Heç bir papaq yiyəsiz qalmır - SƏNƏTKAR
Papaqçı Abdulla Dadaşov: "Könüllü şəkildə aldanmaq istəyənlər Çin
papaqlarına üstünlük verirlər”
İsmayıllıya gedəndə yolumu
tarixi Lahıc qəsəbəsindən saldım. Düzü, Lahıca gedən sıldırımlı yolları
sevmədiyimə görə, Şamaxının Dəmirçi kəndindən uzanan yeni yolla getdim.
Güzarını oralardan salmaq istəyənlərə deyim ki, həmin yol çox rahat, hamıya
bəlli digər yola nisbətən daha təhlükəsizdir.Lahıc hər zamankı kimi
izdihamlı idi, həm yerli, həm də əcnəbi turistlərə qucaq açan bu tarixi məkana
hər dəfə gələndə əvvəlki səfərlərdəki sayaq könlümü oxşayır. Öz tarixini,
kimliyini qoruyan hər kəs və hər yer kimi Lahıc da daim insanlar üçün maraqlı
yer olaraq qalır.Lahıcda şıdırğı alverin
getdiyi məşhur küçədəki həyətlərin birində yerləşən çayxanada "Min bir şəfa”
çayı içəndən sonra yol yorğunluğu bir andaca əriyib yox oldu. Onu da deyim ki,
"Min bir şəfa” çayı xüsusi qaydada və bir neçə otun, çiçəyin qarışığından
hazırlanır. Müştərilərə, adətən, iki çaynik çay verilir, çaydanların birindəki
çay qırmızı, o biri isə sarı rəngdə olur. Lahıca yolu düşənlərə deyim ki, səfər
ərzində "Min bir şəfa” çayı içməyə mütləq vaxt tapsınlar, peşman olmazlar...Qərəz, Lahıcda küçədə gəzərkən oğluma papaq
almaq eşqinə düşdüm və bu məqsədlə papaqçı dükanına girdim. Lahıcla bağlı ümumi
təəssüratlarım burda qalsın, sizə kimdən deyim, bu qəsəbədəki sonuncu papaqçı
Abdulla Dadaşovdan:
– Müasir dövrdə gündəlik həyatda ötən
əsrdəki qədər papaq qoyulmur. Ancaq siz bütün bunlara baxmayaraq, peşənizi
sevərək yaşadır və papaqçılığa davam edirsiniz. İndiki reallıqda bu işlə məşğul
olmaq sizin üçün peşə təəssübüdür, yoxsa ruzi vasitəsi?
– Daha çox
sənəti qorumaq üçün bu peşə ilə məşğul oluram. Bu kənddə yeganə dərzi və
papaqçı mənəm. Bir vaxtlar bizim kənddə 10-15 dərzi, papaqçı vardı. Mən 15
yaşımdan bu sənəti öyrənmişəm, 50 ildən çoxdur ki, bu sahədə işləyirəm. Nəvəmə
öz sənətimi öyrədirəm ki, heç olmasa bu dünyada adım, izim qalsın. Cavanlardan
kimsə yanıma gəlib bu sənəti öyrənmək istəsə, məmnun olar və təmənnasız şəkildə
bildiyimi əsirgəmərəm. Onu da deyim ki, papağa meyildən, ümumən insanların
alıcılıq qabiliyyətindən narazı deyiləm. Həm yerli, həm də xarici turistlər
müxtəlif quruluşlu papaqları alıb aparırlar. Lahıca gələn heç kəs buradan
yadigarsız getmir, mütləq nə isə alır.
– Qış aylarında Lahıca turistlər az gəlir. Bəs onda papaqların
qazancı ilə keçinə, yaşayışınızı təmin edə bilirsinizmi?
– Mən papağın qazancı ilə
yaşamıram ki, təqaüdçüyəm, qəsəbə yeridir deyə, əkin-biçinimiz olur. Üstəlik,
bir az da papaqdan qazanıram, Allah bərəkət versin, heç nədən narazılığım
yoxdur.
– Satmadığınız, qədim əşya kimi qoruyub saxladığınız papaq varmı?
– Yox, elə papaqlarım
yoxdur. Sadəcə mağazamda bahalı papaqlar var ki, onları, adətən, kənara
qoyuram, çünki onların öz alıcısı olur. Bu mağazada papaq qalmır, hansı papağı
tikirəmsə mütləq alıcısı gəlib alır. Heç bir papaq yiyəsiz qalmır.
– 2018-ci ildə Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc
qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak edərkən yerli camaat ilə
də görüşüb səmimi ünsiyyət qurmuşdular. Baxıram ki, cənab Prezident İlham
Əliyevlə şəklinizi divardan asıbsınız. Həmin şəkildə cənab prezident milli
papaq oyub. O günü necə xatırlayırsınız?
– Çox gözəl
xatırlayıram. Həmin günü heç zaman unuda bilmərəm. Cənab Prezident həmin gün
bir papaq götürüb başına qoydu və xoş duyğularla dedi ki, bu papaq mənə
yaraşdı. Mən də dedim ki, papaq sizə qurbandır, cənab Prezident. Mənim üçün çox
böyük şərəfdir ki, cənab Prezidentə papaq bağışlamışam və onun kimi hörmətli,
dəyərli bir insan həmin papağı özü ilə Bakıya aparıb.
– Bir
az da yaradıcı prosesdən danışaq. Hansı papaq qəlibləri ilə işləyirsiniz?
– Əsasən bir qəliblə işləyirəm. Qəlib
yalnız ölçü üçün deyil, papağın içərisinin səliqəli alınması üçün də çox
vacibdir. O qədər papaq tikmişəm ki, artıq gözlərim, əllərim də qəlibə
çevrilib. Papağa, müştərinin başının quruluşuna baxanda dəqiq ölçünü tuta
bilirəm, amma yenə də qəlib gərəklidir. Sənətkarın gücü onun öz sənətini dəqiq
bilməsindədir. Nizami Gəncəvi necə deyirdi:
Kamil
bir palançı olsa da insan,
Yaxşıdır
yarımçıq papaqçılıqdan.
– Hazırda
Çin malları dünyanı başına götürüb. Çində tikilib Sədərək bazarında satılan
papaqların sizin papaq alış-verişinizə təsiri
varmı?
– Əslində, yox. Çünki əl işi axtaran
alıcı heç zaman Çin malı almır, yaxud sex malı istəmir. O, mütləq dəri mal üçün
sənətkara, papaqçıya üz tutur. Könüllü şəkildə aldanmaq istəyənlər Çin
papaqlarına üstünlük verirlər. Bir də görürsən, biri papağın qiymətini soruşur,
deyirəm ki, 150 manat, gedib bir az qabaqdan alverçidən parça papağı 15 manata
alır. Gəlib deyir ki, siz papağı niyə belə baha verirsiniz? Onda izah edirəm
ki, dəri papaq başqadır, parça papaq başqa. Ucuz mala meyl edənlər çoxaldıqca,
əl işlərinin qiyməti ölür. Hələ papaqçılığa başladığım ilk gündən bu vaxta
qədər heç kəsə ucuz papağı baha qiymətə satmamışam. Bəzən müştəri bilərəkdən
eyni papağın qiymətini bir neçə dəfə soruşur ki, görsün fərqli rəqəmlər deyəcəyəm,
ya yox. Görür ki, qiyməti dəyişmirəm, pərt olur. Çünki sənətə haram qatdınsa,
mütləq ziyan görürsən, nədəsə itki verirsən. Bəzi sənətkarlar öz işlərinə
həddən artıq dəyər verirlər və buna görə malın qiymətini iki-üç mislinə qədər
qaldırırlar. Amma mən ən bahalı papaqdan belə 20-30 manatdan artıq pul
qazanmıram.
– Papaqların
qiyməti təxminən neçə manat arasında dəyişir?
– Qiymətlər dərinin növlərindən asılıdır,
100 manatdan 500 manat arası dəyişir. Parçadan tikilən papaqların ömrü bir neçə
aydır, amma dəri əsrdən əsrə adlayır. Usta papaqçıların dediyi kimi:
Kim
ki büründü palaz, –
Axşamdan
oldu xilas.
Kim
ki geyindi keçə –
Keçindi
yarı gecə.
Kim
ki geyindi dəri, –
Kəndə
apardı xəbəri.
– Bu kəndin əsas papaqçısı kim olub, usta kimi xatırladığınız biri
varmı?
– Usta Əbdülün
adını çəkə bilərəm. Onun əl işləri başqa papaqçılardan seçilirdi. Məsələn, onun
tikdiyi papaq kənardan tanınırdı. Novruz bayramında babam bizi həmin ustanın
yanına aparıb həm paltar, həm də papaq alırdı.
–
Çoban papaqları da tikirsiniz...
– Rəqs üçün
daha çox bu papaqlardan alırlar. Yaxud da, kimlərsə şəkil çəkdirmək üçün maraq
göstərir. Mən jilet, çuxa və sair də tikirəm. Qızım isə xalça, palaz toxuyur.
Söhbətləşdi: Fərid Hüseyn