AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Hər qəhrəmanımızın həyatı böyük bir filmdir”

“Hər qəhrəmanımızın həyatı böyük bir filmdir”

Mədəniyyət
12 Aprel 2016, 11:30 1569
Son günlər cəbhə xəttində baş verən hadisələr zamanı televiziyalarımız müharibədən bəhs edən xarici filmlərə müraciət etdilər. Adətən matəm günlərində “Babək”, “Fəryad”, “Nəsimi”, “Ağ atlı oğlan”, “Mən ki, gözəl deyildim”, “Bizim Cəbiş müəllim” və sair kimi filmlərimiz nümayiş olunur. Artıq eyni filmlər o qədər nümayiş olunub ki, o filmlərin kadrlarını əzbər bilirik.

Bəs görəsən, 20 faiz torpaqları işğal altında olan bir ölkənin müharibədən, qəhrəmanlarımızdan, torpaqlarımızın itirilməsindən, şəhidlərimizdən bəhs edən yeni filmləri yoxdurmu? Varsa, niyə onlar televiziyalara yol tapmır?

Televiziyalar efiri doldurmaq üçün təkrar filmlərə yer verirlər


60-dan çox sənədli və bədii filmin müəllifi və rejissoru, kinorejissor Elçin Musaoğlu mövzu ilə bağlı danışarkən bu işdə televiziyaları günahlandırdı: “Müəyyən filmlər var ki, onlar kinoteatr üçün nəzərdə tutulub. Hazırda xarici filmlərlə Azərbaycan filmlərini müqayisə etmək heç də düzgün deyil. Hər il dövlət sifarişi əsasında Qarabağdan bəhs edən filmlər çəkilir. Ancaq onlar çox az saydadır. Biz müharibə xarakterli filmlər çəkək ki, yalnız ölkəmiz şəhid verəndə onları efirə verək?”

Elçin Musaoğlu hesab edir ki, kino televiziya üçün işləməməlidir, televiziyaların öz siyasəti var. Televiziyaların kifayət qədər büdcələri olduğunu deyən müsahibimizin sözlərinə görə, onlar hər il dövlətdən pul alırlar: “Televiziyalarımız bir az əziyyət çəksinlər, Qarabağdan, müharibədən bəhs edən filmlər istəyirlərsə, normal rejissorlar və ssenaristlər dəvət etsinlər, həmin filmləri çəkdirsinlər. Xarici ölkələrdə filmlərin əksəriyyətinin pulunu televiziyalar ödəyir. Misal üçün, ANS teleradio şirkəti özü vətənpərvər ruhda filmlər çəkir. Hər şeyi “Azərbaycanfilm” Kinostudiyasından gözləmək düzgün yanaşma deyil. Mən özüm də televiziyalara təklif etmişəm ki, çəkdiyi serialların əksəriyyətində şəhidlərimizdən və Qarabağda baş verən hadisələrdən bəhs etsinlər. O daha maraqlı olmazmı? Vətən oğlu şəhid olub, ancaq onun yas verməyə evi yoxdur. Torpaq uğrunda qəhrəmancasına şəhid olan oğullarımız azdırmı? Bu məsələdə televiziyalar özləri vəsait ayırıb serial, film çəkməlidirlər. Televiziyalar efiri doldurmaq üçün təkrar filmlərə yer verirlər. Azərbaycanın kifayət qədər şəhidi və qəhrəmanı var. Televiziyalar onların ailələrinə getsinlər, oradan kadrlar hazırlasınlar. Onların əlində olan budur - köhnə və ya xarici filmlər. Yaxşı rejissor dəvət edib ona yüksək məvacib ayırmaq lazımdır. Bizim hər bir qəhrəmanımızın həyatı böyük bir filmdir”.

Hər il Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 3-4 filmin çəkildiyini deyən rejissor bu işdə dövlətin əlindən gələni etdiyini bildirir. O ki qaldı kriminal xarakterli seriallarımıza, müsahibimiz deyir ki, televiziyalarımız kriminala müraciət edərək tamaşaçı toplamağa səy göstərir: “Televiziyaların çəkdiyi kriminal xarakterli seriallarda yalançı hadisələrdən bəhs edilir. Hamı bilir ki, bu ölkədə kim kriminaldır, kim sadə insan. Az qalırlar Türkiyədəki kriminalistlər kimi küçədə də atışma səhnələri çəkələr. Gülməlidir”.

Vətənpərvər filmlərin ssenarilərinə gəlincə isə, Elçin Musaoğlu bildirir ki, təşkilatçılar ssenaristlərə qəpik-quruş verirlər: “Ssenaristə pul versinlər, görsünlər ki, onlar nələr yazır. Ssenaristə qəpik-quruş versən, əlbəttə ki, o sənə istədiyin kimi ssenari yazmaz. Bu sənəti elə qələmə verirlər ki, guya Azərbaycanda heç nə yoxdur”.

Çəkilən filmlər ekranlara yol tapmır


Şair-yazıçı, tərcüməçi İlqar Fəhmi bizimlə söhbətində bildirdi ki, tarixi mövzuda çəkilən filmlərimiz kifayət qədərdir. Amma: “Həmin filmlər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən istehsal olunub. Mədəniyyət Nazirliyi son 10-15 ildə hər il mütəmadi olaraq 4 tammetrajlı və sənədli filmlər çəkir. Ancaq həmin filmlər ekranlara yol tapmır. Biz də bu sualla Kinostudiyaya müraciət edəndə, deyirlər ki, telekanallar müqavilə bağlayıb, həmin filmlər üçün müəyyən məbləğ ödəməlidir ki, onlar həmin filmlərə efir hüququ versinlər. Televiziyada filmlər nümayiş olunmadığı üçün kütlənin həmin filmlərdən xəbəri yoxdur. Təbii ki, müharibədən bəhs edən filmlərimizin sayı daha çox olmalıdır. Bu mövzuda ssenaristlərimiz də olmasa, müharibədən bəhs edən povestlərimiz, hekayələrimiz, romanlarımız var”.

“İndi ssenari qıtlığı çəkirik” deyən rejissorlara İlqar Fəhmi sərt reaksiya verdi: “Rejissor oturub hazır ssenari gözləməkdənsə, bir ədəbiyyatı vərəqləsin, müasir yazarların kitablarına baxsın. Bəlkə də rejissorlara hazır ssenari formasında təqdim edilsə, ondan nəsə əldə edə bilərlər. Ssenari yazmaq yazıçının borcu deyil. Yazıçı oturub öz əsərini yazır. Kino xadimləri ədəbiyyatdan nə qədər uzaqdırlar ki, Azərbaycan ədəbiyyatında gedən proseslərdən xəbərsizdirlər. Onların bir sözü var, “ssenari yazan yoxdur”. Yaxşı, ssenarist yoxdur, bədii ədəbiyyat ki, var. Kino istehsalı ilə məşğul olan insanlar ədəbi materialla maraqlansalar, görərlər ki, onlara lazım olan mövzuda ədəbiyyatımız var. Sadəcə xəbərləri yoxdur. Kino istehsalı ilə məşğul olan insanlarda ədəbiyyata böyük diqqətsizlik görmüşəm. Ona görə də rejissorlar ssenaristlərdən narazıdırlar. Bizim kifayət qədər ədəbi materialımız var”.

Televiziyalar əyləncə verilişlərin daha çox maraqlıdırlar


Rejissor və ssenarist Eşən Zeynallı isə bizimlə söhbətində dövlət başçısının dəfələrlə milli televiziya və filmlərimizin inkişafı, eyni zamanda istehsalı üçün vəsait ayırdığını xatırlatdı. O, cavabdeh təşkilatlar və şəxslər tərəfindən bu vəsaitin fərmanda göstərildiyi kimi deyil, fərqli şəkildə istifadə olunması hallarını film sahəsində itkilərimizdən hesab edir: “Vaxtında biz də bu vəsaitin tariximizi, vətənpərvərliyimizi, dövlətçiliyimizi özündə əks etdirən filmlərin istehsalına xərclənməsini istəyirdik . Əgər bu vəsaitin heç olmasa 70 %-ni bu kimi mövzulu filmlərin istehsalına xərcləsəydik, bu gün yaşadığımız müharibə şəraitində ölkə televiziyalarında göstərmək üçün “çevir tatı, vur tatı” prinsipindən uzaq olardıq. Efirlərimizdə “Babək”, “Nəsimi”, “Fəryad” və bu kimi digər filmlərin təkrar-təkrar göstərilməsi ümidinə qalmazdıq. Vaxtilə biz bu məsələni lazımi təşkilatlar qarşısında qaldıranda, sözümüzü qəribçiliyə salmışdılar. İndi isə qəribçilik içərisində tariximizdən, qəhrəmanlıq obrazına çevrilmiş igidlərimizin həyatından, hərbi uğurlarımızdan bəhs edən, vətəni anamız qədər bizlərə sevdirə biləcək yeni-yeni filmlərimizin sorağındayıq”.

Rejissor hesab edir ki, məsələ ilə bağlı ciddi düşünülməlidir. Qaldırılan məsələ televiziya kinosunda təsbit edilməlidir: “Çox istərdim ki, biz rejissorları Milli Televiziya və Radio Yayımları Şurası qəbul etsin. Bu mövzuda fikirlərimizi səsləndirək və uyğun olanı nədirsə, o da qəbul edilsin. Hesab edirəm ki, vətənpərvər ruhda çəkilən filmlərin istehsalı peşəkarlara, ürəyi bu millətin dərdi ilə döyünən yaradıcı adamlara etibar edilməldir”.

Elşən Zeynallı deyir ki, əlində olan bir neçə film ssenarisinin ekran həllini tapması üçün müxtəlif qurumlara müraciət etsə də, heç bir xeyri olmayıb: “Təşkilatlarla görüşürük, onlar ssenarilərimi bəyənsələr də, deyirlər ki, şou, “Üç badam, bir qoz” kimi əyləncə xarakterli verilişlərin çəkilməsində daha çox maraqlıdırlar. Belə olan halda, gedib kimə nə deyək? Bu səbəblərə görə, bəzən içimizdə küskünlük də yaranır. Bilirsiniz ki, yaradıcı insanlar bir qədər həssas, duyğulu olur”.

“Yerli seriallarımızın əksəriyyəti kriminal mövzuludur. 20 faiz torpağı işğal altında olan bir dövlət üçün yaxşı olmazdımı ki, vətənpərvərlikdən, qəhrəmanlarımızdan bəhs edən seriallar çəkiləydi” sualımıza rejissor belə cavab verdi: “Hazırda əksər seriallarımız özfəaliyyət səviyyəsində çəkilir. Ona görə də həmin serialların keyfiyyəti sıfra yaxındır. Torpaqlarında müharibə gedən bir ölkəyik. Ona görə də əsgərlərimizdə, gənclərimizdə ruh yüksəkliyi yaradan, qəhrəmanlıq, vətənpərvər mövzulu filmlərin istehsalı vacibdir. Həqiqət budur ki, kriminal, məişət xarakterli seriallara daha çox üstünlük verilir. Sonra deyirlər ki, ssenarist yoxdur. Müharibə mövzusu ilə bağlı bir neçə ssenarilərim var. Çox istərdik ki, onlara ekran həlli verək. İnanın ki, bu kimi mövzular xalqın ruhunu dik tutmaqda köməkçi olur”.

Dünyada bizim kimi torpağını sevən ikinci bir xalq yoxdur


“Həyat sən nə qəribəsən?” serialının rejissoru Ramin Nəbiyev qeyd etdi ki, hər bir işin başında maddiyyat dayanır. Belə ki, döyüş səhnələrini çəkmək üçün mütləqdir ki, orada kütləvi səhnələr də yer alsın. Kütləvi səhnələr isə böyük pul deməkdir: “Müharibə mövzusundan bəhs edən filmlər təşkilatçılardan daha çox vəsait tələb edir. Büdcə ayrıldığı təqdirdə, nə üçün çəkməyək ki? Dünyada bizim kimi millətçi, torpağını sevən ikinci bir xalq yoxdur. Bu işdə maddiyyat və güclü texniki heyət mühüm rol oyanır. Hesab edirəm ki, film sahəsində inkişaf son illər görülməkdədir. Filmlərimizin inkişafı müəyyən həddə gəlib çatdıqdan sonra tarixi filmlər də çəkilməyə başlayacaq. Əslində, az büdcə ilə tarixi filmlər çəkmək olar. Ancaq həmin filmlərdən istənilən keyfiyyəti gözləmək bir qədər çətin olacaq. Uşaqdan-böyüyə köhnə filmlərin hər bir dəqiqəsini, hər səhnəsini əzbər bilirik. Sadəcə olaraq, bizim zamana ehtiyacımız var. İnşallah, torpağımızdan, qəhrəmanlarımızdan, Qarabağdan dünyaya səs salan filmlərimiz də olacaq. Bunun üçün bizim zamana ehtiyacımız var”.

Xəyalə Rəis