• cümə, 26 Aprel, 06:37
  • Baku Bakı 12°C

Hər universitet bitirən aktyor ola bilmir

04.06.13 08:45 2131
Hər universitet bitirən aktyor ola bilmir
Müsahibim Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında baş rejissor vəzifəsində çalışan Mirbala Səlimlidir. O, Moskva Ali Ssenaristlər və Rejissorlar kursunun kino rejissorluğu bölməsində və A.German və S.İ.Karmalitanın emalatxanasında təhsil alıb, öz təcrübəsini “Vəsiyyət”, “Avropanın oğurlanması”, “Mayakovskinin şən ili”, “Sağ Mayakovski”, “Üç tac qoyma mərasiminin marşalı” və sair kimi sənədli filmlər hazırlamaqla nümayiş etdirib. Rejissor uzun müddətdir ki, Şəki Teatrında öz yaradıcılığına müxtəlif tamaşalar hazırlamaqla davam edir.
Hamıya məlumdur ki, Şəki Dövlət Dram Teatrı 1 ildir ki, təmir dövrünü yaşayır. Yeni mövsümü Şəki Teatrı yeni binası və yeni tamaşaları ilə qarşılamağa hazırlaşır. Teatrın baş rejissoru ilə teatrın problemlərindən və gələcək planlarından danışdıq.
Bazamız çox zəifdir
- Şəki Teatrı əyalət teatrı olmasına baxmayaraq, tamaşaları hər zaman maraqla qarşılanıb. Sizcə, bunun əsas səbəbi nədir?
- Bölgələrdə olan teatrların əyalət teatrı kimi səslənməsi fikrini qəbul etmirəm. Çox yaxşı olardı ki, regionlardakı teatrlara bölgə teatrı deyilsin. Şəki çox teatral bir məkandır. Şəkidə məşhur teatr xadimləri, dramaturqlar yetişiblər. Ümumiyyətlə, Şəkini sulu quyuya bənzədirəm. Yəni bu quyu su ilə doldurmayıb, su onun elə özündən qaynayıb çıxıb. Ümumiyyətlə, Şəki teatrında fəaliyyət göstərən rejissorlar həmişə çalışıblar ki, teatra yeni ideyalar gətirsinlər. Mən də çalışmışam ki, xalqın folklorundan, içindən gələn o teatrallıqdan istifadə etməklə yanaşı, çağdaş dünya teatrında yaranan yeni sənət ruhundan da kənarda qalmayaq. Bu mənada tamaşalarımızın yüksək professionallıqla hazırlanmasına can atmışıq. Çalışırıq ki, Şəkidə teatr mədəniyyətini saxlamaqla bərabər, onu bir az da inkişaf etdirək. Sənətdə özfəaliyyəti bəyənmirəm, ümumiyyətlə, bu anlayışı qəbul edə bilmirəm. Professional teatrda özfəaliyyətin qəti əleyhinəyəm.
- Teatrda fəaliyyət göstərən aktyorların 90 faizi məhz teatrın nəzdindəki studiyada formalaşıblar. Bu proses tamaşaların hazırlanmasında hansı çətinlikləri yaradır?
- Bizim teatrın aktyorlarının əksəriyyətini özümüz yetişdirmişik. 1996-1997-ci illərdən rejissor kimi fəaliyyətə başlayandan truppada gənc aktyorlar yetişdirməyə başlamışıq. Onlara aktyor sənəti, səhnə danışığı, səhnə plastikası, rəqs və teatr tarixindən dərslər keçmişik. Çalışmışıq ki, onları teatr üçün professional səviyyədə hazırlayaq. Ümumiyyətlə, teatrda həmişə yaşlı nəsil olub. Amma gənclərin çatışmamazlığı teatrımızda hiss olunub. Birinci növbədə gənc aktrisalara ehtiyacımız var. Teatrımızda sentyabrdan artıq yeni kurs yaradılacaq. Burada da gənc aktyorlar yetişdiriləcək. Tək Şəki teatrı deyil, bölgə teatrlarının hamısı bu cəhətdən çətinlik çəkir. Nəinki aktyor-aktrisa, həm də teatr rəssamı, qrim ustası, bir sözlə, teatrın hər hansı bir sahəsində işləyən professional mütəxəssislərimiz azdır. Bu mənada bölgə teatrlarının hamısı əziyyət çəkir. Biz də çalışırıq ki, öz növbəmizdə teatrın özündə mütəxəssis yetişdirək. Bazamız çox azdır. Ancaq onu da qeyd edim ki, teatr mütəxəssislərinin və aktyorların teatrın özündə yetişdirilməsi daha yaxşı fayda verir. Çünki onlar Şəki teatrının ruhunda, oyun üslubunda yetişirlər. Bu da sonradan ümumi ansamblın yaranmasına səbəb olur və tamaşanın bədii bütövlüyünə yaxşı təsir göstərir. Teatr tamaşalarında yüksək ansambllıq və bütün teatr elementlərinin ahəngdarlığını nümayiş etdirməlidir. Buradakı aktyorlar başqa-başqa oyun tərzi ifa edə bilməzlər.
- Teatrda bazanın azlığından bəhs etdiniz. Bu, hazırlanan tamaşaların professionallığında hansı problemləri yaradır?
- Ümumiyyətlə, professionallıq heç də təhsil alıb-almamaqdan asılı deyil. Teatrın özündə elə bir aktyor yetişə bilər ki, onun oyun tərzi təhsil görmüş aktyorun oyun tərzindən qat-qat yüksək olar. Biz istedadlı tələbələrimizi işlə təmin edirik. İki ildə 20 nəfər tələbə götürürüksə, onların içərisindən teatra süzülüb-ələnən 2-3 nəfər çox gözəl aktyor qalır. Hər universiteti bitirən tələbə aktyor ola bilmir. Teatr aktyoru hər zaman sınağa çəkir. Aktyor özü də hiss edir ki, o, bu teatrda işləyə bilər, ya da bilməz. Nəzərinizə çatdırım ki, bölgə teatrında işləmək aktyordan böyük cəsarət tələb edir. Burada aktyorun öz sənətinə məhəbbəti daha yüksək olmalıdır. Çünki paytaxtda olan şərait heç də bölgə teatrlarında yoxdur. Yəni aktyorların teatrdan əlavə başqa işlə məşğul olmağa imkanları olmur.
Dövrümüzün qəhrəmanı
- Sizcə, klassiklərin əsərləri bu gün müasir tamaşaçı üçün nə dərəcədə önəmlidir?
- Klassik əsərlər hər zaman teatr səhnələrində oynanılıb və hər bir dövr üçün çox aktualdır. Klassika rejissorun və aktyorların professionallıq səviyyəsinin artmasına kömək edir. Əgər hansısa rejissor klassik əsərin səhnədə yüksək səviyyədə həllini tapıbsa, bu onun nailiyyətinin göstəricisidir. Klassika teatrın barometridir. Klassik əsəri səhnədə nümayiş etdirməyi bacaran teatr müasir əsərləri də oynamağı bacarar. Bu əsərlərdə qaldırılan problemlər ölməzdir, ədəbi mövzulardır. Bu gün müasir əsərlərin axtarışı bütün teatrlarda əsas problemdir. Elə teatr tanımıram ki, müasir əsər axtarmasın. Elə bir rejissor olmaz ki, yaxşı müasir əsər tapsın və ondan imtina etsin. Bugünkü problemləri qaldıran və onun həlli yollarını göstərə biləcək əsərlər çox azdır. Bəzən bizim müasir pyeslərimizdə ortaya qoyulan problem aktual olsa da, əsərin dramaturji strukturu çox zəif və dağınıq olur. Bu da müasir dramaturqların səhnəni yaxşı bilməməyindən irəli gəlir. Dram nəzəriyyəsi deyilən bir anlayış var. Gənc dramaturq hansısa bir əsər yazırsa, mütləq dram nəzəriyyəsini mənimsəməlidir. Teatr üçün pyes yazılmır, pyes qurulur. Roman və povest yazan yazıçı o demək deyil ki, gözəl dram əsəri yaza bilər. Dram hekayənin yazılış qaydasından tamamilə fərqlənir. Müəllifdən gözəl dialoq qurmaq böyük səriştə tələb edir.
- Bu gün tamaşaçı teatra gələrkən düşünmək və yaşadığı dövrün problemlərini görmək istəyir. Belə olan halda, tamaşaçı üçün neçə əsr bundan öncə yaşamış “Hamlet”, “Romeo və Cülyetta” kimi klassik əsərlər nə dərəcədə önəmli ola bilər?
- “Hamlet” çox dahiyanə şəkildə yazılmış bir əsərdir. Rejissor o əsərdə bu günlə səsləşən bir ideyanı ortaya çıxara bilirsə, nə xoş o rejissora. Dünən yazılmış bir əsəri götürsək, orada bu günün ideyası ilə, bu günün insanları ilə səsləşən bir səhnə yarada bilməsək, ona köhnəlmiş əsər kimi baxılacaq. Burada əsas məsələ tamaşaya yanaşma tərzidir. Tamaşa rejissorun yüksək zövqündən, düşüncə tərzindən və bacarığından asılıdır. Dramaturqlarla bərabər, rejissorlar da bu günün qəhrəmanını tapmalıdır.
- Bəs sizcə, bu günün qəhrəmanı kimdir?
- Məni bir rejissor kimi bu sual çox maraqlandırır. Azərbaycana elə bir dramaturq gəlməlidir ki, o, bu günün qəhrəmanını tapsın. Tamaşaçı bilməlidir ki, bu günün qəhrəmanı kimdir. Biz çox istərdik ki, bu gün cəmiyyətdə məşhur olan gənc oğlan və ya qız və ya hansısa hadisə dramaturgiyaya gətirilsin. Misal üçün, “Sevil” əsərini götürək. O dövrdə Sevil çadrasını atır, cəmiyyətdə özünə yer tutur. Klassikada Sevil kimi qəhrəmanlar çoxdur. Almaz, Kefli İsgəndər və bu kimi qəhrəmanları klassiklər tapıb, üzə çıxarıblar. Bəs bu gün dramaturqlar hansı qəhrəmanı ortaya çıxarıblar?
- Teatrın tərkibində dramaturqun yetişməsi fikrinə necə baxırsınız? Ümumiyyətlə, yetişdirməklə dramaturq yetişirmi?
- Mirzə Fətəli Axundovun yetişməsinə Tiflisdə olan teatr mühitinin təsiri böyük olub. Həmin dövrdə Tiflisdə yeni teatr binası tikilmişdi. Cəfər Cabbarlının özü teatrda ədəbi hissə müdiri idi. Səhnəni bilmək üçün dramaturq teatrda yetişməlidir. Ancaq bu o demək deyil ki, dramaturqlar teatrda işləməlidirlər.
Gələcək planlarımız
- Təmirdən sonra Şəki Teatrının binası ilə bərabər tamaşalarında necə, yenilik olacaqmı?
- Biz hazırda ispan dramaturqu, Nobel mükafatı laureatı Xose Eçeqarayın “Mahir aradüzəldənlər” əsəri üzərində işləyirik. Əsər dövlət sifarişi əsasında hazırlanır. Bu tamaşa həm mövsümün, həm də yeni binanın açılışına təsadüf edəcək. Ümid edirik ki, sentyabrda yeni binamız hazır olacaq və biz də tamaşamızı təqdim edəcəyik. Əvvəllər teatrın nəzdində studiya fəaliyyət göstərirdisə, indi teatrda sırf teatr məktəbi fəaliyyət göstərəcək. Bunun üçün kiçik səhnəmiz olacaq və aktyorlar üçün 4-5 otaq da ayrılacaq. Ola bilsin ki, gələcəkdə bu məktəbdə rejissor da yetişdirdik. Bizdə işləmək istəyən aktyorlar çoxdur, gələcəkdə onlarla işbirliyi yaratmaq ehtimalımız da var. Onu deyə bilərəm ki, əməkdar aktrisa Qəmər Məmmədova bizimlə işləyəcək. Bizim onunla işbirliyimiz elə hazırlanıb ki, o həm bizim tamaşada obrazını canlandıracaq, həm də paytaxt teatrlarında fəaliyyət göstərə biləcək. Əməkdar artist İqrar Salamovun da bizim truppaya gələcəyi gözlənilir. O da bizim teatrda yetişmiş aktyorlardandır. Gələcəkdə Şəki Teatrına Rusiya, Sankt-Peterburqdan rəssamlar dəvət olunacaq. Rəssam Leonid Karkovu tamaşa üzərində işləmək üçün Şəkiyə dəvət edəcəyik. O mənimlə “Qırmızı bağ” bədii filmində də işləyib. Rəssam bizim tamaşalara teatr rəssamı kimi də quruluş verəcək.
- Artıq teatr mövsümü bitir. Bu mövsümdə Şəki teatrı hansı nailiyyətləri əldə etdi?
- Səhnəmizin olmamağı səbəbindən ancaq qeyd etdiyim tamaşanın hazırlanma prosesi ilə məşğul olmuşuq. Səhnəmiz olmadığına görə, biz ancaq qastrol səfərlərində və Şəkidə yerli tamaşaçılar üçün müvəqqəti yerləşdiyimiz səhnələrdə tamaşa göstərmişik. Bu il tam gücümüzlə işləyə bilməmişik. Gələcəyə dair isə böyük planlarımız var.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər