• şənbə, 27 Aprel, 05:04
  • Baku Bakı 14°C

Həm Avropa, həm də Rusiya Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır

20.06.14 09:03 1415
Həm Avropa, həm də Rusiya Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
Son günlərin ən çox müzakirə olunan, haqqında danışılan mövzusu xarici diplomatların ölkəmizə reallaşdırdıqları səfərlərdir. Xəbər verdiyimiz kimi, əvvəlcə, Avropa Komissiyası prezidenti Joze Manuel Barrozo Bakıya səfər etdi və bu səfər çərçivəsində Avropa İttifaqı ilə Strateji Tərəfdaşlıq haqqında saziş imzalandı. Bunun ardınca isə Rusiya xarici işlər naziri Sergey Lavrovun ölkəmizə səfəri baş tutdu. Bu səfərlərin ard-arda gerçəkləşdirilməsi, tədbirlərdə müxtəlif açıqlamalar, bəyanatlar verilməsi təbii olaraq müxtəlif müzakirələrə yol açdı. Bu mövzuda “Kaspi”nin suallarını politoloq Fikrət Sadıqov cavablandırdı.
- Fikrət bəy, Barrozo və Lavrovun biri-birinin ardınca ölkəmizə səfər etmələrini necə şərh edərdiniz?

- Bəlli məsələdir ki, Azərbaycanın həm Avropa, həm də Rusiya ilə kifayət qədər normal ikitərəfli əməkdaşlığı var. Ölkəmiz heç zaman olduğu yerdə qalmayıb və hər bir tərəflə münasibətlərini inkişaf etdirib. Bu, ölkəmizin tutduğu mövqedir. Biz hər zaman belə siyasət yürütdüyümüzü bəyan etmişik. Təbii olaraq, öz çoxvektorlu, balanslaşdırılmış xarici siyasətimizə uyğun addımlar atırıq. Seçdiyimiz yollar, atdığımız addımlar mütləq dövlətçilik maraqlarımıza xidmətə hesablanmış olur. Onu da qeyd etmək lazımdır ki, təkcə Azərbaycan yox, bizimlə münasibətdə olan dövlətlərin hər biri ölkəmizlə əməkdaşlıqda maraqlıdır. Həmçinin də Rusiya və Avropa İttifaqı ölkələri. Elə onların nümayəndələrinin Bakıya etdikləri son səfərləri də bunun göstəricisidir. Çünki hər iki tərəf Azərbaycanla əməkdaşlığını inkişaf etdirmək istəyir və heç biri belə bir tərəfdaş dövləti itirmək istəmir. Ona görə də həm Qərb, həm də Rusiya diplomatları az vaxt ərzində ölkəmizə gəldilər. Azərbaycanın daha çox kimə yaxın olacağı, hansı tərəfə üstünlük verəcəyi bu aralar çox müzakirə olundu. Onu da qeyd edim ki, tərəflərdən heç biri Azərbaycana olan marağını gizlətmir. Avropa üçün ölkəmizlə münasibətlərdə daha çox enerji layihələri, Avropanın enerji təhlükəsizliyinin təmin olunması məsələsi əhəmiyyət daşıyırsa, hazırda Rusiyanın əsas məqsədi bizi özünün yaratdığı ittifaqlara cəlb etməkdir. Düşünürəm ki, səfərlərin əsas məqsədi bu idi.
- Azərbaycanın belə çətin geosiyasi vəziyyətdə Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişi imzalamasını necə qiymətləndirirsiniz?
- Bilirsiniz ki, Avropa İttifaqı ilə Assosiativ sazişi imzalamamışıq. Çünki bu, bizim milli və dövlətçilik maraqlarımıza uyğun gəlmir. Ona görə də biz onlara strateji tərəfdaşlıq sazişini imzalamağı təklif etdik. Çünki hazırda maraqlarımıza ən uyğun gələni məhz budur. Avropa İttifaqı bizim siyasətimizi, dövlətçilik maraqlarımızı normal qarşıladı və bizimlə belə saziş imzalamağa razı oldu. Onlar bilirdilər ki, Azərbaycan Assosiativ sazişi imzalamayacaq. Onu da deyim ki, bu, təkcə bizim yox, Avropanın da maraqlarına cavab verən sənəddir. Məlumdur ki, ölkəmiz heç vaxt Avropa ilə əməkdaşlıq etməkdən imtina etməyib. Bizim bəlli strateji istiqamətimiz var. Bu da, Avropaya inteqrasiya etməkdir. Belə çərçivədə olan sazişin imzalanması Azərbaycanla yanaşı, Avropanı da qane edir. Hətta deyərdim ki, bu sənədin razılaşdırılması bizdən çox Avropaya lazımdır. Məlumdur ki, Azərbaycanın kifayət qədər təbii sərvətləri var. Bizim kimdənsə enerji təminatı gözləməyə ehtiyacımız yoxdur. Amma Avropanın var. Ona görə də bu sazişin imzalanması Avropa üçün daha önəmlidir, nəinki Azərbaycan üçün. Avropalılar istəyirlər ki, biz onları təbii sərvətlərlə təmin edək. Xüsusən qaza olan ehtiyacların ödənilməsi üçün Azərbaycan əvəzsiz rola malik ola bilər. Ona görə də onlar Azərbaycanı itirmək istəmir, bizim dediyimiz müqaviləni imzalamağa razı olurlar. Hazırda bu, onların əsas siyasətləridir.
- Sırf Azərbaycan-Rusiya münasibətlərindən danışarkən, Lavrovun Bakıya səfərinin hansı nəticə verəcəyini düşünürsünüz? Aparılan müzakirələr iki dövlətin əlaqələrinin inkişafına necə təsir edə bilər?
- Azərbaycanın Rusiya ilə münasibətləri ikitərəfli formatda hər zaman yaxşı olub. Çünki biz strateji partnyorlarıq və bu istiqamətdə əlaqələr durmadan inkişaf edir. Ola bilsin ki, Rusiya ilə müəyyən məsələlərdə fərqli mövqelərə malikik. Amma buna baxmayaraq, həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələrimiz kifayət qədər yaxşıdır və bu münasibətlər getdikcə daha da genişlənir. Məlumdur ki, Rusiya Azərbaycanın Avrasiya İttifaqına üzv olmasında maraqlıdır. Hərçənd ki, Lavrov bizə heç bir təklif göndərmədiklərini dedi, amma hamıya aydındır ki, onlar ölkəmizi öz alyanslarında görməyi arzu edirlər. Ola bilsin ki, ittifaqa üzvlük haqqında təklif rəsmi yox, qeyri-rəsmi şəkildə bildirilib. Bütün hallarda, fakt faktlığında qalır. Hazırda Rusiyanın maraqlarının nədən ibarət olduğu ortadadır. Sadəcə olaraq, biz hələ ki heç bir alyansa üzv olmaq haqqında düşünmürük. Bunu nə istəyirik, nə də planlaşdırırıq. Bizim üçün bu məsələlərdə çox önəmli məqamlar var. Ölkəmizin Ermənistanla hər hansı bir ittifaqa qoşulmaq kimi istəyi yoxdur. Çünki onlarla eyni quruma üzv olmağımız milli maraqlarımıza heç cür cavab vermir. Elə əsas məsələ də budur. Bir məsələni də xatırladım ki, Rusiya iki il ərzində BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edəcək. Onlara bir sıra dövlətlərin, o cümlədən, Azərbaycanın dəstəyi artıq dərəcədə önəmlidir. Məlumdur ki, dünyada müxtəlif problemlər var və neqativ hallar yaşanmaqdadır. Hazırda geosiyasi vəziyyət çox mürəkkəbdir. Yaxın Şərqdə baş verənlər, MDB məkanında yaşanan Ukrayna böhranı və s. məqamları xatırlatmaq istərdim. Həmçinin Rusiyanın Qərb tərəfindən sanksiyalara məruz qalması da Azərbaycanın mövqeyini, əhəmiyyətini bir qədər də artırıb.
- Sizin də qeyd etdiyiniz kimi, Rusiya Azərbaycanı tək öz yanında görməkdə maraqlıdır və ölkəmizi Avrasiya İqtisadi Birliyinə cəlb etmək istəyir. Sizcə, Azərbaycanın bu təklifə mənfi cavabı Moskvanı narazı sala bilərmi?
- Avrasiya İqtisadi Birliyi və ona üzvlük hazırda Azərbaycan üçün real görünmür. Bu, bir az fərqli məsələdir. Bilirsiniz ki, bu ittifaqa qoşulan dövlətlərin sayı elə də çox deyil. Hələlik oraya üç ölkə qoşulub. Digər real namizəd Ermənistandır və yəqin ki, növbəti qoşulan dövlət o olacaq. Söhbət ondan gedir ki, kimsə qoşulmağa könüllü razı və ya narazı ola bilər. Sevindirici haldır ki, Azərbaycan digər dövlətlərdən seçilir. Ölkəmiz elə səviyyəyə malikdir ki, ona təzyiq etmək çox çətindir. Bizə güc nümayiş etdirməklə nəyəsə nail olmaq olmaz. Rusiya da bunu çox gözəl başa düşür. Onu da demək yerinə düşər ki, biz həmişə Rusiya ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğumuzu söyləmişik. Müxtəlif sahələrdə əməkdaşlıq uğurla davam etdirilir. Mən düşünmürəm ki, rəsmi Moskva müəyyən məqamları nəzərə almasın və Azərbaycana təzyiq göstərməyə çalışsın.
- Barozzonun, daha sonra Lavrovun Bakıya səfər etməsi Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin indiki məqamda da effektiv olduğunun göstəricisi kimi qəbul oluna bilərmi?
- Bəli, bu, birmənalı şəkildə belədir. Barrozonun gəlməsilə Avropanın Azərbaycana dəstək nümayiş etdirməsi, məhz ölkəmizin istədiyi sazişin imzalanması onların bizim nə qədər əhəmiyyətli tərəfdaş olduğumuzu başa düşmələrinin göstəricisidir. Bayaq da qeyd etdim ki, Avropa ölkələri bunu hətta açıq şəkildə etiraf edirlər. Azərbaycan Rusiya üçün də önəmli tərəfdaşdır. Bizimlə əlaqələr onların da maraqlarını təmin edir. Onu da qeyd edim ki, Azərbaycanla münasibətdə olanlar bizi də nəzərə alaraq addım atmalıdırlar. Təbii olaraq, yaxın münasibətdə olduğumuz tərəflər dövlətimizin maraqları ilə hesablaşmalıdırlar.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər