Gürcüstan baş nazirinin Yerevan səfəri niyə təxirə düşüb?
Elə qonşu dövlətlər var ki, onların münasibətlərində sözün əsl
mənasında səmimiyyət heç vaxt olmayacaq. Düzdür, qarşılıqlı səfərlər, qardaşlıq
barədə ən yüksək səviyyədə bəyanatlar səslənəcək, lakin ziddiyyətlər və
gərginlik tarix boyu davam edəcək. Ermənistanla Gürcüstan arasındakı
münasibətlər kimi. Ötən əsrin əvvəllərində Azərbaycan torpaqları üzərində
qurulan Ermənistan bəlli olduğu kimi, ilk gündən qonşularına – Azərbaycan,
Gürcüstan və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edib. İlk növbədə Azərbaycan
və Gürcüstan hədəfə alınıb. Azərbaycanla bağlı siyasət bəllidir. Havadarlarının
dəstəyi ilə işğal etdiyi Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurmaq.
İkinci mənfur niyyəti isə Gürcüstanla bağlıdır. Bu ölkə ərazisində məskunlaşan ermənilər
arasında separatizm əhval-ruhiyyəsini qızışdıraraq, onları Gürcüstan hakimiyyətinə
qarşı qaldırmaq. Dəfələrlə iki ölkə arasında bununla bağlı gərginliklər
yaşanıb. Gürcü tərəfi bu separatçı iddiaları cavabsız qoymayaraq, həmin
qüvvələrə qarşı sərt addımlar atıb, həbslər həyata keçirib. Bir müddət məsələ
ilə bağlı sakitlik yaransa da, zaman-zaman ermənilər öz mənfur siyasətlərini
yeritmək istiqamətində addımlar atıblar. Nisbi sakitlik xüsusən də Bakı-Tbilisi-Qars
dəmiryolunun işə salınmasından sonra pozulmağa başlayıb. Bəlli olduğu kimi,
dəmir yolu xətti əsasən üç ölkə - Azərbaycan-Gürcüstan-Türkiyənin birgə
layihəsi olub, iri infrastruktur şəbəkəsidir. Layihənin işə düşməsi
Ermənistanda ciddi narahatlıq doğurub.
Qeyd edilir ki, bu layihə Ermənistanın daha
da təcrid olunmasına gətirib çıxaracaq. Gürcüstanda yaşayan ermənilər də Yerevandakı
rəhbərlərinin planına uyğun olaraq layihə ilə bağlı rəsmi Tbilisi qarşısında
tələblər qoymağa start veriblər. Məsələn, ingilisdilli EURASIANET.ORG
portalında dərc edilən materialda Axalkalakidən reportaj təqdim edilib. Burada
qeyd edilib ki, yerli ermənilər Bakı-Tbilisi-Qars layihəsindən narazıdırlar.
Müəllif yazır ki, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili vəd etmişdi ki,
layihənin işə düşməsi regionda yeni iş yerlərinin açılmasına, bütövlükdə yerli
iqtisadiyyatın çiçəklənməsinə və əhalinin rifah halının yüksəlməsinə səbəb
olacaq. "Lakin Axalkalaki sakinləri şikayət edirlər ki, onlar layihənin
reallaşmasından elə də böyük mənfəət əldə etməyiblər. Xüsusən də erməniləri
narahat edən odur ki, türk və Azərbaycan şirkətləri işlərə öz işçilərinin cəlb
etməyə üstünlük verirlər. Ermənilər bununla yeni iş yerləri əldə etmək
arzusundan məhrum olduqlarını bildiriblər”, - deyə məqalədə vurğulanıb. Separatçı
əhvallı erməni sakinlər bu narazılığın kökünü Ermənistan rəhbərliyində axtarsa
yaxşı olar. Yəni narazılığın əsas səbəbkarı məhz onlardır - Azərbaycan
torpaqlarını işğal etdiyinə görə, blokada vəziyyətinə düşən ermənilər
hakimiyyətləri qarşısında bu siyasətdən əl çəkilməsini tələb etməlidir. Nə
qədər ki, bu siyasət davam edəcək, erməni xalqı bunun zərərini öz üzərində hiss
edəcək.
Gürcüstan-Ermənistan münasibətlərindən söz düşmüşkən, mətbuat iki
ölkə arasında münasibətlərdə daha bir maraqlı məqama yer ayırır. Məsələ ondadır
ki, neçə gün idi ki, mətbuatda Gürcüstan baş naziri Georgi Marqvelaşvilinin
Ermənistana səfər edəcəyi barədə xəbər yayılmışdı. Lakin son anda bəlli olub
ki, gürcü baş nazir Yerevana getməkdən imtina edib. Gürcüstan hökumətinin
informasiya xidmətinin rəhbəri Sofo Mozidze bildirib ki, səfər ləğv olunmayıb,
sadəcə vaxtı dəyişdirilib. "Səfər dekabrın 1-nə nəzərdə tutulmuşdu. Lakin gürcü
tərəfi səfəri qeyri-müəyyən vaxta kimi təxirə salıb. Ola bilsin, səfər
hökumətin yeni tərkibi təsdiq olunduqdan sonra reallaşsın”, - deyə Mosidze
bildirib.
Erməni tərəfinin yaydığı məlumatda bildirilirdi ki, Kvirikaşvili
Yerevanda erməni həmkarı Karen Karapetyanla birgə mətbuat konfransı keçirib KİV
üçün bəyanatla çıxış edəcək. Erməni tərəfinin bu bəyanatından bir neçə saat
sonra gürcülər baş nazirin səfərinin təxirə düşdüyü barədə bəyanat yaydılar.
Belə olan halda ortaya sual çıxır - məgər gürcü baş nazirin ofisi hökumətin
yeni tərkibinin təsdiq olunmadığından xəbərsiz olub? Bu suala cavab verən
Mozizde "mən sadəcə əlavə hər hansı bir məlumat verə bilmərəm” deməklə
kifayətlənib. "Məndə olan məlumat belədir ki, Gürcüstan baş nazirinin
Ermənistana səfəri nə vaxtsa baş tutacaq”, - deyə o bildirib. "Diqqət çəkən
məqam ondan ibarətdir ki, dünya praktikasında tərəflərdən birinin səfərə cəmi
bir neçə saat qalmış təxirə düşdüyü praktikasına nadir hallarda rast gəlinir”,
- deyə "Qraparak” qəzet yazıb.
Erməni KİV-ləri diqqəti son vaxtlar iki ölkə arasında yaşanan
mübahisəli məqamlara da yönəldirlər. Birincisi, KİV-də dərc edilən
materiallarda xüsusi qeyd edilir ki, Tbilisi Cavaxetiyadan olan erməni
politoloq Sergey Minasyanın Ermənistanın Gürcüstandakı səfiri vəzifəsinə təyin
olunmasına qarşıdır. Eləcə də, avqust ayının sonunda Gürcüstan Müdafiə
Nazirliyi bəyan etdi ki, Ermənistan son anda Agile Spirit-2017 təlimlərində
iştirak etməkdən boyun qaçırıb. İki gün bundan əvvəl isə bəlli olub ki, erməni
nümayəndələri istisna olmaqla QDİƏT ölkələri PA-da keçirilən müzakirələrdə
iştirak ediblər. Erməni heyəti bildirib ki, Assambleyanın qəbul etdiyi
bəyannamədə münaqişələrlə bağlı bənd onlar tərəfindən qəbul edilə bilməz. Gürcü
hökumətinin mətbuat xidməti iki ölkə arasında problemlərin olması barədə suala
cavab vermək istəməyib. "Qraparak” yazır ki, baş nazirin səfərinin təxirə
salınması bir sıra səbəblərlə əlaqədardır: "Birincisi, Kvirikaşvilinin
səfərinin təxirə düşməsi maraqlı bir dövrə düşdü – Ermənistan Aİ ilə saziş
imzaladı, ardınca da yeni səfir təyinatı ortaya düşdü”. Qəzet səfərin təxirə
düşməsinin arxasında hansısa məqamların olub-olmadığı barədə Ermənistanın
Gürcüstandakı səfiri Ruben Sadoyanın fikirlərini soruşub. Bəlli olub ki, heç
səfirin özünün də bu səfərin təxirə düşməsinin səbəbləri barədə məlumatı
yoxdur. O bildirib ki, hazırda Ermənistandadır və bura baş naziri qarşılamaq üçün
gəlib. Erməni nəşri daha sonda yazır ki, Kvirikaşvilinin üzv olduğu "Gürcü
arzusu” parlamentdə səslərin böyük əksəriyyətinə malikdir. Yəni o, hökumətin
yeni tərkibinin təsdiqini gözləməyib də səfərə gələ bilərdi.
Azər NURİYEV