Gözləyənlərin çox, qaliblərin az olduğu gecə
Filmsevərlərin hər il maraqla gözlədiyi "Oskar” film
mükafatının yekun nəticələri sabah bəlli olacaq. Belə ki, 24 fevral gecə
saatlarında artıq 91-ci dəfə keçirilən "Oskar” film mükafatının qalibləri dünya film tarixində öz yerini
tutacaq. Bu ilki "Oskar” da söz-söhbətli, qalmaqallı, gündəm yaradacaq hadisələri
ilə dünya film sektorunun maraq dairəsindədir. Hər il qırmızı xalıdan keçərək
geyimləri ilə dünya mediasının diqqətini cəlb edən məşhurlar bu il də həmin
gecəyə xüsusi olaraq hazırlaşıblar.
Hollivudda "Dolbi” teatrında baş tutacaq
91-ci mükafatlandırma gecəsi ilə bağlı bəzi söz-söhbətlər gəzir. Ənənəvi olaraq
tədbir dünyaya ABC kanalından yayımlanacaq. Qeyd edək ki, 30 il bundan öncə
olduğu kimi, bu il də müsabiqə aparıcısız keçiriləcək.
Gəzən söz-söhbətlərə görə, Kevin Hart sabahkı
gecəyə aparıcı olaraq təyin edilibmiş. Amma K.Hart aparıcı kimi adı açıqlanandan
48 saat sonra twitterdə paylaşım edib. Bu da tamaşaçılar tərəfindən qınanılıb. Məhz
bu səbəbdən Kevin aparıcılıqdan imtina edib. Bununla bağlı dünya mətbuatında bəzi
xəbərlər dolaşır. Söylənilənlərə görə, aparıcısız keçirilən gecədə musiqili performansların
təşkili gözlənilir. O cümlədən gecədə məşhur Avengers komandasının səhnədə ola
biləcəyi söylənilir. Hətta musiqi ilə bağlı nominasiyaların qaliblərinin canlı ifalarının
olacağı da deyilir.
Mükafatlandırılma gecəsinə bir ay qalmış kino
aləmində "ən yaxşılar”ın siyahısı hazırlanaraq dünya mediasında dərc olunmuşdu.
Namizədlər ekspertlər tərəfindən müzakirələrə səbəb olub. Hətta dünyaca məşhur ifaçı
Ledi Qaqanın baş rol oynadığı "A star is Born” (Bir ulduz doğulur) filmi də bu siyahıya daxil olub.
Ssenarist,
rejissor Valeh Əhmədov filmlərin bir çoxunu izləyib və təhlil
edib. Nominasiyalar üzrə öz proqnozlarını bildirib. Deyir ki, qalib olacağı
gözlənilən "Roma” filmi kifayət qədər peşəkar deyil. Ssenarist qaradərililərin
vaxtilə başlarına gətirilən zülmlərdən, irqçilikdən, eynicinslilərin
təbliğatından danışan "Roma” filminin bu nominasiyada "Oskar” alması üçün heç
bir səbəb olmadığını vurğulayır. "Bredli Kuperin "A star is Born” filmini
təhlil edən müsahibimiz onu belə qiymətləndirir: "Filmdə şöhrətdən bezib içkiyə
qurşanan Bredli Kuper adlı müğənnidən bəhs olunur. O, bir gecə transların
barında içki içməyə qərar verir. Və orada adi bir qız müğənninin səsindən xoşu
gəlir. Nəticədə, bu qızın ulduzu parlayır. Oğlan onu məşhur edir və onun şöhrəti
oğlanı ötüb keçir. Qeyd edim ki, filmdə Ledi Qaqanın "Shallow” mahnısına görə "Oskar”
almaq ehtimalı daha yüksəkdir. Film hind kinosu olan "Aşiqu”-nun süjeti ilə
eynidir. Oğlan içki içir, qızı məşhur edir, qızın şöhrəti onu keçir. Oğlana
yaxın bir adam qıza deyir ki, solo oxumağa başla və s. İkinci tərəfdən isə, ən
yaxşı film "Oskar”ı qazanmış "Artist” filmidir. Orda da eyni hadisələr baş
verir. Belə ki, mövzu aktyor və aktrisalardan gedir. İlk dəfə idi ki, irqçilikdən
bəhs edən filmin üç nominasiyada yarışdığının şahidi olurdum. Hansı ki, bir
neçə il bundan öncə film sektorunun qaradərili nümayəndələri bu müsabiqədə olmadıqlarından
şikayət edirdilər. Hər il bu nominasiyada demək olar ki, bir film iştirak
edirdi”.
Ssenarist
"Bohemian Rhapsody” (Bohem rapsodiyası) filiminin
də məşhur bir müğənninin həyatından bəhs edən, aktyor oyunlarının möhtəşəm
olduğu, duyğusal mövzuların işləndiyi bir film olduğunu deyir: "Burada iradə sayəsində
məşhurlaşdıqdan sonra qudurğanlığın çılpaq təsviri göstərilib. Filmin sonunda ardıcıl
olan mahnılar əslində bir konserti xatırladır, amma çox da sıxıcı deyil. Filmdə
bir yerdə Merkuri xəstəliyini açıqlayarkən deyir ki, "heç də yazığınız
gəlməsin, istəyirəm ki, insanlar məni xəstə kimi yox, sənətçi kimi xatırlamasını”.
Filmdə məhz bunun qabardılması onun keyfiyyətinə xidmət edir. Filmdə Merkurinin
ölümü göstərilmir, cümlələrlə verilir və film onun məşhur mahnıları ilə bitir”.
Favoritlərdən olan "Vice” (Köməkçi)
filminə gəlincə isə, V.Əhmədov deyir ki, filmin rejissor və ssenaristi Adam
Makkey bu filmdə böyük yeniliklərə imza atıb: "Ümumiyyətlə, bu ilki filmlər
rejissor-montaj anlaşması ilə yadda qalır. Hər filmdə yeni qurğular görünür. Bu
filmdə, açığı, klassik avtobioqrafiya ssenarisi gözləyirdim. Lakin Makkey doğrudan
da filmdə oyun çıxarıb. Filmin əvvəli sənədli filmi xatırlatsa da, bir az
dolaşıqdır. Filmdə fləşbaklar, fləşforvardlar olsa da, sonradan hər şey yerinə
oturur. Vaxtilə efirdən eşitdiyimiz bir çox siyasətçiləri indi filmdə görürük.
Dik Çeyni siyasətdən gedir, biznesə girişir, ailəsiylə vaxt keçirir, balıq
tutmağa başlayır. Bu hekayə dillə danışılır və titrlər getməyə başlayır. Həqiqətən
aldanmadım. Güldüm və alqışladım. "Qəhrəmanın həyatının yeni hissəsi başlayır”
demişdim ki, titrlər dayandı və telefon zəngi, siyasətin ikinci dönəmi başladı.
Özü də Corc Buşla. Rejissor detalları möhtəşəm idi. Çeyninin balıqçı tipajı
axıra kimi qorunur. Corc Buşla dialoqunda çox mükəmməl idi. Burda da ailə
dəyərləri, ailəsinə sədaqətli olan kişi xarakteri, "hər güclü kişinin arxasında
bir güclü qadın dayanır” mövzusu işlənib. Restoran səhnəsində siyasətin
menyularla deyilməsi də gözəl idi. Ümumiyyətlə aktyor oyunları möhtəşəm idi. Sem
Rokvelin cizgilərindən istifadə edərək az işlənməsi, Corc Buşa bənzədilməsi də
yaxşı detal idi. "Bir dəfə Amerikada” filmində Robert de Nironun hər yaşı öz
xırdalığı ilə verməsindən sonra ilk dəfə idi ki, belə möhtəşəm aktyor oyunu
görürdüm. Kristian Beyl bunun öhdəsindən gözəl gəlmişdi. O, "Ən yaxşı aktyor”
nominasiyasında "Oskarı”a layiqdir. Qrimini edən qrimyor da həmçinin. Filmin
sonunda Barak Obamanın gəlişiylə onların işinin bitməsinə işarə olsa da, film
bu il göstərilir və ölkənin başında Respublikaçılar dayanır - Donald Tramp. Və
Dik Çeyni kameraya baxıb monoloq deyir. Qınanıldığı məsələlərdə haqlı olduğunu
bildirir. Bu isə rejissorun mövqeyi kimi gəlir və qələbənin onların olduğunu
deyir. Bir sözlə, "Vice” filmi nəinki avtobioqrafiya filmlərində, həm də müasir
sinemada yeni cığırdı”.
Müsahibimiz nominasiyalar üzrə ən
çox adı çəkilən "Roma” filmindən də danışdı: "Hesab edirəm ki, "Ən yaxşı film” nominasiyasına
bu film layiq görülməlidir. Ya da bu filmdən azca geridə qalan "Vice” filmi”.
"Yaşıl kitab” filminə toxunan ssenarist, filmin
posterinin artıq qalibiyyətin onda olduğunu dediyini söylədi: "60-cı illər.
Sürücü ağdərili, müdir qaradərili. Burada "1+1” filminin də strukturunu gördüm. Sadəcə, orda
qaradərili küçə uşağı, ağdərili isə onun müdiridir. Burda isə ağdərili
qaradərilinin işçisi idi. Orda qaradərili küçə dili ilə danışandır, ağdərili elitar,
burda isə əksinə. Əsas xarakterimizin qaradərililərə qarşı nifrəti var.
Xanımının isə yox. Xanım evlərinə gələn qaradərili ustalara su verir. Onlar
getdikdən sonra isə qəhrəmanımız stəkanları zibil vedrəsinə atır. Uzun çək-çevirdən,
işsizlikdən sonra bu ağdərili kişi qaradərili klassik musiqi ifaçısının
sürücüsü olur, onu konsert turlarına aparmaq məcburiyyətində qalır. Yolboyu isə
xarakterlərin bir-birilərinə qarşı dəyişməsi, əslində birində olan xasiyyətin
digərində olmaması açıq görünür. Bir çox filmlərdə olduğu kimi, caz və klassik
musiqinin təbliği də bu filmdə yer alıb”.
Qeyd edək ki, haqqında danışdığımız və danışmadığımız
bütün filmləri kinoteatrlardan izləyə bilərsiniz. Sabah "Oskar” mükafatını başı
üzərinə qaldırıb, ürək sözlərini deməyə namizəd olanların isə siyahısını təqdim
edirik:
"Ən yaxşı film” nominasiyası üzrə: "Black Panther” (Qara Pantera), "Black Klansman” (Qara klançı), "Bohemian
Rhapsody” (Bohem rapsodiyası), "The Favourite” (Sevimli), "Green Book” (Yaşıl
Kitab), "Roma”, "A star is Born” (Ulduz doğulub), "Vice” (Köməkçi) filmləri
namizəddir.
"Ən yaxşı rejissor” nominasiyası üzrə: "Roma” filminə görə Alfonso Kuaron, "Vice” filminə görə Adam Makkey,
"Sevimli” filminə görə Yorqos Lenthimos, "Black Klansman” filminə görə Spayk Li, "Soyuq müharibə” filminə görə Pavel
Pavlikovski.
"Ən yaxşı aktyor” nominasiyası üzrə: Rami Malek, Kristian
Beyl, Viqqo Mortensen, Bredley Kuper, Villem Dafo.
"Ən yaxşı aktrisa” nominasiyası üzrə: Qlen Koluz, Leydi Qaqa, Olivya Kolman, Yalitza Aparisio, Melissa Makkarti.
"Ən yaxşı orijinal ssenari” nominasiyası
üzrə: "Green Book” fiminə görə Brian Hayes Kurrie, Farrelli və Nik
Vallelonqa, "The Favourite” filminə görə Deborah Davis və Toni Mak Namara, "Roma”
filminə görə Alfonso Kuaron, "Vice” filminə görə Adam Makkey, "First Reformed”
filminə görə Paul Sçreder.
"Ən yaxşı animasiyalaşdırılmış xarakter” nominasiyası üzrə: "İncredibles 2”
(İnanılmaz-2), "Ralph Breaks the Internet” (Ralf İnterneti sındırır), "Spider-Man:
Into the Spider-Verse” (Hörümçək adam), "Isle of Dogs”(İtlər adası),"Mirai”
(Mirai) filmləri.
"Ən yaxşı sənədli film” nominasiyası üzrə: "Free Solo” (Azad
Solo), "Minding the Gap” (Boşluğu nəzərə alarkən), "Of Fathers and Sons” (Atalar
və oğullar) filmləri.
"Xarici dildə ən yaxşı film” nominasiyası
üzrə: "Roma” (Roma) – Meksika, "Cold War” (Soyuq müharibə) - Polşa, "Shoplifters”
(Oğrular) - Yaponiya, "Capernaum” (Kapernaum) - Livan, " Never Look Away” (Heç
vaxt gözlərini qaçırma) – Almaniya.
"Ən yaxşı orijinal mahnılar”ın siyahısına "Shallow” (Dayaz), "All the Stars” (Bütün ulduzlar), "I’ll Fight” (Mən
vuruşacam) "The Place Where Lost Things Go” (İtən əşyaların getdiyi yer) "When
a Cowboy Trades his Spurs for Wings” (Kovboy mahmızlarının qanadını satanda) daxildir.
"Ən yaxşı görüntü effektləri” nominasiyası
üzrə: "First Man”, "Avengers: Infinity War” "Solo: A Star Wars
Story”, "Ready Player One”, "Christopher Robin” filmləri.
"Ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyası üzrə: "Animal Behaviour” (Heyvan
davranışı), "Bao”, "Late Afternoon” (Günortadan keçmiş), "One Small Step” (Bir
kiçik addım)
"Weekends”
(Həftəsonları).
"Ən yaxşı qısametrajlı sənədli film” nominasiyası üzrə: "Black Sheep” (Qara qoyun), "End
Game” (Oyunu bitirmək), "Lifeboat” (Həyat gəmisi), "A Night at the Garden” (Gecə
bağda), "Period. End of Sentence” (Dövr. Cümlənin sonu) filmləri.
"Ən yaxşıqısametrajlı canlıhərəkətfilmləri” nominasiyası üzrə: "Detainment” (Həbs), "Fauve” (Fauv),
"Marguerite” (Marguerit), "Mother” (Ana), "Skin” (Dəri).
Son
olaraq qeyd edim ki, hər il öncədən verilən proqnozlardan xeylisi yanlış çıxır,
final gecəsi hər kəs sürprizlərlə qarşılaşır. Beləliklə, sabah filmsevərləri
çoxsaylı sürprizlər gözləyir.
Xəyalə Rəis