AZE | RUS | ENG |

Hərbi fotojurnalistika gəlirsiz sahədir

Hərbi fotojurnalistika gəlirsiz sahədir
Vüqar İbadov: “İndiyə qədər bir dənə də olsun ödənişli hərbi çəkiliş etməmişəm”

Medianı fotosuz təsəvvür etmək mümkün deyil. Yazılı jurnalistikada hadisələr sözlə, fotojurnalistikada isə görüntülərlə topluma çatdırılır. İkisi bir yerdə olduqda isə tamlıq təşkil edir, informasiya daha dolğun ötürülür və qəbul edilir. Məşhur Amerika fotojurnalsiti W. Eugene Smithə görə, fotojurnalistika məqsədi olan sənədli fotoqraflıqdır. 20 ildir fotojurnalist kimi çalışan müsahibim Vüqar İbadovla söhbətimizə bu iki peşə sahibinin fərqini müzakirə edərək başladıq...
 
-Fotojurnalist kimdir, fotoqraf kimdir?
- Fotojurnalist fotoqrafdan çevikliyi, öngörüşlülüyü, hissiyyatı, cəldliyi, operativliyi ilə fərqlənir. Bütün bunlar fotojurnalistin üstünlüyüdür. Düşdüyü məkanda, düşdüyü vəziyyətdən istifadə etməyi bacara biləndir. Bu cür keyfiyyətlər fotoqrafda yoxdur. Adi fotoqraf elə bir vəziyyətə düşsə özünü itirəcək, nə edəcəyini bilməyəcək. Amma fotojurnalist düşdüyü vəziyyətdə artıq bilir ki, nə etməli və necə etməlidir.  Əgər hər ikisini biri-birindən xəbərsiz böyük bir dövlət tədbirinə göndərsək və sonra hər ikisinin çəkdiyi fotoları müqayisə etsək, aradakı fərqi görməmək mümkün deyil. Fotoqraf adi kadrlar, adi planlar çəkəcək. Amma fotojurnalist orda insanları, situasiyaları müşahidə edəcək,  qeyri-adi, maraqlı planlara üstünlük verəcək. Fotojurnalistin müşahidə qabiliyyəti daha güclü olur. Küçə ilə getdiyi yerdə bir hadisə baş versə, fotoqraf  qaçıb canını qurtarmağa çalışacaq. Amma fotojurnalist özündə avadanlıq olmasa da, kimdənsə avadanlıq əldə edəcək və ya mütləq bir yol tapıb həmin hadisəni  çəkəcək.  

- Deyirlər dünyada heç bir fotoqraf hələ arzusunda olduğu kadrı çəkə bilməyib, bəs Vüqar İbadov? 
- Birini çəkmişəm, onu ən uğurlu işim hesab edirəm. Ən çox sevdiyim, dəyər verdiyim kadrdır. Qaçqınlarla bağlıdır. Əlində yemiş tutmuş uşaq. Fotonun çəkilişindən 20 il sonra həmin oğlanı yenidən görməyim isə sözlə ifadə olunmayacaq bir hiss idi. 20 il sonra əsərimin qəhrəmanı ilə görüşdüm. Qalıb ikisi... Hələ də axtarışındayam. 

- Həqiqəti sözlə ifadə etmək çətindir, yoxsa foto ilə?
- Həqiqəti foto ilə göstərəndə bəzən insanlar onu başqa cür başa düşürlər. Başqa istiqamətlərə yozurlar. Halbuki sən tamam başqa şeyi çatdırmaq istəmisən. Bəzənsə, foto insanın həyatına mail ola bilər. Çünki foto birbaşa faktdır. Ona görə foto ilə demək daha çətindir.  

- Fotojurnalistika yazılı jurnalistikadan daha güclüdür?
- Məncə, elədir. Hazırda dünya mətbuatında foto birinci yerdə durur. Hər bir insan əlinə jurnal götürəndə ilk növbədə maraqlı foto axtarır. Xəbərdə belə, çəkilən videogörüntü önəmli deyil, nəinki foto. Üstünlük hazırda fotodadır. Amma sosial şəbəkələrin bu dərəcədə inkişafı, mobil telefonlar, sosial şəbəkələrdə çəkilən, paylaşılan fotolar fotojurnalistikanı üstələyir. Bəzi dünyamiqyaslı fotomüsabiqələr var ki, onların hesabına fotojurnalistika öz mövqeyini qoruyub saxlaya bilir. Vətəndaş jurnalistikasındakılar peşəkar fotojurnalist olmasalar da, peşəkarların işinə uyğun işlər görürlər. Bəzi hallarda onlar arasında rəqabət də ola bilir. Hətta bəzən toplum arasında  operativlik baxımından peşəkarları üstələyə də bilirlər. Lakin bütövlükdə götürsək, əlbəttə ki, peşəkarlar daha üstün mövqedədir. 

- Dünya mətbuatında fotonun üstünlüyündən söz düşmüşkən, Azərbaycanda fotojurnalistika peşə kimi hansı səviyyədədir?
- Azərbaycanda fotojurnalistika ötən illərə nisbətən xeyli inkişaf edib. Lakin istərdik ki, bu sahədə daha çox işlər görülsün, məktəblər, jurnalistika fakültəsində ayrıca fotojurnalistika kafedrası yaradılsın. Jurnalistika tarixində Azərbaycanın korifey fotojurnalistləri olub. Sovet dövründə Cahangir İbadov adlı fotojurnalistimiz olub. Çoxları elə bilir ki, qohumumdur. Amma deyil. Hüseyn Mehdizadə, Bahadır Cəfərov, Asim Talıb, Rasim Sadıqov, Rauf Umudov, hazırda Kanadada yaşayan  Xalid Əsgərov kimi peşəkar fotojurnalistlərimizin adlarını çəkə bilərəm. Kifayət qədər təcrübəli, peşəkar müəllimlərimiz var. Onlara şərait yaratmaq lazımdır ki, bildiklərini gənclərə öyrətsinlər. İstəyərdim ki, Təhsil Nazirliyi bu işə ciddi yanaşsın. 

- Hərbi fotojurnalistika nisbətən zəif inkişaf edir. Həm də bir hərbi fotojurnalist olaraq bunun səbəbini nədə görürsünüz?
- Hərbi fotojurnalistika gəlirsiz sahədir. Səmimi danışaq ki, bu sahədə gəlir yoxdur. Hamı isə gəlirli işə qaçır. Beləliklə, fəaliyyət olmadıqda, inkişaf da olmur. Ara-sıra gedib çəkirəm. Onların çoxu istifadə olunmur. Özlərinə verirəm. Bunu Müdafiə Nazirliyi təşkil etməlidir. Son illərdə Əlisəfa müəllimin başçılığı ilə "Konflikt” jurnalistika məktəbi yaradılır. Bu, ən azından bizim sahəyə kiçik bir dəstəkdir. Hərbi fotojurnalistikaya tələbat yoxdur. Toylara tələbat var, hamı qaçır, ad günlərinə tələbat var, hamı qaçır, "love story”lərə tələbat var, hamı qaçır. Bu dəqiqə hər hansı bir fotoqrafa təklif etsək ki, "hərbi çəkiliş var gedək”, getməyəcək. Soruşacaq nə qədər pul veriləcək? Mən gedib təmənnasız çəkirəm. İndiyə qədər bir dənə də olsun təmənnalı hərbi çəkiliş etməmişəm. Çünki istəmirəm bir gün sərgilərdə xarici fotojurnalistlərin işləri nümayiş etdirilsin. İstəyirəm özümüzünkü olsun və gənc nəsil görsün ki, özümüzdə var. Həvəslənsinlər. Xarici şəkillərin yayımlanmağının əleyhinəyəm. 

- Foto zamanın bir anını əbədiləşdirməkdir. Bəs siz həyatınızın hansı anını kadrlarda əbədiləşdirmək istəyərdiniz?
- Dəqiq deyə bilməyəcəm. Heç kim özünə ölüm arzulamaz. Amma fotoqraflar var ki, öz ölümlərini əbədiləşdiriblər. Mən belə bir şeyi istəməzdim...

Sevda ULUTAU
BDU jurnalistika, III kurs 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163