• cümə, 26 Aprel, 19:31
  • Baku Bakı 22°C

Haluk Levent: Deyəcəklər ki, çox əcaib və dəli adam idi

04.02.14 10:10 1990
Haluk Levent: Deyəcəklər ki, çox əcaib və dəli adam idi
90-cı illərin əfsanəvi rok ifaçısı Haluk Levent ötən gün Azərbaycanda konsert verdi. Türkiyədə borclarını qaytara bilməyən, elə buna görə də uzun müddət həbs olunan və bir neçə dəfə də nəzarətdə saxlanılan Levent yerli mətbuata açıqlamasında Azərbaycanda bir sıra layihələr həyata keçirmək istədiyini deyib: “4 il bundan öncə də Bakıda olmuşdum. Amma konsert verməmişdim. Yəqin qismət bu günə imiş. Azərbaycanı, eyni zamanda onun musiqilərini çox sevirəm. Burada qismət olarsa, bir neçə layihələr edəcəm. Yeni çıxacaq albomumdan bir mahnıya da bəlkə Bakıda klip çəkdirdim. Etiraf edim ki, məni Azərbaycanda o qədər də tanımırlar. Bunun səbəbkarı da özüməm. İnanıram ki, qarşıdakı illərdə burada da tanınacağam. Bundan sonra Azərbaycana tez-tez gələcəyimi düşünürəm”.
Haluk Levet bu açıqlaması ilə kifayətlənməyib, Azərbaycanda baş verən ictimai-siyasi hadisələri də izlədiyini qeyd edib: “Mən Azərbaycanda baş verən siyasi, sosial və digər xəbərləri, hadisələri izləyirəm. Məni ən çox Qarabağ problemi narahat edir. Qarabağla bağlı bütün məsələlərdən xəbərdaram”.
Qeyd edək ki, Haluk Levent vətənimizə gəlməmişdən bir neçə gün öncə Türkiyə mətbuatına həyatındakı uğursuzluqlar haqqında danışıb. Müsahibəni sizə təqdim edirik.
Həyat hekayəsi

- Siz rok oxumağa başlayanda Türkiyədə bu janr elə də inkişaf etməmişdi. Bu gün görünən mənzərə bir az fərqlidir. Rok ifaçılarının sayı günü-gündən artmağa başlayıb.

- Fikrinizlə tamamilə razıyam. İndi əlinə gitara alıb, qulağında sırğa ilə gəzən, 90-cı illərin Aysel Gürel-Onno Tunç tərzi ilə öyünən rok qruplarının fəaliyyətini görürəm. Bunlar mənim tərzimdən tamamilə yad üslubda formalaşmış qruplardır. İndi qollarına döymə etdirib, qulaqlarına sırğa taxan, əllərinə elektron gitara alıb, qışqıra-qışqıra mahnı oxuyan rokçular nəsli yetişib. Bizim nəsil ilə indiki rok ifaçıları arasında olan fərq sadəcə budur. Əvvəllər rokçular əlində mikrofon tutaraq mahnı ifa edirdilər, indi isə mikrofonu gitara əvəz edib. Bu, gənc rokçuların artıq imici olub (gülür).
- Dəyişikliklər çoxdur, sizcə?

- Məncə, musiqi dəyişməyib, sadəcə inkişaf edib. Bu işin bir təməli var. Atatürk və onun silah dostları Cümhuriyyəti necə qurdularsa, Cem Karaca, Barış Manço, Üç Hürel, Moğollar kimi qruplar da Anadolu rokunu yaratdılar. Yeni roklar bu təməl üzərində inkişaf edib. Əvvəllər də, indi də rok ifaçıları üçün məşhurlaşmaq çox çətindir. Onların mətbuatda yer alması hardasa mümkünsüz bir hala çevrilib. Əgər rok ifaçısı nəyəsə etiraz edərək, ona uyğun mahnı ifa edirsə, o mahnını və ifaçının tanınması demək olar ki, imkansızdır. O zaman həmin ifaçı üçün məşhurluğun qapısı bağlanır.
- Bəs sizin repertuarınızda hansı üslubda mahnılar yer alır? Ümumiyyətlə, həyatı, sevinci və kədəri insanlara izah edən mahnılarınız varmı?

- Kədərli və iztirablı sevgi mahnıları oxuyan bir insandan sevinci soruşmaq çətin bir sualdır. İllər əvvəl “Kızılcıklar oldu mu?” mahnısını ifa etdim. Mənə görə, o mahnı sevinci, xoş auranı ən yaxşı izah edə bilən mahnıdır. Repertuarımda yer alan ən kədərli mahnım “Elvida”-dır. Onun mənim üçün bir özəlliyi var. Mənim həyat hekayəmi dinləmək istəyən tamaşaçılar “Kral Çıplak” mahnımı dinləməklə hər şeyi biləcəklər. O mənim həyat hekayəmdir.
- Özünüzü bir neçə kəlmə ilə şərh etməyinizi istəyirik.

- Dağınıq, səfeh, tələskən, duyğusal, mülayim, xəyalpərvər, bir az da ümidli insanam.
Haluk Leventi yaşatmaq üçün mübarizə aparıram

- Müsahibələrinizdə daim mübarizə apardığınız deyirsiniz. Niyə bu qədər çırpınırsınız?

- Həyat eniş-çıxışlarla doludur. Hazırda borca görə məhkəmə prosesim davam edir. Allahın məni sınadığı bütün problemlərdən alnıaçıq çıxmışam. Haqqımda açılan davaların da hamısından bəraət alacağıma inanıram. İndi Haluk Levent olaraq Avropada və ya ABŞ-da həyatımı çox gözəl şəkildə davam etdirə bilərəm. Arxamdan xoş olmayan xəbərlər yazılır, sonra da unudulur. Haluk Leventi yaşatmaq üçün mübarizə aparıram. Çünki Haluk Levent bu ölkənin vicdanıdır. Mən hicab və vətəndaşların haqlarını müdafiə edən aksiyalarda iştirakçı olmuşam. Və sırf borclarım var deyə belə bir ifaçını - Haluk Leventi silə bilmərəm. Məhz bunun üçün mübarizə aparıram. Etdiyim səhv hərəkətlərin də qarşılığını ödəyirəm.
- Xeyli borcunuz olduğu halda, xeyriyyə konsertlərinizi necə verirsiniz?

- Qəribə həyatda yaşayırıq. Borc verən gözləyər, amma xəstə heç zaman gözləmir.
- Çətin günlərinizdə özünüzü tənha hiss edirsinizmi?

- Mətbuatın məni müzakirə etməsindən daha çox mən özüm-özümü qınamışam. Sevənlərim səmimiyyətimi görəndən sonra mənə qarşı olan rəğbətləri artır. Qəbul edirəm ki, çox xətalara yol vermişəm. Ard-arda günahlar işlətmişəm. Ancaq səhnəyə çıxdığım an özümü dünyanın ən gözəl insanı hesab edirəm. Sevənlərim bunu görüb hər zaman mənim yanımda oldular. Ona görə də heç zaman özümü tənha, tamaşaçılar tərəfindən unudulmuş hesab etmirəm. Təkcə onu demək kifayət edir ki, bütün konsertlərim anşlaqla keçir. Anşlaqı görən insanlar da elə hesab edər ki, səhnəyə yeni çıxmış popstaram (gülür).
- Konsertləriniz hər zaman dolu olur. Belə olan halda, yəqin yaxın zamanda bütün borclarınızı verərsiniz...

- Bəli, konsertlərim hər zaman tamaşaçılarla dolub-daşır. İndi də həddindən artıq konsert təklifləri alıram. Ancaq düzünü demək lazımdırsa, konsertlərdən əldə etdiyim pul ilə keçmişdə aldığım borcları tam ödəyib, bitirə bilmirəm. Borcumu ödəmək üçün həddindən artıq çox pul qazanmalıyam. Ancaq inanmıram ki, o borcları yaxın zamanlarda ödəyib bitirəcəyəm.
- Heç olubmu öz-özünüzə “kaş ki, nəyisə etməyəydim” demisiniz?

- Bəli, kaş ki, hər zaman kommunist qalaydım. İdeoloji deyil, ekonomik mənada. Mən pulu sevməyən bir adamam. Kaş ki, heç pul ilə, şirkətlə işim olmazdı. Borc aldığıma görə çox peşmanam...
- Özünüzü günahkar hiss edirsiniz?

- Qarşınızda həyatı səfeh şəkildə yaşamış, düşmənlərinin arasında ən böyük düşməni özü olan bir insan durur. Ekonomik olaraq həyatda yaşadığım bütün problemlərin cavabdehi və səbəbkarı mənəm. Hazırda olanlara çarə axtarıram. Qalan borclarımın hamısını təmizləmək üçün gecə-gündüz çalışıram. Artıq heç kimdən qaçmıram. Borcum olan insanlarla razılaşmalar aparmışam. Yaxın zamanlarda çalışıb, onların da pulunu ödəyəcəyəm. Necə ki hökumət torpaqlarımıza barış və sülhü gətirməyə çalışır, mən də eynisini edirəm. İçimdəki savaşı durdurmağa qərar verdim. Keçmişimi yaxşı analiz edərək, yanıma doğru-dürüst insanlar alaraq yeni bir yola çıxdım.
Varlı insan pulu olan insan deyil

- Yaxşı, bəs qısa zaman ərzində düz yola necə çıxacağınızı düşünürsünüz?

- Mənim hələ ümidim var. Bu günə qədər Mustafa Kemal və silah dostlarım bütün mübarizələrində mahnıları ilə dəstək olublar. Mənim timsalımda olan bütün insanlara ikinci bir şans verilməlidir. Ümid edirəm ki, mən də rahat şəkildə, düz yolda gedəcəyəm. Deyirlər ki, ümid ən sonda ölür.
- 30 ildən sonra insanların sizin haqqınızda nələri danışmalarını istəyirsiniz?

- Bu mənim istəyib, istəməməyimlə bağlı bir şey deyil. Onsuz da haqqımda nə deyəcəklərini adım kimi bilirəm.
- Nə deyəcəklər?

- Deyəcəklər ki, çox əcaib və çox dəli adam idi.
- Levent bəy, həyatdan çox şey öyrəndiyinizi deyirsiniz. Həyat sizə nələr öyrətdi?

- Mənə həyatdakı ən böyük zənginliyin evində uzanıb, rahat televizor izləməyin, kiminsə tərəfindən narahat edilməməyin olduğunu öyrətdi. Ailənin həyatdakı böyük zövqlərdən üstün olduğunu öyrəndim. Valideynlərin, ailə ortamının insanın ən böyük sərvəti olduğunu öyrəndim. Mənə görə varlı insan pulu olan insan deyil. Pulu olan adam maddi gücü olan adamdır, sadəcə. Amma bu, xoşbəxt insan anlamına gəlmir. Xoşbəxt adam bir ağacın kölgəsində oturub, sakit bir şəkildə çayını içə bilən insandır.
Hazırladı: Xəyalə Rəis

banner

Oxşar Xəbərlər