Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin yaradılmasının 35 illiyi qeyd olunub - Fotolar
Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin
yaradılmasının 35 illiyi ilə bağlı tədbir keçirilib. Tədbir
iştirakçıları əvvəlcə Cavid nəslinin dəfn olunduğu məqbərəni ziyarət edib və
buraya gül qoyublar.
Tədbiri Naxçıvan Muxtar
Respublikası Mədəniyyət və Turizm Aparatının Şöbə müdiri Həsən Kərimov giriş
sözü ilə açaraq bildirib ki, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi
ölkəmizdə sənətə və sənətkara göstərilən qiymətin ən gözəl nümunəsidir. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev Cavid şəxsiyyətinə, ailəsinə, irsinə həmişə
böyük diqqət və qayğı göstərib. Məhz ümumilli lider Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə 1981-ci ilin 21 iyulunda "Hüseyn Cavidin 100 illiyi haqqında”
qəbul olunan qərardan sonra böyük şair və dramaturqa dövlət səviyyəsində yüksək
qiymət verilib, sənətkara münasibət köklü şəkildə dəyişib. Ötən əsrin
70-ci illərindən başlayaraq Cavid irsi geniş tədqiq olunmağa başlayıb, əsərləri
kütləvi tirajla nəşr olunub, pyesləri teatrlarda səhnəyə qoyulub, xatirəsini əbədiləşdirmək
üçün mühüm işlər həyata keçirilib.
Qeyd olunub ki, bu gün
muxtar respublikamızda Hüseyn Cavidlə bağlı tədbirlərin keçirilməsi, sənətkarla
bağlı elmi konfransların təşkil olunması artıq ənənəyə çevrilib. Hər il
oktyabrın 24-nun qədim diyarımızda "Hüseyn Cavid Poeziya Günü” kimi keçirilməsi
böyük sənətkara məhəbbətin ifadəsidir.
Hüseyn Cavidin Ev Muzeyi və
Xatirə Kompleksinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət
işçisi Bəhruz Axundov "Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin fəaliyyəti”
mövzusunda çıxış edərək deyib ki, muzeyin rəsmi açılışı 1984-cü il iyun
ayının 9-da olub. Muzeyin rəsmi açılışı əsl ədəbi-mədəni hadisəyə
çevrilib. Azərbaycanın xalq yazıçıları Mirzə İbrahimov, Hüseyn Abbaszadə,
görkəmli ədəbiyyatşünas, tənqidçi Qulu Xəlilov, akademik Bəkir Nəbiyev, həmçinin
Özbəkistanın xalq yazıçısı Səid Əhməd, Litva yazıçısı Pronas Raşşyus və
başqaları muzeyin açılış mərasimində iştirak ediblər. O zaman muzeyin
ekspozisiyası mərhum teatrşünas Tamilla Təhmasib tərəfindən hazırlanıb.
Muzeyin yaradılması zamanı şairin qızı, Azərbaycan Teatr Muzeyinin direktoru
Turan Cavidin bu sahədəki zəhməti də xüsusi qeyd edilməlidir. Turan xanımın
muzeyin qurulmasında və tərtibatında verdiyi dəyərli məsləhətlər nəzərə
alınıb.
Qeyd olunub ki, Hüseyn
Cavidlə bağlı müxtəlif sənəd, fotoşəkil, qəzet və jurnal materialları,
kitabların əldə edilməsində şairin dostu görkəmli ədəbiyyatşünas alim Əziz Şərufin
köməyi də muzeyin zənginləşməsində əhəmiyyətli rol oynayıb. Muzey yaradıldığı
dövrdə bir sıra görkəmli ədəbiyyat və elm adamlarına, dövlət qurumlarına müraciət
olunub ki, bunun nəticəsində bir sıra tanınmış insanlardan, keçmiş Sovet
İttifaqının arxivlərindən Cavidlə bağlı müəyyən qədər sənəd, fotoşəkil, qəzet və
jurnal materialı, kitablar alınıb və bunlar da muzeyin ekspozisiyasında öz
yerini tutub. Muzey yaradıldığı ildə cəmi 150 eksponatla fəaliyyətə başlayıb.
2011-ci ilin sonlarına yaxın muzeydə 8000-dən artıq eksponat toplanıb. Bu
gün isə muzeydə 9200 eksponat mövcuddur. Bu eksponatların içərisində Hüseyn
Cavidin həyat və yaradıcılığını əks etdirən xatirə əşyaları, təsviri sənət və
heykəltaraşlıq nümunələri, ədibin əsərlərinin ilk nəşrləri qiymətli
eksponatlardır.
Vurğulanıb ki, muzey
yaradıldığı gündən buraya dünyanın müxtəlif ölkələrindən yüzlərlə qonaq gəlib.
Rəy kitabında yazılan qeydlər, arzular bunu göstərir. Muzeyin Bakıdakı Hüseyn
Cavid Ev-Muzeyi, Nizami adına Ədəbiyyat İnstitutu və Ədəbiyyat Muzeyi, Ədəbiyyat
və İncəsənət Arxivi və başqa elm ocaqları ilə əlaqələri genişdir.
Bəhruz Axundov çıxışının
sonunda bildirib ki, həmişə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
diqqət və qayğısını görmüşük. Muzeydə aparılan əsaslı təmir və bərpa işləri bu
diqqət və qayğının ifadəsidir. 2015-ci ildə muzeyin adı dəyişdirilərək "Hüseyn
Cavidin Ev Muzeyi və Xatirə Kompleksi” adlandırılmışdır. Muzeyin yaxınlığındakı
Xatirə Kompleksində Cavidlər nəsli uyuyur.
Azərbaycan Respublikasının Əməkdar
elm xadimi, filalogiya üzrə elmlər doktoru Hüseyn Həşimli "Hüseyn Cavid irsinin
tədqiqi və təbliğində Hüseyn Cavidin Ev Muzeyinin rolu” mövzusunda çıxışında
bildirib ki, bu illər ərzində muzey böyük şairin irsinin təbliği baxımından
mühüm işlər görüb. Muzeydə demək olar ki, böyük sənətkarla bağlı bütün
kitablar, fotoşəkillər, teatr afişaları mühafizə olunub, saxlanılır. Bu gün
muzeydə nümayiş etdirilən eksponatlar elmi-dəyəri ilə Cavid irsini öyrənmək
baxımından çox qiymətlidir. Alim bildirib ki, hələ 1990-cı ildə "Hüseyn
Cavidin həyat və yaradıcılığı” adlı sərgi Belarus Respublikasının paytaxtı
Minsk şəhərində nümayiş etdirilib və Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən
mükafatlandırılıb. 2007-ci ildə Hüseyn Cavidin anadan olmasının 125
illiyində "Hüseyn Cavidin dramaturgiyası” adlı sərgi Türkiyənin İstanbul şəhərində
böyük şairin vaxtilə təhsil aldığı İstanbul Universitetində, başqa universitet
və mədəniyyət ocaqlarında nümayiş etdirilib. Bütün bunlar Cavid irsinin
tanıdılmasında əhəmiyyətli olub.
Tədbirdə ziyalılardan yazıçı
Əbülfəz Əsgərli, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Rövşən
Hüseynov, pedaqogika üzrə elmlər doktoru Elbəyi Maqsudov, Bakıdakı "Turan
Cavid” Qadınlar Mərkəzinin sədri Sevda Cəfərova, rəssam Qəhrəman Tağıyev,
ziyalı Südabə Süleymanova və başqaları çıxış edərək ürək sözlərini deyib və
muzeyin kollektivini təbrik ediblər.
Sonra C.Məmmədquluzadə adına
Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru, xalq artisti Həsən Ağasoy və
aktrisalar Nurbəniz Niftəliyeva, Şölə Novruzbəylinin ifasında Hüseyn Cavid əsərlərindən
hazırlanmış kompozisiya göstərilmiş və muzeyin fəaliyyətində fərqlənən bir qrup
əməkdaş diplom və fəxri fərmanlarla təltif edilib.
Tədbirin sonunda muzeyin
ekspozisiyasına baxış olub.
Əli Rzayev