• şənbə, 27 Aprel, 07:24
  • Baku Bakı 12°C

Hökumət əhalini narahat olmamağa çağırır

12.03.20 16:50 1039
Hökumət əhalini narahat olmamağa çağırır
Neftin qiymətinin kəskin düşməsi ölkə iqtisadiyyatına ciddi təsir göstərməyəcək

Martın 11-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirə keçirilib.
Baş nazir son günlər dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ilə bağlı olaraq maliyyə-bank sektorunda və əhali arasında narahatlığın artdığını bildirib. Ə.Əsədov vurğulayıb ki, hökumət dünya iqtisadiyyatında gedən prosesləri daim diqqət mərkəzində saxlayır və qabaqlayıcı rejimdə tədbirlər həyata keçirir: "Prezident İlham Əliyev martın 10-da Milli Məclisdə Azərbaycan iqtisadiyyatının inkişafı barədə ətraflı çıxış etdi. Nazirlər Kabineti tərəfindən də ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması barədə həmin gün biznes dairələrinə və əhaliyə yönəlmiş məlumat verildi. Təbii ki, ilin əvvəlindən dünyada koronavirus infeksiyasının yayılmasının qlobal iqtisadiyyata, eləcə də neft bazarlarına mənfi təsirləri var. Lakin bu gün ölkəmizin iqtisadiyyatı görülmüş tədbirlər nəticəsində 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründəkindən daha dayanıqlıdır. Qeyd etmək istəyirəm ki, dünyada baş verən mənfi iqtisadi meyillərə baxmayaraq, iqtisadiyyatımız inkişaf edir, ölkənin maliyyə imkanları genişlənir.
Cari ildə də ölkədə müsbət inkişaf dinamikası davam edir. Lakin bu gün dünya enerji bazarında neftin qiyməti 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan 55 dollardan təxminən 18 dollar aşağıdır”.
Mərkəzi Bankın sədri Elman Rüstəmov neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar son günlər valyuta bazarında hiss olunan gərginlik və bu sahədə mövcud vəziyyətə dair məlumat verib. O, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini bildirərək, bu gün ölkəmizin belə çağırışlara tam hazır olduğunu vurğulayıb: "Bizim böhran idarəetmə ilə bağlı kifayət qədər təcrübəmiz var. Digər tərəfdən, neftin qiymətinin yuxarı olduğu dövrlərdə strateji valyuta ehtiyatlarımız artırılıb. Bu gün təxminən 10 milyard dollar artım var və bu, bizə belə situasiyalara təsir etmək üçün vasitələrə və alətlərə malik olmaq imkanı verir. Bu hadisələrdə şok xaricdən gəlir. Yəni, Azərbaycanda gedən iqtisadi, sosial və siyasi proseslərdən qaynaqlanmır. Digər tərəfdən, dünya bazarında neftin qiymətinin qısa müddətdə kəskin aşağı düşməsi ölkəmizin nə ticarət, nə də tədiyə balanslarına əhəmiyyətli təsir edib”.
E.Rüstəmov qeyd edib ki, hərraclarda, bazarda valyutaya ehtiyacı ödəmək üçün Mərkəzi Bank martın 10-da hərrac keçirib: "Martın 11-də də növbədənkənar hərrac keçirildi. Hər iki hərracda bazarın bütün tələbatını tam şəkildə ödədik. Həmçinin ölkəyə əvvəlcədən kifayət qədər nağd valyuta gətirilib və bankların nağd və qeyri-nağd valyutaya olan bütün tələbatları tam ödənilib. Eyni zamanda, tətbiq olunan bank rejimində də heç bir dəyişiklik edilməyib. Bankdaxili konvertasiya və ya bankların imkanları daxilində fiziki və hüquqi şəxslərin depozitlərinin konvertasiyası üçün heç bir məhdudiyyət yoxdur. Bunlara baxmayaraq, biz banklarda növbələr müşahidə edirik. Qərara alınıb ki, bankların gündəlik iş rejimi bir saat uzadılsın. Əlavə olaraq, Mərkəzi Bank və maliyyə-bank sektoru birlikdə həm şənbə, həm də bazar günləri adi iş rejimində fəaliyyət göstərəcəklər. Ona görə də vətəndaşlarımız bu imkanlardan istifadə edərək istirahət günlərində də valyutadəyişmə məntəqələrində öz vəsaitlərini dəyişdirə bilərlər. Digər tərəfdən, hökumətin tapşırığı ilə biz bayram günlərində də iş rejimimizi planlaşdıracağıq və əgər lazım gələrsə, Mərkəzi Bank və bank sektoru fəaliyyət göstərəcək”.
İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, bu gün ölkə iqtisadiyyatına əsasən iki təsiretmə imkanına malik amil var: "Bunlar koronavirus epidemiyası və OPEC+ sövdələşməsinin baş tutmamasıdır. Qeyd edim ki, Azərbaycan iqtisadiyyatı 2020-ci ilin əvvəlində də öz dayanıqlılığını saxlayır. Cari ilin ötən iki ayında ÜDM-in artım tempi 2,8 faiz olub. Həmçinin qeyri-neft sektorunda ÜDM-in artım tempi 6,7 faizə yüksəlib. Qeyri-neft sənayesində istehsalın artımı 21,7 faizə yüksəlib, eyni zamanda, qeyri-neft sektorunda investisiya qoyuluşlarının artım tempi 21 faizə çatıb. Təbii ki, koronavirus epidemiyasının yayılması bəzi fəaliyyət sahələrinə mənfi təsir edib. Məsələn, turizm, hava nəqliyyatı kimi sahələri göstərmək olar. Lakin digər sahələrdə biz müəyyən yüksək artım müşahidə edirik. Həmçinin əhalinin pul gəlirlərinin nominal artım tempi 5,1 faizdən 8,9 faizə yüksəlib”.
Nazir bildirib ki, cari ilin ötən iki ayında vergi daxilolmaları üzrə proqnoz 114,2 faiz, həmçinin qeyri-neft sektorunda 115,9 faiz icra olunub: "Büdcəyə proqnozdan əlavə 180 milyon manatdan çox vəsait daxil olub. Vergi daxilolmaları ötən ilin iki ayı ilə müqayisədə 24,5 faiz, həmçinin qeyri-neft sektorunda 24,8 faiz artıb. Qeyd edim ki, strateji valyuta ehtiyatlarının həcmi ÜDM-in 100 faizini ötür, xarici dövlət borcunun həcmini altı dəfə üstələyir. Ehtiyatların həcmi üçillik mal və xidmətlərin fasiləsiz maliyyələşdirilməsi üçün yetərlidir. Yəni, strateji valyuta ehtiyatları dövriyyədə olan bütün manat kütləsinin həcmindən 5 dəfə, nağd manat kütləsinin həcmindən isə 9 dəfə çoxdur. Bu da valyuta bazarının tarazlığının təmin olunması və makroiqtisadi sabitliyin qorunmasının fundamental şərtidir. Əlavə edim ki, valyuta bazarında tarazlığın və manatın sabitliyinin qorunması istiqamətində nazirliyin müvafiq strukturları Mərkəzi Bankla birlikdə çevik tədbirlər həyata keçirir. Bundan əlavə, qanunvericiliyə uyğun olaraq, nağd pul sferasına nəzarət daha da gücləndiriləcək, istehlak bazarında qiymətlərin əsassız qaldırılması və süni şəkildə qıtlığın yaradılması cəhdlərinin qarşısı qətiyyətlə alınacaq. Eyni zamanda, haqsız rəqabətə qarşı mübarizə tədbirləri və vergi intizamı gücləndiriləcək.
Maliyyə naziri Samir Şərifov məlumat verərək qeyd edib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi, şübhəsiz, Azərbaycanın da gəlirlərinin azalmasına gətirib çıxarır: "Cari il üçün təsdiq olunmuş dövlət büdcəsinə nəzər salsaq görərik ki, büdcə gəlirlərinin əsas mənbəyi vergi daxilolmaları, Dövlət Neft Şirkətinin və neft hasilatının pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərin vergi ödənişləridir. Dövlət Neft Şirkətinin gəlirlərinin formalaşmasında böyük hissəni daxili bazarda yaranan gəlirlər təşkil edir. Buna görə də neftin qiymətinin aşağı düşməsi buna təsir etmir. Neft hasilatının pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərin vergi ödənişlərinə gəlincə isə, əlbəttə ki, neftin qiyməti endiyinə görə, müvafiq olaraq onların vergi ödənişləri azala bilər. Lakin burada da vəziyyət kifayət qədər normaldır. Çünki bu gəlirlərin azalması dövlət büdcəsində proqnozlaşdırılan gəlirlərin 1-1,3 faizi səviyyəsindədir”.
Nazir qeyd edib ki, artıq icra olunan gəlirlər 4 milyon manat təşkil edir: "Digər tərəfdən, büdcənin formalaşmasında Dövlət Neft Fondundan olan transfert mühüm rol oynayır. Bu transfertin də dövlət büdcəsinə daxil olması təmin edilir. Yəni, hazırkı dövlət büdcəsi qısamüddətli xarici şoklardan sığortalanıb və hər hansı ciddi təsirlər müşahidə edilməyəcək. Prezidentin tapşırığına uyğun olaraq, xərclərin optimallaşdırılması ilə bağlı da işlər davam etdirilir. Həmçinin koronavirus epidemiyası ilə bağlı dünyada və ölkəmizdə müəyyən beynəlxalq tədbirlərin, bəzi ezamiyyələrin təxirə salınması gözlənilir. Bu qənaətlərdən də səmərəli istifadə olunacaq”.
Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov 2014-2016-cı illərdə neftin qiymətində müşahidə olunan volatilliyə nəzər salaraq deyib ki, o zaman neftin qiymətinin 140 dollardan 30 dollara qədər düşməsi qeydə alınmışdı: "Bu, kəskin volatillik idi. Buna nisbətdə bu gün müşahidə edilən dəyişiklik o qədər də böyük deyil. Təbii ki, bu illər ərzində Azərbaycan iqtisadiyyatının da neftin qiymətindən asılılığı kəskin şəkildə azalıb. Bu gün Azərbaycan iqtisadiyyatı kifayət qədər dayanıqlıdır. Valyuta məzənnəsi ilə bağlı təzyiq də daha çox psixoloji amillərə əsaslanır. Azərbaycan bu gün heç bir dəyişiklik etməsə belə, ehtiyatlarımız bizə növbəti 20 ildə də dayanıqlı fəaliyyət göstərməyə imkan verəcək. Hesab edirəm ki, hər hansı narahatlığa əsas yoxdur”.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirdi ki, xarici şokların Azərbaycan iqtisadiyyatına təsirinə qarşı ölkəmizin göstərdiyi çevik reaksiyalar, atılan addımlar qlobal şok və xarici iqtisadi faktorların iqtisadiyyatımıza təsirlərini minimum endirməyə imkan verəcək: "OPEK və OPEK-ə üzv olmayan ölkələrin istehsal həcminin azaldılması ilə bağlı anlaşma imzalaya bilməməsi neftin qiymətində kəskin azalmaya səbəb olur. Neft bazarı bu həftə praktik olaraq "çökmə” ilə başladı. Bu da 1991-ci ildən sonra neftin qiymətində ən aşağı rəqəmlər idi. Sözsüz ki, neftin qiymətinin enməsi xarici faktor olaraq, Azərbaycan iqtisadiyyatına təsir edir”.
V.Bayramov əlavə etdi ki, 2014-cü ildən sonra Azərbaycanda qeyri-neft sektorunun inkişafı, eləcə də iqtisadiyyatın diversifikasiyası ilə bağlı aparılan tədbirlər mərhələli şəkildə neftdən asılılığın aradan qaldırılmasına xidmət edib: "2014-cü ildə qlobal neft şoku yaranan zaman Azərbaycanın dövlət büdcəsində neft sektorunun payı 80 faiz idisə, bu rəqəm artıq 50 faizə qədər azalıb və büdcədə qeyri-neft sektorunun payı 20 faizdən 50 faizə qədər yüksəlib. Bu isə ondan xəbər verir ki, ötən müddətdə büdcə gəlirlərində iqtisadiyyatın diversifikasiyası ilə bağlı mərhələli şəkildə addımların atılması istiqamətində uğurlar əldə edilib. Nazirlər Kabinetində keçirilən görüş də ondan xəbər verir ki, Azərbaycan xarici faktor və şoklara çox qısa zamanda reaksiya verir. Eyni zamanda, xarici şokların Azərbaycan iqtisadiyyatına təsirini minimuma endirməyə çalışır. Ötən müddətdə xarici borcların azalması, dövlət rezervlərinin ümumi payının çoxalması xarici şokların Azərbaycan iqtisadiyyatına təsirinin minimuma endirilməsi baxımından vacibdir. Son hadisələr bir daha bunu sübut edir ki, Azərbaycanda dərinləşmiş iqtisadi islahatlar davam edəcək. Növbəti illərdə də həm islahatların dərinləşdirilməsi, həm də qeyri-neft sektorunun ümumi iqtisadiyyatdakı payının çoxaldılması, iqtisadiyyatın diversifikasiyası başlıca hədəf olaraq qalacaq".

BƏXTİYAR
banner

Oxşar Xəbərlər