• cümə axşamı, 02 may, 02:02
  • Baku Bakı 15°C

Güzgüdə ləkə varsa...

18.10.13 10:31 1742
Güzgüdə ləkə varsa...
Bu ilin may ayında Londonda nigeriyalı miqrant ingilis əsgərini qətlə yetirəndə ölkədə əsil rezonans yarandı. Miqrant qisas məqsədilə törətdiyi cinayəti “Britaniya əsgərləri hər gün müsəlmanları öldürür, biz də onlara qarşı elə rəftar etməliyik” fikirləri ilə əsaslandırdı. Hadisədən çalxalanan ölkənin baş naziri Devid Kemeron Fransaya səfərini yarıda kəsərək təcili Londona qayıtdı və “biz heç vaxt terrora yol verə bilmərik” deyə elan etdi. Ölkədə qətlə etiraz əlaməti olaraq aramsız mitinqlər baş versə də, aksiyalar nə miqrantlara hücumla, nə onların çalışdığı iş yerlərinin dağıdılması, nə də digər miqrantların ölümü ilə nəticələndi. İngilis hökuməti “islam burada günahkar deyil. Bunun günahı insanların düşüncəsi ilə bağlıdır” deyə qətlin dini münaqişəyə çevrilməsinin qarşısını ala bildi.
Amma qəribədir ki, Moskvada azərbaycanlı Orxan Zeynalov tərəfindən “qətlə yetirilən” Yeqor Şerbakovun ölümündən sonra yaranan iğtişaşları sakitləşdirmək üçün ölkə başçısı Vladimir Putin xalqa səslənsə də hələm-hələm sakitlik yaranmadı. Qətlin baş verdiyi Biryulovanı anti-azərbaycanlı mitinqlər, dağıdıcı iğtişaşlar başına götürdü. İrqçilik zəminində baş verən olaylar iki ölkəni az qala qarşı-qarşıya qoydu.
Rusiyanın yerli telekanalları, mətbuat orqanları iş-güclərini atıb o gündən bəri ilk qətl hadisəsi kimi olayın izinə düşüblər. Canlı yayımlarda, reportajlarda “bazarı bağlamaqdansa, miqrantlardan xilas olmaq lazimdır” kimi səslənən fikirlər əhalinin də diqqətini olaya yönəldir... Əslində, bu hadisələri Rusiyaда miqrantlara qarşı çoxdan çıxıлан ovun nəticəsi də adlandırmaq olar. Hər gün telekanalların kadrlarında hüquq-mühafizə orqanlarının binaların zirzəmilərində, tikinti meydanlarında axtarışlar aparması, yüzlərlə miqrantın alman əsirləri kimi əlləri başları üzərində saxlanması və s. ilə bağlı süjetlər onsuz da yaxşı heç nə vəd etmirdi. Miqrantların adam yerinə qoyulmaması, hüquqlarının pozulması ilə bağlı faktların isə nə dalbadal qanuna edilən dəyişikliklərdə, nə imzalanan fərmanlarda, nə də ayrı-ayrı sərəncamlarda yer tapmaması əslində ölkədə miqrantlara qarşı «səlib yürüşü»ndən xəbər verirdi. Skinxedlərin, millətçilərin, neonasistlərin qeyri ruslara qarşı törətdiyi cinayətlər və gün-gündən genişlənməkdə olan «Rusiya ruslar üçündür» şüarı şovinizmin aramsız təbliği kimi beyinlərə yeridi.
Sosial sorğuların miqrantların xeyrinə işləməməsi də bir tərəfdən. Ruslar miqrantları əmək bazarında рягиб hesab edirlər. Guya məhz onların hesabına ölkədə cinayətlərin sayı artır, miqrantlar hətta ölkədə epidemiya yayacaq qədər təhlükəlidirlər. Həmçinin miqrantların fəaliyyətinin onların həyat tərzinə mane olmasından, ölkənin mədəni səviyyəsinə təsirindən də gileylənirlər.
Miqrantlarla bağlı qanunvericilikdə dəfələrlə dəyişiklik və əlavələr edilsə də, rusiyalıların bununla hələ də qane olmamaları göz önündədir. İctimai fikir dolayı yolla yox, elə birbaşa miqrantlara “yox” deyir.
Maraqlıdır, rusların özlərinə rəva bilmədiyi ən az maaşlı və ağır şəraitli iş yerlərini tutan, Rusiyaya “əzələyə” görə üz tutan və yerli əhalinin istirahətini təmin edən miqrantlar kimə рягиб ola bilərlər? Federal Miqrasiya Xidməti özü də dəfələrlə “miqrantlar heç də rusiyalıların iş yerlərini əllərindən almırlar” deyə etiraf edib. Bəs bir müddət əvvəl FMX rəhbərinin ölkə ərazisində baş verən cinayətlərin böyük hissəsinin miqrantlar tərəfindən törədildiyini “qeyri obyektiv” hesab etməsinə, Rusiyanın quberniyalarından gələnlər tərəfindən törədilən cinayətlərin MDB-dən olan vətəndaşlara şamil edildiyini etiraf etməsinə nə deyəsən? Orxan Zeynalovun “cinayəti”ndə də bu iz olmaya?
Rusiya mətbuatı olayı siyasi şouya çevirsə də qətli məhz Orxanın törətməsi hələ tam təsdiqlənməyib. Orxan dünən cinayəti törətdiyini etiraf edirdisə, bu gün ifadəsindən imtina edib. Sözsüz ki, bu nüanslar ortaya şübhəli məqamlar çıxarır. Lap cinayəti törədibsə belə, ona heç kəs haqq qazandırmır. Hüquqi qaydada cəzasını almalıdır. Amma hadisənin Rusiyada qətlin ilk dəfə baş verməsi kimi şişirdilməsi... Elə isə bu iğtişaşlardan sonra 18 bıçaq zərbəsi ilə öldürülən Ruslan Qaraxanlını və ya vəhşicəsinə doğranan Özbəkistan vətəndaşının qətlini törədənləri kim tapıb üzə çıxaracaq? O qətlləri ki, azərbaycanlılar törətməyib...
Azərbaycanlıların və digər postsovet ölkələrdən olanların Rusiyada qətli ilə bağlı xəbərlərə isə qulaqlarımız çoxdan alışıb. Baxmayaraq ki, dünyanın bir çox ölkələrinə azərbaycanlılar miqrasiya edib, heç zaman oralardan məhz azərbaycanlılarla bağlı “miqrant” problemi eşidilmir. Əgər Rusiya miqrantlarla bağlı insan haqlarının müşahidə məsuliyyətini öz üzərinə götürə bilmirsə, bu, başqa məsələ. Necə deyərlər, güzgüdə ləkə varsa, güzgünü sındırmaq lazım deyil...
Rusiyaya qəpik-quruş dalıyca gedən Orxan Zeynalov kimilərin heç biri Dostayevskinin qəhrəmanı Raskolnikov kimi qeyri-adilərin xoşbəxt gələcəyi xətrinə onlara mane olan insanları öldürmək fikrinə düşmürlər. Heç qətlə mənəvi haqları olduqlarını da düşünmürlər. Görünür, kriminallaşan cəmiyyətlərdə qətl hansısa məqamda onlar üçün özünü müdafiə, ya da vəziyyətdən çıxış yoludur. Yox, əgər qətlin kiminsə üzərinə atılması və ya kiminsə əliylə “törədilməsi” kimlər üçünsə müəyyən məqsədləri həyata keçirməkdən ötrü vasitədirsə, o başqa məsələ...
banner

Oxşar Xəbərlər