AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gürcü millət vəkili: “Güclü dövlət qurmaq niyyətindəyik” - Fotolar

Gürcü millət vəkili: “Güclü dövlət qurmaq niyyətindəyik” - Fotolar

Müsahibə
18 Sentyabr 2020, 17:40 3808
Azər Süleymanov: Ölkə vətəndaşları "Gürcü Arzusu”na "qırmızı kart” göstərir
 
Gürcüstanda oktyabrın 31-də parlament seçkiləri keçiriləcək. Gürcüstan Seçki Məcəlləsinə edilmiş düzəlişlərə əsasən, parlamentin 150 deputatından 30-u majoritar, qalan 120-si proporsional sistem üzrə seçiləcək. Əvvəlki qaydada isə 77 deputat proporsional, 73 deputat majoritar qayda ilə seçilirdi. 66 siyasi partiya seçkidə iştirak etmək hüququ qazanıb. Ötən həftə bu barədə hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasından deputatlığa namizəd soydaşımızdan müsahibə almışdıq. Bu dəfə isə eyni sualları müxalifyönlü Milli Hərəkat Partiyasının təmsilçisi, eyni zamanda təşkilatın Siyasi Şurasının üzvü və liderlərindən biri Azər Süleymanova ünvanladıq. Müsahibimiz 23 iyul 1967-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1984-cü ildə rus məktəbini, 1991-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 1991-1996-cı illərdə biznes sahəsində çalışıb. 1996-1999-cu illər ərzində Marneuli İcra hakimiyyətinin iqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1999-2003-cü illərdə majoritar yolla deputat seçilib. 2003-2008-ci illərdə Kvemo-Kartli qubernatorunun müavini olub. 2008-2012, 2012-2016 və 2016-2020-ci illərdə millət vəkili olaraq fəaliyyətini davam etdirib. Hazırda deputatlığa namizəddir.
 

 
- Oktyabrın 31-də Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək. Sizin də təmsil olunduğunuz partiya və ya koalisiya yeni seçkilərə hansı əhval-ruhiyyə ilə gedir?
- Bu, adi deyil, qərarverici seçkidir. Ya "Gürcü Arzusu” yenə iqtidarda qalaraq Gürcüstanı qaranlıq dünyaya aparacaq, ya da Milli Hərəkat Partiyası, demək olar ki, yeni koalisiya iqtidara gələcək, indiyə qədər verilən vədlərin hamısını yerinə yetirəcək. Bildiyiniz kimi, 2012-ci ildə bizim təmsil olunduğumuz siyasi partiya parlament seçkilərini, siyasi hakimiyyəti sülh yolu ilə hazırkı iqtidara verdi. Biz Gürcüstan əhalisinin yenilik istədiyini gördük və xalqın bu tələbini qəbul etdik. Xalq yeniliyi Bidzina İvanaşvilidə görürdü. Lakin təəssüf ki, o, xalqın bu etimadını doğrultmadı, ötən 8 ildə Gürcüstanı irəliyə deyil, keçmişə apardı. Hər bir gürcüstanlı öz üzərində hiss etdi ki, hər hansı yenilik olmadı. İnsanların Gürcüstanın daha da inkişafına dair ümidləri kəsildi. Ona görə də xalq yenilik tələb edir. Bu kimi səbəblərdən irəli gələrək Milli Hərəkat Partiyası koalisiya şəklində güclənib, Gürcüstanın bütün bölgələrində təşkilatlanıb, insanlarda yeni qələbələrə, dəyişikliklərə böyük ümid yaranıb. Sizi əmin edirəm ki, əgər seçki sabah keçirilərsə, Gürcüstanın bütün bölgələrində bizim partiya qalib gələcək. 
 
 
 
- Son parlament seçkilərindən ötən vaxt ərzində qanunverici orqan Gürcüstan dövlətçiliyi və xalqı naminə hansı mühüm işlərə imza atıb?
- 2012-ci ildən indiyə qədər ötən vaxt ərzində Milli Hərəkat Partiyası müxalifətdədir. Bidzina İvanaşvili hökumətinin rəhbərliyi altında olan ölkədə ötən 8 il ərzində parlament hansısa qanun layihəsi və sair ilə xalqa bir yenilik təqdim etməyib. Xalqın, vətəndaşların mənafeyinə uyğun, ölkəni irəli aparacaq hər hansı qanun layihəsi parlamentdə qəbul olunmayıb. Məhz buna görə də Gürcüstan vətəndaşları "Gürcü Arzusu”na "qırmızı kart” göstərir. Ötən 8 ildə hakim partiya parlamentdəki bütün peşəkarları sıxışdırdı, uzaqlaşdırdı. Buraya istər komitə sədrləri, istərsə də sıravi millət vəkilləri daxildir. Hakim partiya tərəfindən qohumbazlıq, dostbazlıq prinsipi ilə idmançılar, sənət və iş adamları parlamentə toplandı. Hansılar ki, qanunvericilikdən çox-çox uzaq idilər. Ötən səkkiz ildə Gürcüstan Parlamentinin fəaliyyətinin qənaətbəxş olmamasının səbəbi bununla əlaqədardır. Gürcüstanda bir neçə dəfə ictimai rəy sorğusu keçirilib. Vətəndaşların rəyinə görə, parlament, o cümlədən hakim partiyanın deputatları ən az etibar edilən, ümid yeri kimi baxılan orqan oldu, rəy sorğusunda axırıncı yerdə oldu. Ötən 8 ildə hakim partiyanı təmsil edən deputatlar parlamentdəki müxalifyönlü həmkarlarının hər hansı təklifi, qanun layihəsi ilə razılaşmadılar. Parlamentdəki 150 deputatdan 35-ə yaxın müxalifətçi millət vəkili var ki, onların da arasında 5-6 nəfər Bidzina İvanaşvilinin "Vətənpərvərlər Alyansı”nı təmsil edir və yalnız adları müxalifətçidir. Yerdə qalan bütün deputatlar iqtidarı təmsil edirlər. Ötən səkkiz il ərzində iqtidardan olan 50-dən çox deputat parlamentdə ümumiyyətlə ağzını açıb nə isə danışmayıb, hər hansı təklif və ya təşəbbüslə çıxış etməyib. Bütün bunlar parlamentə bəslənən ümidləri itirdi. 
 
 
   
- Gürcüstan Seçki Məcəlləsinə edilmiş düzəlişləri zəruri edən nə idi? Bu düzəlişlər müsbətə doğru nəyi isə dəyişəcəkmi?
- Gürcüstan Parlamentinə deputatların 73-ü majoritar, 77-si proporsional siyahı üzrə seçilirdi. 2019-cu ilin 20 iyun hadisəsindən sonra xalqın istəyi və tələbi ilə majoritar sistemin ləğv edilməsi, hər kəsin proporsional sistemlə parlamentə düşməsi məsələsi gündəmə gəldi. Siyasi partiyalar üçün əvvəlki qanunda nəzərdə tutulmuş 5 faizlik baryerin 1 faizə endirilməsi də əsas tələblərdən biri idi. Bidzina İvanaşvili bunu edəcəyinə dair söz versə də, sonradan "Gürcü Arzusu” bu vədinə əməl etmədi. Çünki majoritar sistem hakimiyyətin maraqlarına uyğundur. Majoritar sistem hesabına parlamentdə özlərinə kifayət qədər səs toplaya,  istədiklərini edə bilirlər. Xalqın tələbi, davamlı mitinqlərdən, Avropa İttifaqına üzv dövlətlərin, ABŞ-ın səfirlərinin iştirakı ilə, həmçinin hakimiyyətlə müxalifət arasında keçirilən müzakirələrdən sonra iqtidar məcburiyyət qarşısında qaldı, Seçki Məcəlləsinə dəyişiklik edildi. Beləliklə, parlamentin 150 deputatından 30-u majoritar, qalan 120-si proporsional sistem üzrə seçiləcək. Halbuki, majoritar sistemin tamamilə ləğv edilməsi əsas tələb idi. Bu baxımdan Məcəlləyə dəyişiklik edildikdən sonrakı tələblər də bizim üçün əlverişli deyil. Çünki 73 majoritarın funksiyası bu gün 30 nəfərin arasında bölünməlidir. Onlar arasında mən də varam. Üç dəfə parlamentə majoritar qayda ilə seçilmişəm. Bilirəm ki, bu, seçicilər qarşısında nə dərəcədə məsuliyyət deməkdir. Majoritar sistem Gürcüstan üçün əlverişli deyil. Ən uyğun olanı proporsional sistem idi. Hər bir seçicinin, hər bir partiyanın parlamentdə nümayəndəsi təmsil olunmalı idi. Bir faizlik baryerin saxlanılmasına da razı deyildik. Bu, birbaşa "Gürcü Arzusu”nun tələbi idi. Bəzi satellit partiyalar var ki, "Gürcü Arzusu” onları bu bir faizlik baryerdən keçirməklə parlamentə yenə özünün təmsilçisi kimi salacaq. Növbəti mərhələdə koalisiya hökuməti qurulanda bu satellit partiyalardan hazırkı iqtidar öz maraqları naminə istifadə etməyi düşünür. Lakin onu da nəzərə almaq gərəkdir ki, Gürcüstan 90-cı illərin əvvəlindəki ölkə deyil. Gürcüstan vətəndaşları, o cümlədən müxalifət hər hansı qanunsuzluğa göz yummayacaq. Bundan əlavə, 500-ə yaxın xarici müşahidəçilər, qurumlar, təşkilatlar parlament seçkilərini izləyəcəklər. Qanunvericiliyə görə, dövlət məmurları hər hansı seçki prosesinə müdaxilə edərsə, hansısa seçiciyə və ya namizədə təzyiq göstərərsə, buna görə minimum 2 il həbs cəzasına, 5 min lariyə qədər cəriməyə məhkum oluna bilər. Bu baxımdan inanmıram ki, kimsə seçkiyə müdaxilə etsin. Gürcüstan vətəndaşları azad şəkildə seçkiyə gedəcək, öz seçimlərini edəcəklər. Xatırladım ki, parlament seçkisindən öncə əhali arasında ictimai rəy sorğusu keçirilərək onlardan kimə, yaxud hansı partiyaya səs verəcəyi soruşulub. 56 faiz kimə səs verəcəyini bildirməyib. Sorğuda iştirak edənlərin cəmi 25 faizi "Gürcü Arzusu”na səs verəcəyini bildirib. Tam əminik ki, o 56 faiz də birləşmiş müxalifətin səsi olacaq. 
 
 
 
- Gürcüstan Seçki Məcəlləsinə edilmiş düzəlişlər soydaşlarımızın namizəd olaraq seçkidə iştirak etməsi üçün hansı imkanlar yaradır? Ötən seçki ilə müqayisədə budəfəki seçkilərdə azərbaycanlı namizədlərin sayı çoxluq təşkil edirmi? Onların şansı nə dərəcədədir?
- Bu dəyişiklik soydaşlarımız üçün də əlverişli deyil. Mübarizə yalnız Marneuli və Qardabani bölgəsi üzrə gedəcək. Yəni, bu iki bölgə bir majoritar deputat seçəcək. Əvvəllər isə təkcə Marneuli rayonunda iki bölgə üzrə azərbaycanlı namizədlər deputat seçilmək üçün ayrıca, Qardabani bölgəsi üzrə ayrıca mübarizə aparırdı. Bir qədər əvvəl vurğuladığım kimi, 73 nəfərin sayını 30-a endiriblər deyə, iki bölgədən 10 nəfər azərbaycanlı namizəd cəmi bir deputat mandatı uğrunda mübarizə aparacaq. Demək olar ki, bütün partiyalar azərbaycanlıların səsini parçalamaq üçün bir bölgəyə toplaşıb. Burada ən ciddi rəqib keçmiş prezident Mixail Saakaşvilinin Milli Hərəkat Partiyasıdır. Ona görə də mübarizə bizim partiya ilə "Gürcü Arzusu” arasında gedəcək. Hakim partiyanın siyahısında birinci iyirmilikdə bir nəfər azərbaycanlı namizədin adı yoxdur. Digər partiyalardan da yəqin ki, azərbaycanlılar birinci onluqda olmayacaq. Olsalar belə, digər partiyalardan ümumilikdə 3-4 nəfərin parlamentə düşmə ehtimalını nəzərə alaraq, onların şansının az olduğunu indidən söyləyə bilərik.
 
 
 
- Gürcüstan azərbaycanlılarını parlamentdə təmsil edən millət vəkili olaraq Siz bu vaxta qədər qanunverici orqanda hansı təşəbbüslərlə çıxış etmisiniz?
- Əvvəlki seçkilərin nəticəsi olaraq Gürcüstan parlamentində 3-4 nəfər azərbaycanlı deputat olub. Mənim də 16 illik deputat fəaliyyətim var. Bunun 8 ili iqtidarda, 8 ili müxalifətdə keçib. Deputat fəaliyyətimin 3 ili sabiq prezident Eduard Şevardnadzenin dövrünə, ən çətin vaxtlara təsadüf edib. Keçmişə nəzər salanda, tam rahatlıqla deyə bilərəm ki, ən fəal deputatlardan biri olmuşam, bir sıra layihələrlə, qanunvericilik təşəbbüsləri ilə çıxış etmişəm. Parlamentdəki çıxışlarım, təşəbbüslərim onlayn mediada, mətbuatda, sosial şəbəkələrdə var. Dini, milli məsələlərlə bağlı, üzləşdiyimiz problemlərlə əlaqədar fikirlərimi daim diqqətə çatdırmışam.
 

 
- Gürcüstan azərbaycanlılarını bu gün də qayğılandıran, narahat edən, həlli tələb olunan hansı problemlər var? Həmin problemlərin gələcəkdə həlli üçün nə etmək fikrindəsiniz? 
- Gürcüstan azərbaycanlılarını düşündürən, qayğılandıran problemlər həddindən artıq çoxdur. Dini, milli müstəvidə, təhsil sahəsində çoxsaylı problemlər hələ də qalmaqdadır. Millət vəkili olaraq, ictimai-siyasi fəaliyyətimiz boyunca bu problemləri daim gündəmə gətirib həllinə nail olmağa çalışırıq. Bir qismi həllini tapıb, lazımi qədər dəstək almışıq. Lakin təəssüflər olsun ki, 2012-ci ildən indiyə qədər ötən vaxt ərzində hakim "Gürcü Arzusu” Gürcüstan azərbaycanlılarına ikili standartlarla yanaşıb. Biz bu dövlətin tam hüquqlu vətəndaşıyıq, hər zaman hüquqlarımız uğrunda mübarizə aparmışıq. Amma indiki hakimiyyətin dönəmində "tatrebi” – "tatar” məsələsi yenidən gündəmə gəlib. Gürcüstanın tarixində heç zaman olmayan hadisə baş verir hazırda. Gürcüstan tarixində indiyə qədər heç bir zaman azərbaycanlılar indiki səviyyədə iqtidardan, hakimiyyətdən narazı salınmayıb. Ona görə də azərbaycanlıların yaşadığı bütün bölgələrdə, demək olar ki, hamı müxalifətə dəstək verir. Buna da səbəb mövcud problemlərin həllinə iqtidar mənsublarının ciddi yanaşmamasıdır. Əgər Mixail Saakaşvili dönəmində Baş nazirin köməkçisi, qubernatorun, icra başçısının müavinləri azərbaycanlı idisə, bu gün onlar sözügedən vəzifələrdə təmsil olunmurlar. Azərbaycanlıların yaşadıqları bölgələrdə icra strukturlarında 150-yə yaxın yerli azərbaycanlı çalışırdı. Bu gün o ştatların sayını 400-ə qaldırsalar da, həmin vəzifələrdə çalışanların 250-yə yaxını Tiflisdən gəlir. Azərbaycanlılar öz vətənlərində özlərinə iş tapa bilmirlər. Bu və bu kimi səbəblərdən azərbaycanlılar kütləvi olaraq müxalifətdədirlər.   
 
 
 
- Yenidən millət vəkili seçiləcəyiniz halda, planlarınız nədən ibarət olacaq? Yeni fəaliyyət planınız varmı?
- Bizim partiyanın ən böyük planlarından biri Gürcüstanı yenidən qurmaq, onu daha güclü, inkişaf edən dövlətə çevirməkdir. Biz bunu bir dəfə bacardıq. Boş vədlərlə deyil, əməlimizlə, real fəaliyyətimizlə xalqa özümüzü sübut etdik. Bu mənada mənim də millət vəkili kimi fəaliyyətim buna, eyni zamanda azərbaycanlıların səsi olaraq qarşılaşdığımız problemlərin həllinə xidmət edəcək. Komanda olaraq hər birimiz Mixail Saakaşvilinin rəhbərliyi altında Gürcüstanı inkişaf etdirməyə hazırıq. Biz bunu bacaracağıq. 
 
Rufik İSMAYILOV