Həm də mədəniyyət olan istirahət: onu necə qurmalı?
"İstirahətə
vaxt tapa bilməyən insanlar, gec-tez xəstəliyə vaxt tapmağa məcbur
olacaqlar". Bu fikir Con Vanameykerə məxsusdur. Xüsusilə yay aylarında hər
kəs mütləq istirahətə vaxt ayırmağa çalışır, etməlidir də. Çünki isti yay günlərini
bütünlüklə iş başında olan, istirahət etməyən şəxsdən yeni mövsümdə fərqli
ideya, iş gözləmək də olmaz.
İstirahət deyəndə
isə hər kəs fərqli fikir səsləndirir. Kiminə görə istirahət ailəsinin yanında olmaq,
kiminə görə fərqli yerlər gəzməkdir, digərinə görə isə işə aid hər şeydən
uzaqlaşmaq... Bu siyahını kifayət qədər uzatmaq da olar. Amma bizdə istirahət
dedikdə çox insanın düşüncəsinə "yemək-içmək” məsələsi hakim olur. Bir sözlə, istirahət həm də mədəniyyətdir.
Biz istirahət mədəniyyətini necə qurmalıyıq?
Mineral sulardan
istifadə etmək, şehli çəmənlikdə gəzmək…
"Luna Travel” turizm agentliyinin
direktoruRəhman Quliyev"Kaspi”yə
açıqlamasında bildirdi ki, tibbi cəhətdən dünya təcrübəsində həkimlər səyahət
etməyi, gəzməyi xəstələrə dərman kimi məsləhət görürlər: "Gəzmək, səyahət etmək
bir nömrəli müalicə deməkdir. İnsan psixologiyasına ən müsbət təsir edən amillərdən
biri səyahətdir. Bu elmi cəhətdən də sübut olunub. Bizdə həkimlər adətən dərmanlara
üstünlük verirlər. Amma Avropada müayinəyə gedəndə, həkimin məsləhətindən biri
də səyahət, istirahət olur. Avropada bəzi həkimlər Naftalana gəlməyi tövsiyə
edirlər. Səhər, yaxud axşamlar dəniz qırağında gəzinti, mineral sulardan
istifadə etmək, şehli çəmənlikdə gəzmək. Bunlar hamısı turistin özünün müalicəsinə
birbaşa təsir edən amillərdəndir. İstirahət etmək üçün böyük maliyyənin olması
şərt deyil. Hər kəs cibinə uyğun nəsə edə bilər”.
"Yemək üstünlük təşkil
edəndə...”
R.Quliyev deyir
ki, bizdə istirahət deyəndə, yerli turistlərin önəm verdiyi əsas məsələlərdən
biri, hətta bəzən birincisi "yemək-içmək məclisi” olur: "İstirahət anlayışı azərbaycanlıların
psixologiyasında əcnəbilərdən bir az fərqlidir. Bizdə istirahət deyəndə yemək məclisi
ən vacib amil olaraq nəzərdə tutulur. Antalyada otel sifariş verəndə ilk
suallardan biri yeməklə bağlı olur. Müalicə məqsədli istirahətlərdə belə
birinci yeməklə maraqlanırlar. Amma əcnəbi turistlərdə yemək diqqət mərkəzində
olmur. Avropalıları, rusiyalıları, yaxud körfəz ölkələrindən olanları Azərbaycana,
əsasən çimərlik turizmi ilə cəlb edə bilərik. Onlar oteli, yeməyi deyil, dənizi,
dənizdəki mineralları fikirləşirlər. Bizim yeməklə maraqlanmağımıza pis
baxmıram, qınamaq olmaz. Bu, illərdən formalaşmış bir yanaşmadır. Yaxşı yeməyə,
geyinməyə adət etmişik. Rusiyadan gələn turistə otel, xidmətlər haqda məlumat
verəndə deyir ki, yeməyi yox, təbiəti, dənizi de, gəzməli, sakit istirahət etməli
yer olsun. Yemək üstünlük təşkil edəndə, ağırlıq olur, istirahət yox”.
"Önəmlisi odur ki, istirahəti
nə üçün etdiyini biləsən”
Psixoloq Elnur Rüstəmov deyir ki, istirahət anlayışı insandan-insana dəyişir.
Yəni kimə necə xoşdursa, o cür edə bilər: "Kimisi gərgin işdən sonra ailəsi ilə
vaxt keçirməyi, kimisi valideynlərinin yanında olmağı, kimisi də dostlarla vaxt
keçirməyi istirahət bilir, kimisi də yarımçıq qalan işləri tamamlamağı.
Yaradıcı insanlar, elm adamları yay istirahətindən yarımçıq işlərini görmək cəhətdən
də yararlanırlar. Yazıçıların, şairlərin əsərlərinə baxsaq, görərik ki, onların
bir qismi yay aylarında yazılıb. Həm dincəliblər, həm də əsərlərini
tamamlayıblar. Bu, fərdidir. Önəmlisi odur ki, istirahəti nə üçün etdiyini biləsən.
Onsuz da çalışan insanlar uzunmüddətli istirahət etmirlər. Qısamüddətli istirahətə
üstünük verirlər. Çox yaxşı olar ki, doğmalara, yaxınlara vaxt ayrılsın. Çünki
bu gün biz çox dinamik bir həyat yaşayırıq, doğmalara az vaxt ayırırıq. Ona görə
ailəyə, uşaqlara vaxt ayırmaq yaxşıdır”.
Ailə ilə birlikdə...
E.Rüstəmov deyir
ki, istirahət zamanı telefondan, internetdən mümkün qədər uzaq durmaq yaxşı
olar: "Bu gün istirahət bir az fərqli anlam daşıyır. Yeyib-içmək, yaxud şəkil çəkdirib
sosial şəbəkədə paylaşmaq... Bəzən üç gün istirahətdə olurlar, bir ay şəkil
paylaşırlar. Bunun pis olduğunu demirəm, təki xoş şeylər çox olsun. Yəni
istirahət fərdi xarakter daşıyır. Bu da informasiya əsrinin yaratmış olduğu nüanslardan
biridir. Amma insan da var ki, istirahət zamanı sosial şəbəkədən, işdən uzaq
durmaq istəyir. Biz də tövsiyə edirik ki, istirahət edərkən telefondan,
internetdən mümkün qədər uzaq dayansınlar. Alınmırsa, az istifadə etsinlər.
İstirahətdə olarkən bütün günü əldə telefon olması doğru bir şey deyil. İstirahətin
effektli olması üçün işdən, gərginlikdən uzaq durmaq lazımdır”.
İstirahətə nə qədər
vaxt ayrılmasına gəlincə, psixoloq bunun da fərdlərə görə dəyişdiyini dedi: "Şəxsən
mənim özümə 4-5 günlük istirahət tam bəs edir. 15 gün gedib istirahət etmək mənə
çatmır. Amma adam var ki, gərək istirahəti üçün xeyli vaxt ayırsın. Vaxt və
istirahətin növündən, məkanından asılı olmayaraq, çalışmaq lazımdır ki, ailə ilə
bir yerdə plan qurulsun, bir yerdə xoş anlar keçirilsin, can deyib, can
eşitsinlər. Amma bəzən istirahətə gedərkən də dalaşırlar, qayıdarkən də. Bu cür
istirahətə getməyin nə mənası oldu?”
"Tibbi cəhətdən
yanaşsaq, gəzmək daha məsləhətlidir”
Həkim-terapevt İbrahim Əfəndiyevin sözlərinə görə, təbiət qoynunda istirahət
sağlamlıq üçün ən gözəlidir: "Adətən, biz ili sentyabr ayından qururuq. Çünki
işlər, dərslər bu ayda başlayır. O vaxtdan da insanların beyninin bir qismində
növbəti yayın istirahət planı durur. Hər kəs öz maddi durumuna görə təbii ki
istirahət edəcəyi yeri də seçir. Ölkə xaricinə gedənlər də var, regionlarımızı
seçənlər də. Elə insanlar var ki, Bakı daxilində şəhərdə əyləncə yerlərinə, dəniz
kənarına, çimərliklərə getməklə istirahət
müddətlərini bitirirlər. Amma bir qisim adamlar gəzməyi, təbiət qoynunda olmağı
sevirlər. Tibbi cəhətdən yanaşsaq, gəzmək daha məsləhətlidir. Həm sağlamlıq
üçün yaxşıdır, həm də "çox gəzən çox bilər” misalının təsdiqi üçün. İstirahət
deyərkən, yaşadığımız şəhərdən mümkün qədər uzaqda olmaq lazımdır. Çünki
Bakının ekoloji xüsusiyyəti kənd yerlərindəkindən qat-qat aşağıdır. Ona görə
bir ay, ay yarım Bakının kəndlərinə, respublikamızın digər yerlərinə getmək gözəl
olar. Təbiət qoynunda olan istirahət zamanı orqanizm bol oksigen qəbul edir.
Yaxud kənd yerlərindəki təbii suyun yerini heç nə vermir. O sulardan istifadə
etmək çox xeyirlidir”.
Qidalanmaya diqqət...
Həkim deyir ki,
istirahət zamanı qidalanmaya da diqqət etmək vacibdir: "İnsanlar istirahət
zamanı yeməyə çox diqqət ayırırlar. Çünki psixoloji olaraq düşünürlər ki, artıq
heç yerə tələsmirlər. İşə çağıran yoxdur, tezdən durub harasa getməyəcəklər.
Tam arxayınlıqla süfrənin üstünə xeyli qida
düzürlər və uzun müddət də yeyirlər. İstirahət olduğu üçün bunu tam qadağan etmək
də olmaz. Amma bu, davamlı olaraq təkrarlanarsa, gələcəkdə onlar üçün istirahət
olmayacaq. İstər-istəməz çox yemək orqanizmə mənfi təsirini göstərəcək. Təmiz
hava olan yerdə iştaha da artır. Ona görə həm də çox yeyilir. İstirahət zamanı
bir az çox yeməkdən, çəki almaqdan qorxmaq olmaz. Bunun üçün özünü gərginliyə
salmağa ehtiyac yoxdur. Əgər bu il bir-iki kilo çəki alıbsınızsa, gələn il
istirahətə gedərkən sizi kökəltməyəcək bir qida rejimi seçə bilərsiniz. Rayonda
bişirilən yeməklərin tərkibindəkilər ekoloji cəhətdən təmizdir. Ona görə rayonlara
gedənlər o qidalardan vaz keçə bilmirlər”.
"Uşaqları istirahətə
öyrəşdirmək lazımdır”
Bir çox hallarda,
azyaşlı uşaqla istirahətə getməkdən valideynlər çəkinirlər. Bunu onların tez xəstələnməyi
ilə əlaqələndirirlər. Həkim deyir ki, uşaqları öyrəşdirmək lazımdır: "Uşaqları
nəinki rayonlara, eyni zamanda Bakı şəhəri daxilində də istirahətə tez-tez
aparmaq lazımdır. Çox zaman hava bir az soyuq olan kimi uşağı "xəstələnər”
deyib, çölə çıxarmırlar. Amma Bakının havası daha sərtdir, uşaq bu havaya öyrəşməlidir.
Həyətə çıxmayan, hər yerə maşınla gedib-gələn uşaqlar, əlbəttə ki, çölə
çıxdıqda hətta isti hava olsa da, xəstələnəcəklər, mədə-bağırsaq infeksiyaları
baş qaldıracaq. Bir də səyahət zamanı uşağı soyuqdan gözləmək lazımdır. Xarici
ölkəyə gedirsinizsə, uşaqlar üçün bir günlük yemək aparılsın. Onların mətbəxi
ilə tanış olmadığımız üçün bunu nəzərə almaq lazımdır”.
Aygün Asimqızı