Heydər Əliyev və Üzeyir Bəy fenomeni
Azərbaycan mədəniyyətinin yorulmaz himayədarı olan
ümummilli lider Heydər Əliyevin musiqi mədəniyyətimizin sütunu, dünya şöhrətli dahi bəstəkar, musiqişünas, publisist,
dramaturq, filosof, pedaqoq, alim,
akademik, ictimai xadim Üzeyir bəy Hacıbəyliyə xüsusi sevgisi və rəğbəti vardı .O,
mədəniyyət və incəsənətlə, mətbuatla bağlı çıxışlarında hökmən Ü. Hacıbəylinin
adını çəkər, ondan sitatlar gətirərdi.
Hətta ulu öndər tərəfindən 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında” imzalanmış fərmanda da ana dilinin
qorunmasında, tədrisində, inkişafında xüsusi xidmətləri olan qabaqcıl
maarifçilər, ziyalılar arasında Üzeyir bəy Hacıbəylinin adı iki dəfə
çəkilmişdir. Fərmanda deyilir: "...Ana dilinin taleyinə heç bir ziyalının
laqeyd qalmadığı bu dövrdə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir
Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi görkəmli söz ustaları Azərbaycan dilinin
saflığı və onun yad ünsürlərdən qorunması uğrunda fədakarcasına mübarizə
aparırdılar”.
Ulu
Öndərin rəhbərliyi dövründə bu məsələ reallaşdı
Azərbaycan mədəniyyətini və incəsənətini dərindən bilən, inkişafına
çalışan böyük siyasi və dövlət xadimi Heydər Əliyev keçən əsrin 70-ci
illərindən başlayaraq Bakıda, həmçinin digər şəhərlərdə görkəmli, dahi
şəxsiyyətlərin ev muzeylərinin açılmasına göstəriş vermişdir. Dahi bəstəkar
Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin açılması da məhz həmin dövrə təsadüf
etmişdir. Bu məbədin yaranması ümummilli liderin adı ilə bağlıdır. Doğrudur,
bəstəkar vəfat etdikdən üç ay sonra Azərbaycan hökuməti Üzeyir bəy Hacıbəylinin
adının əbədiləşdirilməsi ilə əlaqədar, 16 fevral 1949-cu ildə xüsusi qərar
qəbul etmişdir. Orada bir çox müddəalarla yanaşı, böyük sənətkarın Şuşada və
Bakıda ev-muzeylərinin yaradılmasına da yer ayrılmışdır. 1959-cu ildə Şuşada Ü.
Hacıbəylinin ev-muzeyi açılmışdır.
Bakıda isə bu məsələ düz 26 il həyata keçməmiş qalmışdı. Bəzi ixtiyar sahibi
olan məmurlar "ölülər gözləyərlər, bu məsələlər çox da vacib deyildir” eyirdilər. Ona görə də Ü. Hacıbəylinin
ev-muzeyi təşkil olunmurdu. Nəhayət, böyük öndər Heydər Əliyevin respublikaya
rəhbərliyi dövründə bu məsələ reallaşdı. Onun tapşırığı və yaxından köməyi
sayəsində 1949-cu il qərarının bu maddəsinin yerinə yetirilməsi baş tutdu. 20
noyabr 1975-ci ildə Bakıda Üzeyir bəyin 27 il (1915-1942) yaşadığı evini muzeyə çevirmək mümkün oldu. Bu barədə Heydər
Əliyev 1995-ci ilin sentyabrında dahi sənətkar Üzeyir bəy Hacıbəylinin anadan
olmasının 110 illik yubileyindəki çox dəyərli məruzəsində belə demişdir: "
1975-ci ildə biz Üzeyir Hacıbəyovun 90 illik yubileyini hazırladıq, təntənə ilə
həm Azərbaycanda, o vaxt imkan dairəsində Sovet İttifaqının həm paytaxtında,
başqa respublikalarda, dünyada qeyd edə bildik. Azərbaycanda, Bakıda mədəniyyət
xadimlərindən ilk dəfə Üzeyir Hacıbəyovun yaşadığı ev, onun ev-muzeyinə
çevrildi.
1975-ci ildə, 20 il bundan
əvvəl Üzeyir Hacıbəyovun ev-muzeyi açıldı. Biz hamımız çox məmnunuq ki, bu ev
muzeyi 20 ildir Azərbaycan xalqının, mədəniyyətinin inkişafına, yüksəlməsinə
xidmət edir. Yaranan gündən indiyədək bu
muzeyə Üzeyir Hacıbəyovun yaxın
silahdaşı Ramazan Xəlilov rəhbərlik edir, böyük xidmətlərinə görə mən onun
Azərbaycanın yüksək ordeni – "Şöhrət” ordeni ilə təltif olunması haqqında
fərman imzaladım. Ramazan Xəlilov çox xoşbəxt adamdır. 95 yaşı var, bu gün də
fəaliyyətdədir. O, Üzeyir Hacıbəyovla çiyin-çiyinə gedib, bizim üçün onun
nişanəsidir. Ona görə də o, bizim üçün əzizdir və xoşbəxtlik də ondan ibarətdir
ki, o, bu gün də yaşayır. Güman edirəm ki, biz onun 100 illiyini də qeyd
edəcəyik”.
Özümüzü
bu hissiyyatlarla gələcəyə hazırlamalıyıq
1975-ci ildə böyük dövlət
xadimi Heydər Əliyev özü şəxsən muzeyin açılışında iştirak etmiş və demişdir ki,
muzey Ü. Hacıbəyov kimi dahi sənətkar üçün çox darısqaldır, onu qonşu evlərin
hesabına genişləndirmək lazımdır. Ulu öndərin uzaqgörənliklə söylədiyi bu
fikirlər 1985-ci ildə dahi bəstəkarın 100 illik yubileyində gerçəkləşdi. Heydər Əliyev tərəfindən direktor təyin edilmiş, Üzeyir bəyin
qohumu Ramazan Xəlilovun yorulmaz səyi
nəticəsində muzeyə bitişik binalardan on ailə köçürüldü. Onlara təzə evlər
verildi. Və bu mənzillər də muzeyə əlavə olundu. Lakin sonuncu dəfə 1985-ci
ildə əsaslı təmir olunan muzeyə 2005-ci ilə qədər əl vurulmadı. 2004-cü ilin
payızında muzeydə çalışdığım zaman, Heydər Əliyev ənənələrini layiqincə davam
etdirən hörmətli prezidentimiz, cənab İlham Əliyevə televiziya vasitəsi ilə
müraciət etdim. Müraciətim cavabsız qalmadı. Az sonra, 28 fevral 2005-ci ildə möhtərəm prezident
İlham Əliyev Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin əsaslı təmir edilməsi ilə bağlı xüsusi sərəncam imzaladı. Vaxtilə
Heydər Əliyevin yaxından köməkliyi ilə təşkil edilmiş Üzeyir Hacıbəylinin
ev-muzeyi məhz İlham Əliyevin sayəsində əsaslı təmir olundu. Muzeydə
xidmətləri az olmayan bir insan kimi, buna görə dövlət başçımıza dərin təşəkkürümü bildirirəm. Ümummilli lider
Heydər Əliyev Üzeyir bəy Hacıbəyli fenomenini qiymətləndirə bilən bir dövlət
xadimi idi. O, mədəniyyətlə, incəsənətlə, hətta ədəbiyyat və publisistika ilə
bağlı çıxışlarında dahi Üzeyir bəyi
xatırlayır, ona istinad edir, bütün sahələrdə onun dahi olduğunu dönə-dönə
vurğulayırdı.
Böyük öndərin, Ü.
Hacıbəylinin anadan olmasının 110 illik yubileyinə həsr edilmiş tədbirdəki məruzəsi
bu gün də yaddaşlarda yaşayır. Bənzərsiz natiq olan Heydər Əliyev Üzeyir bəyin
həyat və fəaliyyətini o qədər gözəl təhlil etdi ki, musiqişünas alimləri
kölgədə qoydu. O, dahi şəxsiyyətin həm publisistikasından, həm
dramaturgiyasından, həm pedaqoji fəaliyyətindən, həm alimlik məharətindən, həm
Azərbaycan ictimai-siyasi həyatındakı xidmətlərindən, həm də ictimai xadim kimi
gördüyü işlərdən dolğun məlumat verərək, dinləyiciləri valeh etdi. Heydər
Əliyev həmçinin Ü. Hacıbəylinin
operalarından, operettalarından, digər musiqi əsərlərindən, onun üç hakimiyyətin
- çar Rusiyası, Azərbaycan Demokrat
Respublikası və sovetlər dövründə yaşadığını qeyd etmiş, onun vətənpərvərliyini xüsusi vurğulamışdır. Bu
barədə Heydər Əliyev demişdir: "Üzeyir Hacıbəyovun yaradıcılığı həmişə
insanları vətənpərvərliyə dəvət edir. Biz bu gün də Üzeyir bəy Hacıbəyovun
xatirəsini yad ediriksə, onun yaradıcılığını bir daha yüksək
qiymətləndiririksə, bu yaradıcılığın ən yüksək nöqtəsi olan vətənpərvərlik
hisslərini özümüzdə daha da artırmalıyıq, daha da inkişaf etdirməliyik. Özümüzü
bu hissiyyatlarla gələcəyə hazırlamalıyıq”.
Elə
şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar
Üzeyir bəy Hacıbəyli irsini
dərindən bilən, bütün söhbətlərində, çıxışlarında dahi sənətkarın bənzərsiz
dühasından söz açan ümummilli liderimizə jurnalistlər "sizin ən sevimli
bəstəkarınız kimdir?” sualını verəndə Heydər
Əliyev tərəddüd etmədən "Üzeyir
Hacıbəyov ”- demişdir.
"Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı,
böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi
fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya
korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət
olmuşdur ” - deyən ulu Öndər, böyük sənətkara tükənməz məhəbbətini izhar
edərək, daha sonra qeyd etmişdir: "...dahi Üzeyir bəy Hacıbəyovun xatirəsi
qarşısında baş əyirəm. Bütün Azərbaycan xalqı bu gün Üzeyir Hacıbəyovun xatirəsi
qarşısında baş əyir. Mən onun xatirəsinə hörmət və ehtiramımı bildirərək, bu
gün bir daha xalqımızı birliyə dəvət edirəm. Üzeyir Hacıbəyov irsinin yaşaması
naminə, mədəniyyətimizin, mənəviyyatımızın yaşaması naminə sizin hamınızı
şücaətə, qəhrəmanlığa, vətənpərvərliyə dəvət edirəm”.
Unudulmaz siyasi və dövlət xadimi Heydər
Əliyevin doğum günü ərəfəsində bir daha onun Üzeyir bəy Hacıbəyliyə olan
münasibətini vərəqləməyi özümüzə borc bildik. Çünki böyük insanlar heç zaman
ölmürlər. Onlar gözəl əməlləri ilə tarixdə, yaddaşlarda əbədi yaşayırlar.
Dahi Üzeyir bəy Hacıbəyli hələ
1910-cu ildə özünün nəşr etdiyi "Həqiqət” qəzetində belə yazırdı: "Bəşəriyyət
tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün
xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar.
Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət
verirlər”.
Böyük fəhmlə, dahiyanə deyilmiş bu
kəlamlar həm ümummilli lider Heydər Əliyevə, həm də elə dahi sənətkarımız
Üzeyir bəy Hacıbəylinin özünə şamil edilməlidir.
Bəli, bu böyük insanlar dünyalarını
dəyişdikdən sonra da öz əməlləri ilə doğma vətənə, sevimli xalqımıza uğur və
şərəf gətirirlər. Belə dahiləri olan millət böyükdür, xoşbəxtdir, yenilməzdir.
Səadət
QARABAĞLI,
üzeyirbəyşünas