Hollandiyada Azərbaycanı tanıdan xanım - Fotolar
Deyirlər ki, vətən
sərhəddən başlayır. Ancaq qürbətdə yaşayan soydaşlarımız bəzən bu fikirlə
razılaşmır. Yenicə vətəninə istirahətə gələn müsahibimiz, Niderland Krallığında
fəaliyyət göstərən "Ana Vətən” Niderland
Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevada belə
düşünür.Deyir ki, hər insanın vətəni
onun könlündədir. Qərib bir məmləkətdə vətən üçün nələrsə etməyi isə özünə vəzifə
hesab edir. Bir xanım uzaq bir diyarda vətəni
naminə böyük layihələr gerçəkləşdirirsə, sözsüz ki, onun, dəstəyə də ehtiyacı
olur. Ona isə bu dəstək həyat yoldaşı Cəfər bəydən gəlib. Bildirir ki, ömrü-gün
yoldaşı iqdırlı Cəfər bəy yeri gələndə, milli geyimlərimizi geyinərək,
bayrağımızı daşıyır və tədbirlərdə Azərbaycanı təmsil edir. Ölkəmizin başına gətirilən
faciələrlə bağlı Hollandiyada, Türkiyədə keçirilən aksiyalarda iştirak edib, Azərbaycanın
haqq səsini çatdırır. Diaspora fəaliyyəti də ona, məhz həyat yoldaşından keçib.
Vətən sevgisi ilə yaşayan ailədə böyüyən uşaqlar da, Azərbaycan dilini mükəmməl
bilirlər.
2003-ci ildən
Niderlandda yaşayan Mayisə Ağamirzəyevə ailəsi ilə birlikdə "Kaspi” qəzetinin qonağı
oldu.
- Mayisə xanım, sizi
vətəndə xoş gördük.
- Təşəkkür edirəm.
- Vətənə gəlişinizin əsas
səbəbi nədir?
- Əlbəttə, ilk
növbədə, vətən həsrəti. Vətəni uşaqlarımıza daha çox tanıtmaq arzusu ilə bu yay
tətilimizi Azərbaycanımızda keçirmək istədik. Vətənimizin füsunkar təbiətini,
insanlarımızın qonaqpərvərliyini uşaqlarımıza nümunə olaraq göstərmək istəyirik.
Mütəmadi olaraq Azərbaycana tədbirlərə gəlirəm. Ancaq indi istədim ki,
uşaqlarım da vətənimizi görsünlər. Onlar Niderlanda yaşamalarına baxmayaraq, Azərbaycandakı
prosesləri - idman yarışlarını izləyir və öz ölkələri ilə fəxr edirlər.
- 15 ildən artıqdır ki, Niderlandda yaşasanız da, Azərbaycan
dilində səlis danışırsınız.
- Niderlanda
yaşamamışdan öncə, 7 il Bakıda müəllim işləmişəm. Yoldaşım Cəfər Azərbaycan kökənli
türk vətəndaşıdır. Evdə Azərbaycan dilində danışırıq. İqdırlı olduğu üçün, onlar
da Azərbaycan ləhcəsi ilə danışırlar.
- Sosial şəbəkədə çox
aktivsiniz. Paylaşımlarınızdan hiss
olunur ki, ürəyinizin yarısı burdadır.
- Ürəyimin yarısı yox, hamısı burdadır.
- Sizi Hollandiyaya
aparan səbəblər nə oldu?
- Məhəbbət (gülürük).
Cəfərin ailəsi orada məskunlaşıb. Artıq 50 ildir ki, türklərin bir qismi
Avropada məskunlaşıblar. Yoldaşımın ailəsi də onlardan biridir.
- Uzaq bir məmləkətdə həyat qurmaq sizi qorxutmadı?
- Əslində, məni ən
çox qorxudan dil problemi idi. Hava limanında Cəfərə dedim ki, bundan sonra
qardaşım da, atam da, bacım da, anam da sənsən (gülürük).
- Yoldaşınız sizə
bacı, qardaş, ana ola bildimi?
- Ondan artığı
da oldu. Elə çətin günlər yaşadım ki, həmin an yanımda anam, bacım, heç kim yox
idi. Cəfər işini-gücünü atıb, mənimlə məşğul olurdu. Həyat yoldaşım arxamda
dayanmasaydı, bu gün mən, qarşınızda gördüyünüz Mayisə olmazdım. Hər bir layihəmdə
arxamda həyat yoldaşım dayanıb. Yeri gəlib, milli geyimimizi geyinib, bayrağımızı
daşıyıb. Uşaqlar da belə bir ailədə böyüdükləri üçün onları tərbiyələndirmək
bizim üçün çətin olmayıb. Mənim bütün, tədbirlərimdə, təqdimatlarımda ailəm
üzvlərim həmişə üzümü ağ edib. Uşaqlarım aksiyalarda böyüyüblər.
- Mayisə xanım, müəllimlik ixtisasına yiyələndiyiniz
halda, Haaqada tibb sahəsində
çalışırsınız. Müəllimlikdən tibə gedən yol necə oldu?
- Tibb sahəsində
çalışmağıma orada çalışan yaxın bir rəfiqəm vasitəçi oldu. 5 il idi ki,
Hollandiyada yaşayırdım. Onun sayəsində anesteziya bölməsinə işə qəbul edildim. Belə ki, orada əməliyyat alətlərinin
sifarişi, onların təlim-təhvil işləri ilə məşğul oldum. Əməliyyat bölümündə cərrahın
istifadə etdiyi alətləri hazırlayırdım. Biz orada çalışmaq üçün böyük bir
imtahandan keçdik. 6 aylıq bir proqram öyrəndim. Niderlandda cərrahlar gigiyenik qaydalara
xüsusi riayət edirlər.
- Bəs bizdə necə, o
qaydalara riayət olunmur?
- Azərbaycanda
çox gözəl cərrahlarımız var. Ancaq bəzən qaydalara riayət etmirlər. Bizim çox
savadlı həkimlərimiz var, onlara hər cür şərait yaradılıb. Ancaq çox xırda
nüansla imiclərini zədələyirlər. Qolda saatla əməliyyata girmək olarmı? Əməliyyata
bəzək, zinət əşyaları ilə girən tibb bacılarını da görmüşəm.
- Bir müəllimə olaraq
Niderlanddakı təhsil sistemi necə, sizi qane edirmi?
- Onların təhsil
sistemi mükəmməldir. Orda uşaqlara elmi, oyunlarla tədris edirlər. Uşaqlar səhər
saat 9-un yarısından 4-ə qədər məktəbdə olur. Müəllimlər onlarla birgə yemək
bişirir, meşəyə gəzintiyə gedir, asudə zaman keçirirlər. Uşaqlar hər şeyi
oyunlarla öyrənirlər. Şagirdlər məktəbə 4 yaşından gedirlər. Bu, onlarda ön
hazırlıq hesab edilir. Hər bir hərfi əşyalarla öyrəndikdən sonra, 3-cü sinifdə əlifbanı
öyrənməyə başlayırlar. Onlar 8 il ibtidai məktəb oxuyurlar. Onu bitirəndən
sonra səviyyələrinə görə qruplara bölünürlər.Müəllimlər uşaqları yaxşı motivasiya edirlər.
Uşaqlar məktəbə sevinə-sevinə gedirlər.
Müəllimə uşaqları qapıda qarşılayır, onlarla görüşür. Ancaq onu da deyim
ki, bizim ilk dərs günümüzdə olan o həyəcan, sevinc hissi onlarda yoxdur. Məktəbi
qurtaranda isə təmtəraqlı tədbir təşkil edirlər.
- "Ana Vətən”
Niderland Azərbaycanlı Qadınlar Birliyi hansı işləri görür?
- İndiyə
qədər bir çox layihələrimiz olub. Əməyimiz isə dövlətimiz tərəfindən qiymətləndirilib,
cənab prezidentimiz İlham Əliyev tərəfindən
"Tərəqqi” medalına layiq görülmüşük. Bu,
mənim yox, birliyimizdə çalışan bütün xanımların uğurudur. Bizim istənilən tədbirimizdə
o xanımların dəstəyi olmasa, heç bir şey edə bilməzdik. Hər il milli
bayramlarımızı, matəmlərimizi orada qeyd edirik. Daha çox, qadınları duyğulandıran işlərə - elm, mədəniyyət,
milli adət-ənənələrimiz, mətbəximiz və uşaqlara aid tədbirlərə üstünlük
veririk. Azərbaycan dövlətinin maraqlarına xidmət edən aksiyalarda fəal iştirak
edirik.
Niderlanddakı səfirliyimiz hər zaman bizim böyük dəstəkçimiz olub. Diaspora
komitəmiz hər cür köməklik göstərib.
- Yad bir məmləkətdə diaspora işi ilə məşğul
olmaq da çətindir.
- Diaspora işi
könüldən gələn bir işdir. Bu işdə pul qazanmaq istəyi yoxdur. Təəssüf ki, çox
adam elə bilir ki, biz bu işdən pul qazanırıq. Diaspora olaraq gözləmirik ki,
kimsə bizə nəsə etsin. İndi bizim layihələrimiz var, oturub gözləmirik ki, kimsə
bizə kömək etsin, sonra layihəyə başlayaq. Heç kim deyə bilməz ki, mətbuata və yaxud da kiməsə bununla bağlı
giley-güzar etmişəm.
- Niderlandda azərbaycanlı xanımlar özlərini necə tanıdırlar?
- Azərbaycan
xanımları özlərini kifayət qədər göstərə bilirlər. Niderlandda bir çox uğurlara
imza atan azərbaycanlı xanımlar var. Ötən ay Mədinə xanımla tanış oldum. O, bir
yarışmaya qatılmışdı, yeni bir çörək icad etmişdi. Biz ona dəstək olduq. İştirak
etdiyi layihənin qalibi oldu. Onun uğuruna sevindim. O qadın fəxrlə deyir ki,
azərbaycanlıyam. İndi Hollandiyada bir marka oldu. Orada yaşayan elə Azərbaycan
xanımları var ki, bir neçə övlad sahibi olsalar da, təhsillərinə davam edirlər.
Orada şəhidlərimizin xanımları – vətən uğrunda həyat yoldaşlarını itirənlər var
ki, uşaqları üçün çalışırlar. Onu da qeyd edim ki, azərbaycanlı xanımlar ədəb-ərkanları,
danışıq tərzi, oturuşu-duruşu, əl qabiliyyətlərinə görə seçilirlər.
- Əl qabiliyyəti demişkən, xaricdə fəaliyyət göstərən
diaspora rəhbərlərinə irad tuturlar ki, bayramlarda şəkərbura, paxlava bişirib
təqdim etməklə "Azərbaycan günləri” keçirib, işlərini bitmiş hesab edirlər.
- Mən bu fikirlə
razı deyiləm. Şəkərburanın, paxlavanın özü də bir ornamentdir. Azərbaycanda
milli bayramlarımızı necə qeyd ediriksə, orada da həmin qayda ilə keçiririk.
Matəm günlərimizi də həmçinin. Hər şeyin öz yolu-yolacağı var. Misal üçün,
orada Xocalıya aid bir tədbir keçirdiyimizi desək, çox az adam gələcək,
ancaq Azərbaycan günü keçirdiyimizi
deyirik və tədbirə xeyli holland gəlir. Biz də ölkəmizin tarixindən, gözəlliyindən,
mədəniyyətindən danışırıq, video çarxlar göstəririk. Torpaqlarımızın işğal
olunduğu barədə məlumat veririk.
- Niderland ermənilərin çoxluq təşkil etdiyi
bir ölkədir. Erməni lobbiçiliyi ilə necə mübarizə aparırsınız?
- Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan
Aşkının başına gələnlər buna ən bariz nümunədir. Biz onun məhkəməsində də
iştirak etdik. Onun məhkəməsi bizim məhkəməmiz sayılır. Ermənilərin "Sputnik”
saytında mənim də adımı hallandırmışdılar. Adımı "Xanımka” qoymuşdular. Onlar
bizim Azərbaycandakı müsahibələrimizi oxuyurlar. Mən "Facebookda” "İlhan Aşkına
dəstək” səhifəsi açdım. Sağ olsun, özü də hər zaman bildirir ki, mənim bacım
min kişiyə dəyər. Ermənilər xristian olduqları üçün hollandlar onlar üstünlük
verirlər. Çoxdandır Niderlandda məskunlaşıblar, kilsələr üzrə işləyirlər. Ancaq
bizdən də çəkinirlər.
Xəyalə Rəis