AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

«İctimai Palata» vaxtından tez qocaldı Müsahibə

«İctimai Palata» vaxtından tez qocaldı Müsahibə

Müsahibə
23 May 2013, 10:46 1498
Müxalifət partiyaları Milli Şuranın yaradılması istiqamətində səylərini davam etdirirlər. Amma ortada nəticə yoxdur. Müxalifət düşərgəsindəki əksər simalar şuranın yaradılmasına qarşı çıxırlar. Belələrindən biri də Vəhdət Partiyasının sədri Tahir Kərimlidir.

- Tahir bəy, müxalifət daxilindəki son prosesləri necə qiymətləndirirsiniz?

- Hazırda müxalifət daxilində əsas diqqətlər Milli Şuranın yaradılmasına yönəlib. Bir müddət əvvəl təmtəraqla «EL» hərəkatı elan olundu, amma onu kütləviləşdirə bilmədilər. Bu hərəkat heç adi bir təşkilat da ola bilmədi. Onlar bu aya planlaşdırdıqları ümumrespublika müşavirəsini də keçirə bilmədilər. Yəni hərəkatın yaradıcıları qarşılarına qoyduqları kütləviliyə nail ola bilmədilər. Digər bir istiqamətdə İctimai Palata da inkişaf etmədi. Bu birlik vaxtilə deputatlığa namizəd olub, seçilməyən narazılardan təşkil olunmuşdu. O vaxt ənənəvi müxalifət qüvvələri ərəb inqilablarından ilhamlanaraq bu narazılığın siyasi müstəviyə keçəcəyini planlaşdırırdılar. Amma bir müddət keçsə də istənilən nəticəyə nail olmaq mümkün olmadı. Obrazlı desək, İctimai Palata vaxtından tez qocaldı və hazırda öz funksiyalarını yerinə yetirmək iqtidarında deyil. ümumilikdə götürdükdə müxalifət çabaladıqca daha dərin bataqlığa gedir.

- Belə bir şəraitdə Milli Şuranın yaradılması ideyası gündəmə gəlib.

- Bəli, indi müxalifət Milli Şura ideyasının reallaşdırılmasına çalışır. Amma bunun uğurlu bir gediş olduğunu demək mümkün deyil. bu ideyanın banisi olan Rüstəm İbrahimbəyov heç ölkəyə gələ bilmir. O, öz qayıdışını yaradılacaq Milli Şuranın qərarı ilə bağlayır. Belə bir durumda müxalifətin bir çox təşkilatları və tanınmış şəxsləri də Milli Şura ideyasına qarşı çıxır, burada təmsil olunmayacaqlarını bildirirlər. Yəni indidən demək olar ki, Milli Şura bütövlükdə narazı elektoratın təşkilatı olmayacaq. Olsa-olsa müxalifətin bir qisminin təşkilatı olacaq.

- Sizcə Milli Şura alternativ güc mənbəyi ola biləcəkmi?

- İnanmıram. Bu ideya bir romantikadır. Ortada konkret faktorlar var ki, Milli Şuranın uğurlu olmasını sual altına alır. Məsələn, bu ideyanı ortaya atanlar iddia edirlər ki, yaradılacaq Milli Şura keçən əsrin əvvəlində Xalq Cümhuriyyəti yaranarkən və sonunda Azərbaycan müstəqillik əldə edərkən yaradılan Milli Şuranın davamı olacaq. Amma bu, belə deyil. Biz bilirik ki, 1918-ci ildə yaranan Milli Şura Rusiya Dumasının deputatlarından təşkil olunmuşdu. 1991-ci ildə isə Milli Şuranı məhz parlament özü – Ali Sovet yaratmışdı. Onun da üzvləri deputatlar idi. İndiki Milli Şuranı isə müxalifətçilər formalaşdırmağa çalışırlar. Bu baxımdan onun legitimliyi şübhə altına düşür. Bu dəqiqə Azərbaycanda heç bir hakimiyyət böhranı yoxdur ki, Milli Şura elan olunsun. İndi Milli Şura ideyası müxalifətin qorxunc yuxusuna çevrilib. Qorxurlar ki, ortaya atdıqları bu ideyanı həyata keçirə bilməyələr və biabır olalar. Onlar bütün imkanlardan istifadə edib bu vəziyyətdən çıxmağa çalışırlar. Milli Şuranın məğzində duran ideyalar da konstitusiyamıza ziddir.

- Bu ideyanın uğursuzluğunu görürlərsə onda niyə bunu ortaya atıblar və belə müdafiə edirlər?

- Əsas səbəb müxalifət partiyalarının gücsüzlüyüdür. Əgər müxalifət partiyaları güclü olsaydılar onların nə Rüstəm İbrahimbəyova, nə də onun Milli Şura ideyasına ehtiyacları olardı. 2003 və 2005-ci illərdə keçirilən seçkilərdə müxalifət tam və qəti məğlubiyyətə uğradı. Müxalifət partiyaları o qədər zəiflədilər ki, onların birliyi də gücə çevrilə bilmədi. Digər tərəfdən, müxalifət həddindən artıq rəngarəngdir. Bir vaxtlar Əli Kərimli İsa Qəmbəri deyil, Etibar Məmmədovu dəstəkləyirdi. İndi isə vallar dəyişib. Bu dəfə Əli Kərimli ilə İsa Qəmbər bir təşkilatdadırlar. Amma hamı bilir ki, onların birliyi səmimi deyil. qeyri-səmimi birlik hansı effekti verə bilər axı? bütün bunlar həm də narazı elektoratı ənənəvi radikal müxalifət partiyalarından uzaq salıb. Bir növ sosial bazadan uzaq düşüblər. İndi də müxtəlif vasitələrə əl atıb sosial baza qazanmağa çalışırlar. Son illərdə müxalifət qəzetlərinə diqqət yetirsək, görərik ki, onların səhifələrində mili ideologiya, müsavatçılıq, Avroatlantik məkana inteqrasiya məsələləri arxa plana keçib. Müxalifət daha çox iqtidar daxilində hansısa intriqa axtarmağa, qeybətə, kimisə gözdən salmağa fokuslanıb. Bu durumda onlar qarşıdan gələn prezident seçkiləri ərəfəsində çox gücsüz olduqlarını bilirlər. Seçkilərə cəmi 5 ay qalıb, amma ortada heç nə yoxdur. Bu hal müxalifət liderlərini narahat edir. Belə bir vəziyyətdə Milli Şura ideyası onlar üçün göydəndüşmədir. Özü də bu ideyanın banisi Rusiyada yaradılan «Milyarderlər İttifaqı»nın üzvü olan Rüstəm İbrahimbəyovdur. Deməli, Milli Şura yaranarsa, Rusiyadakı milyarderlərin bizim müxalifətçilərə köməyi dəyə bilər. Eyni zamanda, narazı elektorat da onların ətrafında birləşə bilər. Yəni bu ümidlə yaşadıqlarından Milli Şura ideyasını reallaşdırmağa çalışırlar. Zatən indiki halda onların başqa əlacları da yoxdur. Müxalifət liderləri buna paralel olaraq prezident seçkilərində labüd olan məğlubiyyətlərinə haqq qazandırmaq üçün bir-birini gözdən salmağa da çalışırlar. Mətbuat səhifələrində, sosial şəbəkələrdə bunun şahidi olmaqdayıq. Nə qədər çalışsalar da, bunu gizlədə bilmirlər. Amma hər bir halda seçki ərəfəsində nəyləsə məşğul olmalıdırlar da. Milli Şuranın yaradılması prosesi də bir növ bunlar üçün məşğuliyyətdir.

- Milli Şuraya beynəlxalq dəstək hansı səviyyədədir? Bəzən bununla bağlı müəyyən fikirlər dövriyyəyə buraxılır.

- Bununla bağlı konkret bir mövqe yoxdur. Diqqət yetirsək müxalifət daxilində Milli Şura ideyasına beynəlxalq dəstəklə bağlı vahid fikir yoxdur. Məsələn, bu yaxınlarda gənc müxalifət fəalı Bəxtiyar Hacıyev Nyu-Yorkda və Londonda keçirdiyi görüşlərdən sonra ABŞ-ın və Avropa Birliyinin Milli Şuraya dəstək vermədiyini açıqladı. Bundan dərhal sonra İsveçrədə səfərdə olan İsa Qəmbər Milli Şuraya beynəlxalq dəstəyin olduğunu vurğuladı. Amma konkretləşdirsək son vaxtlar beynəlxalq aləmin Milli Şuraya hansısa formada dəstək göstərdiyinin şahidi olmarıq. Mənim fikrimcə buna səbəb beynəlxalq qüvvələrin indiki müxalifət partiyalarını ciddiyə almamalarıdır. Onlar anlayırlar ki, bu təşkilatlar nəyəsə nail olmaq gücündə deyillər. Onlardan istifadə etməklə Azərbaycan hakimiyyətinə təsir rıçaqı əldə etmək də mümkün deyil. Ona görə də Azərbaycan müxalifətinə qeyri-ciddi yanaşırlar. Ha çalışırlar Azərbaycandakı narazı qüvvələri təşkilatlandıra bilmirlər. Gücləri yalnız bu qüvvələrə ölkədən kənarda efir məkanı yaratmağa çatır. Ya da ki, müxalifətin maarifçilik istiqamətində iş aparmasını dəstəkləyirlər və hansısa hüquq müdafiəçisinə mükafat verməklə öz işlərini bitmiş hesab edirlər. O ki qaldı Rusiyaya, o, bizim böyük qonşumuzdur. Məlumdur ki, Moskvanın Azərbaycanda müəyyən maraqları var. «Milyarderlər İttifaqı»nın yaradılması da yuxarıdan gələn hansısa bir tapşırığın nəticəsi idi. Amma diqqət yetirsək görərik ki, bu təşkilatda bir növ fəaliyyətinə maratorium qoyub. O təşkilatdakılar tapşırıqla bir araya gəlsələr də, ayrı-ayrılıqda Azərbaycan hakimiyyətinə qarşı çıxmaq istəmirlər. Yalnız Rusiya hakimiyyətinin təzyiqi ciddiləşərsə, onlar hansısa addım atarlar. Bütün bunların fonunda Rusiya hakimiyyəti də görür ki, öz mənfəətləri üçün Azərbaycan hakimiyyətinə əməkdaşlıq etmək daha məqsədəuyğundur. Tarixə diqqət yetirsək, görərik ki, Rusiya heç vaxt Azərbaycan müxalifəti ilə işləməyib. Bu ölkənin Azərbaycandakı səfiri ABŞ və Avropa ölkələrinin səfirləri kimi tez-tez müxalifət liderləri ilə görüşlər keçirməyib. Rusiya həmişə Azərbaycan iqtidarını dəstəkləyib. Bu baxımdan belə qənaətə gəlmək olar ki, Milli Şura ideyasına nə Qərbdən, nə də Şimaldan dəstək var. Ən azından bu ideyanın nə Moskvada, nə də Vaşinqtonda ciddi dayaqları yoxdur.

İlham QULİYEV