İdman bədəni rəndələyir - Fotolar
Deyirlər,
çirkin qadın olmur. Sadəcə, gözəl görünməyi bacarmayan qadınlar var. Həqiqətən
də özünə diqqət edən xanımlar hər zaman,
hər yerdə hörmətli olurlar. Bəzən də xanımlar ən çox sevdiyi sənətçiləri izləyir,
onların geyim tərzinə üstünlük verir, məhz sevdikləri sənətçilər kimi görünməyə
çalışırlar. Ekspertlər hər dəfə hər bir qadının ilk növbədə özünü yaxşı
tanımasını, daha sonra özlərinə uyğun şəkildə geyinməsini, qidalanmalı olduğunu
vurğulayırlar.Bu
gün isə "Məşhurların gözəllik sirləri” rubrikamızın qonağıəməkdar artist,
sevilən sənətçi Tünzalə Ağayevadır. İfaçı bizimlə söhbətində öz gözəllik sirlərini
bölüşdü.
-
Tünzalə xanım, bu isti yay günlərində
istirahətiniz necə keçir?
-
Təşəkkür edirəm. İstirahətim gözəl keçir. Şükürlər olsun ki, rahat, hüzurlu,
sözün əsl mənasında relaks bir istirahət yaşayıram. Ege dənizini çox sevirəm.
Buranın coğrafiyasını bəyənirəm. Adətən Ege dənizi sahillərində istirahət etməyə
üstünlük verirəm. Buranın havasını, təbiətini, mənzərəsini, sərin küləyini,
mehini, dənizini sevirəm. Ümumiyyətlə, passiv həyat tərzini xoşlamıram. Gün ərzində
idman edirəm, musiqi ilə məşğul oluram. Bəzən səyahətlərim də olur. Bütün
bunların nəzdində aktiv tətili sevirəm. Tətil günlərimdə çalışıram ki, mətbəxə
keçib, evdarlıqla da məşğul olum. Mövsüm ərzində Bakıda çəkilişlər, səfərlər,
studiyalardakı işlərimin çoxluğundan imkan tapıb mətbəxə keçə bilmirəm. Məhz
yayda anama qoşulub, az da olsa mətbəxdə qızımla bərabər yay yeməkləri
hazırlayırıq. Bu istirahət mənə çox vacib olduğu üçün çalışıram ki, onu gözəl dəyərləndirim.
-
İllər keçsə də, siz daim formadasınız,
fit bədən quruluşuna maliksiniz. Buna necə nail olursunuz?
-
İdman və təbii ki, sağlam qida ilə. 2013-cü ildən bu yana Azərbaycanda sağlam
qidanın ilk peşəkarı olan Mələk Xəlillə çalışıram. O, mənim çox yaxın
dostumdur, həm də yaradıcı insandır. Belə ki, mənim ifamda səslənən "Xoş gəldin gülüm", "Bu gun hər şey yaxşı olacaq" mahnılarımın sözləri də ona məxsusdur. Onun məsləhəti ilə qida formamı, həyat tərzimi dəyişdim. Sağlam
qidalanmağın yollarını öyrəndim. Bunu özümdə tətbiq etdim və özümdəki dəyişiklikləri
artıq hiss edirəm.Son
3 ildə həyat tərzimə intensiv idmanı əlavə etmişəm. Mütləq şəkildə hər gün
fitnesin fərqli növləri ilə bir saatlıq da olsa məşğul oluram və halımdan da
çox məmnunam. İdman mənim stress atmağıma kömək edir, gərginliyi çıxarır, bədən
fit bir formaya gəlir. Xalq dilində desək, bədən rəndələnmiş halda olur. Kişilərdə
bu proses tez baş verir, ancaq qadınlarda bu daha çox əziyyətlidir. İdman mənim
üçün böyük motivasiyadır. Sağlam olanda, demək formadasan. Bunlar bir-birinə bağlıdır,
bir-birindən ayrılmaz anlayışlardır. Sağlam olan insan təbii ki, gözəl görünəcək.
Ancaq qeyri-sağlam gözəl görünə bilməz, əgər mənəviyyatı xəstədirsə, gözləri
parıldamaz, heç bir geyim və makiyaj onu örtə bilməz. Səhərimi idmanla açmağı
çox sevirəm. Bəzi günlər müxtəlif yürüşlər edirəm. Növbəti günlər əzələlərə yönəlmiş
aerobika elementləri ilə məşğul oluram. Bu proqramın müəllifi mənim gözəl
trenerim Natalya Çalovadır. Çox şadam ki, məşqçim savadlı və beynəlxalq səviyyəli
trenerdir. Mən onun proqramlarından faydalanıram.
- Bildiyimiz qədəri ilə, üzünüzdə estetik əməliyyat yoxdur. Nə
vaxtsa etdirməyi düşünürsünüzmü?
-
Bir qadın kimi üz cizgilərim məni hər zaman məmnun edib. Heç zaman düşünməmişəm
ki, hansısa üz cizgimi dəyişim. Bunu günah hesab edirəm. İnsanın üz cizgilərindən
razı olmamasını naşükürlük sayıram. Əgər həyati vacib bir zərurət, sağlamlıqla
bağlı vacib bir şey yoxdursa, hesab edirəm ki, insan üzünü dəyişdirməməlidir. Təbii
ki, nə vaxtsa üz cizgilərimi əməliyyat etdirməyi düşünmürəm. Allah hər kəsə
ömür versin, həddindən artıq çox yaşlansam və səhnədə qalsam, bunu hələ təsəvvür
belə edə bilmirəm (gülürük). Pis hadisələr, qəzalar - insanın üzündə fəsadlar
qoyan hadisələr insanı əməliyyata aparar. Qadın özünə baxa bilirsə, həyat tərzini
gözəl yaşaya bilirsə, baxımı yaxşıdırsa, keyfiyyətlidirsə, nə üçün estetik əməliyyat
etdirməlidir? Hərdən məndən soruşurlar ki, burnunuzu dəyişdirmək istəmirsiniz?
Üzümün hər bir cizgisindən çox məmnunam. Özümdə heç vaxt ehtiyac duymamışam ki,
nəyisə dəyişdirim.
-
"Gözlər qəlbin aynasıdır” deyirlər. Sizcə,
qəlbin gözəlliyi nə qədər vacibdir?
-
İnsanın gözəlliyi birinci onun mənəviyyatından və qəlbindən başlayır. Qəlb gözəl
olarsa, baxışlar da gözəlləşir. Baxış gözəl olanda, o baxışın gözlərdəki işığı
insanın üzünə yansıyır, onu işıqlandırır. İnsanın üzünün işığı ətrafını da
işıqlandıra bilir. Qəlb gözəlliyi hər şeydən vacibdir. Məşhur bir insan üzünə
maska sürtən qadına deyib ki, üzünə xiyardan maska sürtməklə deyil, ilk növbədə
qəlbini gözəlləşdir. Maska sənə fayda verməyəcək. Üzünün parıldamasını istəyirsənsə,
qəlbini parıldat. Çünki oğru qaranlıq yerə girir. Qəlbin işığı yanırsa demək
ki, üzün işığı da yanar, gözlərin və təbəssümün də gözəl olar. Üzündə elə bir
rahatlıq və aura olar ki, dünyanın heç bir maskası onu sənə verə bilməz. Qəlb
gözəlliyi əxlaq deməkdir. Qəlbi Allah yaradır, içini isə sən doldurursan. Qəlbi
gözəlliklərlə doldurmaq lazımdır. Qəlb o qədər gözəl olmalıdır ki, onun içərisində
zərrə qədər də kin, paxıllıq olmasın. Bu, insanın üzünə yansıyır. Eləcə də heç
bir estetik əməliyyat, gözəllik vasitələri onun içinin qaranlığını örtə bilməz.
Biz insanları gözündən oxuyuruq. İnsanın gözünün içi parıldayırsa, demək ki,
daxili də gözəldir. Əgər parıldamırsa, heç bir estetik əməliyyat ona kömək
etmir.
- Tünzalə xanım, nə üçün sizi hər zaman qısa
saçlarla görürük? Yoxsa uzun saçların sizə yaraşmadığını düşünürsünüz?
-
Bu, daha yeni və gənc bir stildir. 20-25 yaşlarımda uzun saçlarım olub. Ondan
sonra qısaltmağa meyl göstərdim. Əmin oldum ki, mənə yaraşan qısa saçlardır.
Hazırda saçlarım orta qısalıqdadır. Uzun kare həddinə gətirib, elə o həddə
saxlayıram. Təəssüflər olsun ki, uzun saçlar mənə yaraşmır. Hər xanım bilməlidir ki, ona nə yaraşır. Mənimlə
çalışan peşəkar saç ustaları da mənə bunu deyiblər. Çalışdığım saç stilistim
Fazilə Rəcəbova həm make up, həm də saç ustası kimi işinin peşəkardır. O mənim
boyumu, üz cizgilərimi nəzərə alıb, düzgün məsləhətlər verir. Saçlarımı
uzatmağı düşünmürəm, çünki yaraşanı seçmək lazımdır.
- Bir zamanlar başınızda çalma ilə
səhnəyə çıxırdınız. Bunu sizdə bir stil olaraq qəbul etmişdik. Bu stildən nə
üçün imtina etdiniz?
-
Çox şadam ki, mənim səhnəyə ilk gəlişim və ilk imicim - başımda çalma, yaylıq
bir çox qızların marağını çəkdi və bir stil oldu. Bu məni olduqca qürurlandırır
və tarixə yazıldı. Mən bundan imtina etmədim. 2001-ci ildən 2005-ci ilə qədər 5
il o imicə sədaqətli qaldım. Tamaşaçıların qarşısına məhz o imicdə çıxırdım. Bu,
imtina etmək deyil. Hər şeyin bir vaxtı var. Artıq başqa imicə ehtiyac duyuldu.
Yaylıq bağlayan dövrdən haqqımda gülməli sözlər eşidirdim. Deyirdilər ki, onun
saçları yoxdur, qulaqları yekədir və s. Yaylığı açandan sonra isə təzə mövzular
ortaya çıxdı. Dedilər ki, sən demə saçları varmış, qulaqları da normal imiş (gülürük).
Zaman-zaman nostalji hisslər yaşayıram və kliplərdə, çəkilişlərdə o
yaylıqlardan istifadə edirəm. O yaylığı mən fikirləşməmişəm. Hər bir Azərbaycan
xanımına yaraşan, bir atributa çevrilən yaylıqlardan mən də istifadə etdim. Sadəcə
olaraq unudulmuşdu, biz onu səhnə səviyyəsinə gətirdik və PR etdik. Bu, bizim
komandanın menecerinin, o zaman işlədiyimiz dizaynerimizin ideyası idi.
- Geyimlərə xüsusi diqqət
ayırırsınız. Belə ki, efirdə ayrı, səhnədə ayrı, gündəlik isə tamam rahat
geyimlərdən istifadə edirsiniz. Ümumiyyətlə, bir ifaçı üçün geyim seçmək və məkanına
görə geyinmək nə qədər vacibdir?
-
Son 15 ildə tanınmış moda ustası Gülnarə Xəlilova ilə birlikdə çalışıram. O mənim
yaxın rəfiqəm, bacımdır. Onun müəllifi olduğu kostyumları geyinirəm. İllərdir
onun kolleksiyasından geyinirəm və bu geyimlərdən çox da məmnunam. İstər
konsert, istər çəkilişlər üçün layihənin formasından asılı olmayaraq hər zaman
məni məmnun edən bir stil yaradıb. Hətta gündəlik geyimlər belə Gülnarə
xanımdan olur. Geyimlərin sintezini edirik. Gündəlik geyimləri sevdiyim
mağazalardan da alıram, təbii ki, bura ayaqqabı, çanta və aksesuarlar da
daxildir. İdman üslubundan tutmuş, küçə geyiminə qədər. Baxır sənin getdiyin məkanlara.
Məkandan-məkana fərq var. Onlara uyğun şəkildə geyinmək lazımdır. Hesab edirəm
ki, hər zaman uyğun şəkildə geyinirəm. Heç zaman yanlış olmayıb ki, gəlim və
görüm ki, mən burda başqa formadayam. İnsanları geyiminə görə qarşılayır,
ağlına görə yola salırlar. Geyim gözəllikdir, əxlaqdır, mədəniyyətdir. Geyimi də
gözəl şəkildə daşımaq lazımdır. Şəxsiyyətli insanlar da geyimlərini düzgün seçənlərdir.
İç dünyaları ilə zahirləri hər zaman uyğunlaşmalıdır.
Xəyalə
Rəis