AZE | RUS | ENG |

Gürcüstanın “kiçik Ermitaj”ı Dadiani - Fotolar

Gürcüstanın “kiçik Ermitaj”ı Dadiani - Fotolar
Napoleonun ölüm maskası bu saraya xeyli turist cəlb edir

Muzeylər, tarixi məkanlar hər bir dövlətin, maddi və mənəvi dəyərlərinin saxlanıldığı, qorunduğu və öyrənildiyi bir xəzinədir. Hər bir turist gedəcəyi ölkədə ilk növbədə oranın tarixi yerlərini araşdırır. Gürcüstanda səfərdə olarkən biz də bu ölkənin tarixi ilə tanış olmaq üçün bir neçə muzeyə baş çəkdik. Buradakı muzeylərə baxdıqdan sonra bir daha əmin oldum ki,  Qafqazın bir parçası olan Gürcüstanla bizi bir çox tarixi dəyərlərlə özünə bağlayır. Qonaq olduğumuz muzeylərdə nümayiş olunan tarixi eksponatlar və qədim əlyazmalar, faktlar, insanların yaşam tərzi, istifadə etdiyi qədim zinət əşyaları haradasa bizə bir qədər yaxın idi. Bizi fərqləndirən əsa amil isə isə dinlərimizin ayrı olmasıdır. Baş çəkdiyimiz hər bir muzeydə dini əşyalara, inanclarla bağlı eksponatlara rast gəldik.  
 
 
 
Ah, Dadiani, Dadiani
 
Səfər zamanı baş çəkdiyimiz məşhur muzeylərdən ilki Dadiani sarayıdır. Tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, öyrədən və nümayiş etdirən bu saray Zuqdidi şəhərində yerləşir. Saray böyük bir ərazini zəbt edib. Gürcüstanın dünyada tanınmasında bu sarayın da payı az deyil. Bəziləri onu "kiçik Ermitaj” da adlandırırlar. 
 
 
 
Dadiani sarayı isə xüsusi görünüşü ilə hələ uzaqdan diqqət çəkir. Böyük dəmir qapılarla hasara alınan saray uzaqdan bizə park və insanların  rahat şəkildə istirahət edə biləcəyi bir məkanı xatırlatdı. Sarayın könül oxşayan parkı daim insanların üzünə açıqdır. Bu saray haqqında XVII-ci əsrdə Gürcüstanda olan italyan missioner Arkandcelo Lamberti yazırdı ki, knyazın 50-dən çox sarayı var, onların içində Zuqdidi sarayı ən gözəlidir: "O, ən gözəl daşdan tikilib və onun iç otaqları fars üslubunda dizayn edilib”. Sarayın içərisindəki muzeydə şəkil çəkməyə icazə vermədilər. Ona görə də, gəzintiyə fotoaparatsız davam etməli olduq. Muzeyə daxil olarkən üzərimizdəki çantaları, telefonları və üst geyimləri girişdə oturan nəzarətçiyə təhvil verdik və səyahətə başladıq. 
 
 

Bələdçi xanım saray barədə hər bir informasiyanı birnəfəsə çatdırmağa çalışırdı. Məlum oldu ki, sözügedən saray 1873-78-ci illərdə Knyaqinya Yekaterina Dadiani üçün restovrasiya olunaraq, yenidən bərpa edilib. Sarayın dizaynını verən mühəndis Edqar Rays Alupkadakı Vorontsov sarayının üslubundan istifadə edib. İkinci saray Knyaqinanın oğlu, sonuncu meqrel hakimi üçün 1880-ci ildə Leonid Vasilyevin layihəsi əsasında inşa edilib. Nikolay Dadiani hakimiyyətdən imtina etdikdən sonra (1866) onun qızı Salome anası ilə Parisə gedir və 18 may 1868-ci ildə Marşal Myuratın nəvəsi Aşil Myuratla evlənir. Aşil Myurat bonapartislərin bəzi relikviyaları ilə Napoleonun ölüm maskasını Meqrelə gətirir. Bu gün həmin maska saray kompleksinin əsas hissəsi olan tarix muzeyində saxlanılır. Bu maska, qonağı olduğumuz saraya xeyli turist cəlb edir. 
 
 
 
41 000 eksponatı olan saray
 
Muzey David Dadiani tərəfindən köhnə tarixi əşyalar və saray sahiblərinin xəzinəsi əsasında 1849-cu ildə yaradılıb. Muzeydə 41 000 eksponat var. Onlar gürcü mədəniyyətinin nadir inciləridir. Burada Taqilon dəfinəsi (e.ə. 1-ci minillik), qızıl antik maska, gürcü kraliçası Tamaranın ikonası (12-ci əsr), Konstantinapolun süqutundan sonra Gürcüstana gətirilən qədim heykəllər, orta əsrlərin Avropa döyüş alətləri və Qərbi Avropa sənətkarlarının orta əsr sənət əsərləri sərgilənir. Bundan başqa, muzeydə qədim arxeoloji tapıntılar, dini eksponatlar, XV əsrə aid əlyazmalar, çox geniş kolleksiyalar, müxtəlif incə qablar, kraliçaların qızıl və zinət əşyalarını görmək mümkündür.
 
 

Sarayda daha çox Dadianinin istifadə etdiyi əşyalar, qonaqları qarşılamaq üçün hazırlanmış qab-qacaq dəstləri diqqətimi çəkdi. İncə naxışlarla bəzədilmiş bu qab-qacaq dəsti XV əsrdə saraya qona gələrkən süfrəyə düzülürmüş. Xanım olasan, belə qab-qacaqlar da diqqətini çəkməyə? Mümkünsüzdür. Elə ona görə də, maraq mənə üstün gəldi, istədim ki, kiçik kofe, fincan dəstlərinə toxunum. Bələdçi imkan vermədi. Bildirdi ki, əşyaların şəklini çəkmək və onlara toxunmaq qadağandır. Sarayda həddindən artıq çox güzgü var. Belə ki, saraya daxil olan qonaq yemək yeyərkən, gözləmə zalında oturarkən və sarayı tərk edərkən özünü izləyə bilir. Bu güzgülər böyük ölçüdə hazırlanıb. Güzgülərdə bir az toranlıq olsa da, saraya xüsusi gözəllik bəxş edir. 
 
 

Muzey hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir. Giriş pulludur, bələdçi ilə 5, bələdçisiz 2 lari tələb olunur. Sarayın ətrafında böyük botanika bağı salınıb. Bu bağı Salomenin anası Yekaterina Aleksandrovna Kavkavadze -­ Dadiani Nino Qriboyedovun bacısı Avropadan dəvət edilmiş  bağbanlar tərəfindən saldırıb. Bağın sahəsi 26,4 hektardır. Saray klassik memarlıq üslubundadır. 19-cu əsr memarlığının imperial xüsusiyyətlərini və klassik Gürcüstan elementlərini özündə birləşdirir. Dekorasiyasının bəzi elementlərində şərq xüsusiyyətlərinə də rast gəlinir. Digər otaqlarda və həyətdəki kilsədə təmir işləri aparıldığı üçün sarayı tam olaraq ziyarət edə bilmədik. Sarayın bir hissəsinin restovrasiya olunmasına baxmayaraq, qapıları  daim ziyarətçilərin üzünə açıqdır. Buranın həyətindəki geniş parkda hər kəs əylənə bilir. Burada kitab oxuyan, dostları ilə söhbət edən gənclər və  yaşlılar çox olur. 
 
 
 
6 daimi ekspozisiya salonu olan Svaneti Muzeyi
 
Zuqdididə havalar çox mülayim idi. Burada bir az istirahət edib üzü dağlara doğru yolumuza davam etdirdik. Qarlı-buzlu yollarla gəlib Mestiaya çatdıq. Bura qış turizmi potensialına görə, Gürcüstanın ən əlverişli məkanlarından biridir. Mestia qış turizmi ilə bərabər, tarixi muzeyləri ilə də turist cəlb edir. Mestiada yerləşən Svaneti Muzeyini ziyarət etdik. Svaneti Tarix və Etnoqrafiya Muzeyi yenidən qurulduqdan sonra 2013-cü il iyulun 1-də istifadəyə verilib. Muzeyin ümumi tarixi isə demək olar ki, bir əsrdir. Yeni bərpadan sonra sərgi salonu modern şəraitdə ən müasir standartlarla təchiz olunub. Əlavə olaraq, təmir laboratoriyaları və depolar yaradılıb. Müasir tərzdə hazırlanan bu muzey istilik sistemləri ilə təchiz olunub, adətən muzeylərdə daha az rastladığımız "Wi-Fi” sistemi də mövcuddur. 
 
 

Hazırda muzeydə 6 daimi ekspozisiya salonu var. Ziyarətçilər muzeydə arxeoloji qazıntılar zamanı aşkar olunan eksponatları görə bilərlər. Muzeydə IX-XVIII əsrə aid dünya əhəmiyyətli əsərləri də görmək mümkündür. Qırx Sebastian Şəhidlərinin İkonu, Naxışlı Bizans İkonu, Venesiya Xaçı, Queen Tamar tərəfindən təqdim olunan şamandırat, ən qədim əlyazma - Adishi İncili (897) və s. Burada qədim və orta əsrlərə aid silahlar, əmək alətləri, geyimlər, eləcə də Bizans, Osmanlı, Rusiya imperiyalarına aid pul sikkələri sərgilənir. Muzeyin son sərgi salonu gürcü etnoqrafiyasının nümayişinə həsr olunub. 
 
 

Svaneti Tarix və Etnoqrafiya Muzeyinin bərpası Gürcüstan hökuməti ilə birgə müxtəlif beynəlxalq təşkilatlar və fondlar tərəfindən maliyyələşdirilib.
 
 

Muzeydən ayrılarkən bələdçi bizə bu ərazidə bir çox muzeyin olduğunu və qarın çox yağdığı üçün ora baş çəkə bilməyəcəyimizi qeyd etdi. Qar o qədər çox yağmışdı ki, muzey, kənardan demək olar ki, görünmürdü.
 
Xəyalə Rəis


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946