• çərşənbə axşamı, 19 mart, 15:22
  • Baku Bakı 8°C

“Hər birimiz özümüzü təcrid etməli və yoluxmanı lokallaşdırmalıyıq”

02.04.20 12:21 4029
“Hər birimiz özümüzü təcrid  etməli və yoluxmanı lokallaşdırmalıyıq”
Xüsusi Rejimli Karantin Xəstəxanasının direktoru Emin Hüseyn: "Dövlətin tətbiq etdiyi karantin qaydalarına əməl edəriksə, bu prosesdən çox az itki ilə cıxa bilərik”
Dünya dəhşətli koronavirus pandemiyası (COVOD-19) ilə əlbəyaxadadır. Yüzlərlə ölkə, yüz minlərlə yoluxanlar, minlərlə ölənlər... Virusun arealı, insanların yoluxması, müalicəsi, vaksinin tapılıb-tapılmaması haqqında yayılan söz- söhbətlər, təşviş bəzən virusdan daha qorxulu görünür. Amma hər hansı xəstəlik haqqında ən dolgun məlumatı rəsmi mənbələrdən və onun mütəxəssislərindən əldə edəndə ən azı "hər ağızdan gələn avaza” o qədər də yer qalmır.Bölgələrdən birində yerləşən Xüsusi Rejimli Karantin Xəstəxanasının direktoru Emin Hüseyn ilə söhbətimizdə də dünya əhalisini təşvişdə saxlayan virusun təhlükəsi, ondan qorunma yolları, görülən tədbirlər və s. haqqında vacib məqamlara toxunduq.
- Emin həkim, yoluxma ilə bağlı proseslərin birbaşa içində olduğunuzdan ölkəmizdə koronavirus infeksiyasının yayılması ilə bağlı mənzərəni necə xarakterizə edərdiniz?
- Əvvəlcə dövlətin məsələyə yanaşmasından danışmalıyıq. Bir qrup Çin, İtaliya, İran və digər infeksiya ocaqları kimi tanınan bölgələrdən gələn istənilən xarici ölkə və Azərbaycan vətəndaşları ölkəyə daxil olarkən hava limanlarında, gömrük məntəqələrində yoxlanılır və istər saglam, istərsə də hər hansı xəstəlik simptomları olanlar karantinə alınırdı. Bir qrup insan var ki, artıq yoluxması təsdiq olunub, ancaq yoluxmanın olmasına baxmayaraq, xəstəliyin gedişi əlamətsiz gedir. Onlar da əsasən bölgələrdə fəaliyyət göstərən xüsusi rejimli karantin xəstəxanalarda yerləşdirilirdi. Həmçinin Bakıda da bir neçə xəstəxana bu səpkidə fəaliyyət göstərir. Üçüncü qrup xəstələr müəyyən simptomları, yəni qızdırma, öskürək, təngnəfəslik əlamətləri olanlardır. Onlar artıq digər qrup xəstəxanalarda yerləşdirilirlər. Əsasən kafi və orta ağır vəziyyətdə olan, hələ ki reanimasyon tədbirlərə, xüsusi tibbi müdaxilələrə ehtiyac olmayan xəstələrdən söhbət gedir. Bu xəstələri də başqa kateqoriya xəstəxanalarda yerləşdirirlər. Bizim ən ehtiyat etdiyimiz ağır vəziyyətdə olan xəstələrdir ki, artıq onlarda ciddi proseslər başlayıb. Bildiyiniz kimi artıq bir neçə ölüm halı da qeydə alınıb. Bakıda bir neçə tibb müəssisəsi sırf belə xəstələr üçün ayrılıb. Bu yaxınlarda "Yeni kilinika”nın da açılışı oldu. Cənab Prezidentin qeyd etdiyi kimi, həmin klinika da belə pasiyentlərin qəbulu üçün hazırdır. Bundan əlavə, bir neçə xəstəxana da ağır pasiyentlərin müalicəsi ilə məşğul olur.
- Xəstəliyin yaş kateqoriyası üzrı təsnifatı necədir? Fikirlər səslənir ki, azyaşlı uşaqlar infeksiyaya yoluxmur, qorxu daha çox yaşlı insanlar üçündür...
- Bu işin içində olan bir tibb işçisi kimi deyə bilərəm ki, indiyə qədər nəzəri olaraq eşitdiklərimiz yəni Çində, İtaliyada baş verənlər bizdə də öz təsdiqini tapır. Hazırda xəstəxanada olan pasiyentlərin böyük bir hissəsi, təxminən 80 faizi 60-65 yaşda olan xəstələrdir. Uşaqların yoluxma halı bizim xəstəxanada müəyyən olunmayıb. Bizdə cavanlar, orta yaşın nümayəndələri və yaşlı pasiyentlərdir. Cavan və orta yaş nümayəndələrində həqiqətən də yoluxma daha yumşaq, ağırlaşma olmadan gedir. Yaşı 60-dan yuxarı və 65-ə yaxın kəsimdə isə müəyyən simptomlar özünü göstərir. Vaxtında müdaxilələr olmasa ağərlaşma halı ola bilər. Şükür ki, belə hallar olmayıb, biz vaxtında müdaxilələr etmişik. Uşaqlarda, cavanlarda və orta yaşlı insanlarda yoluxmanın daha yüngül keçməsinə baxmayaraq , bu, bizim məsuliyyət hissimizi azaltmalı deyil. Ola bilər biz özümüz yoluxaq və daha yüngül keçirək, ancaq biz yaşlıları yoluxdura bilərik. Yəni yoluxan istənilən cavan və ya orta yaşlı insan ola bilər, xəstəliyi yüngül keçirsin, ancaq o öz ata-anasını, nənə-babasını və ya çevrəsində olan ahıl insanları yoluxdursa, onlarda ağırlaşma baş verə bilər. Ona görə yaşından asılı olmayaraq, hər birimiz bu məsələyə diqqətlə yanaşmalıyıq.
- Koronavirusun simptomlarını qripin əlamətləri ilə eyniləşdirib səhlənkarlıq göstərənlər də az deyil. Bu virusun qripdən fərqi nədir?
- COVİD-19 özünü əsasən kəskin respirator virus infeksiyası kimi aparır. Mövsümi infeksion xəstəliklər var. Buna qripi, paraqripi, inovirusun törətdiyi xəstəlikləri misal göstərmək olar. İndi isə söhbət COVİD-19-dan - indiyə qədər tanımadığımız bir virusdan və onun özünü necə aparmasından gedir. Bu virus hələ tam tədqiq olunmayıb. Hamımızın, xüsusən biz tibb işçilərinin ehtiyat etdiyi məqam birdən-birə və qısa müddət ərzində çox sayda insanın bu xəstəliyə yoluxa bilməsi təhlükəsidir. Biz bunun baş verməməsi üşün çalışırıq. Bizim hər birimiz qriplə və ya digər viruslarla bir neçə dəfə xəstələnmişik. Artıq bizim hər birimizdə o xəstəliklərə qarşı artıq yumşaq da olsa immunitet var. Digər tərəfdən, biz əvvəllər qrip və digər viruslara epidemiya və ya pandemiya halında yoluxmamışıq. Bu illər ərzində davam edir və dünya əhalisi qrip və ya paraqriplə xəstələnir və yenidən sağalır. Vaxt baxımından bu, uzun müddət gedən prosesdir. Ağırlaşma halı olsa da belə, biz həkimlər bununla hissəvi qarşılaşırıq və buna görə də öhdəsindən gələ bilirik. COVİD-19 isə yeni olduğundan və pandemiya halında birdən-birə ortaya çıxdığından ağırlaşma halı faiz etibarıilə çoxdur. Həkimlər birdən-birə ağırlaşmış xəstə kütləsi ilə qarşılaşdıqlarından onun öhdəsindən ya gələ bilmirlər ya da çox çətinliklə gəlirlər. Təhlükə də bundadır.
- Sosial şəbəkələrdə bəzən "filankəs koronavirus infeksiyasına yoluxub və özü də bilmədən sağalıb...” kimi fikirlərə də rast gəlinir. Bu fikirlərdə nə qədər həqiqət var?
- Nəzəri cəhətdən mümkündür. Belə hallar artıq rəsmi olaran Azərbycanda da qeydə alınır. Baxmayaraq ki, qripə yoluxan insanların hər birinə qarşı onun ağırlaşma dərəcəsinə uyğun olaraq müəyyən müalicə aparılır, amma nəzəri cəhətdən mümkündür ki, virusa yoluxan və immuniteti kifayət qədər güclü olan insan hətta dərman qəbul etmədən də sağala bilər. Ancaq bu o demək deyil ki, immuniteti güclü olan və buna qədər qriplə və ya paraqriplə xəstələnən insan ”koranavirusa da yoluxsam onu asan keçirəcəyəm”- deyə arxayın olsun. Bəli, ola bilər ki, rahat, kənar medaxilə olmadan, xüsusi müalicə almadan sağalsın, amma o daşıyıcı olduğu üçün ətrafındakı, xüsusən də ahıl və xroniki xəstəliyi olan insanlar üçün təhlükə mənbəyidir.
- Bir neçə il əvvəl "Quş qripi”, "Donuz qripi" və s. infeksiyalar da yayılmışdı. Onlar hara yox oldular? Ümumiyyətlə, infeksiyalar necə yox olur?
- Onlar yox olmayıblar. O virusların mənbəyi yenə də var. Ancaq infeksiyalar öz yoluxma qabiliyyətinə görə müxtəlif olurlar. Yəni müxtəlif infeksiyalar var ki, onların yoluxma qabiliyyəti daha yüksəkdir. Məsələn, bir qripli xəstənin ətrafındakıları yoluxdurma ehtimalı koranavirusa nisbətən daha yuxarıdır. Belə deyək, bir nəfər qripə yoluxmuş insan şərti desək, ətrafındakı 10 nəfərin içərisində 5 nəfəri yoluxduracaqsa, koranavirusa yoluxan insan ətrafında 2-3 nəfəri yoluxduracaq. Qeyd etiyiniz infeksiyaların içərisində yoluxma qabiliyyəti müxtəlifdir. Biri daha çox yoluxdurur, tez yayılır, biri az yoluxdurur, az yayılır, amma onlar yox olmurlar. Sadəcə olaraq, insanların bədəni artıq bu vurusları tanıyır və onlara qarşı müəyyən mənada immunitet yaranır. Tibbdə də belə bir şey var: yeni tanınan mikroorqanizm, virus və ya bakteriyanı biz özgə mikroorqanizm kimi bilirik. Digər mikroorqanizmlər artıq bizim orqanim üçün tanışdır, biz onları tanıyırıq. Koronovirus da bizim üçün özgədir. Heç kimin orqanizmi bu günə kimi onu tanımırdı. Müəyyən müddət ötdükcə, artıq bizim orqanizmimiz onu tanıyacaq. Ola bilsin ki, hər birimiz müəyyən müddət ərzində ona yoluxacağıq və bəlkə də bilməyəcəyik ki, bu, koronavirusdur. Artıq bu xəstəlik daha rahat formada keçəcək və biz bilmdən orqanizmimizdə bu virusa qarşı immunitet yaranacaq.
- İnfeksiyanın geniş yayılması ilə əlaqədar Azərbaycan da bir çox ölkələr kimi karantin rejiminə keçib. Ancaq mənzərə göstərir ki, bəzi adamlar tətbiq olunan qadağaları başa düşmək istəmir. Karantin zamanı özünü necə aparmalısan?
- Heç bir dövlət istəməz ki, ölkənin daxilində karantin rejimi yaradılsın. Istənilən dövlətin rəhbərliyi bundan mümkün qədər yan keçmyə çalışır. Çünki karantin dövründə İstər-istəməz məhdidiyyətlət yaranır, iqtisadi problemlər ortaya çıxır. Bu tədbirlər həm dövlət strukturları, həm də insanlar üçün diskomfort yaradır. Əgər dövlət bu tədbirləri həyata keçirməyə başlayıbsa, deməli, həqiqətən də bunun üçün zərurət yaranıb. Azərbaycan dövləti digər inkişaf etmiş kimi tanıdığımız dövlətlərə nəzərən bu işə daha operativ və məsuliyyətli yanaşdı. Artıq yanvar ayından bəzi hazırlıqlara başlanılmışdı. Məsələn, bizim müəssisə yanvarın axırından artıq pasiyentləri qəbul etməyə hazır idi. Artıq inzibatı resursları da işə salıb. Bununla bərabər, insanların da fərdi məsuliyyəti olmalıdır. Hər birimiz bir fərd, bir vətəndaş olaraq məsələyə anlayışla yanaşmalıyıq. Dövlət hər kəsin yanında bir polis qoymalı deyil ki... İnsan başa düşməlidir ki, bu, təhlükəli prosesdir. Hər birimiz imkan daxilində özümüzü təcrid etməli və yoluxmanı lokallaşdırmalıyıq ki, yayılmasın. Bir nəfər yoluxmuş və məsuliyyət hissi olmayan insan bir ay ərzində 400-dən çox insanı, bir nəfər məsuliyyətli, karantin tədbirlərinə riayət edən insan isə maksimum 2-3 nəfəri yoluxdura bilər. Sözsüz ki, 400 nəfərin içindən ağırlaşanların sayı da çox olacaq. Bu qədər insana qulluq edəcək tibbi personalın sayı bir başqa, 2-3 nəfərə qulluq edəcək tibbi personalın sayı başqadır.
- Tez-tez müxtəlif ölkələrdə "koronavirusun vaksini tapıldı” deyə məlumatlar verilir. Ümumiyyətlə, elmə nə qədər vaxt lazımdır ki, virusu sona qədər öyrənsin? Yoxsa bu, zamanın və ya biotexnologiyanın sualıdır?
- İstənilən mikrorqanizmi birdən-birə tam öyrənib qurtarmaq mümkün deyil. Bizə on və ya yüz illərlə məlum olan mikroorqanizmlər belə mutasiyaya uğrayırlar. 50 il bundan əvvəl özünü bir formada göstərən virus indi başqa formada ola bilər. Koronavirus hazırda tam formada öyənilsə belə, bu o demək deyil ki, bir aydan sonra özünü başqa formada göstərməyəcək. Digər tərəfdən, bu virusu öyrənməyə aylar yox, illər lazımdır. Birdən-birə onun özünü aparmasını öyrənmək mümkün deyil. Virusla bağlı səhih məlumatları ÜST-ün rəsmi saytından almağı tövsiyə edirəm. Bu təşkilatın təsdiq etmədiyi istənilən məlumata ciddi yanaşmaq olmaz. Hazırda təsdiq olunmuş bir müalicə protokolu yoxdur. Çünki virus 3-4 aydır peyda olub. Çində müalicəsinə bir cür, Avropada başqa cür yanaşırlar. Biz çalışırıq ÜST-ün protokoluna uyğun müalicə prosesini aparaq. Hər ölkədə müxtəlif yanaşma var və ölkələr müalicə nəticələrini bölüşürlər. Yekun nəticələr və məsləhətlər ÜST-ün rəsmi resurslarında paylaşılır. Vaksinə gəldikdə, onun yaranması ümumiyyətlə uzun çəkən prosesdir. Vaksin yaradılsa belə, onun istifadəyə verilməsinə ən azı 6-7 ay və ya bir il lazımdır. Vaksin bu gün yaradılsa belə, inun istifadəsinə dərhal icazə verilməyəcək. Çünki onun yan təsirləri ola bilər. Vaksin yoxlandıqdan, mənfi və müsbət tərəfləri öyrənildikdən sonra kütləvi istifadəyə verilə bilər.
- Belə bir fikir var ki, bu xəstəlik keçsə belə, sonradan insanlara psixoloji müalicə lazım olacaq. Bu mənada sakitliyi necə qoruyub saxlamalı, necə təşvişə düşməməliyik?
- Bəli, xəstəlik yenidir. İstənilən halda panika heç bir şeyə kömək etmir. Məsələn, bir yerdə yanğın baş versə belə, yenə də panikaya düşmk olmaz. Çünki panika yanğınısöndürməyə heç cür kömək etmir. İstənilən halda, mümkün qədər soyuqqanlı olmalıyıq. Başa düşməliyik ki, bəli, xəstəlik var və onunla mübarizə metodları da artıq tətbiq olunur. Bu, karantin rejiminin tətbiq olunmasından tutmuş müəyyən müalicə işlərinin aparılmasına qədər işləri əhatə edir. Biz qaydalara əməl etməklə panikadan çıxa bilərik. Düzdür, müəyyən insanlar var ki, onlar adi soyuqdəymədən belə panikaya düşürlər. Bunun sağalmaz xəstəlik olacağını düşünənlər də var. Sözsüz ki, onlara müəyyən psixoloji yardım xidməti göstərilməsinə ehtiyac ola bilər. Bu fikirlə razıyam ki, bəzi insanlarda psixoloji gərginlik yaranır. Bu cür hallara tibbi baxımdan yanaşılmalıdır . Bizim xəstəxanada dövlətin gördüyü tədbirlərin içərisində psoxoloj xidmət də mövcuddur. Bu işlə psixoterapeft məşğul olur və ehtiyac duyulan insanlara xidmət edir. Ola bilər, onlara hansısa dərman preparatı verib və ya söhbət edib sakitləşdirməyə ehtiyac olsun.
- Son olaraq verəcəyim sualımı bilmirəm necə qarşılayacaqsız: - Bizi nə gözləyir?
- Açığını deyim, bunu hətta mən də bilmirəm. Buu suala ancaq belə cavab verə bilərəm: əgər dövlərin tətbiq etdiyi karantin qaydalarına əməl edəriksə, bu prosesdən çox az itki ilə cıxa bilərik. Hətta adi qrip və ya paraqrip infeksiyasının yarada biləcəyi itkilərlə çıxa bilərik. Hər şey öz əlimizdədir: hər birimiz fərdi vətəndaş məsuliiyətimizi aktivləşdirməli və dövlətin gördüyü işlərə dəstək olmalıyıq.
Söhbətləşdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər