AZE | RUS | ENG |

Həyatın özü də bir yazıçıdır, həm də çılğın...

Həyatın özü də bir yazıçıdır, həm də çılğın...
Elif Şəfəq: “İnsanlar nəsə etdikdə xoşbəxt olursa və ya bacardığı bir işi yüksək şəkildə cəmiyyətə təqdim edə bilirsə, bu, uğurun ən böyüyüdür”


Son zamanlar sosial şəbəkələrdə və gündəlik həyatımızda məşhur türk yazarı olan Elif Şəfəqdən sitatlar gətiririk. Yazıçının kitabları nəinki Avropada, hətta bizim vətənimizdə də oxunma sayına görə ən ön sıralardadır. Belə ki, yazıçı “Aşk”, “İsgəndər”, “Baba və Piç”, “Şemspare” romanları ilə hər kəsin sevimlisinə çevrilib.

Elif Şəfəq roman yazarlığından əlavə, həm də Türkiyə və Avropa mətbuatında köşə yazarı kimi şöhrət qazanıb. Onun yazdığı köşələr müharibə, Yaxın Şərqdə qadın azadlığı mövzularına həsr olunub. Yazdığı köşələrində daha çox yaşadığı cəmiyyətdən qaynaqlandığını söyləyən Elif Şəfəq bu günlərdə Türkiyə mətbuatına müsahibə verib. Müsahibəni sizə təqdim edirik.

Oxuduğum hekayəni beynimdə dəmləyirəm

- Sizin oxucularınız elə bir səviyyəyə gəlib ki, başqa yazarları artıq bəyənmirlər. Köşə yazılarınız da oxucular tərəfindən çox bəyənilir. Oxucuları özünüzə necə cəlb edirsiniz?

- Təşəkkür edirəm fikirlərinizə görə. Düşünürəm ki, hər həftə təcrübə üçün köşə yazmağım yaxşı roman yazmağıma təsir edib. Ümumiyyətlə, roman yazıçıları təkbaşına bir aləmdə yaşayırlar. Onların real həyatdan qopmaq ehtimalı daha çox olur. Roman yazarkən yazıçı sanki içərisində yaşadığı cəmiyyətdən uzaqlaşır. Ancaq köşə yazıları bizə dünyada və yaşadığımız aləmdə nələr olduğunu izləməyə imkan verir. Cəmiyyətdə baş verən hadisələri müzakirə etməyi çox sevirəm.

- Kitablarınızda fərqli insanlardan bəhs edirsiniz. İnsanların hekayəsini yazdıqca ondan təsirlənirsinizmi?

- Bilirsinizmi, gerçək insan hekayələri ədəbiyyatçılar üçün çox önəmlidir. Roman yazarının işi xəyal qurmaqdır. Həyatın özü də bir yazıçıdır, həm də çılğın bir yazıçı və o durmadan hekayələr yazır. İnsanlar həyatın yazdığı hekayələri də oxumalıdır. Mən də cəmiyyəti və hətta dünyanı bir kitab kimi oxumağı, ya da oxumağa çalışmağı sevirəm.

- Kitablarınızın son səhifələrində oxucuya sanki “Sonunu siz xəyal edin” deyirsiniz. Siz əsərlərinizə sonluq verə bilmirsinizmi?

- Xeyr. Əslində, oxucuya “davamını siz düşünün” deməyi planlı şəkildə edirəm. Kitablarımın son səhifəsi oxucular üçün bir qapıdır. Oradan keçən öz beynindəki hekayəni oxuyar, yeni sonlar yazar, ya da öz aləmində yeni başlanğıclar tapar. Yəni, hər şeyə yuxarıdan baxıb, idarəli şəkildə danışmaq və oxucuya müəllimlik edərək yol göstərmək əvəzinə, oxucu ilə bərabər şəkildə kitabın bir parçası olmağa dəvət edirəm. Əslində mən kitablarımdakı hekayələri oxucularımla bərabər yazıram.

- Yeni kitabınızı həyəcan və maraqla gözləyirik. İnsanlara danışmağa yeni hekayəniz varmı?

- İçimdə, zehnimdə, ürəyimdə qurduğum bir hekayə var. Ancaq o hekayə hələ ki tum qədər kiçikdir. O tumdan nələr çıxacaq, onu hələ bilmirəm. “İsgəndər” romanım bitdikdən sonra yenisini yazmağa çalışdım. Roman yazarkən özümü çox yorduğum və əziyyət çəkdiyim üçün sonradan özümə gəlməyim üçün xeyli zaman sərf etməli oluram. Romanı yazmağa başlamazdan əvvəl bir müddət səssizliyə çəkilib həyatın dövranına baxıram, mənə söylədiyi pıçıltıları dinləyirəm, bundan başqa, yeni hekayələr oxuyuram, oxuduqca da öyrənirəm. Bir kitabı oxuyandan sonra bir az ara verirəm. Gözləyirəm ki, oxuduğum hekayə beynimdə dəmlənsin.

Baxdım olmur, yenidən başladım

- Yazdığınız hekayələrdə heç tərəddüd etmisinizmi?


- Roman yazarkən özümü çox yoruram. Yazmağa çalışıram, özlüyümdə olmadı deyirəm, yenidən başlayıram. Bəzən bir xarakteri təqdim edəndə tərəddüd edirəm, hərdən də olub ki, romanın adını qoymağa çətinlik çəkmişəm. Əslində, tərəddüd etmək romanın ən əsas parçasıdır. Fərqi yoxdur istər film olsun, istər albom, istərsə də roman. Hamısı eynidir, yəni onların yaranmasında mütləq şəkildə tərəddüdlər qaçılmazdır.

- Siz özünüzü yaradıcı insan hesab edirsinizmi?

- Tomas Edisonun bir sözü var, deyir ki, “Yaradıcılığın 99-% zəhmət, yüzdə biri isə istedaddır”. Yaradıcılıq mənim üçün bir əzələ kimidir. İstifadə etdikcə inkişaf edir. İstifadə etmədikdə isə çox zəifləyir. Həyatda hər şey insandan əziyyət tələb edir. Əziyyət çəkməsən, gecə-gündüz çalışmasan, heç bir nailiyyət əldə edə bilməzsən.

- Roman yazıçısı kimi siyasətdən bəhs etmirsiniz. Ancaq köşə yazarı olaraq fikirlərinizi insanlarla paylaşırsınız. Müharibə sizin üçün nə deməkdir?

- Müharibə göz yaşı və məhv olmuş həyat, ümidin sonu deməkdir. Müharibələr hər zaman insanlara acı və kədər gətirib. Mən beynəlxalq əlaqələr ixtisasını bitirmişəm. Bu sahə üzrə bilgim çoxdur. Təkcə Türkiyə mətbuatında deyil, dünya mətbuatında da yazılarım dərc olunur. Mənə görə bir türk yazarının siyasətlə maraqlanması kimi bir qadağası da yoxdur. Əgər dünyada nə olub-bitdiyini, insanların necə yaşadığını bilmək istəyiriksə, başımızı aşağı salıb sadəcə roman yaza bilmərik.

- Yazılarınızın birində “imtina etmək ən gözəldir” deyirsiniz. Geridə zibilliyə gedən səhifələr, ya da buraxdığınız kimlərsə oldumu?

- Əlbəttə. Təkcə zibilliyə gedən səhifələrim deyil, hekayələrim və romanlarım olub. Yazdım, yazdım, olmadı. Baxdım olmur, yenidən başladım.

“Məsafəli sevgi”

- Hazırda sosial media ilə münasibətiniz necədir?


- Mənim sosial media ilə münasibətim sadəcə olaraq “məsafəli sevgi” şəklində qurulub. Sosial mediaya kənardan baxıram. Ürəyimə yaxın olan mövzularda iştirak edirəm, bunun kənarında isə heç nəyə qarışmıram. Twitterdə səhifəm var. Daha çox oxucularla canlı ünsiyyətə önəm verirəm. Ancaq orada şəxsi mövzular yazmağı sevmirəm. Əsasən də heç kimə sataşmıram. Orada öz fikirlərimi, əsərlərim, dünyada baş verən hadisələrlə bağlı yazılar yazıram. Mənim səhifəmdə təhqir, nifrət, dedi-qodu yoxdur.

- Bir yazıçı deyib ki, “Nə yazırsanız-yazın, nə qədər ki əvvəlki romanınızın tirajını keçməmisiniz, o zaman uğursuz yazıçı hesab olunursunuz”. Bəs sizdə necə?

- “Aşk” romanımdan bir müddət sonra buna bənzər bir kitabım oldu. Yəni ondan sonra gələn “İsgəndər” romanım da çox tirajla satıldı. Oradakı xarakterlər məni və insanları çox cəlb etdi. Bilirsinizmi, hər kitab yepyeni bir yol deməkdir. Mən kəlmələrə aşiqəm. Yazmağı sevirəm. Önəmli olan da budur məncə.

- Öz həyat hekayənizi heç qələmə almısınızmı?

- Öz həyatım haqqında yazmağı xoşlamıram. Mənim üçün ədəbiyyat ancaq öz başımdan keçənləri başqa insanlara danışmaq deyil, mənim romanlarım heç zaman avtobioqrafik xarakter daşımayıb. Məni hər zaman həyəcanlandıran bir başqasının həyatını yazaraq yaşamaq olub. Yəni özümü başqa bir insanın yerinə qoymaq, dünyaya bir də onun dünyagörüşündən baxmaq, bir az da başqa bir insana bürünməkdir.

- Necə?

- O zaman özüm olmaqdan çıxıram. O xarakterin mənə verdiyi sərbəstliyi sevirəm. Sənət isə bunu mümkün edir. Çünki gündəlik həyatda elə bir şansımız yoxdur. Hamımız bir şəxsiyyəti daşıyırıq. Amma ədəbiyyatda bu belə deyil. Misal üçün, qəhrəman XVII əsrdə də yaşaya bilər, hansısa bir səhrada da hadisə baş verə bilər. Ona görə başqası olmaq insanı daha çox həyəcanlandırır.

- Siz yazarkən sanki qəhrəmanın xarakterini canlandırırsınız, onun daxili aləminə girirsiniz. Sizin üçün bu çətin deyilmi?

- Çox çətindir. Çünki romanı yazarkən həmin xarakterin kədərini yaşamağa məhkum olursunuz. Bu dəfə isə onun həyat təcrübəsini danışırsınız. Roman yazarkən sanki kağız üzərində bir orkestr yaradıram. Mənim romanlarımda çox fərqli qəbilələrdən gələn, fərqli fikirlərə sakin olan, çiyinlərində fərqli romanlar daşıyan insanlar var. Məncə, bu, oxucu üçün də maraqlıdır. Oxucu üçün hekayəni danışıram, geri qalanını isə onun ixtiyarına buraxıram.

Roman yazarkən sanki sərxoş oluram

- Müsahibələrinizdə “depresyona girdiyim zamanlar çox olub” demisiniz. Sizcə, belə hallar nədən yaranır?


- Mənim üçün ən çətin dönəmlər kitabımın bitdiyi dövrlərdir. Romanı bitirdikdən sonra onu nəşriyyata təslim edirəm, ondan sonrakı mərhələ mənim ruhdan düşdüyüm bir dönəmdir. Sanki bir şey əlinizdən alınır və siz boşluğa düşürsünüz. Kitabı təhvil verənə qədər yazıçı bir neçə il yaratdığı obrazların xarakteri ilə yaşayır və yaratdığı xarakterlərə daha da canlılıq qatır. Obrazlarında nələri isə dəyişir. Depressiya dönəmlərində yazıçı elə bir nöqtəyə gəlir ki, artıq heç nəyi dəyişə bilmir. Yazıçı xəyal aləmindən ayrılıb öz həyatına geri dönür və həyatı dərk etdiyində romanın onun həyatı ilə heç bir əlaqəsi olmadığını görür. Bu, yazıçı üçün çox çətindir. Dünyada bir çox yazarlar kitabını hazır etdikdən sonra depressiyaya girirlər.

- Roman yazarkən nədən ilhamlanırsınız?

- Romanı yazarkən sanki sərxoş oluram. Hətta nə yazdığımı belə bilmirəm. Romanı yazmağa başlayarkən hansısa bir şəkildən də qaynaqlana bilərəm. Hansısa bir duyğudan, hansısa bir hissdən ilhamlanıram. Romanı yazmağa başlayarkən açılış səhnəsini qeyd edirəm, gözümdə onların rəsmlərini çəkirəm. Daha sonra rəsmlərdə gördüyüm o xarakterləri anlamağa çalışıram. Hərdən elə şeylər olur ki, xarakter haqqında səkkiz səhifə yazandan sonra onun nə edəcəyini mən də bilmirəm.

- İndi cəmiyyətdə nazik kitablar oxunur. Geniş romanlar və yazılar heç kimin diqqətini cəlb etmir.

- Bəli, indi texnologiya əsridir. Hər kəs nəyəsə sürətli şəkildə nail olmağa çalışır. Sanki hamı harasa çatmaq üçün tələsir. Bir şeylə diqqətlə maraqlanmaq üçün zamanın olmadığından şikayətlənir. Mənə görə, hər şeyin bu qədər tez inkişaf etdiyi bir dövrdə insanların zaman-zaman durmağa, özlərinə baxmağa, durulmağa da ehtiyacı var. Hər kəs düşünür ki, insanların romanlara marağı yoxdur. Ancaq əksinədir.

- Elif Şəfəq üçün uğur nə deməkdir?

- Uğur mənim üçün elə də vacib sandığım məfhum deyil. Uğur uzun müddət əziyyət çəkdikdən sonra əldə etdiyim bir nailiyyətdir. Yola çıxarkən mən uğurlu olacağam deyə düşünmürəm. İnsan uğuru çox önəmsədikcə sanki uğursuzluğa düçar olur. Məncə, insanlar nəsə etdikdə xoşbəxt olursa və ya bacardığı bir işi yüksək şəkildə cəmiyyətə təqdim edə bilirsə, bu, uğurun ən böyüyüdür.

Hazırladı: Xəyalə Rəis

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299