• cümə, 26 Aprel, 20:31
  • Baku Bakı 22°C

Hansı səhnəyə açıq-saçıq demək olar?

09.07.14 12:10 1774
Hansı səhnəyə açıq-saçıq demək olar?
Türkiyənin Ali Radio-Televiziya Şurası (Radio Televizyon Üst Kurulu, RTÜK) telekanallarda açıq-saçıq səhnələrin yer aldığı filmlər, verilişlər, kliplər, seriallar və reklamlar üçün nəzərdə tutulmuş cərimələrin miqdarını daha da artırıb. Belə ki, yeni cərimələrlə bağlı xüsusi hesabat hazırlanıb. Tətbiq ediləcək qaydalara əsasən, açıq-saçıq və yolverilməz sayılacaq səhnəyə görə cərimə telekanalın ötən aydakı reklam gəlirlərinin 1 faizinə bərabər olacaq.
Azərbaycan efirində də bu kimi halların tez-tez yaşandığını nəzərə alaraq, biz də bu məsələ ilə bağlı münasibət öyrənməyi qərara aldıq. Hazırda şou əhlinin meydan oxuduğu efirlərdə nümayiş olunan kliplər heç də milli mentalitetə tam olaraq uyğun gəlmir. Bu gün efirlərdə və mətbuatda açıq-saçıq səhnələrin nümayişinin şahidi oluruq. Belə ki, mətbuatda “filan müğənni soyundu” və ya “filankəs “18+” klip çəkdirdi” kimi xəbər başlıqları ilə tez-tez rastlaşırıq. Son bir neçə il ərzində efirlərdə bu kimi kliplərin, filmlərin artdığını nəzərə alıb, bu sahə üzrə mütəxəssislərin mövzuya münasibətini öyrəndik. Mütəxəssislər belə halların yolverilməz olduğunu bir daha təsdiqlədilər.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Azərbaycanın teleradio kanallarında yayımlanan verilişlərdə milli-mənəvi dəyərlərlə bağlı mətbuata açıqlamasında bu məsələlərin Şura tərəfindən daim nəzarətdə saxlanıldığını deyib: “Çox təəssüf ki, Azərbaycanın televiziya kanallarında gedən bəzi verilişlərdə bu dəyərlərə hörmətsiz yanaşılır. Təbii ki, Azərbaycan televiziyalarında yayımlanan seriallardakı erotik səhnələr tutaq ki, Avropa səhnəsində adi şəkildə qarşılanardısa, ölkəmizdə bu, müsbət qəbul edilmir. Televiziya kanalları bu cür məsələləri ciddi nəzərə almalıdırlar. Əlbəttə, istəməzdim ki, seriallarda erotik səhnələr ifrat dərəcəyə çatsın. Ancaq açıq-saçıq səhnələrlə bağlı Şura qaydalar müəyyənləşdirib. Qaydalara əsasən, süjet xətti erotik səhnələr üzərində qurulan filmlər və digər proqramların yayımına saat 23:00-dan sonra icazə veriləcək”.
Belə hallarda xəbərdarlıq edirik
Milli Televiziya və Radio Şurasının “Ekspertiza, proqramlaşdırma və analitik” şöbəsinin müdiri Təvəkkül Dadaşov Teleradio Şurası tərəfindən bu mövzu ilə bağlı bir neçə il bundan öncə xüsusi qaydalar qəbul olunduğunu, bu kimi məsələlərin uşaqların, yetkinlik yaşına çatmayanların əqli-mənəvi inkişafına müəyyən ziyan vura biləcəyini nəzərə aldıqlarını qeyd etdi: “Efirdə gedən verilişlərlə bağlı xüsusi qaydalar tətbiq olunur. Həmin qaydalarda konkret olaraq açıq-saçıq səhnələrlə bağlı məhdudiyyətlər var. Azərbaycan efirində mentalitetimizə xas olmayan səhnələr səhər saat 07:00-dan, axşam 23:00–a kimi nümayiş olunmur. Bu mövzu ilə bağlı 2.7–ci maddədə şəhvət hissinin oyadılması, cinsi əlaqənin açıq nümayişi və bu tipli görüntülərin məhdudlaşdırılmasına yer ayrılıb. Əvvəlki dövrlərdə televiziyalarımızda belə hallara tez-tez rast gəlirdik. Hazırda apardığımız müşahidələr onu göstərir ki, son illərdə belə səhnələr azaldılıb. Əgər ekranda çıxış edən hər kimsə açıq geyinibsə, biz ona qarışa və ya müdaxilə edə bilmərik. Çünki bu onun şəxsi işidir. Biz yalnız hansısa bir filmdə və ya proqramda milli mentalitetə uyğun olmayan hallar baş verərsə, xüsusilə də erotik səhnələr nümayiş olunarsa, buna qarışa və belə halların qarşısını ala bilərik. Belə halda biz həmin telekanallara xəbərdarlıq edirik. Əgər həmin kanallar bu qaydaya əməl etməzsə, o zaman məhkəməyə verib, onları cərimələyə bilərik”.
T.Dadaşovun sözlərinə görə, bütün dünyada efirdə nümayiş olunan kliplərdə, filmlərdə və verilişlərdə açıq-saçıq səhnələrə rast gəlmək mümkündür, ancaq Azərbaycanda belə hallar yolverilməzdir: “Xaricdə şou əhlinin çimərlik geyimlərində, yataq səhnələrində çəkilən kliplərinə rast gəlirik. Ancaq bizim tətbiq etdiyimiz qaydalarda bu məsələlər daha sərt qeyd olunub. Müəyyən xarici kliplər var ki, onların nümayişi yalnız 23.00-dan saat 07:00-a kimi nəzərdə tutulub. Qanuna zidd olmadığı üçün biz həmin ifalara o qədər də müdaxilə etmirik”.
Reytinq xatirinə
Filologiya elmləri doktoru, professor, teletənqidçi Qulu Məhərrəmli bildirir ki, açıq-saçıq səhnələr deyərkən elə hesab olunur ki, kimsə mini geyimdə səhnədə ifa edirsə, bu, açıq-saçıqlıqdır. Ancaq əslində daha mühümü odur ki, kimsə yalandan danışırsa, ikiüzlülük edib, xalqı aldadırsa, özünü yalandan başqa cür göstərirsə, bunu normal hal kimi qəbul etmək olmur: “Məncə, bu gün efirlərdə əhəmiyyətsiz, məişət səviyyəsindən də aşağı söhbətlər aparılırsa, açıq-saçıqlıq budur. Onlar daha çox tərbiyəni pozur və ictimai əxlaqa mənfi təsir göstərir, nəinki kiminsə qısa paltarda efirə çıxması. Bu yaxınlarda telekanalların birində “Cəsur ürək” filminin montaj olunmuş versiyasını izlədim və böyük əsəb keçirdim. Bu, biabırçılıqdır və yolverilməz yanaşmadır. Əgər biz filmi dramatik hadisə kimi götürürüksə və bundan sonra qaynaqlanan hadisələrin üzərində qurulduğu epizodu oradan çıxarırıqsa, demək ki, dramaturgiyanı pozmuş oluruq. Hesab edirəm ki, filmlərə müdaxilə yolverilməzdir. Onları seçərkən diqqət etmək lazımdır”.
Teletənqidçi bir sıra janrların müəyyən dərəcədə özünə uyğun geyim tərzi, davranış tələb etdiyini deyir: “Maraqlanmaq lazımdır ki, bu gün ekran arxasında əyləşən tamaşaçı nə istəyir, televiziyalardan nə tələb edir? Televiziyalar Teleradio yayımı haqqında qanuna nə dərəcədə əməl edirlər? Bizim xəbərlərimiz nə dərəcədə balanslıdır? Nə dərəcədə tamaşaçı auditoriyasını qayğılandıran, onu narahat edən problemlərdən danışılır? Bunlar olmayanda, üçüncü dərəcəli, mənasız mövzuları müzakirə edib, televiziyanın zərərçəkən obrazını yaratmağa çalışırlar. Ona görə də bu gün efirlərdə yayımlanan kliplərdəki açıq-saçıq səhnələrin hesabına reytinq qazanmağa çalışırlar. Klipi çəkən rejissor ciddi qaydalara əməl etməlidir. Düzdür, elə kliplər var ki, öncədən nəzərə alınır ki, həmin klip yalnız sosial şəbəkələrdə nümayiş olunacaq. Onlar bilərəkdən bu cür səhnələr çəkirlər və klipin mövzusunu məhz bunun üzərində qururlar. Ancaq onlar efirlərdə nümayiş olunandan sonra məlum olur ki, belə kliplər efir üçün deyil. Ona görə də televiziyalar həmin klipləri nümayiş etdirəndə çox diqqətli olmalıdır. Belə kliplər gecə saat 12-dən sonra verilir. Bəzi işarələr var ki, onlar yaş həddini müəyyənləşdirir. Misal üçün “16+”, “18+” və sair işarələrdən istifadə olunmalıdır ki, valideynlər övladlarını ekran qarşısından çəkindirsinlər. Televiziyalar bunu etmədikdə isə, aləm dəyir bir-birinə və nəticədə də bir sıra narazılıqlar yaranır. Efirlərdə açıq-saçıq səhnələr yalnız şou verilişlərində müşahidə olunur. Həm də müəyyən qrup qadınlar var ki, onlar sənətinin gücü çatmayan məsələlərə özlərinin bədən quruluşları, geyimi ilə nail olmaq istəyirlər”.
Erotik kliplər çəkilməyib
Tanınmış rejissor Nail Naiboğlu bu günə kimi Azərbaycanda açıq-saçıq kliplərin çəkilmədiyini, çəkilsə də orada milli mentalitetin mütləq şəkildə nəzərə alındığını bildirdi: “Bu günə qədər Azərbaycan xalqına xas olmayan kliplər çəkməmişəm. Heç belə kliplərin həmkarlarım tərəfindən çəkildiyinin də şahidi olmamışam. Tam əminliklə deyə bilmərəm ki, Azərbaycanda erotik kliplər çəkilməyib. Açıq sinə ilə klip çəkdirmək nə zamandan açıq-saçıqlıq hesab olunub? Əgər buna pis yanaşırıqsa, nə üçün türk kliplərinə baxırıq? Türk kliplərinin 99.9 faizi açıq-saçıq şəkildə dəniz geyimində çəkilib. Biz onları bəh-bəhlə qəbul edir və həsədlə baxırıq. Həmin ifaçıları vətənimizə dəvət edib, konsertlərinə bilet də alırıq. Əgər belə hallar anormaldırsa, nə üçün biz onları təmtəraqla qarşılayıb, qəbul edirik? Açıq-saçıq səhnəli kliplər yataq səhnələri, erotik səhnələr olan kliplər hesab edilir. Bizim hansı klipdə Azərbaycan müğənnisinin lüt bədənini göstərirlər? Geyimləri ən çox müzakirə olunan, fərqlənən ifaçılarımızdan Röyanımı, Aygün Kazımovanımı və ya digər ifaçıları kliplərində lüt göstəriblər? Dəniz mövsümü olduğu üçün hamımız dənizə gedir, şəkil çəkdirib, sosial şəbəkədə paylaşırıq. Türkiyədə və eləcə də dünyanın müxtəlif ölkələrində ifaçıların demək olar ki, hamısı dəniz geyimində klip çəkdirib səhnəyə çıxırlar. O səhnələr açıq-saçıq hesab edilmir. Əgər bir ifaçının etik normadan kənar formada, bədəninin müəyyən bir hissəsi görsənmirsə, geyimi ifrat dərəcəyə gəlib çatmayıbsa, bu, normal haldır. Müğənni dəniz geyimində də, qısa paltarda da klip çəkdirə bilər. Açıq-saçıqlıq intim səhnələr olan kliplərdir. Mən elə bir azərbaycanlı müğənni tanımıram ki, tamamilə çılpaq şəkildə klip çəkdirsin”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər