AZE | RUS | ENG |

Gürcüstandan Azərbaycana qeyri-adekvat münasibət

Gürcüstandan Azərbaycana qeyri-adekvat münasibət
Ekspertlər rəsmi Tbilisinin addımlarının narahatlıq doğurduğu qənaətindədirlər

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Sovetlər birliyi dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında müttəfiqlik münasibətlərinin yaranmasına səbəb olub. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. Hər iki ölkə rəhbərlərinin əsasını qoyduğu strateji əməkdaşlıq əlaqələri ötən müddətdə bütün sahələri əhatə edib. Bu gün Gürcüstanla Azərbaycanı iqtisadi-siyasi əhəmiyyət daşıyan böyük layihələr, o cümlədən Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr hər iki ölkəni strateji baxımdan bir-birinə daha sıx bağlayır. Bununla yanaşı, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələrini daha da möhkəmləndirib. Siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda baş verib və strateji xarakter alıb. Belə münasibətlər fonunda Azərbaycan Gürcüstandan dəstəyini heç zaman əsirgəməyib. Gürcüstanın ən çətin günlərində Azərbaycan qonşusunu mavi yanacaqla, elektrik enerjisi ilə təmin edib. Digər tərəfdən, Gürcüstanda yaşayan soydaşlarımız bu ölkənin vətəndaşları kimi dövlətin, dövlətçiliyin güclənməsinə öz töhfələrini veriblər. 
Əfsuslar olsun ki, Gürcüstanın Azərbaycana münasibətində bəzi hallarda arzuolunmaz hallara rast gəlinir. Buna nümunə kimi orada yaşayan soydaşlarımızın dil, mədəniyyət, təhsil və sair sahələrdəki problemlərin indiyə qədər tam həllini tapmamasını göstərmək olar. Cari ilin 20 Yanvar tarixində Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ müharibəsində iştirak etmiş Mixeil Avagyanın abidəsinin ucaldılması da narahatlıq doğuran məsələlərdəndir. Belə ki, Azərbaycan qonşu Gürcüstanın milli-dövlətçilik maraqlarına hər zaman hörmətlə yanaşıb. Azərbaycan tərəfi heç zaman Abxaziya və Osetiya separatçıları ilə hər hansı təmas qurmayıb. Lakin rəsmi Tbilisi Azərbaycana qarşı separatçılıq hərəkətlərində rol alan, ölkəmizə qarşı vuruşan erməni terrorçusuna Gürcüstan ərazisində abidə qoyulmasına göz yumub. Gəlin təsəvvür edək ki, Azərbaycanın Qax və ya Zaqatala rayonunda Abxaziya və Osetiyada Gürcüstana qarşı vuruşmuş hansısa terrorçuya, separatçıya abidə qoyulur, açılış mərasimində də rəsmi şəxslər iştirak edir. Bu, rəsmi Tbilisini məmnun edərmi?   
 
 
Bu günlərdə isə xəbər yayılıb ki, Gürcüstan hökuməti Rusiyanın "Qazprom” şirkəti ilə ölkənin qaz təchizatının şaxələndirilməsi üçün danışıqlar aparır. Gürcü rəsmilərin bildirir ki, danışıqlar yekunlaşmaq üzrədir və əldə edilmiş razılaşmaya əsasən Gürcüstan Rusiyadan "müəyyən həcmdə” qaz alaraq Azərbaycan qazından asılılığı azaldacaq. Rəsmi Tbilisi bu addımını bazarda inhisarçılığın qarşısını almaq üçün atdığını bildirir.
Gürcüstan parlamentinin azərbaycanlı deputatı, hakim "Gürcü Arzusu” koalisiyasının üzvü Mahir Dərziyev mövzu ilə bağlı "Kaspi” qəzetinə bildirib ki, Azərbaycan-Gürcüstan əlaqələri strateji əhəmiyyət daşıyır, hər iki ölkə dost-qardaş  münasibətlərini daim qoruyur. Onun sözlərinə görə, münasibətlərin bu səviyyədə olması Azərbaycan və gürcü xalqlarından gələn ictimai sifarişdir və bu sifarişi hər iki ölkə iqtidarı icra edir: "Mən təəssüf edirəm ki, belə münasibətlər fonunda Mixeil Avagyan məsələsi Azərbaycan mediasının, Gürcüstandakı azərbaycanlıların gündəmini bu qədər zəbt edib. Təbii olaraq, bu abidə açılışı olan andan etibarən biz tərəfdən də qınaq obyektinə çevrilib. Azərbaycan ictimaiyyəti ilə yanaşı, gürcü cəmiyyətinin mütləq əksəriyyəti də bu məsələdə birmənalı mövqe ortaya qoydu. Başqa cür ola da bilməzdi. Çünki, bu abidənin qoyulması ilk növbədə Gürcüstanın özünə, milli-dövlətçilik maraqlarına qarşı atılmış xəyanətkar bir addım idi. Gürcüstanın özü də Azərbaycan kimi separatçılıqdan əziyyət çəkən ölkədir. Belə olan halda, separatçıya Gürcüstanda abidə qoyulması, yerli idarəetmə orqanlarının erməni təmsilçilərinin, erməni deputatların, hətta Ermənistan səfirinin bu açılış mərasimində iştirakı rəsmi səviyyədə qınanıb. Xüsusən də bu hadisənin azərbaycanlılar üçün həssas bir gündə - 20 yanvar tarixində olması birmənalı olaraq pislənib. Gürcüstan parlamenti və dövləti səviyyəsində keçirilən görüşlərdə "Gürcü Arzusu” koalisiyasının təmsilçiləri, rəsmi şəxslər bu hadisəni pisləyiblər. Bütün görüşlərdə Azərbaycan-Gürcüstan münasibətlərinin dəyərli olması, qorunub saxlanmasının vacibliyi vurğulanıb. Gələcəkdə də bu münasibətlərə xələl gəlməməsi üçün tədbirlərin görülməsi birmənalı olaraq qeyd edilib. Eyni zamanda, məsuliyyətsizlik edən məmurlar barəsində tədbirlər görülüb. Ona görə də Mixeil Avagyan məsələsinin körüklənməsinin, bu istiqamətdə ajiotaj yaradılmasının, vətəndaşlarımızın da bunun təsiri altına salınmasının əleyhinəyik. Kimlərinsə bu hadisədən siyasi məqsədlər naminə yararlanmasına, Gürcüstanda vətəndaş qarşıdurmasına səbəb olmalarına yol verməli deyilik”. 
 
 
M.Dərziyev Gürcüstanda SOCAR-ın sıxışdırılması məsələsinə də aydınlıq gətirərək deyib ki, "Qazprom” şirkəti ilə aparılan danışıqlar dövlət maraqlarından irəli gələrək, yalnız qaz təchizatının şaxələndirilməsi məqsədini güdür: "SOCAR Gürcüstanın qaz təchizatının 90 faizini yerinə yetirir. Belə olan halda Rusiya ilə danışıqlar qıcıq doğurmalı deyil. Burada ölkənin enerji təhlükəsizliyi, təchizatın şaxələndirilməsi əsas hədəfdir. Özü də yalnız Rusiya şirkəti ilə danışıqlar aparılmır, başqa variantlar da gündəmdədir. Bu addımın da Azərbaycana, eləcə də SOCAR-a qarşı yönələn hərəkət kimi qələmə verilməsinin əleyhinəyəm. Azərbaycanla Gürcüstan strateji tərəfdaşdır və bu, belə olaraq da qalacaq. Çalışmalıyıq ki, bu dostluğa, strateji tərəfdaşlığa xələl gətirmək istəyən qüvvələrin istəkləri həyata keçməsin”.
 
 
Qafqazşünas Kamran Ramazanlı da qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan Gürcüstanla strateji müttəfiqliyə sadiqdir və bu münasibətləri daha da  möhkəmləndirmək, inkişaf etdirmək üçün hər iki dövlətin iştirakı ilə beynəlxalq əhəmiyyətli layihələr həyata keçirib: "Azərbaycan bütün proseslərdə Gürcüstanın yanında olub. Bu, istər rəsmi, istərsə də qeyri-rəsmi formada müşahidə olunmaqdadır. Lakin təəssüf ki, ayrı-ayrı məqamları çıxmaq şərtilə, bəzi hallarda qarşı tərəfdən bu münasibətlərə adekvatlıq görünmür. Özü də belə münasibət yalnız Azərbaycana qarşı deyil, oradakı soydaşlarımıza münasibətdə də özünü büruzə verir. Hakimiyyətlər dəyişəndə kosmetik dəyişikliklər gözə çarpsa da, soydaşlarımızın köklü problemləri birdəfəlik həllini tapmır. Hər iki dövlət arasında münasibətləri pozmağa maraqlı qüvvələrə gəlincə, belə qüvvələr yox deyil. Hər zaman belə qüvvələr ən müxtəlif yollarla münasibətlərimizi pozmağa cəhdlər ediblər. Gürcüstan daxilində sayca üçüncü etnik qüvvə olan ermənilər, xüsusən də gürcüləşmiş, gürcü ad-soyadı daşıyan və müxtəlif vəzifələrdə təmsil olunan ermənilər Bakı-Tbilisi münasibətlərinə xələl gəlməsində maraqlıdırlar. Bu kontekstdə Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin separatçı çağırışları da diqqətdən kənarda qalmamalıdır. Bu məsələlər bəzi xarici qüvvələr və dövlətlər tərəfindən də məqsədli şəkildə körüklənir, qızışdırılır. Ona görə də bəzi hallarda Gürcüstan tərəfdən Azərbaycanın dostluq-qardaşlıq, strateji müttəfiqlik münasibətlərinə adekvat münasibət sərgilənmir”.  
Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311