AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gürcüstanın əsas məqsədi Avropa İttifaqına üzv olmaqdır

Gürcüstanın əsas məqsədi Avropa İttifaqına üzv olmaqdır

Siyasət
21 May 2020, 20:01 350
Rəsmi Tbilisi Moskva ilə də konkret məsələlərlə bağlı danışıqlar aparmağa hazırdır

Gürcüstan prezidenti Salome Zurabişvili "Rustavi-2” telekanalına müsahibəsində zərurət olacağı halda Moskva ilə birbaşa danışıqlara getməyə hazır olduğunu bəyan edib. Hər zaman dialoqun tərəfdarı olduğunu deyən prezident, həmçinin, Rusiya Xarici İşlər Nazirliyinin 2008-ci il avqust müharibəsi ərəfəsində Moskva və Tbilisinin Gürcüstandan rus hərbi bazası çıxarıldıqdan sonra onun yerində birgə antiterror mərkəzinin yaradılması barədə danışıqlar apardıqlarını təsdiqləyib. Rusiya-Gürcüstan münasibətləri barədə danışarkən bildirib ki, "dövlətlər arasında müəyyən mərhələdə müharibə və dialoq arasında seçim məsələsi durur. Hər zaman dialoqun tərəfdarı olub. Lakin dialoq, dialoq aparmaq naminə aparılmamalıdır”. Prezident bildirib ki, Rusiya və Gürcüstan arasında münasibətlər tarixən o zaman pozitiv olub ki, tərəflər səmimi şəkildə açıq danışıqlar aparıblar. Prezident Rusiya XİN rəhbəri Sergey Lavrovun Gürcüstandan çıxarılan Rusiya hərbi bazasının yerində antiterror mərkəzinin yaradılacağı barədə bu günlərdə səsləndirdiyi bəyanatı təsdiqləyib. "Bu düzdür”, - deyə Zurabişvili bəyan edib. Lakin bir detal buraxılıb – Rusiya-Gürcüstan Antiterror Mərkəzi NATO-nun iştirakı ilə yaradılmalı idi. Bu isə baş tutmadı. Ola bilsin bu format gələcəkdə tələb olunsun. Prezident vurğulayıb ki, "ölkə bütün istiqamətlər üzrə bərabərhüquqlu münasibətlərə çalışır və artıq öz seçimini də edib. Avropa İttifaqına üzv olmaq alternativsiz məqsəddir. Biz bu gün-sabah institusional formalaşacaq hallara hazır olmalıyıq. Avropa İttifaqına yalnız bəyanatlar verməklə üzv olmaq istədiyimizi bildirmək kifayət etmir”.
Xanım prezident Qərblə münasibətlərdə bir sıra çalxalanmaların olduğunu etiraf edərək, bura siyasi məhbus hesab edilən şəxslərin dərhal azad olunmasının da daxil olduğunu deyib. Onlardan artıq ikisi – Tbilisinin keçmiş meri Qiqi Uqulava və sabiq müdafiə naziri İrakli Okruaşvili azad edilib. Əfv barədə sənədə qol çəkən Zurabişvili bildirib ki, həmin şəxslər siyasi məhbus hesab edilə bilməzlər. Əgər Qərb onları bu kateqoriyaya daxil edirsə, bu, informasiya azlığındandır. Bu da xaricdə akkreditasiya olunan gürcü diplomatlarının pis işləməsinin nəticəsidir. Prezident əfvin Qərbin təzyiqi ilə edildiyini də təkzib edib: "Bu, mənim tərəfdən Gürcüstanda sabitliyin əldə olunması məqsədilə atılan addım idi. Əsas məqsəd ölkənin payızda keçiriləcək parlament seçkilərinə normal şəkildə getməsinin təmin edilməsidir”. O, "Gürcü arzusu” nümayəndələrinin Uqulava və Okruaşvilinin azad olunmasının onlarla razılaşdırılmadığı barədə açıqlamalarını da təkzib edib. Müsahibə zamanı Zurabişvili vətənində bir sıra cinayətlərdə günahkar bilinən Mixail Saakaşvilinin təyinatından sonra Gürcüstanın Ukrayna ilə pisləşən münasibətlərinə də toxunub. Onun qənaətincə, Kiyev Tbilisini bu barədə məlumatlandırmalı idi, bunu diplomatik etiket də tələb edir. Belə bir şəraitdə Gürcüstanın Ukraynadakı səfirini məsləhətləşmə adı altında geri çağırması gürcü tərəfinin normal reaksiyasıdır.
Dövlət və kilsənin münasibətləri S.Zurabişvilinin müsahibəsinin ən gözlənilməz hissəsi olub. Adətən, Gürcüstanda kilsəni tənqid etmirlər -  son illərin ən nüfuzlu institutudur. Lakin Zurabişvili bu ənənəni pozub. O, gürcü katalikosu İkinci İlyaya hörmət etdiyini bildirərək, kilsənin dövlətin işlərinə qarışmasını yolverilməz adlandırıb. Bir sıra yüksək rütbəli din xadimlərinin koronavirus pandemiyası dövründə səsləndirdikləri bəyanatları məhz bu cür dəyərləndirib. Prezident din xadimlərinin vaksinasiyadan qaçılması barədə "məsləhətlərini” qərəzli adlandırıb.
 
Azər