO və bu təşkilatın üzv dövlətləri tərəfindən ölkəmizin siyasi müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və Ermənistanla münaqişənin bu prinsiplərə əsaslanan həllinə verdiyi davamlı dəstəyi yüksək qiymətləndirir. Onun sözlərinə görə, Azərbaycan Əfqanıstanın üzləşdiyi təhlükəsizlik təhdidlərinin aradan qaldırması, ölkədə sülh və inkişafın əldə edilməsi işinə köməyini bundan sonra da davam etdirəcək.
Beləliklə də Prezident İ.Əliyevin Brüssel səfəri bir çox məqamlarla yadda qalıb. Ölkə başçısı İ.Əliyev Belçikada hörmətlə qarşılanıb, bütün görüşlərdə onun fikrinə, təmsil etdiyi ölkəyə rəğbət və dəstək açıq şəkildə ifadə olunub. Ən əsası isə budur ki, keçirilən görüşlərdə, əldə edilən razılaşmalarda tərəflər Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyiblər. Yeri gəlmişkən, onu da qeyd edək ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan da həmin müddətdə Belçikada səfərdə olub, görüşlər keçirib, öz dövlətinin işğalçı maraqlarını müdafiə etməyə çalışıb. Lakin Paşinyanın bütün bu cəhdləri Azərbaycana verilən dəstək müqabilində uğursuzluğa düçar olub. Erməni baş nazirə avropalı rəsmilər eyham vurublar ki, Dağlıq Qarabağ problemi yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Təbii olaraq bu, Ermənistanı və onun yeni baş nazirini məyus edib, işğalçı dövlətə sarsıdıcı zərbə olub. Üstəlik, eyni anda iki stulda oturmağa çalışan Ermənistanın son davranışları forpostuna çevrildiyi Rusiyanı da möhkəm qıcıqlandırıb. Nəticə etibarilə Aİ-dən dəstək ala bilməyən Paşinyan siyasi, iqtisadi, hərbi baxımdan asılı olduğu Rusiyanı da narazı salıb.

Alpər TURAN
banner

Oxşar Xəbərlər