• çərşənbə axşamı, 19 mart, 10:12
  • Baku Bakı 8°C

Hikmət Babaoğlu: Azərbaycan iqtisadi müstəqilliyini qura bilib

21.09.19 20:30 1008
Hikmət Babaoğlu: Azərbaycan iqtisadi müstəqilliyini qura bilib
Azərbaycanın dinamik inkişafı və gündən-günə qüdrətinin artması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin və onun xalq tərəfindən dəstəklənməsinin nəticəsidir.
Bu fikri Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. Deputat qeyd edib ki, bu inkişaf əvvəlcədən müəyyənləşdirilmiş strategiya və xüsusi proqramlar vasitəsilə dövlət siyasəti kimi gerçəkləşdirilir. Heç şübhəsiz ki, bu zaman önə çıxan ən prioritet istiqamətlər milli maraqlarımızın qorunması və əhalinin rifah halının yüksəldilməsidir. Qeyd etmək lazımdır ki, yaşadığımız mürəkkəb geostrateji regionda milli maraqlara söykənən müstəqil siyasət həyata keçirmək heç də asan məsələ deyil. Çünki müstəqil siyasət həyata keçirmək və dövlətçilik maraqlarını daim öndə tutmaq, ilk növbədə, güclü iqtisadiyyatla əlaqəli olur. Azərbaycan məhz hər şeydən əvvəl iqtisadi müstəqilliyini qura bilib və hazırda sənayeləşmə dərəcəsi xeyli yüksək olan şaxələndirilmiş rəqabətqabiliyyətli iqtisadiyyata malikdir. Bəzən ölkəmizə qarşı müxtəlif təzyiq kampaniyalarının təşkil olunması da elə bu amillərlə bağlıdır. Çünki milli maraqlarımızdan əsla güzəştlər vermirik və bu, bəzi rəqiblərimizi xeyli narahat edir.
H.Babaoğlu qeyd edib ki, hazırda Azərbaycan həyata keçirdiyi müxtəlif təyinatlı regional və qlobal miqyaslı layihələrlə beynəlxalq münasibətlərin mühüm aktorlarından birinə çevrilib. Enerji sektorunda əldə edilən nailiyyətlər və həyata keçirilən meqalayihələr Avropanın enerji xəritəsini dəyişən xüsusi alternativ layihələr kimi, bu sahədə təhlükəsizliyi təmin edən vasitə olaraq nəzərdən keçirilir. Şübhəsiz, söhbət təkcə Avropanın enerji təhlükəsizliyindən deyil, həm də Azərbaycanın təhlükəsizliyindən gedir ki, bu da qarışlıqlı maraqların uzlaşdırılmasının optimal düsturu kimi ortaya çıxır. Əlbəttə, bütün bunlar, nəticə etibarilə, müharibə vəziyyətində olan Azərbaycanın hərbi-siyasi qüdrətini artırmaqla yanaşı, sosial problemlərin həlli üçün də yaxşı şərtlər formalaşdırır. Ölkəmizdə həyata keçirilən kompleks sosial islahatların maliyyə mənbəyi də, onun uğurlu olmasının səbəbi də karbohidrogen ehtiyatlarımızdan və digər iqtisadi resurslarımızdan səmərəli istifadənin təşkili ilə bağlıdır ki, bunu da Prezident İlham Əliyevin milli maraqlarımıza söykənən strateji siyasəti ilə əlaqələndirməliyik.
Alpər TURAN
banner

Oxşar Xəbərlər