• cümə, 26 Aprel, 09:23
  • Baku Bakı 12°C

İddialı insanları sevirəm

15.06.16 12:20 2122
İddialı insanları sevirəm
"Qala” qrupunun rəhbəri, bəstəkar, ifaçıCeyhun Əliyev redaksiyamızın qonağı oldu. Müsahibimiz bizimlə söhbətində yeni layihəsindən və şou aləmində ən son baş verən tendensiyalardan danışdı. "Qala” qrupunun adından istifadə edənlərə ismarış göndərməyi də unutmadı.

- Ceyhun bəy, istərdik ilk olaraq böyük səs-səda yaradan yeni mahnınız "Nə yaxşı varımsan”-dan danışasınız.

- Bu mahnının yaranmasının bir tarixi var. Belə ki, xalq artistimiz, Azərbaycanın sevilən sənətçisi Aygün Kazımovanın repertuarında yer alan "Orasına, burasına” mahnısı üzərində işləyərkən artıq bu layihənin də möhürü qoyuldu. Qeyd edim ki, divanın oxuduğu "Orasına-burasına” mahnısının musiqisi və sözləri mənə məxsusdur. Xalq artistimiz "Nə yaxşı varımsan” mahnısı ilə tanış oldu və onun bəzi yerlərini dəyişdi. Aygün xanım xüsusilə bu mahnı ilə maraqlandı və çox bəyəndi. Mahnı ilə bağlı bir çox məsləhətlər verdi. Gördüm ki, ətrafımızda musiqi ilə bağlı nə qədər dostlarım olsa da, ən çox mənə can yandıran Aygün xanım oldu. Mən də dedim ki, bu mahnını məhz sizin şərəfinizə ifa edəcəyəm. Çünki bu mahnı onun şərəfinə yarandı. Mahnının az vaxtdır çıxmasına baxmayaraq, çox böyük reaksiya doğurdu. Mənim digər hit mahnılarıma maraq olsa da, ancaq buna maraq qat-qat çox oldu.

- Hesab edirsinizmi ki, bu mahnı yayın hiti olacaq?

- Əlbəttə. Niyə də olmasın? Mahnı ağır janrda deyil, əksinə çox pozitivdir. Mahnının üzərində əməyi olan insanlar çoxdur. Onun yaranmasında təcrübəli insanların fikirləri var. Öncədən nəyisə proqnoz vermək olmur. Ancaq düşünürəm ki, bu mahnı ən azından sevilən mahnılardan biri olacaq. Ümumiyyətlə, mahnı geyim kimidir. Onu əyninə geyirsən və hər kəsə təqdim edirsən. Mahnını PR etdikcə, onun görünməyən tərəfləri görünür. PR edirsənsə, bu, hərtərəfli olmalıdır. Belə ki, istehsal etdiyin məhsulun radiolarda, sosial şəbəkələrdə, saytlarda reklamı vacibdir. Biz düşündük ki, bilbordlar edək. Sərnişin avtobuslarının üzərində, şəhərin mərkəzi küçələrində böyük plakatlar təşkil edək. Ancaq gördük ki bunun da şitini çıxarıblar. Bəzi sənətçilər, insanlar bunun dadını qaçırdılar. Digər reklam növü olan radiolarda çalışan DJ-lər də bir az... Radio DJ-ləri hit mahnılara hörmətsiz yanaşırlar. Radiolarda yaxşı müdirlər var. Misal üçün, "Xəzər FM” radiosuna yeni direktor təyin olunan Nəsib Nur ilə söhbət etdik. Onun planlarını dinlədim. Gördüm ki, yavaş-yavaş Azərbaycanda bu sahədə də inkişaf gedir. Çox istəyərdim ki, radio DJ-lər, aparıcılar hit olan mahnılarla bağlı verilişlər açsınlar. Onun tarixi, yaranması ilə maraqlansınlar.

- Bəlkə indi mahnı yazdıranlar azdır deyə, sizin yeni layihəniz belə maraqla qarşılandı?

- Elə düşünmürəm. Yaxşı elə yaxşıdır. Sosial şəbəkələrdə dəyərli bir söz də yazsan, ona qarşı böyük reaksiyalar peyda olur. Allah bütün sənət dostlarımın çəkdikləri əziyyəti hədər etməsin. Bu mahnı altı aya yarandı. Burada aranjemançı Ramin Vəlibəyov, İsmayıl Əsədov, xalq artisti Aygün Kazımova, əməkdar artist Ədalət Şükürovun prodüseri Ülkər Zeynalova, Bəhruz Qəlbinurun da dəyərli fikirləri var. Sevilən sənətkarımız Rəhim Rəhimli mahnını aranjeman edəndə orada idi. O da bu mahnı haqqında fikirlərini bildirmişdi. Bir çox peşəkar insanlar bu mahnıya böyük diqqət göstərdilər və onların da fikrini nəzərə alaraq çox dəyişikliklər etdik. Nədənsə mahnını ifa etdikdən sonra mənə zəng edib deyirlər ki, siz Aygün Kazımovanı sevirsiniz? Onunla eşq-məhəbbət yaşayırsınız? Onlara demək istəyirəm ki, Aygün Kazımova sevilməli sənətkardır. Uzun müddətdir ki, Azərbaycan şou-biznesində xalqa gözəl musiqilərini təqdim edir. Böyük zəhmətin sahibidir. O çalışdığı illər ərzində özünə bağlar, villalar almayıb. Qazandığını yalnız öz yaradıcılığına xərcləyib. Biz onu nə üçün sevməyək? Yaradıcı insanın hər hansı bir diqqətdən, qayğıdan stimul alması, mahnı yazması heç də qəbahət bir şey deyil.

- Bir mahnının ərsəyə gəlməsi üçün nə qədər vaxt gedir?

- Baxır mahnıya. Misal üçün, bu mahnını altı aya ərsəyə gətirdik. Elə mahnı var ki, iki aya, bir aya ərsəyə gəlir.

- Eşitdik ki, bir mahnını beş min manata yazırsınız. Buraya mahnının bəstəsi, aranjemanı da daxildir. Onu da bilirik ki, sizin mahnı bəstələməniz yaşlı bəstəkarlar tərəfindən heç də birmənalı qarşılanmayıb. Onlar sizin bəstəkar ixtisasına yiyələnmədiyinizi səbəb gətirirlər.

- Əgər insanın istedadı varsa, nə üçün onu inkişaf etdirməsin? İncəsənət aləmində ali təhsil işin qrammatikasına artıq yiyələnmişəm deyə sənin sübutundur. Diplomu dövlət müəssisəsində tələb edirlər. Müğənnilər toylara gedəndə onlardan Konservatoriyanın və ya digər musiqi məktəblərinin, universitetlərin diplomunu tələb etmirlər ki? Azərbaycanın tanınmış sənətkarları Aygün Kazımova, Röya Ayxan, Ədalət Şükürov, Zülfiyyə Xanbabayeva, Brilyant Dadaşova və sairləri konsert proqramları verərkən kimsə onlardan Konservatoriyanın və yaxud da İncəsənət Universitetinin diplomunu istəyirmi? Tamaşaçılar müğənnidən ancaq yaxşı mahnılar tələb edirlər. Diplomu dövlət müəssisələrində, universitetlərdə müəllim kimi işləmək üçün istifadə edirlər. Demirəm diplom önəmli deyil, xeyr. Diplom lazımlıdır, olsa yaxşı olar. Ancaq istedad olmayandan sonra diplom nəyə lazımdır? Əgər bir rəssam sərgisini təşkil edirsə, tamaşaçılar gəlib onun diplomunumu tələb edirlər?

- Sizi "Qala” qrupunun solisti kimi tanıyırıq. 12 ildir ki, fəaliyyət göstərən o qrupda hazırda vəziyyət necədir?
- "Qala” instrumental ansamblında hər şey qaydasındadır. Qrupun tərkibində solistlərim var. Qrup şəklində fəaliyyət göstərsək də, nədənsə insanlara solo daha çox maraqlıyam.

- Bu, qrup üzvləri arasında qısqanclığa səbəb olurmu?
- İnsanların sevgisi bir yana, gərək səni Allah sevsin.

Təəssüf hissi ilə qeyd edim ki, bu gün "Qala” qrupunun adından istifadə edib məclislərə gedənlər var. Mən Dövlət Standartlaşdırma və Metrologiya Komitəsindən əmtəə nişanı almışam. Bu o deməkdir ki, heç kim "Qala” adından istifadə edə bilməz. "Qala” sözünün əvvəlinə "daş” və yaxud da "daşlı” qoyaraq ondan istifadə etmək asandır. Qoy hamı bilsin ki, artıq musiqi sahəsində "Qala” sözü qorunur. Nə edək ki, kimlərsə qayda-qanunsuz, dolayı yollarla bu addan istifadə edirlər. Onlara vaxt ayırsam, qanun qarşısında cavab verərəm. Bunu etmişəm də. Digər tərəfdən onlara dəyib-dolaşmıram, çünki düşünürəm ki, onlar da insandırlar, ailələrinə çörəkpulu qazanırlar. Eybi yoxdur, dünyanın malını mən yeməyəcəm ki? Bu dünya heç Sultan Süleymana da qalmayıb. Qoy onlar da pul qazansınlar. Amma insan gərək nə etdiyini və kim olduğunu bilsin. Oğurluqla yaşamağı Allah da sevmir. İnsan həyatda rahat yaşamalıdır.

- Bəs, qrupunuzla birlikdə konsert verməyi necə, düşünürsünüzmü?
- İki il bundan qabaq konsert hazırlıqlarına başladıq, hətta konsertqabağı məşqlər də keçirdik, rəqqaslar tutuldu. Konsert üçün 3 sponsorumuz oldu. Hərəsi mənə cəmi 5 min manat pul verdi. 15 min manat civarında biz heç nə edə bilməzdik. Musiqiçilərin hər gün məşqə gəlməyi, səhnə dekorasiyaları və s. haradasa 70-80 min manat vəsait tələb olunurdu. Sponsorlar isə bu vəsaiti ödəmək istəmədilər. Ona görə konsert vermək planımız baş tutmadı.

- Digər sənət yoldaşlarınız kimi kredit götürüb konsert verə bilməzdinizmi?
- Öz istedadımı tamaşaçılara göstərmək üçün nə üçün borca girim? Onda gərək konsertə biletlərin qiyməti 200-250 manat arasında dəyişsin. Mənim konsertimə kim 250 manatından keçib gələcək? Azərbaycanda çox tanınmış, sevilən sənətçi olan Röyanın konsertinə pulu əlləri əsə-əsə verirlər.

- Müğənnilər deyirlər ki, devalvasiya başlayandan toylar zəifləyib. Bəs sizdə necə?
- Mən ağlaşma qurmuram, elə insanları da sevmirəm. Şükürlər olsun ki, toyların olduğu aylarda kifayət qədər işlədik. Hər şey yaxşıdır və qaydasındadır. Ailə quranlar heçə nəyə baxmır. SSRİ-nin vaxtında bundan da pis vəziyyətdə yaşayırdıq. İndi Azərbaycanımız daha da inkişaf edir, bizi dünyaya tanıdır, Avropaya gedirik, dünyanı gəzirik.

- Söhbətimizin sonunda istərdik bizə yeni layihələrinizdən danışasınız.
- Bu yaxınlarda tamaşaçılar böyük bir sürprizlə qarşılaşacaqlar. Onu qabaqcadan açıqlaya bilməyəcəyəm. Ola bilsin ki, bir xanımla duet oxudum. Bu duet çox danışılacaq bir duet olacaq. Həmin xanım ağlınıza gəlməyəcək, inanmayacağınız birisidir. Mahnının sözləri, musiqisi mənə aiddir. Mən də ona demişəm ki, əgər biz bu mahnını təqdim edəsi olsaq, mütləqdir ki, onu kliplə təqdim edək. Artıq mahnının məşqlərinə başlamışıq. Məni razı salan o məqam oldu ki, həmin xanım dedi ki, mahnını məşq etməmiş studiyada oxumayacam. O, çox iddialıdır. İddialı insanları sevirəm.


Xəyalə Rəis

banner

Oxşar Xəbərlər