Hamı üçün bərabər hüquqlar və imkanlar yaradılmalıdır - Fotolar
Azərbaycanda əlilliyi olan
şəxslərə münasibət sahəsində sosial siyasət - həyatda və cəmiyyətin inkişafında
onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi
vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilib. Cari ilin may ayında qəbul
edilən "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun əlilliyi olan şəxslər
barəsində dövlət siyasətini müəyyən edir, cəmiyyət həyatının iqtisadi, siyasi
və sosial sahələrində iştirak etmək üçün onların bütün başqa vətəndaşlarla
bərabər imkanlar almasına, həmin şəxslərin öz fərdi qabiliyyətlərinə və
maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi
şəraitin yaradılmasına təminat verir. Bu Qanunda əlilliyi olan şəxslərin
məşğulluğunun təmin edilməsi məsələsi də öz əksini tapıb. Qeyd olunub ki, "Məşğulluq
haqqında” Qanuna uyğun olaraq, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün
müəssisə və təşkilatlarda kvota müəyyən edilir. Kvota müəyyən edilmiş iş
yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının göndərişi
ilə işə qəbul edilirlər.
İşə düzəlmək üçün əlilliyi olan şəxslərə verilmiş
göndəriş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvota
şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyət növündən və təşkilati
hüquqi formasından asılı olmayaraq, müəssisə və təşkilatlar tərəfindən qəbul
edilməlidir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi
olan şəxsləri, onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən
işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyırlar.
Bəhs edilən kvotanın müəyyən edilməsi qaydası "Sosial müdafiəyə
xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvotatətbiq
edilməsi Qaydası”nın və "Kvota şamil edilməyən müəssisələrin Siyahısı”nın
təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarında açıq-aydın göstərilib. Həmin
qərara görə, mərkəzi və yerli seçkili orqanlar (seçki yolu ilə tutulmayan
vəzifələristisna olmaqla), elm və ali təhsil müəssisələri (elmi və
elmi-pedaqoji fəaliyyətlə bağlı müsabiqə yolu ilə tutulmayan vəzifələr istisna
olmaqla), işçilərinin orta illik siyahı sayı 25 nəfərdən az olan müəssisələr,
hərbi qurumların, hüquq mühafizə,dövlət təhlükəsizliyi, xarici
kəşfiyyatvə prokurorluqorqanlarının tabeliyində olan dövlət
büdcəsindən maliyyələşdirilən strukturbölmələri, penitensiar müəssisələr
və istintaq təcridxanaları kvota şamil edilməyən müəssisələrdir. Yerdə qalan
bütün müəssisələrdə qanunun tələbinə uyğun olaraq, əlilliyi olan şəxslər üçün
işçi kvotası nəzərdə tutulmalıdır.
Kvotanı təmin etmək üçün şərait yoxdursa...
Sözügedən qərarın, eləcə də əlillərin məşğulluğunun təmin edilməsi
barədə müvafiq qanunvericiliyin tələblərinin hansı səviyyədə yerinə
yetirildiyini müəyyənləşdirmək üçün ilk növbədəVətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədova müraciət etdik. O,qəzetimizə açıqlamasında söylədi ki, 1992-ci ildə qəbul edilən "Əlillərin sosial müdafiəsi haqqında” Qanunda əks olunan kvota sistemi işləməyib. Onun sözlərinə görə, yeni qanunda bununla bağlı mexanizmlərin yaradılması və sair məsələlərin yer alması gözlənilirdi. Hüquqşünas təəssüflə vurğuladı ki, qəbul edilən yeni qanunda əlilliyi olan şəxslərin əmək bazarına cəlb olunması üçün mexanizmlər əksini tapmayıb: "Biz gözləyirdik ki, əlilliyi olan şəxslərə passiv deyil, aktiv dəstək siyasəti göstəriləcək. Passiv dəstək budur ki, dövlət əlilliyi olan şəxsə hansısa məbləğdə müavinət verir. Əlilliyi olan şəxs də bu məbləği alıb evdə oturur, buna uyğun həyatını qurur. Təbii ki, əgər qura bilirsə. Lakin bunun tamam əksi olan aktiv dəstək siyasəti var. Bu zaman əlilliyi olan şəxsin əməyə cəlb edilməsi prosesi gedir. Avropada bu cür təcrübə var. Misal üçün, işəgötürənləri dövlət stimullaşdırır ki, əlilliyi olan şəxsləri işə götürsün. Xorvatiya təcrübəsinə görə, əlilliyi olan şəxs tam sağlam rəqabətli əmək bazarında işəgötürən tərəfindən işə götürülür. Reallıqda əlilliyi olan bu şəxsin hasilat qabiliyyəti tam sağlam adamın əmək qabiliyyətinin 70 faizini təşkil edir. Ancaq buna baxmayaraq, əlilliyi olan həmin şəxsə hasilat qabiliyyəti 100 faiz olan sağlam işçinin maaşı həcmində əməkhaqqı verirlər. Xorvatiyadakı sistem belədir ki, xüsusi yaradılmış Fond əlilliyi olan şəxsin yerinə yetirə bilmədiyi 30 faizlik hasilatın haqqını, məbləğini işəgötürənin hesabına kompensasiya kimi ödəyir. Bu, dövlətin aktiv dəstəyi, stimullaşdırıcı siyasətidir. Azərbaycanda nə əvvəlki, nə də yeni qanunlarda bu kimi tədbirlər nəzərə alınmayıb. Sadəcə, yeni qanunumuzda əvvəlki qanunda olduğu kimi, kvota sistemi nəzərdə tutulub. Bu kvotanı təmin etmək üçün şərait yoxdur. Yəni idarə, müəssisə, hətta yaşayış binalarında əlilliyi olan, hərəkət məhdudiyyəti olan şəxslərin sərbəst hərəkəti üçün tələb olunan şərait yaradılmayıb. Yalnız son illərdə küçə və prospektlərdəki səkilərdə hərəkət məhdudiyyəti olan şəxslərin sərbəst hərəkəti üçün imkanlar yaradılıb ki, bu da yetərli deyil”.
Əlilliyi olan hər bir vətəndaş məşğulluq hüququna malikdir
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə də əlaqə saxladıq. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov"Kaspi”yə açıqlamasında bildirdi ki, Dövlət Məşğulluq Xidmətinin rayon-şəhər
Məşğulluq Mərkəzləri tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri və sosial
müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri, onlar üçün kvota üzrə müəyyən
olunmuş iş yerlərinə qəbul etməyən, eləcə də kvota üzrə işə qəbul edilənlər və
işdən çıxarılanlar barədə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müvafiq
forma üzrə aylıq hesabatı məşğulluq mərkəzlərinə təqdim etməyən işəgötürənlər
barədə qanunvericilikdə inzibati məsuliyyətə cəlb olunma, müvafiq məbləğlərdə cərimələr
tətbiq edilməsi nəzərdə tutulub. O, hazırda Azərbaycanda əlilliyi olan
şəxslərin sayının 620 minə yaxın olduğunu diqqətə çatdırdı: "Əlilliyin
qiymətləndirilməsi zamanı şəxsə əlillik təyin olunarkən, artıq onun "əmək
qabiliyyətsiz”liyi qeyd olunmur ki, bu da əlilliyi olan şəxsin məşğulluq
imkanlarının məhdudlaşdırılmasının aradan qaldırılması üçündür. Yəni hansı qrup
üzrə əlilliyi olan şəxs olmasından asılı olmayaraq, əlilliyi olan hər bir vətəndaş
fiziki imkanları müqabilində məşğulluq hüququna malikdir. Məsələn, məşğul əhali
arasında I, II və III qruplardan olan əlilliyi olan şəxslər də var. Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən
iş üçün müraciət edən əlilliyi olan şəxslərin məşğulluğunun təminatı üçün
müvafiq işlər aparılır. 2018-ci ilin 10 ayında Xidmətin xətti ilə 480 nəfər
əlilliyi olan şəxs fiziki imkanlarına uyğun münasib işlərlə təmin edilib.
Onlardan bir hissəsi qanunvericiliyə uyğun olaraq, müəssisələrdə sosial
müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar
üçün kvota üzrə ayrılmış iş yerlərində işlə təmin olunublar. 60-a yaxın
əlilliyi olan şəxs isə haqqı ödənilən ictimai işlərə cəlb olunub”.
F.Talıbov qeyd etdi ki, cari
ilin 10 ayında Dövlət Məşğulluq Xidməti, habelə ƏƏSMN yanında Dövlət Sosial
Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə
Reabilitasiya Mərkəzi tərəfindən ümumilikdə 260-a yaxın əlilliyi olan şəxs peşə
hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Nazirlik rəsmisi vurğuladı ki,
özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında əlilliyi
olan şəxslərə də üstünlük verilir: "2018-ci ildə proqrama cəlb olunanların 1000
nəfərdən çoxu əlilliyi olan şəxslərdir. Artıq onların da proqram çərçivəsində
mal və materiallarla təminatı həyata keçirilir. Əlilliyi olan vətəndaşların
təqribən 10-12 faizi muzdla çalışanlar, 20-22 faizi isə fərdi sahibkarlıqla və
ailə-kəndli təsərrüfatında məşğul olanlardır”.
Holdinqdə 200-ə yaxın əlilliyi olan şəxs çalışır
Dövlət qurumu ilə paralel
olaraq, müstəqilliyimizlə həmyaşıd olan, 1991-ci ildə Azərbaycanda fəaliyyətə
başlayan "Azersun Holdinq” Məhdud
Məsuliyyətli Cəmiyyətinə də mövzu üzrə müraciət etdik. Qida istehsalı,
pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən və ölkəmizin
qabaqcıl şirkəti sayılan bu qurumdan bildirdilər ki, "Azersun Holdinq”in
tabeliyində olan müəssisələrdə ümumilikdə 200-ə yaxın əlilliyi olan şəxs
çalışır. Hər bir işçi kimi onlar da gördükləri işə görə əməkhaqqı alır, öz
tələbatlarını ödəyirlər. Bundan başqa, şirkət daxilində yardımlaşma komissiyası
fəaliyyət göstərir ki, əlilliyi olan şəxslərin reabilitasiyası, müalicəsi üçün
bu komissiya vasitəsilə, həmçinin həmkarlar təşkilatının xətti ilə müəyyən
tədbirlər görülür. Şirkətdə çalışan əlilliyi olan şəxslərin sosial müdafiəsinin
gücləndirilməsi, onların problemlərinin həlli daim diqqət mərkəzində
saxlanılır. "Azersun Holdinq”dən onu da bildirdilər ki, şirkətdə çalışan bütün
şəxslər kimi, əlilliyi olan işçilərin də sığortası var. Bununla yanaşı,
müxtəlif idman müəssisələri var ki, şirkətin verdiyi dəstək hesabına texniki heyət,
o cümlədən əlilliyi olan işçilər buranın imkanlarından faydalana bilirlər. Eyni
zamanda, əlilliyi olan şəxslər də daxil olmaqla, şirkətin işçilərinin asudə
vaxtlarını səmərəli keçirməsi üçün ayrıca şərait yaradılıb.
BMT-yə
hesabat təqdim olunub
Ombudsman
Aparatının sektor müdiri Müqalib Mahmudov əlilliyi olan şəxslərin
hüquqlarının müdafiəsi məsələsinə xüsusi həssaslıqla yanaşdıqlarını dilə
gətirdi. Qeyd etdi ki, Azərbaycan BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları
haqqında” 13 dekabr 2006-cı il tarixli Konvensiyanı 2 oktyabr 2008-ci ildə
ratifikasiya edib. Onun sözlərinə görə, ölkəmizin bununla bağlı ilk hesabatı
BMT-yə təqdim olunub və növbəti belə hesabat 2019-cu ildə hazırlanacaq. O, bu
Konvensiyada nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin də əlilliyi olan
şəxslərin məşğulluq probleminin aradan qaldırılmasında özünəməxsus rol oynadığını
söylədi. Kvota məsələsinin pozulmasına gəldikdə isə həmsöhbətim bildirdi ki, hələlik
bununla əlaqədar Ombudsmana hər hansı müraciət daxil olmayıb: "Ancaq bu o demək
deyil ki, müəssisələrdə qanunvericilikdə nəzərdə tutulan kvotaya 100 faiz əməl
olunur. Sadəcə, reallıq budur ki, indiyə qədər bununla əlaqədar Ombudsmana
müraciət edilməyib. Əgər belə bir müraciət edilərsə, Ombudsmanın səlahiyyətləri
çərçivəsində müvafiq addımlar atılacaq”.
Stimullaşdırma
olmasa...
Əlil
Təşkilatları İttifaqının prezidenti Davud Rəhimliəlilliyi
olan şəxslərin məşğulluğunun təmin edilməsi üçün qanunvericilikdə müvafiq
qeydlərin, o cümlədən kvota sisteminin əks olunduğunu dilə gətirdi. Lakin
təəssüflə bildirdi ki, sözügedən kvota sistemi Azərbaycanda işləmir: "Bu kvota sistemi
sadəcə, Azərbaycanda deyil, ümumiyyətlə bütün dünyada problemli məsələdir. Yaxın
keçmişdə BMT-nin Daşkənddə təşkil etdiyi beynəlxalq konfransda məhz bu məsələyə
xüsusi diqqət yönəldilib. Milli qanunvericilikdə kvota sistemi göstərilib,
Nazirlər Kabinetinin müvafiq qərarında kvotanın tətbiq edilməsi qaydaları əks
olunub, amma işəgötürənlər tərəfindən bu kvotaya yüksək səviyyədə riayət
olunmur. Kvotaya riayət etmədiyi üçün hansısa müəssisəyə sanksiya tətbiq
olunmasına, bu sanksiyanın ödənməsinə və sairə də rast gəlinməyib. Bu sistemin
daha aktiv bir təcrübə ilə əvəz edilməsi, əlilliyi olan şəxslərin məşğulluğunun
təmin edilməsi üçün bir çox təkliflər səsləndirilir. Həmin təkliflər arasında
ən mütərəqqisi dövlət tərəfindən işəgötürənlər üçün stimullaşdırıcı tədbirlərin
nəzərdə tutulmasıdır. Stimullaşdırma olmasa, yalnız inzibatçılıq metodu ilə
nəyəsə nail olmaq qeyri-mümkündür. Əlilliyi olan şəxslərin məşğulluq
problemində özünü göstərən əsas amillərdən biri də həmin şəxslərin əmək
bazarında rəqabət qabiliyyətli olmamalarıdır. Bu isə təhsillə infrastrukturun
olmaması ilə əlaqədardır. Yəni, onlar zamanında ibtidai, orta, peşə, ixtisas,
ali təhsil ala bilmədikləri üçün mövcud əmək bazarında rəqabət qabiliyyətli
deyillər”.
Rufik İSMAYILOV
Yazı Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir