• cümə, 26 Aprel, 12:37
  • Baku Bakı 23°C

“Hamının hamıya” prinsipinə paşinyansayağı etinasızlıq

29.11.18 18:22 804
“Hamının hamıya” prinsipinə paşinyansayağı etinasızlıq
Ermənistan tərəfi hər zaman əsir və girovların dəyişdirilməsi məsələsində qeyri-konstruktiv mövqe tutub. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində olduğu kimi, azərbaycanlı əsir və girovların azad edilməsi ilə bağlı beynəlxalq hüquq və normaların, eləcə də konvensiyaların tələblərini kobud şəkildə pozur. Hətta erməni diversant Karen Kazaryanın ailəsi Ermənistanda etiraz aksiya keçirib və onlar baş nazir əvəzi Paşinyandan övladlarının geri qaytarılmasını tələb ediblər. Lakin Paşinyan erməni cəmiyyətinin etirazlarına laqeyd yanaşmaqla, təklif olunan "hamının hamıya” prinsipi ilə əsir və girovların qaytarılmasının mümkünsüzlüyünü dilə gətirir.
Bir müddət öncə isə 2014-cü ildə Ağdam rayonunda qoşunların təmas xəttində təxribata cəhd edərkən saxlanılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 5 may tarixli qətnaməsi ilə 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş erməni hərbi qulluqçu Arsen Baqdasaryan "hamının-hamıya” prinsipi üzrə azadlığa buraxılması ilə bağlı Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyana müraciət də göndərib. Buna baxmayaraq, hansı səbəblərdənsə, Nikol Paşinyan bu məsələyə etinasız yanaşır.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədovbildirdi ki, ermənilər məsələlərə yanaşmada heç zaman beynəlxalq hüquq normalarına əməl etməyiblər: "Onlar nə Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində, nə də başqa məsələlərdə bu addımı atmayıblar və bunu etmək fikrində də deyillər. Çünki ermənilər sanki beynəlxalq qurumlar, Minsk qrupunun həmsədr dövlətləri tərəfindən qorunur, müdafiə olunur. Yəni ötən müddət ərzindəki gedişatlar bunu göstərir. Əsir və girovların dəyişdirilməsi məsələsinə gəlincə, dekabrın 9-da Ermənistanda keçiriləcək parlament seçkilərinə qədər Paşinyan və onun ətrafında olan qüvvələr bu addımı atmayacaqlar. Halbuki son günlər əsir və girovların dəyişdirilməsi məsələsi gündəmə gəlib. Hətta erməni hərbi qulluqçu Arsen Baqdasaryanın Paşinyana müraciəti də mətbuatda yer aldı. Lakin biz görürük ki, Paşinyan seçkilərə yönəlik bəyanatlar verərək, azərbaycanlılara, türklərə qarşı guya çox barışmaz, qətiyyətli, vətənpərvər olduğunu göstərir. Eləcə də onun ətrafı bu istiqamətdə işlər görəcək. Çünki parlament seçkilərinə çox az vaxt qalıb və bunlar nə əsir-girovların taleyi, nə də beynəlxalq hüquq normaları haqqında düşünmürlər. Bunların məqsədi ancaq öz siyasi hakimiyyətlərini möhkəmlətməkdir. Bu səbəbdən də, axmaq bəyanatlar verib, sərsəm hərəkətlərə əl atırlar”.
E.Məmmədov hesab edir ki, Paşinyan baş nazir ola bilsə, dekabrdakı seçkilər onun üçün uğurla nəticələnsə, bəlkə ondan sonra hansısa məsələ ilə bağlı razılığa gəlmək mümkün olsun: "Hələ ki, bu ərəfədə nə Dağlıq Qarabağ məsələsi, nə əsir-girovların dəyişdirilməsi məsələsində Ermənistan və eləcə də Paşinyan konstruktiv addım atmayacaq”.

Politoloq Natiq Miri bildirdi ki, əsir və girovların qaytarılması məsələsində Ermənistan üçün hər hansı beynəlxalq hüquq, yaxud da prinsip və normalar işləmir: "Əgər işləsəydi, Azərbaycanın 20 faiz torpaqlarını işğal edən tərəf işğalçı adlandırılaraq, ona qarşı addımlar atılardı. Baxmayaraq ki, ən yüksək qurum olan BMT-nin 4 qətnaməsi var. Həmçinin diqqət yetirək ki, Paşinyan, Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşlarını qondarma respublikada 20 il müddətinə saxlanmasını tələb edir. Hansı ki, bu insanlar Ermənistan ərazisində hansısa kəşfiyyat əməliyyatları apararkən saxlanılmayıblar. Dilqəm Əsgərov və Şahbaz Quliyev öz doğulduqları və ermənilər tərəfindən işğal olunmuş torpaqda girov götürülüblər. Onalrın öz torpaqlarında saxlanılması və eləcə də mühakimə olunması beynəlxalq hüquqa ziddir. Ona görə də, düşünürəm ki, bu istiqamətdə ilk növbədə beynəlxalq səviyyədə işlər aparılmalıdır”.
N.Miri vurğuladı ki, Azərbaycan bu məsələdə Ermənistanı məcbur etməlidir: "Bunun üçün mütləq mənada elə hadisələr törədilməlidir ki, Ermənistan buna vadar olsun. Çünki Ermənistan hər hansı bir hüququ tanımırsa, məhz bu hüquqsuzluq Azərbaycan səviyyəsində onlara tətbiq olunmalıdır. Bundan sonra Ermənistan məcburi addımlar ata bilər. Təkcə erməni diversant Kazaryanın timsalında bu gün Ermənistanda çox ciddi şəkildə Paşinyan hökumətinə dirəniş göstərib etiraz aksiyaları keçirirlər. Paşinyan bəyan edib ki, çox yazın zamanda Kazaryanın ailəsi ilə şəxsən görüşəcək. Baxmayaraq ki, onun həyat yoldaşı Anna Akopyan artıq iki dəfə bu ailə ilə görüşüb. Ona görə də, bu cür hadisələrin sayını artırmaq lazımdır ki, Paşinyan ən azından öz otağında sakit otura bilməsin. Məsələnin həlli yalnız buradan keçir. Yoxsa ki, hüquqa, yaxud da beynəlxalq təşkilatlara güvənəcəyiksə, onda heç bir zaman əsir və girovlarımız azad olunmayacaq”.

Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidovun sözlərinə görə, Nikol Paşinyanın bu seçkilərdəki taleyi əsir-girovların dəyişdirilməsi məsələsindən asılı olacaq: "İlkin mərhələdə Azərbaycan tərəfi istədiyinə demək olar, çatıb. Mesajımız erməni cəmiyyətinə yetişib - Ermənistanda seçkilərdə qalib gəlmək istəyən qüvvələr erməni diversantların geri alınması üçün "Hamının hamıya" prinsipi ilə dəyişdirilmə prosesinə razı olmalıdır. Əks halda, erməni seçicilərin səsini qazana bilməyəcəklər.
Erməni xalqına bu barədə yalançı vədlər verib sonradan sözlərindən qaçsalar, Ermənistanda növbəti dəfə vətəndaş itaətsizliyi qaçılmazdır və bunu İrəvanda yaxşı başa düşürlər”.
Ə.Şahidov əlavə etdi ki, Azərbaycan bundan sonra da əsir-girovların dəyişdirilməsi məsələsi ilə bağlı tələbini gündəmdə saxlayacaq: "Beynəlxalq təşkilatlara davamlı müraciətlər ünvanlayırıq, hər gün birbaşa telefon zəngləri edərək, onların da bu prosesə təkan vermələrini tələb edirik. 10 dekabr - Beynəlxalq İnsan Haqları Günündə beynəlxalq təşkilatlara, o cümlədən AŞ PA-nın insan haqları üzrə komissarına və BMT İnsan Haqları ali komissarına və digər açar şəxslərə ingilis dilində video müraciətimiz də olacaq”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər