Günlər o qədər təmiz və bakirə doğulur ki...

Günlər o qədər təmiz və bakirə doğulur ki...

Mədəniyyət
28 Yanvar 2020, 11:00 2175
"PASTORAL" – 250

Bir-birinə bənzəməyən, hətta bir-birinin davamı olmayan günlər bir-bir tərk edib gedir insan ömrünü. An yox, saat yox, məhz gün. Yəni Günəş. Bu göy cisminin hər yeni doğuluşu, sanki daha öncə olmamış bir hadisə kimi, tamamilə yenidir. Deyildiyi üzrə, bir öncəkinin davamı belə deyil. Əgər günlər bir-birinin davamı olsaydı, həyat tamamilə başqa cür olardı. Yəqin ki, çox sıxıcı, dar və məhdud məntiqə sahib olan geniş bir zindana bənzəyərdi insan ömrü. Əgər günlər bir-birinin məntiqi davamı olsaydı, Dünya daha çox koloniyaya, insanlar isə beyinlərinə mikrosxem yerləşdirilmiş əsir manqurtlara, ya da hissiyyatsız robotlara bənzərdi. Həyatın gözəlliyi də məhz elə bənzərsizliyində, qeyri-müəyyənliyindədir. Bu günü sabaha bağlayan bizik, bizim ağıl və iradəmizdir. Onlar bir-birinə bağlı deyil. Adama hərdən elə gəlir ki, Günəş batmır, sanki ölür və hər sabahımız yeni yaranan bir Günəşlə açılır. Günlər o qədər təmiz və bakirə doğulur ki, elə bil heç dünən yox idi. Halbuki, dünən həqiqətən də yoxdur. Təbiətdəki hər yarpaq öz yaşıllığını andan alır, irəliyə can atan dəqiqədən, saniyədən alır.
 
Dünən isə o yarpaq üçün saralma və çürümə deməkdir. Yaşamaq istəyən hər canlı məhz o yarpaq kimi, dünənindən qopmalı və öz sabahını özü açmalıdır. 1770-ci il. O gündən bu günə düz 250 il keçir.
 
İki əsr yarımdır ki, böyük Lüdviq Van Bethoven hər gün yenidən doğulur. Onun günəşi batmır ki, batmır! Doğulub-batan Günəşdən ağıllara işıq, qəlblərə istilik düşmür. Sadəcə bitkilər fotosintez olduğu kimi, insanların da bədəni qidalanır bu doğuluşdan. Ancaq hər dəfə yenidən doğulan bu Günəşlə birgə ağıllara işıq, qəlblərə istilik verən Bethoven günəşi də doğulur düz 250 ildir! Bethoven bəşəriyyətin etirafıdır! Motsart demişkən, onun haqqında danışmağa məcbur olmayan bir tək canlı belə yoxdur. Onun çox sevdiyim 6-cı simfoniyasını dinlədim bu sabah. Böyük ustad bu əsərin adı "Pastoral simfoniya" qoyub. Təbiətin axışı, ağacların, suların qarşılıqlı məhəbbəti, Günəşin və Ayın "gizlənpaç" oyunu bu simfoniyada öz məna və məzmununu daha dərinləşdirmişdir. Şəxsən mənim üçün ana təbiət 250 ildir ki, daha da gözəldir! Mən hər zamankı kimi bu dəfə də təbiəti və təbii ki, Tanrını, insan zəkası, insan zövqü ilə tanıyıram və dəyərləndirirəm. Biz az qəribə səslənə bilər, ancaq Bethovenin gəzib dolaşdığı bir meşə ilə orada ocaq qurub, kabab çəkən bir ailə ortamının zövq aldığı meşə eyni meşə deyil. İnsanlar yer dəyişdikcə, təbiətin mahiyyəti də, rəngi də dəyişir. Bəlkə mən buna görə, təkbaşına təbiət qoynuna çıxmağı sevmirəm! Tanrının yaratdıqları sabit bir şəkildə yaşayır, dəyişmir, inkişaf etmir. İnsan isə eyni ilə başqa bir insanı dərindən sevdiyi zaman ona hansı mənaları yükləyir, onu hansı məqamlara ucaldırsa, təbiətə münasibətdə də bunu edir. Təbiəti sevmək önəmli deyil, onu kimin sevdiyi önəmlidir. Yoxsa ağac həmin ağac, meşə həmin meşə, çay həmin çaydır. Təbiəti sevmək də, onunla münasibət qurmaq da Tanrıya ibadət kimi bir şeydir. Hər zəka sahibinin ibadəti bir olurmu?! Lüdviq Van Bethoven! Bu müqəddəs kəlmələr Dünyanı gözəlləşdirən, onun fani olmadığını, əksinə, çox mənalı olduğunu isbat edən birinin göbək adıdır.
 
Düz 250 ildir ki, Dünya çox gözəldir. Ay daha da işıqlıdır - onun "Ay işığı" sonatasından sonra! Qəhrəmanlıq artıq pafos deyil, həqiqətdir - onun 5-ci simfoniyasından sonra! Tolstoyun qələmi daha iti, daha müəmmalıdır - onun "Kreyser" sonatasından sonra! Yəni bunları ona görə sadalayıram ki, düşüncələrimin, şişirdilmiş obrazlı təxəyyülün məhsulu olmadığını görsünlər. Mən həqiqəti deyirəm. Bəlkə də gedib Avropanın mərkəzində yaşasaydım, daha da kəskin deyəcəkdim bunları! Çünki insanlıq unudur! İnsanlıq, ümumiyyətlə, unutqanlıqdan bəslənir. Günəş hər gün doğulduğu kimi, böyük həqiqətlər də insanların beynində hər gün yenidən doğulmalıdır. Tanrı göy cismi olan Günəşi və dolayısı ilə Dünyanın material işığını öz öhdəsinə götürmüş, ancaq əqli və mənəvi işıqlanmanı insanların öz öhdəsinə buraxmışdır. Yəni insan özü bilər, istər hər gün yenidən doğular, istər yox! Əgər əqli, mənəvi inkişafa da Tanrı qarışsaydı, o zaman insanın başqa canlılardan nə fərqi olardı? Bu il bütün Dünyada Bethoven ili elan olunub! Şəxsən mən çox xoşbəxtəm və il boyu bayram edəcəyəm! Çünki onun yaşadığı bir planetdə mən də yaşayıram! Və mən düşünürəm ki, 2020-ci il üçün bundan daha önəmli bir hadisə ola bilməz. Olmamalıdır. Başqa nə olacaq? 3-cü Dünya savaşı çıxacaq?! Yoxsa, qitələr parçalanacaq?! Dünyanın xəritəsi dəyişəcək?! Nə var bu Dünyada başqa mühüm olan?! Bethoveni anmaq yerinə, onun əsərlərini kütləvi şəkildə dinləmək, onu təzədən bütün Dünyada tədris etmək, tanıtdırmaq, onu öyrənmək, ondan zövq almaq yerinə, din yayacaqlar, yeni torpaqlar işğal olunacaq, yoxsa kosmik zibillənməni təmizləmək üçün kosmosa yeni zibillər göndəriləcək?!
 
Rəqabətin olmadığı Dünya bir anlıq da olsa, nə qədər gözəldir! Beş-on Dünya liderinin nəfsinə, məkrinə, şeytani əzminə qurban getmək yerinə, bəşəriyyət niyə Bethoveni seçmir?! Nə qədər yemək olar, varlanmaq olar, nə qədər silahlanmaq olar?! Bir zamanlar Lüdviq Van Bethoven də yakobin çəkmələri geyirdi, başındakı parikdən imtina edib, Fransa ixtilalına dəstək verirdi. Hətta özünün 3-cü simfoniyasını Napoleon Bonaparta həsr eləmişdi. Lakin Bonapartın topları körpə uşaqları, evləri, incəsənət əsərlərini dağıtdıqdan çox qısa bir müddət sonra Bethoven əlinə sərt bir cisim alaraq, partituranın üzərindən Napoleon Bonapartın adını sildi! O, yaxşı bilirdi ki, böyük imperatorun Dünyanın fəth etmək istəyən şanlı-şöhrətli ordusu Vinçent Van Qoqun fırçasından yerə düşən bir damla gərəksiz boya qədər də deyil bəşəriyyət üçün! Bethoven Versaldakı, tortu çörəkdən daha ucuz zənn edən imperatriçələrdən qurtulmaq üçün yakobin çəkmələri geyirdi. Ancaq o, bunu ona görə etmirdi ki, həmin çəkmələr imperator sarayındakı taxtla bərabər, o taxtın başı üzərindəki Da Vinçi möcüzəsini də ayaqlar altına atsın, yandırıb yox etsin!
 
Bethoven bir imperatordan ona görə qaçmırdı ki, başqa bir imperatorun qoynuna sığınsın! Elə buna görə də o, böyük dahi ömrü boyu maddi ehtiyac içərisində yaşadı. Rus knyazı Razumovskidən və beş nəfər yarıminsaflı zadəganlardan aldığı qəpik-quruşdan başqa heç nə qazana bilmədi və heç bir əsərini doğru-düzgün qiymətə sata bilmədi. Çünki onun əsərləri sifarişlə yazılmırdı. Obrazlı şəkildə demirəm. Gerçəkdən sifarişlə əsər yazmırdı Bethoven. Daha doğrusu, əvvəllər verilən sifarişləri yaxşı yerinə yetirə bilmədi, sonra da heç yerdən sifariş almadı. Yaxşı yerinə yetirə bilmədi, çünki indi olduğu kimi, o zamanlar da imkanlı şəxslər, sadəcə əylənmək istəyirdi. Bethoven isə sələfi Motsart kimi, əyləncənin içərisində faciə gizlətməyi bacarmadı. Yəni "bunlar üçün də yazım, özüm üçün də yazım" deyə bilmədi. Çünki yaxşı bilirdi ki, "bunlar" varsa, "özüm" yoxam! Guya "bunlar" üçün yazan Motsartın aqibəti necə oldu?! Heç nə... Acından öldü o boyda istedad sahibi! "Bunlar" belədir! Həssasdırlar Dünyadakı bütün imkan və güc sahibləri. Onlar yaxşı bilirdilər, yaxşı eşidirdilər Motsartın serenadalarındakı yalançı əyləncəni, saxta şənliyi. Elə buna görə də tez bir zamanda kəsdilər onun maliyyəsini. Ancaq Antonio Salyeri belə deyildi, Rossini belə deyildi. Onlar ürəkdən xidmət etdilər kübar təbəqəyə və qarşılığını da aldılar.
 
Motsartın taleyi bizim rəhmətlik Mikayıl Müşfiqinkinə çox bənzəyir. Məsələn, böyük Hüseyn Cavid eynən Bethoven kimi, sifarişlə heç nə yazmadı. Ancaq Müşfiq sifarişlə çox şey yazdı. Nəticədə isə Müşfiqin aqibəti Cavidinkindən daha betər oldu! Çünki həmin imkan və güc sahibləri yaxşı bilirdilər, yaxşı duyurdular ki, Müşfiq yalan danışır! Necə oldu, kolxozdan, traktordan, Lenindən yazan başqalarını təltif, ancaq Müşfiqi edam etdilər?! Çünki başqaları əsl xidmətçi idi! Elə Motsartın da həyatı Bethoveninkindən qat-qat ağır, qat-qat acı oldu! Artıq üçüncü mileniumun 20-ci ilindəyik. Xeyli zaman keçib klassizmin, romantizmin üzərindən. Elektrik enerjisi, xüsusilə də Edisson lampaları kəşf ediləndən bu günə, Dünya çox dəyişib. Və ya Nitsşenin diliylə desək, "Tanrı ölüb!" Gecələrin gözəlliyi süni yollarla əldə edilir, şam işığının mistikası möminləri, divardakı kölgəsi isə uşaqları qorxutmur artıq. Artıq insanlar hər gecə sabahın və Günəşin həsrətini çəkmirlər. Gecənin gündüzdən çox az fərqi qalıb. Fəqət, insanlıq sabah Günəşinin həsrətini çəkməsə də, ağıl və qəlb günəşinə hər zaman möhtacdır! Gözəlliyin simmetrik şərtləri, anadangəlmə qanunları hər növ xaosun və qəsdən yaradılan yalançı böhranın qaranlığında hər zaman bir işıq kimi parıldayacaq.
 
Əsrimizin musiqisi də özünə oxşayır. Onunla Bethovenin dilində danışmaq istəsən, on səkkizinci əsrin libasını geyinib adam içinə çıxana bənzəyəcəksən. Halbuki, ciddi və akademik musiqi dəbə uyğun geyinmək kimi bir şey deyil. O, hər zaman dəbdədir. Gənclərə bol-bol klassik musiqi dinlətmək lazımdır. Dünya elə həmin Dünyadır. İnsanlar gözəlləşməyincə, Dünya da gözəlləşməyəcək. Biz Dünyanın içində deyilik, Dünya bizim ovcumuzun içindədir. Qaydalara görə, texnologiya inkişaf etdikcə, şüur da inkişaf etməlidir. Ancaq nədənsə, tərsinə olur. İnsan şüuru getdikcə bəsitləşir, dayazlaşır, get-gedə səbirsiz və təmkinsiz bir uşağa çevrilir insan mənəviyyatı! Əlbəttə, riyazi hesablamalara görə, bu, belə olmamalı idi. Ancaq nə yazıq ki, Tanrının öz hesabı var, insanın öz hesabı. İnsan elə bir məxluqdur ki, Tanrının hesabı onun öz hesabına uyğun gəlməsə, Tanrını siləcək öz dəftərindən! Bethoven isə 250 ildir ki, Tanrının öz hesabı olduğunu xatırladır bizə! Bir də deyir ki, o hesaba uyğun yaşayan insan elə Tanrıdır! Kasıb, darısqal, divarlarının kağızı tökülmüş bir evdə oturub təfəkkürə dalmaq, yazıb-yaratmaq həm də o deməkdir, həmin o kiçik evə bütöv bir kainatı sığdırmaq olar. Çünki məfkurənin məkanı ev deyil, insan zəkasıdır.
 
Məkandan əlavə, zamana da sığmır təfəkkür. Bu səbəbdən də iki əsr yarımlıq müddət Bethoven üçün hələ uşaqlıq dövrüdür. Onun ömrü çox, çox uzun olacaq! Sosialist devriminin müəllifi Lenin onun "Appassionata"sını çox sevərmiş. Uşaq və gəncliyim sovetlər dönəminə düşdüyündən, çox erkən yaşlarımda maraq məni götürmüşdü ki, görəsən, "dahi rəhbər"in bu qədər sevdiyi 27 saylı piano sonatası, yəni "Appassionata" necə bir əsərdir?! Dinlədim və yuxusunda bu gün də Stalini görüb, qorxu dolu iftixar hissi yaşayan bütün ataların övladı kimi, mən də həmin sonatanı məhz Leninə görə sevdim (heyf ki, word proqramında gülüş işarəsi yoxdur)! İllər keçdi və bundan daha qəribə bir şey oldu. İndi məhz "Appssionata"ya görə, mənim Vladimir Ulyanova - Leninə necə deyərlər, hörmətim artıb! Bəlkə də milyonların nahaq qanı bahasına qurduğu və ömrü sadəcə 70 il sürən bir imperiyanın banisinin həyatındakı yeganə gözəl nöqtə, elə onun Bethoveni sevməsi olub! Yenə də qayıdıram əvvəlki fikrimə ki, dahilərin işığı da kölgəsi də nəyin, kimin üzərinə düşərsə, həmin obyekt dəyişir, gözəlləşir və mənalanır.
 
Böyük Lüdviq Van Bethovenin də işığı iki yüz əlli ildir ki, bütün bəşəriyyəti ümidsizlik və xaos qaranlığından xilas etməklə məşğuldur. Bir daha qeyd edim ki, mən qətiyyən mübaliğə etmirəm və qətiyyən mənsur şeir yazmıram. Bəlkə bu sətirlər özündə hətta riyazi dəqiqlik daşıyır! Dinləyin, təhlil edin, sonra yenidən dinləyin, öyrənin, həzm edin və görəcəksiniz ki, tam iki yüz əlli il bundan öncə hansı bir möcüzə doğulub bu bəlalı Dünyanın köksündə! "Pastoral" simfoniyanı aram-aram dinləyirəm. Çünki o, bunu aram-aram yazıb. Özü kimi məni də o melodik sıçrayışların əslində nə qədər sadə və təbii yolla əmələ gəldiyinə inandırmaqdadır böyük Lüdviq Van Bethoven! P.S. Uşaq ikən (təxminən 10 yaşım vardı) bir gün evimizə girəndə rəhmətlik anamın "bismillah" səsinə diksindim. Girdim içəri, gördüm yazıq qorxub. Yadıma düşdü ki, o gecə xəlvətcə, yatdığım çarpayının baş tərəfinə bir şəkil asmışdım. Bethoven ölərkən, gipslə onun üzünün son qəlibini çıxarıb, muzeyə veriblər. Mən onun fotosurətini əldə edib, otağımın divarına vurmuşdum. Anamı qorxudan da elə o şəkil olub!
 
Fəxrəddin Salim