• cümə, 26 Aprel, 15:07
  • Baku Bakı 23°C

Hikmət Babaoğlu: Rusiyanın rəsmi siyasətini zatulinlər müəyyən etmir

05.10.18 21:40 434
Hikmət Babaoğlu: Rusiyanın rəsmi siyasətini zatulinlər müəyyən etmir
Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulin ilk dəfə deyil ki, Ermənistanın işğalçılıq siyasətini və erməni separatizmini dəstəklədiyini nümayiş etdirir. Hər şeydən əvvəl belə mövqe Zatulinin təmsil olunduğu siyasi fraksiyanın və Rusiyanın rəsmi siyasi mövqeyinə ziddir. Azərbaycan və Rusiya qədim tarixi kökə malik olan tərəfdaşlardır. Hazırda hər iki ölkə arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Əgər bölgədə Azərbaycan ilə Rusiyanın qarşılıqlı əlaqələri və təhlükəsizliklə bağlı ortaq tədbirləri olmasa, regional təhlükəsizlikdən söhbət belə gedə bilməz. Elə bu yaxınlarda MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasında bir daha MDB ölkələrinin təhlükəsizliyinin təmin olunması, iqtisadi əlaqələrin dərinləşdirilməsi, humanitar, mədəni və hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident Vladimir Putinin ölkələrarası əməkdaşlığı dəstəklədiyi bir vaxtda Zatulinin bu cür məsuliyyətsiz açıqlamaları həm də Rusiyanın rəsmi siyasətinin əleyhinə olan yanaşma kimi dəyərləndirilməlidir. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemlərinin həll olunması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi fəaliyyət göstərir. Çox təəssüf ki, Zatulin bunları nəzərə almadan, sadəcə, erməni lobbisinin təsiri altında separatçıları dəstəkləməkdə davam edir. Bilirik ki, bu, birinci hadisə deyil. Vaxtilə qondarma "Dağlıq Qarabağ Respublikası” adlandırılan qurumun təşkil etdiyi siyasi şouda da müşahidəçi kimi iştirak etmişdi və yenə işğalçıları dəstəkləyən bəyanatlar vermişdi. Yaxşı olardı ki, Zatulin Ermənistanda və Dağlıq Qarabağda olarkən orada soydaşlarının olub-olmaması ilə də maraqlanaydı. Onlar necə yaşayırlar, rus dilinə və mədəniyyətinə münasibət necədir? Axı Zatulinin Dövlət Dumasında tutduğu vəzifələrdən biri də Rusiyadan kənarda yaşayan soydaşlarla əlaqələr üzrə komitə sədrinin müavinidir. "Mən əminəm ki, axtarsa belə nə Qarabağda, nə də Ermənistanın əksər ərazilərində bir dənə də olsun rus millətinin nümayəndəsini tapa bilməzdi”, - deyə H.Babaoğlu vurğulayıb.
Deputat əlavə edib ki, rus mədəniyyətinə və dilinə münasibətə gəldikdə isə, Zatulin ermənilərin bu məsələlərə necə aqressiv yanaşdıqlarını müşahidə etmiş olardı. Çünki Njde Qaregin kimi bir faşistə heykəl ucaldan ölkədə rus tapmaq olduqca çətindir. Hazırda Ermənistan işğalçılıq siyasətinə Rusiyadakı Zatulin kimi adamlardan dəstək almaqla bəraət qazandırmağa çalışır.
Milli Məclisin deputatı deyib: "Yaxşı olardı ki, Zatulin, ilk növbədə, Rusiyanın həqiqi dostunun, müttəfiqinin kim olduğunu dərk etsin və mövqeyini həqiqətən rus xalqının maraqları ilə uzlaşdıra bilsin”.
Son dövrlərdə Rusiya-Azərbaycan münasibətləri daha da dərinləşdiyini deyən "Yeni Azərbaycan” qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, bu yaxınlaşma, heç şübhəsiz, regionda iqtisadi inteqrasiyanı gücləndirməklə yanaşı, həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemlərinin həll olunması üçün yeni şərtlər formalaşdırır. Görünür, Zatulinin bu cür təxribatçı bəyanatlar verməsinə səbəb də onun ermənipərəst mövqeyidir və o, Rusiya-Azərbaycan münasibətlərinin yaxınlaşmasını istəmir. Əlbəttə ki, zatulinlər Rusiya Federasiyasının rəsmi siyasətini müəyyən edən şəxslər deyil. Rusiya-Azərbaycan münasibətləri bundan sonra da inkişaf edəcək, regionda ədalətli və qalıcı sülhün bərqərar olması üçün hər iki ölkə əlindən gələni edəcəkdir.
banner

Oxşar Xəbərlər