Gülüşün Xaç atası
İllər
ötür, amma o, dəyişmir. Çox ağıllı, adekvat, gözləri daim gülən – rus yumorunun
Marlon Brandosu kimi 75 yaşını haqlayan Aleksandr Vasilyeviç Maslyakov Şən və Hazırcavablar Klubu (KVN) kimi əbədidir. Hətta
yubiley günündə də Maslyakovdan fərqli olaraq "KVN”lə bağlı suallar daha çox
olur.
Mən də dəyişmişəm
- Ola bilər ki, sualım kişilər üçün düzgün səslənməsin.
Sizin 75 yaşınız var, bir kişi kimi bunu gizlətməsəniz də, biz bu barədə
danışmayacağıq. Ancaq maraqlıdır, cavan qalmağa necə nail olmusunuz?
- Düzü,
mən bunu bilmirəm. Üzüm ata və anamdan, genlərdən irəli gəlir – başqa necə izah
edə bilərəm? Cavan qalmaq üçün heç bir xüsusi fənd işlətmirəm. Bundan əlavə,
uzun illərdən bəri məşğul olduğum işim mənə o vaxtdan bəri xüsusi zövq verir.
Ona görə də üzün ifadəsini dəyişməyə ehtiyac qalmır.
- Fransızlar demiş, 40-dan sonra hər kəs
öz simasına cavabdehdir. Siz də
cavabdehsiniz?
-
Fransızların bu mənada nə düşündüklərini deyə bilmərəm. Mən öz işimə cavabdehəm.
Üz isə – elə üzdür.
- "KVN”-nın 55 yaşı tamam olub. Buna görə
sizi təbrik edirik! Siz praktiki olaraq «Moskva göz yaşlarına inanmır»dakı kimi
işin başlanğıcındasınız.
- İşin
başlanğıcında idim...
- Sizdən 20 yaş cavan olan "KVN” də hərçənd
zamanla dəyişib.
- Sizə
bir sirri açım: mən də dəyişmişəm. "KVN” dəyişilirdi, elə mən də. Bəlkə də
zahirən dəyişməmis kimi görünürdüm. Amma hər şey dəyişilir - "KVN” və mən daxil
olmaqla...
- Siz hansı tərəfə dəyişmisiniz? «Pakrovski
darvazaları»ndakı Kostikin: «Mən hələ dəyişəcəyəm, amma yaxşı tərəfə yox» -
dediyi kimi?
- Mən
özümü o qədər də dərinə salmazdım. Mənim işlərim var idi. Hələ ki, həyatım,
qayğılarım, maraqlarım var. "KVN” əlbəttə, dəyişdi. Mən həmişə deyirdim: necə
yaşayırıqsa, elə də əylənir və zarafat edirik. "KVN” həmişə orada oynayan gənclər
üçün həmin tərzdə mövcuddur. Onlara nə maraqlıdırsa, onu oynayırlar. Onlarla
eyni anları bölüşən teletamaşaçılar üçün də "kaveenşiklər”in danışdıqlarında
ümumi maraqlar var.
- Siz düşünürsünüz ki, keçmiş SSRİ-də
"KVN”-in böyük həvəskar klubları var idi?
- Bir
halda ki, siz "KVN”-ə baxırsınız, deməli, bu, sizə maraqlıdır. Belə çıxır ki,
siz özünüz də həmin klubdansınız?
- O qədər də yox... Çünki mən "KVN”-in
1986-1991-ci illərdəki həvəskar klubundanam.
- Həmin
vaxtlar otlar daha yaşıl, günəş daha parlaq idi, bağışlayın, siz də daha cavan
idiniz. Buna baxmayaraq, həmin dövrü sevirsiniz. Mən isə məsələn, növbəti dövrü
arzulayıram. Mənə maraqlıdır ki, 2016-cı ildən sonra o, necə olacaq?
- Bu, gözəldir. Sadəcə, o vaxt yumorlar çox sərt,
dərin və ağıllı idi.
- Bu
fikirlərin hamısı düz deyil. Siz ki, kənd qocası deyilsiniz. Hansısa meşşan
söhbəti niyə təkrarlayırsınız? «Yumorlar sərt idi» nə deməkdir? Necə
yaşayırdılarsa, eləcə də yumor yaranırdı. Nə çox idisə, o haqda daha çox yumor
söyləyirdilər. Vaxt var idi ki, siyasət (indiki kimi) çox idi, ona görə o vaxt
siyasət haqqında (indiki kimi) çox yumor edirdilər. Siyasət meşşanlara təzyiq
göstərmirdi. Bizi əhatə edən başqa şeylərdən danışırdıq. "KVN” ona görə gözəldir
ki, o, bu gün də var. Mənim maraqlarıma gəlincə, 20 yaşımda xoşuma gələnlər az
idi. Əlbəttə, «bu gün»ü də müxtəlif cür başa düşmək olar.
- Deyirsiniz ki, siyasət çoxalıb. Ancaq indiki
siyasətlə yenidənqurma dövrünün siyasəti fərqlidir.
- Elədir.
Onda niyə müqayisə edirsiniz?
«Rədd ol!» deyə qışqırmaq asandır
- Bilirsiniz ki, paralel kanallarda bir neçə
proqramlar var. Məsələn, «Əyri
güzgü» - orada adamlar qəşş edənə qədər gülürlər.
-
Düzdür, onlar "KVN” verilişlərinə baxmırlar. Və «KVN”-çilər çətin ki, özlərinə
nəsə götürmək üçün geniş yayılan «Əyri güzgü», «Piroq» verilişlərinə baxsınlar.
- Qoy yüzlərlə çiçəklər açsın, razıyam. Mən şəxsən
ikinci planlı və ikinci mənası olan zarafatlarına görə Jvanetskini seçirəm, bəs
siz?
- Allah
xətirinə… Mən də böyük maraqla Mixal Mixalıçı dinləyirəm. Bir müddət əvvəl də böyük
maraqla ona qulaq asdım. Hər şey həyat anlamını özündə birləşdirən çoxlu
kontekstlərdən asılıdır.İndicə
sizinlə danışdığımız kimi: «Əyri güzgü»də də yaxşı yumorlar olur. Jvanetskinin
də hər adamın dərinliklərinə vara bilmədiyi yaxşı yumorları, zarafatları var. Bəzən
"KVN”-də oynayan gənclərin də sadə zarafatları olur. Bu, bugünkü
jurnalistikanın tendensiyasıdır: sadəcə, müqayisə etməmək, həm də aranı
qızışdırmaq…
- Aranı qızışdırmaq istəmirəm.
- Amma
qızışdırırsınız.
- Sizin cavanlar keçmiş zarafatlarınız kimi həyatdan
razıdırlarmı?
-
Görünür, siz "KVN”-ə yaxşı baxmamısınız. Aydındır ki, siz bugünkü "KVN”-i
sevmirsiniz. Ona görə də sizdə indikilərin necə zarafat etməsi ilə bağlı
mühakimə və əsaslandırma yoxdur. Onlar həyatında baş verənlərlə bağlı təəccüblənmirlər.
Onlar bu mövzuda da zarafat etməyə yol tapırlar.
- Sizi bezdirdiyimə görə bağışlayın. Olarmı,
hakimiyyət haqqında elə zarafatlaşsınlar ki,
səhnəyə təbəssümsüz çıxsınlar?
- Əlbəttə,
onlar bunu edirlər. İlahi, siz nə istəyirsiniz, onlar qamçılasınlar, satira ilə
məşğul olsunlar? Bizdə yumoristik verilişdir, satirik yazıçı isə məsələn, Mixal
Mixalıç Jvanetskidir. Hələ bir çox aşağı ranqlı yumoristlər var ki, onlar da
özlərini satirik hesab edirlər. Başa düşürsünüzmü, «Rədd ol!» deyə qışqırmaq, zərif
və nəzakətlə zarafat etməkdən asandır.
- Siz məni düzgün başa düşdünüz. Mən satiranın xiffətini
çəkirəm. Xatırlayırsınızmı, «Qaraj» filmində Kostolevski Ostraumova necə deyir:
«Siz olmayan şeylə məşğulsunuz». Biz indi eyni şeyə gəlirik, elə deyil?
- Siz
"KVN”-in xoşunuza gəldiyi vaxtlardakı bütün sitatları gətirirsiniz. Amma mənim
xoşbəxtliyim ondadır ki, bugünkü gəncləri başa düşürəm. Bu, mənə taleyin hədiyyəsidir
ki, günəşin daha parlaq, otların daha yaşıl, mənim də daha cavan olduğum o
vaxtlarda qalmamışam. Onlar məni öz arxalarınca daşıyırlar. Mən də böyük məmnuniyyətlə,
onlarla gedirəm.
- Aleksandr Vasilyeviç, indi tamamilə ciddi
deyirəm, sizin "KVN” Sovet İttifaqını həqiqətən də qoruyub saxlayıb.
- Hə,
hansısa ümumiliyi saxlayıb. Bəlkə yaxşı, bəlkə də pis... Məsələ ondadır ki, bu,
komanda oyunudur. İstəsən də, istəməsən də komanda ilə oynayırsan. Komanda isə
heç də pis deyil.
- Siz mənə hazırkı "KVN”-dən hansısa bir nümunəni gətirə
bilərsinizmi? Məsələn, hansısa yumoru eşidəndə siz sadəcə yıxılmısınız...
- Sizi
bu mənada sevindirə bilmərəm. Görürsünüz ki, əzilib-büzülmürəm. Mənimçün
hansısa bir dəqiqəlik zarafatlar yox, ümumilikdə prosesin özü maraqlıdır. Bax,
bu yaxınlarda bizdə finaldır və mənə maraqlıdır ki, onlar orada nə haqda və necə
yumor təqdim edəcəklər? Mən bu əhval-ruhiyyədəyəm. Zarafatlar yaxşı idimi?
Yaxşı idi. Pis idimi? Pisləri də vardı. Biz komanda ilə pislər haqda
danışmamağa çalışırıq.
- Daha doğrusu, siz onları kəsib doğrayırsınız?
- Biz
sadəcə, oyun vaxtı onlardan istifadə etmirik.
- Demək, hansısa redaktə hakimdir?
- Redaktə
var, əlbəttə. Əvvəla, redaktə "KVN”-də oynayan, qəzetdə nəsə yazan hər bir
insanın beynində olmalıdır. İnsanın başındakı redaktə ümumiyyətlə, zərərli
deyil.
- Amma mənim sevimli illərimdə – yenidənqurma
dövründə hələ canlı efir olduğunu xatırlayıram.
- Nə
olsun? Biz indi bir neçə dəfə canlı efirə də çıxmışıq, bu, bizi qorxutmur. Mənimçün
canlı efir peşəkar komandanın bacarığıdır. Bu, bizim üçün çətin deyil. Biz də
televiziya verilişi hazırlamaq istəyirik, konfet kağızı yox. Mən sizin
dediyiniz guya hansısa səhnələri kəsdiyimiz zarafatlar haqda danışmıram, yaxşı
televiziya verilişi hazırlamağımızı deyirəm. Biz tez-tez verilişlər çəkirik və
günaşıra efirə çıxırıq. Bunun canlı efirdən nəylə fərqləndiyini deyə bilmərəm.
- Bəs iştirakçılar – xüsusən tələbələr çox
ağıllı və savadlıdırlar. Onlar nəyi gülüş hədəfinə çevirib-çevirməyəcəklərini
bilirlərmi?
- Mən
sualı o qədər yaxşı başa düşmədim. Hər şeyi yumora çevirmək olar. Ancaq təhqirə
keçmək olmaz. Əgər sən hansısa konkret insan haqqında danışırsansa, bu, təhqiredici
olmamalıdır. Bax, bütün bunlar qəbul olunmazdır – yumor qurşaqdan aşağıdır. Əlbəttə,
komanda üzvləri "KVN” oyunlarının teleçəkilişlərinə gedəndə bunu bilirlər.
- Bax, siz bütün bunları müşahidə edirsiniz.
Ümumiyyətlə, indiki nəsil barədə nə düşünürsünüz? Mənə elə gəlir ki, onlar
kifayət qədər kompromisə gedən gənclərdir. Bəlkə bu, onların müsbət tərəfidir?
- Hə,
onlar bizim gəncliyimizdə olduğu kimi müxtəlifdirlər. Ola bilsin ki, bu gün
onlar daha praktikdirlər. Bu gün onların özlərini ifadə etmələri üçün imkanları
daha çoxdur. Onların öz istiqamətlərini müəyyənləşdirmək üçün daha çox alətləri
var. Bax, bu gün «sosial lift» ifadəsini işlətmək dəbdədir. "KVN”-də olursan –
yaxşı tanınırsan və irəli gedirsən. İndi "KVN” də oynayanların 90 faizi
televiziya ulduzu olmağa can atmayan gənclərdir. Onlar "KVN”-də oynadılar və
öyrəndilər. İndi kanallar da, verilişlər də çoxdur. "KVN” istedadlı uşaqlara
özlərini ifadə etmək imkanı verir. Amma bu, mənimçün həmişə qəbuledilən deyil.
"KVN” - komanda oyunudur. Hər kəs komandada hansısa notu – do, re, mi-ni bilir.
Onlar bir yerdə olanda da hansısa melodiya meydana çıxır. Nə vaxtsa həmin
ulduzlardan birini başqa kanala və ya verilişə aparırlar və o, solist kimi daha
böyük imkanlar qazanır. Ancaq mən ona baxanda və dinləyəndə onun komandadakı
notlarını eşidirəm. O, mənə təzə heç nə demir. "KVN” özfəaliyyətdir, solo
yaradıcılığı isə ixtisasdır. Amma ixtisası sənə heç kim öyrətmir. Buna görə də
sən yerində sayırsan.
- Mən heç cür 89-cu ilin Sverdlovsk, Odessa,
Novosibirsk komandalarını unuda bilmirəm.
- Onlar əla
komandalar idi. Bugünün "KVN”-inə baxan gənc nəslin öz kumirləri, öz komandaları
var. Ona görə kədərlənməyin, siz nostalji hisslər keçirirsiniz, ancaq həyat
davam edir.
Orta sinfin nümayəndəsi
- Bizim iki doğma brendimiz var: "KVN” və «Nə?
Harada? Nə vaxt?» Mən Borya Kryukomla yubileylərində görüşəndə «Nə? Harada? Nə
vaxt?» yaxşı biznesdir» deyə soruşmuşdum. İndi sizdən də soruşuram: «KVN” yaxşı biznesdir»?
- Hansı
adamları ki, ayrı kanallara çağırırlar, onlar orada pul alırlar. Bizim "KVN”
komandası isə pul almır. Onlara sponsorlar kömək edir. Bəzən sponsor tapılmayanda
bizim kampaniya onlara kömək etməyə çalışır. "KVN” üçün oyun, özünüinkişaf əsasdır.
Kimin bəxti gətirəcəksə o, öz biznesini quracaq.
- Tam səmimiyyətlə soruşuram, şəxsən sizin
üçün bu, yaxşı biznesdir?
- Bu, mənim
üçün biznesdir. Mən onu yaxşı adlandırmazdım, çünki bu, bizim kampaniya üçün
kifayət qədər israfedici işdir. Biz tez-tez Rusiyanın teatrlarında çıxışlar
edir və icarə haqqı ödəyirik. Biz həmçinin çəkilişlərimizdə iştirak edən
operatorlara, işıqçılara, səs rejissorlarına pul veririk. "Birinci kanal”ın bizə
verdiyi pul heç oyunlarımızın müasir dekorasiyalarına bəs etmir. Biz özümüzün
"KVN” evini ideal görkəmdə saxlamalıyıq. Əgər dam damırsa, bu, bizim
problemimizdir.
- Siz varlı adamsınız?
- Mən
orta sinfin nümayəndəsiyəm.
- Siz "KVN”-dən uzaqda necə dincəlirsiniz,
yoxsa istirahət etmək mümkün deyil?
-
İstirahət mümkünsüzdür. Çünki o həmişə başımdadır. Bizdə proses kifayət qədər
dolğundur və biz ünsiyyət, əməkdaşlıq, müxtəlif gənclərlə bölüşməyə həvəsliyik.
Həyat yoldaşımın dediyi kimi: «Biz poladəridənlər kimiyik, bizdə proses fasiləsizdir».
- Müsahibənin sonunu optimist bitirmək istəyirəm. Nəvəniz
haqda danışın, mən onun haqqında heç nə bilmirəm?
- Nəvəm
hələ balacadır. 3 yaşı olsa da, ansamblda çalışır, oxuyur, rəqs edir, "KVN”-ə
böyük həvəsi var. Bir dəfə nənəsi ondan «Niyə sən KVN”-də idin, amma gülmürdün?
Atan sənin yaşında KVN-də olanda dərhal gülürdü» deyəndə Tasya bir qədər fikirləşib:
«Bu, o deməkdir ki, o zaman "KVN” daha maraqlı idi» - cavab verdi. Lap sizin
kimi.
- Demək varis böyüyür?
-
Bilirsinizmi, insanlar dəyişirlər, öz qabiliyyətlərini inkişaf etdirir, onları
itirirlər. Amma bu, onların həyatıdır. Bu balaca qızın atası və anası var. Biz
yalnız onun baba və nənəsiyik.
Rus mətbuatından
çevirdi
Təranə Məhərrəmova